SON DƏQİQƏ
» » «Sələflərinin» layiqli xələfi: Beyləqanlılar nədən narazıdır?

«Sələflərinin» layiqli xələfi: Beyləqanlılar nədən narazıdır?

Tarix:

2-09-2021, 08:51

/ 3 192 dəfə oxundu.
«Sələflərinin» layiqli xələfi: Beyləqanlılar nədən narazıdır?

 Asəf ABBASOV

 

Bu günlərdə yolum doğma yurdum Beyləqana düşmüşdü. İşlə əlaqədar getdiyim üçün doğulduğum kəndimizdə 2 gün qala bildim. Daim pozitiv əhval ruhiyyədə olan insanlardan sanki əsər-əlamət qalmamışdı. Kiminlə həmsöhbət oldumsa sonuc pessimist notlarla bitdi. Sanki hamı narazı idi, ancaq nədən, kimdən?..

Təbii söhbət əsnasında bu narazılıqların nədən, kimdən olduğu məlum olurdu. Amma düşündürücü məqam bu qədər insanın içərisindən razılıq əlaməti bildirməyən kəslərin olmaması idi. Çünki söhbətin əvvəli də, sonu da sakinlərin Beyləqan rayonunun və əhalisinin sanki unudulması olurdu. Birinci və İkinci Qarabağ müharibəsində öz rəşadəti və igidliyi ilə seçilən Beyləqan rayonu və beyləqanlılar sanki bu dövlətə çətin məqamlarda gərəkmiş. Vaxtilə Azərbaycanın Stalinqradı adlandırılan Beyləqan rayonu bugünkü reallıqda sanki unudulmuş bir məkandır. Bəs beyləqanlılar üçün bu qənaət nədən formalaşıb?

Cavab çox bəsitdir. Belə ki, 1980-ci illərdə respublikanın ən inkişaf etmiş aqrar rayonlarından olan Beyləqan həmin dövrdə təkcə pambıq istehsalından əldə etdiyi gəlir hesabına sərvəti ilə ad çıxarmışdı. Bu inkişaf üzümçülük, taxılçılıq, heyvandarlıq və digər sahələri də əhatə edirdi. Məhz bunun nəticəsi idi ki, həmin dövrdə Beyləqana (o vaxt Jdanov adlanırdı) rəhbərlik etmiş şəxsləri bu gün də hörmətlə anırlar. Mərhum birinci katiblər Vahid İsmayılov, Məhəmməd Əsədov, Mürşüd Əzimovun bu gün də adları gələndə hər bir beyləqanlı onlara rəhmət oxuyur. Bu eynilə də Beyləqanın öz yetirməsi olan Qəni Əhmədova da aiddir.

Təbii bütün fikirlər həmsöhbət olduğum insanlarla söhbətin ümumi qənaətidir. Onlar sonradan Beyləqanın icra başçıları sarıdan yarınmadığını hər biri öz faktları ilə sübut edir. Beyləqanın ilk uğursuz icra başcısı isə Xasay Əhmədov olub ki, onun da hər bir xələfi bu uğursuzluğu davam etdirib: İrşad Əliyev, Vaqif Abdullayev və Asif Ağayev.

Gəlin yaxın keçmişi kənara qoyaraq beyləqanlıların indiki icra başçısından nədən narazı olduqları bəzi məqamlara diqqət çəkək. Çünki sabiqlərdən nə qədər yazsaq da dəyişən heç nə olmayacaq.

Əvvəla başlayaq ondan ki, vaxtilə Beyləqan rayonunda bütün sahələr üzrə plan və öhdəlikləri ilk yerinə yetirənlərdən olan, «Natəvan» adına volxoz, yəni Gödəklər kəndi əhalisinin var-dövlətinə, insanlarının hörmətinə görə hər zaman seçilib. Bu gun isə kənd əhalisi ehtiyac içərisində yaşamağa düçar edilib. Bunun səbəblərinə diqqət çəkəndə deyilən fikirlərin heç də təsadüfi olmadığı təsdiqini tapır.

Belə ki, nümunə kimi göstərdiyim bir kəndin sakinlərinin əksəriyyəti bu gün Beyləqanın icra başçısının kim olduğunu belə bilmirlər. Deyilənlərə görə gününü evində, kabinetində, gəzməkdə keçirən Beyləqan rayon icra hakimiyyəti başçısının üzünü nəinki sakinlər, heç onunla bir yerdə İcra Hakimiyyətində işləyənlər belə görə bilmir. 2018-ci ildən Beyləqana rəhbərlik edən bu şəxs 3 illik fəaliyyəti dönəmində konkret bir işlə diqqət çəkməyib…

İndi isə qayıdaq sakinlərin narazılığına. Onlar hesab edirlər ki, icra başçısı Asif Ağayev uğursuz sələflərinin layiqli xələfidir. Özündən əvvəlki son üç icra başcısının Beyləqana vurduğu zərbələri o da bu gün davam etdirməkdədir.

Qeyd etdiyimiz kimi vaxtilə respublikanın ən inkişaf etmiş aqrar rayonlarından biri olan Beyləqan bütün göstəricilərə görə bu gün sonunculardandır. Əhalinin güzəranının pisləşməsində onları daha çox narahat edən məsələlərdən birincisi su problemidir. Onlar bildirirlər ki, su üstündə hər gün dava-şavalar bitmir. Əlaqədar qurumların rəhbərləri isə kənardan bu davalara baxıb zövq alırlar. Kənd sakinləri nəinki təsərrüfatlarının, özlərinin də içməli sudan əziyyət çəkdiklərini bildirirlər. Onlar içməli suyu bir neçə kilometrlik məsafədə yerləşən artezian quyularından gətirdiklərini qeyd edirlər. Hansı ki, vaxtı ilə kəndə içməli su üçün xətlər çəkilib. Ancaq həmin xətlər çəkildiyi kimi istifadəyə verilmədən pas atmaqdadır.

Kəndin yolundan isə danışmağa ümumiyyətlə dəyməz. O qədər bərbad gündədir ki, avtomobili olanların əksəriyyəti yola görə ondan istifadə etmir. Yağış yağanda isə yollar keçilməz bataqlığa çevrilir…

Söhbətlərdə belə faktlar o qədər səsləndi ki, onları yazmaqla bitməz.

Sakinlərlə söhbət əsnasında o da məlum oldu ki, kənddəki bu ağır durumla əlaqədar, həmçinin də işsizliklə bağlı olaraq imkanı çatanlar Rusiyaya, Bakıya və ya başqa rayonlara üz tutmaqdadır. Belə getsə kənddə yalnız uşaqlar, qadınlar və qocalar qalacaq. Bütün bunlar isə rayon rəhbərliyini nəinki narahat edir, sakinlərin dediyinə görə onlar bundan məmnundurlar.

Sonda bir maraqlı fakt da məlum oldu ki, bir neçə ay əvvəl kənd sakinləri o qədər beziblər ki, xeyli sayda insan yığılıb Beyləqan rayon İcra Hakimiyyətinə gediblər. Orada uzun mübahisələrdən sonra icra başçısı Asif Ağayevlə kənd sakinlərinin hamısı olmasa da 10-15 nəfər görüşə bilib. İcra başçısının kabinetində isə əsəblər o qədər tarıma çəkilib ki, rayon Su İdarəsinin rəisi və başçının muavinlərindən biri ilə əlbəyaxa dava baş verib. Davanı sakitləşdirə bilməyəcəyini görən A.Ağayev onları polislə hədələyərək kabinetindən çıxarmağa müvəffəq olub…

Bəli, bu «cızma-qaranın» beyləqanlıların yaralarına az da olsa məlhəm olacağına ümid edirəm. Bu arada bir kənd sakini ilə söhbətdə onun bir ifadəsi diqqətimi çəkdi. Bildirdi ki, bu icra başçısının arxası çox yüksək yerlərə bağlıdır.

Ancaq bir şeyi bilmək lazımdır ki, şah qanun deyil, qanun şahdır. Bu bizim məmləkətimizdə də belədir. Necə deyərlər yazmağı məndən, deyilən həqiqətlərdən nəticə çıxarmaq isə həmin şah olan qanunlarımıza nəzarət edənlərin üzərində qalsın...

 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ