SON DƏQİQƏ

"Mən də yol pulu vermişəm, oturacam" - metrodakı qanlı bıçaqlaşmanın TƏFƏRRÜATI

Tarix:12-02-2020, 23:28 Oxunub:2 581

Metroda adam bıçaqlayan şəxs hakim qarşısına çıxarılıb. Davaya səbəb qıza yer verilməməsi olub.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edilən Nizami Axundovun cinayət işi üzrə məhkəmə araşdırması başlayıb.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib. İttihamda yazılır ki, Nizami Axundov metroda olarkən əvvəlcədən tanımadığı Həzrətəli Şükürovu bıçaqlayıb.

Belə ki, Şükürov metroda xanıma əyləşmək üçün yer verməyən Nizami Axundovla mübahisə edib. Nizami Axundov yer vermək istəmədiyi üçün əlbəyaxa olublar. Bu zaman Axundov cibindən çıxardığı bıçaqla Şükürova iki zərbə endirib.

Törətdiyi əmələ görə Nizami Axundova qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma), 221.3-cü (xuliqanlıq), 228.1-ci (qanunsuz olaraq soyuq silah gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.

Elan olunmuş ittihamla Nizami Axundov özünü qismən təqsirili bilib. Deyib ki, ona qarşı elan edilmiş ittiham olduqca ağırdır.

Nizami bildirib ki, bu əməli xuliqanlıq niyyəti ilə törətməyib və zərərçəkmiş şəxsə cəmi bir bıçaq zərbəsi endirib.

Məhkəmə Nizami Axundova sərbəst ifadə verməyi təklif edib.

Nizami Axundov usta yanında fəhlə işlədiyini, ev təmiri ilə məşğul olduğunu deyib. Bildirib ki, həmin gün də işdən gəlirmiş.

Sonu cinayətlə baş verən hadisənin təfərrüatını danışan Nizami qeyd edib ki, metroda olan zaman tanımadığı şəxs xanıma yer vermədiyi üçün ona irad bildirib. Mübahisə də bundan başlayıb.

"Mən həmin gün yorğun idim. Oturmuşdum və çantamı da ayaqlarının arasına qoymuşdum. Metroda sıxlıq yox idi, amma oturacaqların demək olar ki, hamısı dolmuşdu. Buna elə də dəqiq fikir vermədim. Sonradan adının Həzrətəli olduğunu bildiyim şəxs mənə dedi ki, xanıma niyə yer vermirsən? Mən də özümün yorğun olduğumu dedim. Buna görə də mənimlə mübahisə elədi. Sonra da söyüş söydü. Biz metronun içində əlbəyaxa olduq. "28 May" metrostansiyasına çatanda cibimdə olan bıçaqla onu vurdum. Çünki ona gücüm çatmırdı. Fiziki cəhətdən məndən güclü idi"- deyə Nizami Axundov söyləyib.

Həbs edilən Nizami deyib ki, hadisə vaxtı oradan qaçmayıb: "O dayısına zəng elədi. Dayısı onun yanına gələndə mən uzaqlaşdım. Polisə yaxınlaşanda bıçağı ona təqdim elədim".

Hakim Nizamidən soruşub ki, hadisə yerindən qaçıbmı?

Nizami deyib ki, qaçmayıb, amma əvvəlcə polis ona yaxınlaşıb və o da təslim olaraq bıçağı polis əməkdaşına verib.

Əməlindən peşman olduğunu deyən Nizami deyib ki, hadisənin əsas səbəbi Həzrətəlinin ona qarşı söyüş söyməsi olub.

Məhkəmə iclasında zərərçəkmiş Həzrətəli Şükürov da ifadə verib.

Prosesdə məlum olub ki, Şükürov istintaq zamanı barışıq ərizəsi yazıb. Amma indi şikayətçidir. Səbəbi isə böyükləri ilə məsləhətləşməməsi olub: "Mən ərizəni yazanda özümdə olmamışam. Böyüklərimlə məsləhətləşdik və indi şikayətçiyəm".

Bu sözlər Nizamini təəccübləndirib və Həzrətəlidən niyə şikayətçi olduğunu soruşub.

Həzrətəli bu suala ironiya ilə cavab verib: "Əvvəl səni çox istəyirdim, indi isə yox".

Hakim zərərçəkmiş Şükürova sərbəst ifadə verməyi təklif edib. Şükürov deyib ki, metroda olan zaman daha sonra adının Nizami olduğunu bildiyi şəxsdən xanıma yer verməsini istəyib. Amma Nizami ona kobud cavab verərək söyüş söyüb.

"Mən əvvəlcə göz ilə işarə elədim. Qatarda hamı oturmuşdu. Yer yox idi və oturanlardan bir kişi Nizami idi. Nizami yer vermədiyi üçün mən ona yaxınlaşıb əlimi çiyninə qoydum. Bir də yer verməsini istədim. Dedi ki, o da metroya pul ödəyib, yorğundu və oturmaq istəyir. Bununla mübahisə elədik. Sonra mən arxamı ona tərəf çevirəndə məni vurdu. Əvvəlcə boyun mahiyyəmdən, sonra da böyrümdən vurdu. Boynumdan dəyən bıçaq sümüyə dəyib dayandı"- deyə zərərçəkmiş bildirib.

Zərərçəkmişin bu sözləri Nizaminin məhkəmə zalında olan atasını qəzəbləndirib. O deyib ki, Həzrətəlinin boynuna bıçaq zərbəsi dəyməyib, sadəcə əlbəyaxa olan zaman xəsarət alıb.

Həzrətli ifadəsinin davamında qeyd edib ki, ətrafda olan şəxslərdən yalnız bir nəfər onları sakitləşdirməyə çalışıb.

Hakimin suallarını cavablandıran Həzrətəli Şükürov qeyd edib ki, Nizaminin yer verdiyi qadının yanımda azyaşlı uşağı da olub. Nizami isə bunun yalan olduğunu söyləyib.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<