SON DƏQİQƏ

ŞÖHRƏT XƏSTƏLİYİ

Tarix:

13-08-2020, 15:05

/ 3 301 dəfə oxundu.
ŞÖHRƏT XƏSTƏLİYİ

AĞALAR İDRİSOĞLU

Əməkdar incəsənət xadimi


                                                                       (Hekayə)   

 

-Ay millət, ay kişilər, ay qardaşlar, kömək eləyin mənə. Nə olar. Bir ayda döymədiyim qapı, yalvarmadığım tanrı bəndəsi qalmayıb, amma heç kim dərdimə əlac eləmir... Əşi, mən nə qələtdi elədim. Niyə özüm öz əlimlə öz başıma bu böyüklükdə daşı saldım? Nə olub mənə? Ay kişi, vallah, sənə də danışacam, deyəcəksən "vay, vay, nə pis olub”, ya da deyəcəksən "bir az gözlə, görüm nə edirəm”. Ya da deyəcəksən "bu işin xərci bir az çox çıxacaq”. Elə deməyəcəksən? De, mən ölüm?.. Kömək eləyəcəksən mənə?.. Çox sağ ol ey, qardaş. Mən deyirdim də. Deyirdim də, dünya yaxşı adamlardan xali deyil. Gərək rast gələsən. Hə, danışım də. Çarəm nədi. Onsuz da dəvəsi ölmüş ərəbəm... Sən də gör nə xeyirxah adamsan ki, deyirsən mənə kömək eləyəcəksən.

Nə başınızı ağrıdım, məni kəndimizin hökuməti, darğası kənddən "vısılka” eləyib. Yəni qovub. Necə yəni, necə? Çox sadəcə. Qovub də... Necə yəni, demokratiyadı, qova bilməz. Elə qovub ki... Gecəynən. Yəni gecə demokratiya bizim kənddə yatanda... Axı, bizdə demokratiya gecələr yatır, gündüzlər işləyir... Arvad-uşaq qalıb kənddə, mən başımı götürüb qaçmışam. Hə. Demokratiya yatan vaxtı başımı kəsmək istəyirdilər, mən də birtəhər qaçdım. Daha doğrusu, məcbur elədilər. Qaçmasaydım, yəqin ki, indi çoxdan başım bədənimdən ayrılmışdı... Hə, qardaş, indi bir aydır, başılovlu, necə deyərlər, başım əlimdə şəhərdə gəzirəm, uşaqlar kənddə girov, dərdimə əlac axtarıram, heç bir tanrı bəndəsi də əlac eləmir... Heç kim heç kimin kitabını oxumur. Heç soruşan yoxdur ki, "Abdul, eşşəyin hanı?..” Demə şəhərdə demokratiya kənddən qabaq yatıbmış... Maddım-maddım mənə baxmağından görürəm heç nə başa düşmürsən. Onda qoy yerli-yataqlı danışım. Bizim kəndin hökuməti var, Mırtız yoldaş. Nikolayı taxtda görüb, Brejnevi qundağda... Bir ay bundan qabaq anadan olmasının səksən, rəhbər işləməsinin yetmiş illiyi münasibətilə kənddə özünə yubiley keçirirdi... Soruşursan ki, "necə yəni, on yaşında rəhbər işləmək olar?” Bunu Mırtızdan soruşmaq lazımdı. Mırtız cənabın dediyinə görə guya bizim kənddə təzə kolxoz qurulanda, onun dayısını qoyublar sədr. O da bacısı oğlu Mırtızı götürüb özünə müavin. Çünki o vaxt Mırtız molla məktəbini qurtarıbmış. Əlif-beyi yaza bilirmiş. Mırtız da gözünə döndüyüm, eləmə tənbəllik, kəndə gələn bir malakana araq verib ondan əmək kitabçası alıb, o kitabçaya da yazdırıb ki, Mırtız bu gündən olur kolxoz sədrinin əvəzi.

Vallah, bunun düz, ya yalan olduğunu deyə bilmərəm. Çünki Mırtız yoldaş bizim kəndə gəlmədi... Necə yəni hardan? Vallah, bu millətin də belə şeyləri olmaya də... O dəqiqə başlayır qurdalamağa və soruşur, haralıdı, hardandı?.. Yox. Onu deməyəcəyəm. Üz vurma, qardaş. Bir yerdə dedim az qaldılar tutub özümü salalar qoduqluğa... Demə, həmin rəis də oralıymış. Necə yəni haralı? Ay kişi bu məmləkətdə rəislər, prokurorlar böyük vəzifəlilər haralı olur?.. Hə, hə, ordan... Əsas məsələ odu ki, Mırtız yoldaş düz bir il idi yubileyinə hazırlaşırdı... Ssenari yazanı, rejissorluq eləyəni, rəqsləri hazırlayanı... nə bilim, daha kimləri Bakıdan çağırmışdılar. Kənddəki üç orta məktəb, bir texniki peşə məktəbi, iki bağçanın uşaqları... canım sizə desin, daha kimlər, kimlər, bir il idi ki, ələm-yesir qalmışdılar.

Mırtız yoldaşın elə əcaib-qəraib tərcümeyi-halı da yoxdu. Kolxoz sədri müavinliyindən sonra sədr olub. Kolxoz sovxoza çevriləndə pul verib direktor olub. Sonra da sovxozu dağıdıb olub kəndin hökuməti. Yəni icra nümayəndəsi. Sovxozun mal-qarasını da, torpağını da, texnikasını da, satdığını satıb, qalanını da verib fermer təsərrüfatına, oğlunu da qoyub onun rəhbəri. Görürsən kişinin uzaqgörənliyini?.. Sonra da qoyacaq öz yerinə. Bu kişi haqqında nə qədər yazırlar, nə qədər çəkirlər, nə qədər deyirlər ay başına dönüm, elə deyir ki, azdı. Azdı... Goru sanı yaşasın rəhmətlik Brejnyevi. Elə bizim Mırtız kişinin bir suyu da ona oxşayır. Onun kimi kərpicsifət, qara, qalın qaşlı, qara saçlıdır. Möcüzəyə bax ki, kişinin başında bir dənə də ağ saç yoxdur. Deyir ki, biz nəsillikcə beləyik... Bir də görürsən, kəndə qonaqlar gələn kimi geyir pencəyini, döşündə də orden-medalların sayı-hesabı yox. Hətta müharibədə olmaya-olmaya ordan-burdan on-on beş medal çırpışdırıb. Nə bilim Stalinqradın, Leninqradın, Qafqazın müdafiəsi. Daha nələr, nələr... Sonra da başlayır, nə başlayır... Videolar, fotoqraflar, diktafon tutanlar hərə bir tərəfdən kişini salır tarixə. Bir tərəfdən də kəndin üzdə olan şairləri Bəxtəvər Xoşbəxt və Çığır Bağırlı şeir deyə-deyə girillər qonaqların içərisinə. Onları necə ovsunlayırlarsa, hər şeirdən sonra hamı çəpik çalır. Hətta sürəkli alqışlarla. Mırtız yoldaş da kəndin girəcəyindəki hamamdan başlayıb, kəndin qurtaracağındakı ədəbxanaya kimi hamısını göstərir qonaqlara. Hamıya şəstlə deyir ki, bunların hamısını o tikdirib... Belə vaxtda adam qalır qırıla-qırıla ki, ay kişi, nə qozqırdırsan? Öz puluva, atovun puluna tikdirmisən?.. Hökumətin, camaatın pulu idi də. Yarısını qoyubsan cibüvə, yarısına da bunları tikdirmisən. Camaatın puluna özüvə bir ev tikdirmisən ki, qələt eləyir İraqın prezidenti Səddam Hüseyn, onun belə evi ola... Xalqçün tikdirdiklərinin də indi hamısı qalıb ağzı günə. Heç biri işləmir. Kəndin camaatı da qalıb ələm-yesir... Düzdü, sözün doğrusunu ona demək hər kişinin işi deyil. Heç kim də qorxusundan demir... O gün də Allah mənim belimi vursun, nə təhər oldusa, araq şoğərib ağlımı çıxardı başımdan, bu sözləri şappadan dedim Mırtız yoldaşın üzünə. Axırı da belə... Harda dedim?.. Hə, qardaş, onu demək istəyirəm də bayaqdan... Onda bir az səbrüvü bas, qoy xırdalayım. O yubiley ki var, Mırtızyoldaşçün keçirilirdi, bu kişi eləmə tənbəllik, zakaz verib, nə bilim, hardansa səksən fışəng gətizdirib. Deyib ki, boyük kişinin yubileyində Bakıda o fişənglər atılanda olara baxıb hayıl-mayıl olub. Hirs vurub beyninə ki, axı mən kimdən əskiyəm?.. Ad deyirlər məndə, pul deyirlər məndə, şöhrət deyirlər məndə. Haqqımda qalaq-qalaq kitablar, qəzetlər, jurnallar yazılıb, çəkilib, xoş sözlər deyilib... Hə, kişi, eləmə tənbəllik, səksən dənə o hərbi fişəngdən zakaz verib, gətizdirib. Pulunu kim verib? Kim verəcək? Kənd camaatının dərisindən çıxarıblar. Bizim kəndin camaatının dərisi çox möhkəmdi, qardaş. Hər il beş-on dəfə soyurlar, sonra nə sirdisə yenə də gəlir yerinə. Dəridi də... Pul verib almılar ki... Bir də bizim kəndin camaatı çox dözümlüdü... Deyəsən, boş-boşuna çox qırıldatdım. Görürəm saata baxırsan. Keçirəm əsas məsələyə...

Yubiley səhər saat altıda başladı. Kəndin inəklərini, camışlarını, qoyunlarını, keçilərini çıxardılar mərkəzi meydançaya. Onlar da başladı mələşməyə... Guya rejissor deyib ki, bu da yeni tapıntıdı. Yəni, hamı görsün ki, bu bərəkəti kəndə Mırtız yoldaş gətirib. Yalan olmasın, bu binəva heyvanlar bir saat mərkəzi meydançada mələşdilər. Gələn xarici qonaqlar da - ağ, qara, qonur sifətli adamlar, bir də kəndin biçarə məxluqu başladı bu mələşməyə tamaşa eləməyə... Kimin ağzı nə idi "mık” eləyə... Birdən bu vaxt kəndin məşhur aşıqları Yoğun Naziksəs və Nazik Yoğunsəs girdilər mal-qaranın ortasına, nə təhər oxudularsa, mələşmə dayandı. İndi hamı möcüzə kimi baxır bu aşıqlara. Mırtız müəllim haqqında poema-poemaya, dastan-dastana, şeir-qəzələ, dodaqdəyməz-dodaqdəyənə, mələmə-böyürməyə nə təhər calaşdısa, axırda mal-qara mələşməsini saxlayıb, onlar da başladı qulaq asmağa... Ayə, bu tərif nə şoğərib şey imiş... Qoyun da qoyunluğu ilə diqqətlə qulaq asırdı bu təriflərə. Sonra hamı cumdu bir köhnə evin həyətinə ki, orda divara vurulan xatirə lövhəsinin açılışı olacaqdı. Guya Mırtız yoldaş bu evdə anadan olub. İndi durub deyəsən, ay şüdə uşaqları, axı, Mırtız heç bu kənddə anadan olmayıb. Bu, rəhmətlik sonsuz xoylu Əli kişinin evidi. Evin o tərəf-bu tərəfini əhəngləyib, həyətində də balaca bağça düzəldib, güllər əkmişdilər. Guya bunları da vaxtilə Mırtız yoldaş öz əllərilə əkib... Hə, bu ev də oldu Mırtızm ev muzeyi... Ordan da adamlar cumdu mən dərs dediyim məktəbin həyətinə. Burda da Mırtız kişinin, yalan olmasın, üç-dörd metrlik hündürlüyündə heykəlini yapmışdılar. Mırtız kişi heykəlin örtüyünü dartıb saldı yerə, özü də dimdik durdu onun yanında. Ayə, allahsız, heykəl Mırtıza nə təhər oxşayırdı. Elə bil fırt eləyib bırnından düşmüşdü... Orden, medallar da sinəsindən sallanıb düz qasığına kimi... Məktəbin, bağçanın uşaqları burda Mırtız kişini necə şeirlə, mahnıyla bəzədilərsə, kişinin gözləri doldu, başladı ağlamağa. Hətta dəsmal da çıxarıb gözlərinin yaşını silmədi. Yaş da axdı üzü aşağı... Mırtız kişi bununla demək istəyirdi ki, baxın, görün, mən sevincdən necə ağlayıram. Sonra hamı cumdu kəndin yuxarı başına. Burda bizim babalar vaxtiylə böyük bağ salmışdılar. Mırtız müəllim də bir vaxtlar bu bağı o kişilərdən çığırda-çığırda alıb eləmişdi kolxozun bağı. Arada söhbət vardı ki, sovxoz dağılandan sonra o bağı qaytaracaqlar yiyələrinə... Hamı da böyük ümidlə gözləyirdi. Qurban kəsən kim, nəzir-niyaz verən kim. Nə qaytarmaq?.. İndi də bu bağı elədilər Mırtız bağı. Mırtız yoldaş lenti kəsdi. "Hurrey, alqış, şampan partlatmaq” qarışdı bir-birinə. Hamı girdi bağa. Başladı burdakonsertin üçüncü, ən əsas hissəsi və qonaqların yeyib-içməsi. Ssenarini yazan oğlan özü də aparıcılıq eləyirdi. Allah canını sağ eləsin, demə istedad dağarcığı imiş. Vallah, mən özüm də ədəbiyyat müəllimiyəm. Tərif eşitmişdim, oxumuşdum, day beləsini yox. Zalım oğlu, dünyanın ən tərifli sözlərini, şeirlərini, bayatılarını, qəzəllərini... day nə bilim nələrini inci kimi necə düzmüşdüsə bir-birinə. Özü də elə məlahətli səslə deyirdi, elə bil bülbül idi cəh-cəh vururdu. Adam nə qədər söz bilər, adam nə qədər şeir bilər, ilahi... Konserti də büsbütün elə axıra qədər özü aparırdı. Hərdən aşıq kimi saz çalırdı və pəsdən də oxuyurdu. O danışdıqca mən də baxırdım Mırtız yoldaşa. Birdən-birə gördüm Mırtız yoldaş oldu ağ geyimdə. Qollarının da yerində iki qanad peyda oldu. Bir dəstə də məlakələr başladı onun başının üstündə uçmağa. Öz-özümə dedim: "Ay qıvlasız, bu kişini demə biz yaxşı tanımamışıq. Bu kişi nözənbillah elə Allahdı ki, durub bizim aramızda”. Başladım özümü, kəndin adamlarını söyməyə: "Elə Allah ona görə bizim başımızdan vurur də. Belə xeyirxah, ağsaqqal qurbanolduqlarımızı tanıya bilmirik...” Birdən öz-özümə dedim: "Bəlkə məni qara basır? Gillətdiyim arağın təsiridi vurub başıma?” Gözlərimi ovuşdurub, bir də baxdım. Gördüm, yox əşi. Mırtız müəllim elə qurban olduqlarımızdan biridi ki, durub bizim yanımızda... İlahi, səni tanımayana lənət...

Birdən Bakıdan gələn o cavan oğlan sözlərini gözəl bir məqamda saxlayıb, müraciət elədi bizə. Kaş heç müraciət etməyəydi. Müraciət eləyəndə dili quruyaydı zalım oğlunun. Başladı ki, kim Mırtız yoldaş haqqında danışmaq istəyir? Bu vaxt yanımda dayanan müəllimlər məni itələdilər qabağa ki, "sən çıx danış. Yıx, sök Mırtızı. Qorxma, biz dayanmışıq dalında. Demokratiya döyül? Müəllim babayıq. Kim neynəyəcək bizə? Hamı bizdən qorxur... Sən öləsən aləmi dağıdarıq. Sənin başından bir tük dartanın anasını ağladarıq. Mırtızın bizə bu neçə illər necə qan uddurduğunu, necə dərimizi soyduğunu, başımıza necə itin zülmünü gətirdiyini aç de. Yuxarıdan da gələnlər var, qoy eşitsinlər ki, bu Mırtız necə nüsxədir. Bunun yubileyini yox, məhkəməsini keçirib, həbs eləmək lazımdı”… Müəllim yoldaşlarımızın bu sözlərindən mənə necə inam, güc gəldisə, çıxdım xitabət kürsüsünə. Baxdım özündən razı dimdik dayanan Mırtız yoldaşa. Bakıdan gəlib dil-dil ötən bığlı oğlana, sonra da kəndin camaatına. Gördüm kəndin camaatı dişi bağırsağını kəsə-kəsə mənə baxır. Müəllimlər də başları ilə, gözləri ilə işarə eləyirlər ki, "qorxma, de gəlsin. Biz dayanmışıq dalında”. Urəkləndim, nə ürəkləndim. Yadıma bu atalar məsəli düşdü: "El bir olsa, dağ oynadar yerindən...”. Deməli, mənə heç kim, heç nə eləyə bilməz. Çünki müəllim yoldaşlarım, kəndin camaatı dağ kimi arxamda dayanıb. Başladım, nə başladım:

- Ay dil-dil ötən oğlan, sən necə başladınsa, vallah, biz hamımız çaşıb qaldıq. Çaşıb qaldıq ki, demə, biz heç bu Mırtız kişini tanımırıq. Demə, bu kişi nözənbillah Allah imiş, peyğəmbər imiş... Əgər bu kişi olmasaymış, biz heç yer üzündə yaşayası deyilmişik...

Bu vaxt kəndin adamlarına baxdım. Gördüm ki, hamı elə bil gözü ilə deyir: "Bərəkallah, Məmiş müəllim”. Bir az da ürəkləndim. Boğazımı arıtlayıb ucadan dedim:

- Yalançının lap atasına lənət. Bu Mırtız ki var, elə bir nüsxədi, analar beləsini doğmayıb. Onun kimi qəddar, onun kimi əclaf, onun kimi qaniçən yer üzünə gəlməyib. Yalandı onun yanında yer üzünün fatehləri... Deyirəm, onu doğanda niyə o arvadın qarnı cırılmayıb? Niyə arvad onu tumanbağısıyla boğmayıb?.. Bu şüdə oğlu şüdə yetmiş ildə kəndimizin camaatına qan uddurub. Ailələr var bir dənə evdə başı papaqlı kişi qalmayıb, hamısını tutdurub. Ailələr var, bütün nəslini kəsdirib... Ailələr var, onun əlindən didərgin düşüb... Şəxsən mənim babamı, atamı, əmimi, qohumlarımı bu düdəmə güdaza verib. Göndərib gedər-gəlməzə...

Bu vaxt gördüm xitabət kürsüsünə paqonlu bir yekəpər yaxınlaşdı və ağzımı iyləyib bağırdı:

- Adə, bu ki, piyandı! Götürün bu zibili burdan!

Bunu deyən kimi beş-on nəfər özü kimi yekəpər paqonlu "hop” deyib, məni götürdülər çiyinlərinə, aparıb soxdular bir qara maşına. Sonra əvvəlki yekəpər yaxınlaşdı mənə. Yaxamdan tutub, dik qaldırdı yuxarı. Sifətini, ağız-burnunu eybəcər bir vəziyyətə salıb, qışqırdı:

- Ayə... mən deyən, bayaq orada nə qozqırdırdın?! Səninləyəm, ay şarlatan! Kimi söyürdün? Mənim dayımı?.. Sənin lap...

Sonra mənə solaxaydan nə təhər ilişdirdisə ağlım başımdan çıxdı. Ayılanda gördüm ki, rayon polis idarəsindəyəm, o yekəpər də durub başımın üstündə, ətli sifətinin tərini silir. Gözlərini də bərəldib, qanlı-qanlı mənə baxır. Elə bil bütün nəslini mən qırmışam.

- Ayıldın əəə... ay mən deyən? Dedik yəqin öldün... İndi daha sənə əlim-ayağım dəyməmiş dur... burdan, - deyə çox biədəb bir söyüş söydü və sonra da yaxamdan qaldırıb, əlavə elədi. Mindirəcəklər səni maşına, cəhənnəm olub gedəcəksən bu rayondan. Nə qədər ki, mən bu rayonda polis rəisi işləyirəm, nə qədər ki, bu rayonu mən fıladıram, sənin ayağın bura dəysə... Başa düşdün də, nə deyirəm. Sən məmləkətin dağdan ağır, ağsaqqal, müdrik, ən mötəbər kişilərindən birinə sataşıbsan. Ona görə də burda, bu rayonda sənə yer yoxdu. Səni mən buradan vısılka eləyirəm. Yəni qovuram. Bu hamının, hətta kənd camaatının da fikridi. Kəndin camaatı və sənin müəllim yoldaşların, hətta şagirdlərin də kağız yazıb, tələb eləyirlər ki, sənin kimi tərbiyəsiz, əxlaqsız, əyyaş, Vətən xaini bu kənddən vısılka olunsun. Bax, bu da onların ərizəsi.Eşitdin?!.. Səninləyəm ayə... Nə gözünü döyürsən? Düdəmə!..

Udquna-udquna gah kənd camaatının, müəllim yoldaşlarımın və şagirdlərimin yazdığı şikayət ərizəsinə, gah da paqonlu yekəpərə baxıb, başımın işarəsilə "bəli” dedim. Sonra götürüb soxdular məni maşına, ağız-burnuma da bir neçəsini ilişdirib, gətirib atdılar rayonun çıxacağında...

İndi o gündən ailə, uşaqlar qalıb kənddə. Mən də gəlmişəm şəhərə... Döymədiyim qapı, yalvarmadığım adam yoxdu. Heç kim dərdimə əlac eləmir. Qalmışam ələm-yesir... Kənd camaatı da xəbər göndərib ki, day o kəndə qayıtmayım... Onda deyirlər "ağılı kimdən öyrəndin?” Cavab verirlər ki, "gözü çıxan qardaşımdan...”

... Sən hara gedirsən, ay qardaş?.. Qardaş, vətəndaş, eloğlu... Bə deyirdin mənə kömək eləyəcəksən? Nə oldu sənə? Hara qaçırsan? Eh... Bu da belə... Ay millət, ay qan qardaşları, heç olmasa, bir Tanrı bəndəsi tapılacaq, mənə kömək eləsin?.. Axı, nədir mənim günahım? Bəs deyirdiz ki... Deyirdiz ki, bizdə demokratiya, söz azadlığı, qanunun aliliyi var. Hanı? Hardadı? Niyə dinmirsiz? Hara qaçırsız?.. Ha-ra qa-çır-sız?.. Eh... Bunlar da belə... İndi mən başıma nə daş töküm? Öz kəndimizə necə qayıdım?.. Bu nə iş idi mən düşdüm, ay Tanrı?.. Hanı o demokratiyadediyiniz zad?!..

 

Dərbənd - Sumqayıt

avqust, 1999-cu il.


скачать dle 12.1

Şərhlər