SON DƏQİQƏ
» » «Yay yuxusu»na gedənlər: Səs salıb yatmışları oyatmayın

«Yay yuxusu»na gedənlər: Səs salıb yatmışları oyatmayın

Tarix:

19-08-2021, 08:17

/ 3 181 dəfə oxundu.
«Yay yuxusu»na gedənlər: Səs salıb yatmışları oyatmayın

Asəf ABBASOV

 

Azərbaycanda günümüzdə bəzi sahələr üzrə inkişaf dinamikasını görmək və hiss etmək heç də çətin deyil. Bu dinamika istər əməli fəaliyyətdə, istərsə də rəqəmlərin dili ilə görünür. Ancaq elə sahələrimiz də var ki, bu nə əməli işdə, nə də statistikada hiss olunur. Belələri sanki bu qızmar istilərdə yay yuxusuna gediblər. İstər fərd, istərsə də subyekt olaraq.

Əslində "yuxuda” olan belə dövlət qurumlarından biri var ki, onun işi məhz yayda daha çoxalır. Çünki ölkənin qış azuqəsi məhz bu aylarda yığılmalıdır ki, həmin zamanlarda hər hansı ərzaq təminatı ilə bağlı çətinlik yaranmasın. Ancaq ki, nə fayda...

Təbii ki, söhbət ölkəmizin əsas ərzaq tədarükçüsü sayılan Kənd Təsərrüfatı Nazirlyindən gedir. Nazirliyin əsas vəzifəsi bu sektorda çalışanlara maddi, mənəvi dəstəkçi olmaq olduğu halda, özü sanki onlardan kömək gözləyir. Kəndliyə öz hesabına min əziyyətlərlə ərsəyə gətirdiyi məhsulu necə və harada bazara çıxaracağı daha çətin görünür. Münasib bazarı qurulmayan məhsullar isə elə kəndlilərin öz təsərrüfatındaca məhv olur. Məcburiyyət qarşısında qalan kəndli Nazirliyin öz dəllallarının əli ilə məhsullarını dəyər-dəyməzə satmağa məcbur edilir.

Redaksiyamıza daxil olan məlumatlardan da aydın olur ki, kənd təsərrüfatının bu qaynar vaxtında əlaqədar Nazirlik tərəfindən nə fərd, nə də subyekt olaraq bir nəfər onlarla maraqlanmayıb. Məlumatlardan biri isə daha diqqət çəkicidir. Belə ki, şikayətçi Bərdə rayon sakini qeyd edir ki, 2 hektar sahədə böyük zəhmətlər hesabına yetişdirdiyi qarpızı sata bilmir. Nə yerli İcra Hakimiyyəti, nə də Kənd Təsərrüfatı Nazirliyinə edilən müraciətlərinə hər-hansı reaksiya verilmir. Məhsul isə elə sahələrdəcə məhv olub gedir. Dövlət tərəfindən yarmarkaların təşkil edilməməsi həmin təsərrüfat sahiblərini dəllallara üz tutmağa məcbur edir ki, bununla da nəinki qazanc, kəndli heç çəkdiyi xərcin əvəzini belə götürə bilmir. Beləcə kəndlinin məhsulları kimi arzuları da ümidsizliyə düçar olur...

İndi isə gəlin kəndlinin bu ağır duruma salınan vəziyyətini qısaca təhlil etməyə çalışaq. Əvvəla təsərrüfat sahibləri üçün ayrılan subsidiyaların ünvanını lazımi şəkildə tapmaması birinci şərtdir. Bəzən tapsa da yetərli və müəyyən faizlər şəklində məcburən kəndliyə verilir. Digər bir məsələ kəndlinin ən əsas problemi sayılan su təminatıdır ki, burada da onlara əlaqədar qurumlar tərəfindən dəstək göstərilmir. Kəndli bütünlüklə su problemini özü həll etmək məcburiyyətində qalır. Kəndlinin ən əsas çətinliyi isə onların texnika problemidir. Şumlamadan tutmuş biçinə və yığıma qədər qoyulan məcburi qiymətlərlə onlar razılaşmaq məcburiyyətindədirlər. Çünki onların başqa alternativi yoxdur. Yəni burada da bazar rəqabəti mühiti mövcud deyil. Nazirliyin nəzdində olan və özəl şirkətlərin qoyduğu qiymətlər hər bir kəndli üçün alternativsiz şərtdir. Yəni onların diqtə etdiyi rəqəmlər dəyişməzdir. Bu bütün təsərrüfat dövründə keçərlidir.

Beləcə zəhmətlər və istismarçılıqla məhsulunu yetişdirən kəndli böyük ümidlərlə götürəcəyi qazancı gözləyir və sonda bunun əksi baş verir. Bütün bu zəhmətləri müqabilində kəndli qazanclı deyil, borclu çıxır. Bu isə kəndliyə nəinki maddi, həm də mənəvi zərər vurmaqdan başqa bir şey deyil. Qeyd etdiyimiz kimi kəndliyə 20 qəpiyə başa gələn məhsulları onlar 5-10 qəpiyə satırlar. Bu isə onların heysiyyatı ilə oynamaqdan başqa bir şey deyil...

Təbii ki, bütün bunlar kənd təsərrüfatının bütün sahələrini əhatə edir. Konkret desək Azərbaycanda bazar münasibətləri deyilən bir məfhum yoxdur. Yalnız diqtə olunan qiymətlər var ki, bunu da həyata keçirən, kəndlinin birbaşa əlaqədə olduğu Nazirlik və onların dəllallarıdır. Onlar isə sezonun əvvəlindən qiymətlərini qoyaraq «yay yuxusu»na gedirlər. Kəndli isə kimə və

haraya üz tutacağını bilmir. Nazirlik rəhbərliyi isə gözləyir ki, havalar sərinləsin onlar da qucaqlarına bir quzu alıb şəkil çəkdirsin və ya kombayna minib bir «tur» atsınlar. Bununla da onlar kəndlinin yanında olduqlarını "nümayiş” etdirsinlər.

Beləliklə əzizlərim «yay yuxusu»na gedənlər var. Sizdən xahişləri səs salıb onları oyatmamalarıdır. Gəlin növbəti məhsul ilinə ümid edin. Bəlkə hər şey gələn ilə kimi dəyişdi. Elə kənd təsərrüfatımızın başında duran başbilənlər də.

 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ