SON DƏQİQƏ
» » “Fənərbağça”-“Qalatasaray” oyununda hesab açılmadı

“Fənərbağça”-“Qalatasaray” oyununda hesab açılmadı

Tarix:

17-03-2018, 23:39

/ 10 452 dəfə oxundu.
“Fənərbağça”-“Qalatasaray” oyununda hesab açılmadı

Martın 17-də futbol üzrə Türkiyə Super Liqasının 26-cı turunda İstanbul derbisi oynanılıb.

Gunaz.az xəbər verir ki, turun maraqla gözlənilən mərkəzi qarşılaşmasında “Fənərbağça” komandası əzəli rəqibi - çempionatın lideri “Qalatasaray”ı qəbul edib.

Baş hakim Bülent Yıldırımın idarə etdiyi oyunda hesab açılmasa da, matç bir sıra gərgin anlarla yadda qalıb. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda futbolçulara beş sarı vərəqə göstərilib.

Qarşılıqlı hücumlar şəraitində keçən görüşün 80-ci dəqiqəsində Şener Özbayraklının ötürməsindən sonra Fernandaonun başla zərbəsi zamanı top qapıdan keçsə də, həmin epizodda baş hakim oyundankənar vəziyyət qeydə alıb. Bundan 9 dəqiqə sonra Maykonun cərimə zərbəsindən vurduğu top qapı dirəyinə dəyib. Beləliklə, oyun heç-heçə başa çatıb və “Fənərbağça” doğma meydanda xal itirib.

Bu görüş cari mövsümdə Super Liqada ən çox tamaşaçının baxdığı qarşılaşmalardan biri olub.

Komandalar arasında cari mövsümdə çempionatda “Türk Telekom” stadionunda keçirilən oyun da 0:0 hesabı ilə başa çatmışdı.

Əzəli rəqiblər bu oyunadək ölkə çempionatında 121 dəfə qarşılaşıblar. Matçların 50-sində “Fənərbağça”, 33-də isə “Qalatasaray” qələbə qazanıb, 38 matç isə heç-heçə yekunlaşıb.

Qeyd edək ki, “Qalatasaray” komandası “Şükrü Saracoğlu” stadionunda 18 ildir qələbə qazana bilmir. “Fənərbağça” 1999-cu ilin dekabrından öz meydanında oynadığı 21 qarşılaşmada “Qalatasaray”a məğlub olmayıb.

Superliqada 26 turdan sonra “Qalatasaray” çempionatda liderliyini qoruyur. Bu komandanın aktivində 54 xal var. “Fənərbağça” 48 xalla dördüncü sırada qərarlaşıb.

Martın 18-də çempionatda 50 xalla üçüncü sıradakı “Başakşehir” komandası eyni xala malik olan və ikinci yerdəki “Beşiktaş”ı qəbul edəcək. Meydan sahibləri “Beşiktaş”ı məğlub edəcəkləri təqdirdə bir pillə irəliləyərək rəqibini qabaqlayacaqlar.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ