SON DƏQİQƏ

Qadını xilas etmək istəyən polis bıçaqlandı - Rəsmi

Tarix:30-05-2020, 19:02 Oxunub:2 095

Baş Prokurorluq Bərdədə baş verən bıçaqlanma hadisəsi ilə bağlı məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 30-da saat 11 radələrində Bərdə rayonunun Qaradəmirçi kənd sakini Vüsalə Cəfərovanın qardaşı Elçin Cəfərov tərəfindən döyülməsi barədə daxil olmuş məlumat əsasında dərhal rayon Polis Şöbəsinin əməkdaşları həmin ünvana getmişlər.

Polis əməkdaşları evin həyətyanı sahəsinə daxil olarkən Vüsalə azyaşlı övladı Fatimə ilə birlikdə onlara yaxınlaşan zaman Elçin Cəfərov əlindəki bıçaqla Vüsaləni təqib edərək ona kürək nahiyəsindən qəsdən 3 dəfə vurub bədən xəsarətləri yetirmiş, daha sonra xidməti vəzifəsini həyata keçirməklə Vüsalənin öldürülməsinin qarşısını alan polis əməkdaşı Eşqin Məmmədova da bıçaqla qəsdən bir zərbə vuraraq daxilə keçən deşilmiş-cırılmış xəsarət yetirmişdir.

Elçin Cəfərov digər polis əməkdaşları tərəfindən zərərsizləşdirilərək saxlanılmışdır.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd), 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma) və 315.2-ci (hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanmışdır.

İş üzrə hadisə yerinə baxış keçirilməklə iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülmüş, müvafiq ekspertizalar təyin olunmuş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Elçin Cəfərov Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuş, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi cinayəti etiraf etmişdir.

Hadisədən dərhal sonra zərərçəkmiş şəxslər Bərdə rayon mərkəzi xəstəxanasına çatdırılmış və onlara ilkin tibbi yardım göstərilmişdir.

Hazırda zərərçəkmiş V.Cəfərova və polis əməkdaşının stasionar qaydada müalicələri davam etdirilir.

Cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilməkdədir.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<