SON DƏQİQƏ

YURDUMA MƏKTUB

Tarix:

25-09-2019, 16:42

/ 1 714 dəfə oxundu.
YURDUMA MƏKTUB

 YURDUMA MƏKTUBGülayə KÖNÜL

Bağışla, dilimə gec gətirmişəm
İllərlə qəlbimdə yazdığım şeiri.
Uzun gecələri gözümdən asıb,
Hər səhər yuxusun yozduğum şeiri.

Mən sənə sevgimi xonça bağladım,
Qollarım yetmədi boyunu quca.
Boyuna yetəsi boyum yox mənim,
O qədər böyüksən, o qədər uca.

Adın çəkildikcə adlar içində,
Bir tarix boylandı hər ucalıqdan.
Hər nə var yalandı səndən o yana,
Ucalıq görmədim sən ucalıqda.

Adına güvəndim mən ömür boyu,
Sən varsan daha nə qəm demişəm.
Mənim gözlərimdə Tanrılaşıbsan,
Sənə hər dinəndə qibləm demişəm.


Sən mənim əzəldən ölümsüz ömrüm,
Ölümsüz yaşısan körpəliyimin.
Mənim könül evim, mənim can evim,
Nağıl yaddaşısan körpəliyimin.

Sən atəş nağılım, sən su nağılım,
Hər rəngdən bir çələng toxudun mənə.
Hansı əfsanəni , hansı nağılı,
Mən hansı nəğməni oxuyum sənə?

Rəsmini çəkim, de, hansı qayanın?
Mən hansı otaqdan asım rəsmini?
De, hansı zirvədən, de,hansı dağdan,
De, hansı budaqdan asım rəsmini?

Mən hansı havaya oynayım denən,
Oduna qalanmaq havasındayam.
Alışmaq öyrəndim pərvanələrdən,
Başına dolanmaq havasındayam.

Bilmirəm hansını öpüm, oxşayım,
Bu çiçəkli dərə, o çiçəkli dağ.
Mübarək əlinlə özün tutmusan,
Şəhid köynəyini gözümə çıraq.

Durum səcdəsinə bir ömür boyu
Sənə ana deyə dil açanların.
Yatdığı torpağın üzündən öpüm
Qanı qayalarda gül açanların.

Vətən deyə-deyə, yurd deyə- deyə,
Qayana, daşına dolananların;
Başına dolana bilsəydim keşkə,
Mən sənin başına dolananların.

Başına dolandım misra -misra mən,
Səni çiçək-çiçək könlümə əkdim.
Mən sənə heç zaman şeir yazmadım,
Mən sənə sevgimin rəsmini çəkdim!

***

Mənim qiblə bilib,üz tutduğum sən,
Yolu səndən keçdi haqqın, düzlüyün.
Ən böyük sevgilər səndən başladı,
Adını sən qoydun ölümsüzlüyün.

Geydin öpə-öpə əyninə, geydin
Qönçə çiçəklərin tər libasını.
Sənin köynəyində oxudum hər an,
Ölümsüz bir eşqin əlifbasını.

Min rəngə boyanır eşqin tablosu,
Baxdıqca rəsminə ötən anların.
Boyuna boylanır əsrlər, illər,
Tarixlər ölümsüz qəhrəmanların.

Gerçək yuxuların sən hünər səsi,
Səngərdə, səmada, sərhəddəsən sən.
Ayağın torpaqda, başın ğöylərdə,
Hər anda Allahla vəhdətdəsən sən.

Sınandın tarixin sərt sınağında,
Məğrur baxışların göylərə dəydi.
Hər balan bir bayraq havası çaldı,
Hər qayan bir şəhid libası geydi.

Göstərdi dünyaya öz kimliyini
Kök atıb köksündə bitən oğullar.
Qanıyla ölümsüz nəğmələr yazdı
Soyu vətən, boyu vətən oğullar.

Gözlərin görməsin nə dərd, nə bəla,
Qıymaram qəm odu qəlbinə dəysin.
Atdım yaylığımı ayaqlarına,
Sənə gələn bəla qoy mənə gəlsin.

***

Ölmür sevənlərin ümid işığı,
Hər ümiddə neçə sabah yaşayır.
Hər duyan ürəkdə bir yurd sevgisi,
Hər sevən könüldə bir haqq yaşayır.

Ölmür səndən ötrü ölmək istəyi,
Bu eşqin harayı- hayı bilinmir.
Bir ömür saymışam, sayıram hələ,
Səni sevənlərin sayı bilinmir.

Qanı işıq saçdı ölümsüzlüyün,
Yardı qaranlığı gün-gündüz oldu.
Öldürdü ölümü sevgilər belə,
Həqiqi sevgilər ölümsüz oldu.

Sənə bu sevginin sərhəddi yoxdu,
Bax, yarı yerdəyik, göydəyik yarı.
Köksün altında biz yaşayırıq,
Başının üstündə şəhid ruhları.

***

Mənim doğma elim, doğma yurd -yuvam,
De, nədən danışım, deyim nələri?
Dinsin gəncliyimin uşaqlığımın,
Acılı-şirinli xatirələri.

Getmir gözlərimin önündən bir an,
Çovğunlu, Tufanlı,çənli illərim.
Baharın bir özgə, qışın bir özgə,
Bir özgə olardı sənli günlərim.

Düşsə də yollarım səndən uzağa,
Mənə verdiyin can canımda qalıb.
Məni ayaqlarım alıb getsə də
Ürəyim hər zaman yanında qalıb.

Sıxıb ürəyimə bu yurd sevgimi,
Keçilməz dağları kaş yara bilsəm.
Bir ömür bilərdim hər bir anı mən,
Bir anın borcunu qaytara bilsəm.

Titrədim, uçundum sənin havana,
Həvəsim demirəm, nəfəsim oldun.
Hər zaman sən mənim yaşam səbəbim,
Mənim haqq deyəndə haqq səsim oldun.

Səndən nə oxusam, səndən nə yazsam,
Səndən nə söyləsəm yenə də azdır.
Bir ömür nədir ki, sənin yolunda,
Bir anda min kərə ölsəmdə azdır!

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ