SON DƏQİQƏ

ÜSTÜMƏ DAMIR VƏTƏN

Tarix:

20-09-2019, 16:34

/ 1 630 dəfə oxundu.
ÜSTÜMƏ  DAMIR  VƏTƏN

Nəriman Zeynalzadə


ÜZÜM YAMAQ GÖTÜRMƏDİ

Əynimdədir yol paltarım,
Heç olmadı toy paltarım,
Yamaxlıydı pal- paltarım,
Üzüm yamaq götürmədi.

Hey axıtdım tər sözümə,
Yiyə durdum hər sözümə,
Çırpılmadı söz üzümə,
Sözüm yamaq götürmədi.

Həyatımın hər çağında,
Soyuğunda, sazağında,
Külü oldum ocağımda,
Közüm yamaq götürmədi.

Həyat burdan ora qovdu,
Əyilmədim, dözüm oldu,
Dünyaya tox gözüm oldu,
Gözüm yamaq götürmədi.



ÜSTÜMƏ  DAMIR  VƏTƏN 


Geyməyəmi gəlmişik, 
Geyməyə kətan yaxşı?
Ölməyəmi gəlmişik,
Ölməyə Vətən yaxşı?

Əlimə gəlmir Vətən,
Dilimdə oxuyuram.
Yol tapıb getmək olmur,
Əynimə toxuyuram.

Torpaqdan daş ələnir,
Vətəndən vətəndaşı.
Hər oğul götürəmməz
Çiyninə Vətən daşı.

Yağışda, suda qaldı,
Yosunlu, mamır Vətən.
Üstünü örtəmmədim,
Üstümə damır Vətən.

            

AY ANA


Qaytar məni o günlərin qoynuna,
Şirin yatım, şirin durum, ay ana.
Qaçıb gedim uşaqlarla oynayım,
Özüm üçün dünya qurum, ay ana.

Yıxıldıqca qoy qanasın dizlərim,
Ayağımda qana baxıb ağlayım.
Köynəyimin ətəyindən mən cırıb,
Goz yaşımı axan qana bağlayım.

Əllərinlə gəl sığal çək başıma,
Gözlərimdə yaş quruya, dayana.
Elə billəm mənəm xoşbəxt dünyada,
Bütün dünya mənim olar, ay ana.

Qaldır məni qollarında göylərə,
Uçub gəlim qonum sənin çiyninə.
Ağrı-acım qoy sökülsün içimdən,
Güllü köynək sən geyindir əynimə...

Qaytar məni o günlərin qoynuna,
Şirin yatım, şirin durum, ay ana.
Qaçıb gedim uşaqlarla oynayım,
Özüm üçün dünya qurum, ay ana.

 

DƏRDİMİN ÜSTÜNƏ DƏRDİ BAĞLADIN


Ay qocalıb əldən düşən evimiz,
Qohumdan-qonşudan küsən evimiz,
Əlini əlimdən üzən evimiz,
Bilsən ürəyimi necə dağladın?
Dərdimin üstünə dərdi bağladın.

Kilidi- açarı pas atan qapı,
Dərdini dərdimə ay qatan qapı,
Qıvrılıb içində ay yatan qapı,
İçində səssizcə elə ağladın,
Dərdimin üstünə dərdi bağladın.

Həsrət qalıb ələ qapı əlcəyi,
Ölüb pəncərədə gülün dibçəyi,
Hanı evimizin o ağbirçəyi?
Anamı qəbirdən gedib oyadın,
Dərdimin üstünə dərdi bağladın.

Çağırdım atamı, gəlmədi səsi,
Könlümün qəfildən sındı şüşəsi,
Dəymədi üzümə insan nəfəsi,
Soyuq baxışınla oda qaladın,
Dərdimin üstünə dərdi bağladın.
            

SƏBRİMİ  YERƏ  DÜZÜB  GƏLİRƏM


Allah, al məni göylər üzünə,
Göylər bəlkə də göylər üzümə,
Nə qədər barmaq soxar gözümə,
Səbrimi yerə düzüb gəlirəm.

Əsdi, titrədi bu yer, bu torpaq,
Azad da deyil budaqda yarpaq,
Bəs gedib harda axtarıb tapaq,
Əlimi yerdən üzüb gəlirəm.

Ağa saymaram, qulu sayanam,
Bilmirəm gedib harda dayanam,
Nə bir atam var, nə də bir anam,
Olmayan yerdən küsüb gəlirəm.

Yükü olmadım yükü ağıra,
Qıymadım bircə tükü ağrıya,
Tapşırdım ulu türkü Ağrıya,
Dərdi bal kimi süzüb gəlirəm.

           

 MƏNİ  GÖZLƏRİNİN  QARASINA  ÇƏK


Dərdimi aparıb verdim dağlara,
Sifariş göndərib gəlib aparım.
Dağlar da dərdimə dözə bilmədi,
Gedim sinəsindən çəkib qoparım.

Nə qədər çox olsa baxçada güllər,
Hərə bir çiçəyin həsrətin çəkir.
Gülü-çiçəyini qara torpağa,
Həsrətin gətirib sinəmdə əkir.

Dərdimi çevirib məlhəm eylə sən,
Bir eşq xəstəsinin yarasına çək.
Mən ağ gün görmədim, qara günlüyəm,
Məni gözlərinin qarasına çək,

                                        

 

BU GÜN ANAMIN MƏZARI DAMACAQ

Anamın məzar daşı
Buz kimi
Dodağıma yapışdı.
Bir vaxt
Bu məzar daşında
Əllərim yanmışdı.

Kirpiklərini qırpmadan
Daş gözləriylə
Mənə baxır.
Mənimsə göz yaşlarım
Anamın
Daş sinəsinə axır.

Gör neçə illərdi
Ayrıdı anam məndən,
Mənsiz darıxır.
Gəlişim
Anamın ürəyinə damacaq.
Bu gün anamın
Məzarı damacaq.

 

APARIR

Çıxmışam daş-kəsək kənd yollarına,
Gedirəm, yolların tozu aparır.
Yollara boylanan kənd qızlarının
Oğrun-oğrun baxan gözü aparır.

Çətin olar, bir də dönəcəyim də,
Mənim budur elə görəcəyim də,
İllərlə geydiyim pencəyimin də,
Yapışıb qolumdan bozu aparır.

Qaldıra bilmədim hər əyiləni,
Mən yeyə bilmədim hər yeyiləni,
Götürə bilmədim hər deyiləni,
Yalanı saxlayıb düzü aparır.

Eşq sevdasıdır qəlbinə dolan,
Kənddə havalanıb, bu dəli olan,
Özüylə götürüb bu dəli oğlan
Vallah, beş-on dənə sözü aparır.

 

 ŞEİR  GƏTİR 


Kəndə gedirsən, göz bəbəyi,
Yaddan çıxarma göbələyi,
Quzuqulağı, quşəppəyi,
Göy pencərindən şeir gətir.

Yıxılan aydan, ildən düşən,
Ağızdan düşən, dildən düşən,
Şairin nimdaş, əldən düşən,
Boz pencəyindən şeir gətir.

Gül iyləmədik nöyütündən.
Salxım, saçaqlı söyüdündən,
Ağsaqqalının öyüdündən,
Ağbirçəyindən şeir gətir.

Yaman çoxalıb səy şəhərdə,
Atın oynadır şər şəhərdə,
İt iyi verir, şer şəhərdə,
Dağ çiçəyindən şeir gətir.

      

 

NECƏ DEYİM ALLAH BAZAR VERMƏSİN

Yonduğun məzar daşları,
Sənə dərd, azar verməsin.
Ay müştəri gözləyənim,
Allah bazar verməsin!!!


Fərqanə Mehdiyeva

 

Yon daşımı, baş daşımı, ay usta,
Saxla gözdə göz yaşımı, ay usta,
Gəlib çöküm düz qarşında diz üstə,
Necə deyim Allah bazar verməsin?

Yaz adımı dəmir qələm çəkiclə,
Döy sinəmi, ürəyimi çəkiclə,
Gündə yüz yol bu əzabı görüncə,
Necə deyim Allah bazar verməsin?

Gələn gündən dünya gözü yaşladı,
Kimi dözdü, kimi onu daşladı,
Yaşamağın, çörək pulun daşdadı,
Necə deyim Allah bazar verməsin?

Sən yonmasan, kim yonacaq bu daşı,
Sinəmizə kim qoyacaq bu daşı,
Ruhumuzla oynamasın hər naşı,
Necə deyim Allah bazar verməsin?

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ