SON DƏQİQƏ

Bitən Qara bağ həsrəti: Ağdamın işğalının bitdiyi Şənbə günü

Tarix:15-03-2021, 17:44 Oxunub:4 341

 Asəf ABBASOV
İllər-illəri əvəzlədikcə, Qarabağ həsrəti uzandıqca o yerlərə qayıdışın ötən ilin əvvəllərində tezliklə baş verə biləcəyini kimə isə desəydilər çoxları həmin şəxsin psixoloji durumunun normal olmasına şübhə ilə yanaşardı. Ancaq bu baş verdi. 44 gün ərzində torpaqlarımız işğaldan azad olundu… Nədənsə hələ də torpaqlarımızın işğaldan azad olunmasını röyalarımda görürmüş kimi qəbul edirdim. Ta ki, ötən Şənbəyə qədər. Məhz həmin o Şənbədən ötən üç gün mənim üçün Qarabağımızın, o cümlədən Ağdamımızın işğaldan həqiqətən azad olunduğunu kanıtladı.
Yenicə yuxudan oyanmış kimi hamıya uşaq sevinciylə Ağdama qayıdışdan danışıram. Bəlkə də bu çoxları üçün qəribə gəlir, amma o hissləri yaşamaq gərəkdir. Hələ də inana bilmirəm ki, mən hər zaman arzularımın önündə gələn «İmarət»də olmaq istəyinə, Ağdamın Cümə məscidində xalqımız üçün dualar söyləmək arzularıma yetmişəm. Bu fəxarətlə duyğuları paylaşmaq üçün isə təbii ki, insana kiçik bir yazı yetməz. Təbii ki, bununla bağlı çox yazılacaq, çox təəssüratlar qeyd ediləcək…
Ağdama gediş Prezident Administrasiyasından edilən zəng mənə Ağdamın işğaldan azad olunduğunu ikinci təsdiqləyən an idi (ilk təsdiq Ali Baş Komandan tərəfindən bəyan edilən gün idi). Telefonun dəstəyini asdıqdan sonra xeyli xəyallara daldım. Özümə verdiyim ilk sual «doğrudanmı mən Ağdama gedirəm?» oldu… Uşaq vaxtı ucqar kəndimizdən rayon mərkəzinə – Beyləqan şəhərinə gedəcəyim günün axşamı sevincdən yata bilmədiyim, səhərin tez açılmasını arzuladığım bir günü yenidən yaşamalı oldum. Sübh tezdən əksəriyyətindən əvvəl Bakı Su İdman Oyunları Sarayının qarşısında idim. Və nəhayət yola düşdük… Yolumuz uzun olsa da heçdə darıxdırıcı olmadı. Şəmistanın, Reyin ciddi söhbətləri, «Asan radio» Emilin, İtv Fatehin və digərlərinin məzəli-duzlu söhbətləri uzun yolumuzu qısaltdı…
Artıq hamının üzdə bildirməsə də həyəcanı kuliminasiya həddindəydi. Ağdam dördyolunu keçib, irəliləyirdik. Bu da bizim ilk postumuz. Əsgərlərimizi sevinclə salamlayırıq. Rusiya sülhməramlılarının avtokalonu ilə də qarşılaşırıq… Postu sevinclə keçdikdən sonra tədricən üzlərə kədər dolur. Dağılmış evlər, viran edilmiş yurdlar… «Yol bələdçimiz» Rey yorulmadan bizə təxmin etdiyi kəndlərin adları və onların haqqında məlumat verir. Bəzən də səhv salır. Çünki kəndləri tanımaq mümkünsüzdür… Tarixdən oxuduğum müharibələr yadıma düşdü. Ancaq ha fikirləşdimsə, gördüyüm mənzərə ilə eyniyyat təşkil edə biləcək dağıntılara səbəb olan bir müharibə yadıma düşmədi. İstər monqol tatarlarının dağıntıları, istərsədə birinci və ikinci Dünya müharibələri olsun… Ağdamda kəndlər tamamən yer üzündən silinib… Nəhayət bir adı, bir də Cümə məscidi və «İmarət» stadionunun ətrafındakı Pirin qaldığı Ağdam şəhərinə daxil olduq. Yol boyu kəndlərdəki həmin dəhşətli mənzərinin burada da şahidi oluruq. Adları qalmış II Şəhidlər Xiyabanı, Avtovağzal, Çay evi, Dram Teatrı, Çörək Muzeyi və s. Tamamilə yox olmuş, dağıdılmış vaxtilə ən izdihamlı yerlərimiz indi xarabaya çevrilib. Bu mənzərəni təsvir etmək belə, nə qədər ağırdır. Allah heç kimə, heç bir xalqa belə namərd düşmən qismət eləməsin!..
Təbii ki, belə mənzərəni gördükdən sonra insanın ağlına gələn ilk şey bu vəziyyətə düşməyimizin səbəbidir. Ancaq səbəb axtarmaq da yersizdir. Çünki bunu artıq yaşadıq. Allah bundan sonrasında xalqımızı, millətimizi qorusun… Cümə məscidində oxunan duaların məhz son sözü də belə bitirdi. Həmkarlarımın hamısı bu fikirdə də həmrəy idilər… Həmrəy sözünü də təsadüfən işlətmədim. İkinci Qarabağ savaşı xalqımıza necə həmrəy olmağı öyrətdisə, Ağdama səfər də həmkarlarım arasında yeni bir körpünün təməlini qoymuş oldu. İllərlə bir cəbhədə çalışan, yalnız salaməleykümdən ibarət olan münasibətlər Ağdamda dəyişərək, doğmalaşaraq yeni bir mərhələyə - qardaşlıq zirvəsinə daxil oldu. Deməli Qarabağa – Ağdama səfər əsl ziyarət məkanına çevrilmiş oldu. Həm də Ağdamın həqiqətən işğaldan azad olunduğunun canlı şahidlərinə çevrildik…

Bitən Qara bağ həsrəti: Ağdamın işğalının bitdiyi Şənbə günü

 


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<