SON DƏQİQƏ

Etibarlı dostlar

Tarix:

16-05-2019, 13:14

/ 704 dəfə oxundu.
Etibarlı dostlar

 

Qəhrəman Şəhidimiz, mərhum Allahverdi Bağırov haqqında keçmiş zamanda danışmaq olduqca çətin və ağrılıdır. Belə ki, ermənilərə qan udduran batalyon komandiri, Milli Qəhrəmanımız, cəngavər Allahverdi Bağırovla yaxından ünsiyyətdə olmaq mənə də nəsib olmuşdur.

Bu yaxın münasibətin tarixi 1982-ci ilin yay ayına təsadüf edir. İndiyədək xatirimdədir. Anamın kiçik qardaşı Rasim dayımla görüşdük. Xeyli söhbətdən hal-əhval tutandan sonra Rasim dayım mənə dedi ki, “Mənim ən yaxın uşaqlıq dostum, qardaşım Alı məni Ağdama qonaq çağırıb”.

Onu da qeyd etmək lazımdır ki, qəhrəman şəhidimiz Allahverdi Bağırovun doğmaları, yaxınları onu Alı deyə çağırırdılar. Bundan sonra dayım mənə ərkyanə dedi ki, “Mənim maşınımda gözlənilməz problem yaranıb. Əgər sənin vacib işin yoxdursa, səhər tezdən sənin maşınınla Ağdama çıxaq. Alıgil bizi sübh tezdən xaşa dəvət ediblər”.

Həmin dövrdə mən Xalq Təsərrüfatı İnstitutunun maliyyə fakültəsinin II kursunda oxuyurdum. Bu sözləri dayımdan eşitdikdən sonra mən böyük məmnuniyyətlə səhər tezdən onunla Ağdama gedəcəyimi bildirdim. Bəli, belə də oldu.

Rasim dayımla vədələşdiyimiz vaxt görüşdük və “Allah, Məhəmməd, ya Əli” – deyib Ağdama üz tutduq.

Yol boyu dayım Rasimin Allahverdi Bağırov haqqında danışdıqlarından məndə xoş təəssüratlar yaranırdı. Çünki mən hələ qəhrəmanımızı ilk dəfə görəcəkdim. Dayım mənə deyirdi ki, “Alı ilə mən lap uşaqlıq dövründən, ağlımız kəsəndən qardaş olmuşuq”.

Çətin gündə, yaxşı gündə bir-birimizə son dərəcə sədaqətli, etibarlı, necə deyərlər, bir-birimizin yolunda gözümüzü qırpmadan, zərrə qədər tərəddüd etmədən ölümə belə gedərdik. Bu gün də nisbətən yaşlı vaxtımızda bir-birimizə qarşı eyni dərəcədə səmimi və sədaqətliyik. Yəni zaman bizim doğma münasibətləri nəinki zəiflədə bildi, əksinə, daha da gücləndirdi.

Bundan sonra rəhmətlik mərd və cəsarətli, birmənalı haqqın-ədalətin tərəfində olan insan olması barədə mənə ağız dolusu danışırdı. Bir sözlə, Ağdama çatana qədər bu igid, cəngavər insan haqqında dayımdan olduqca əhvalatlar eşidirdim. Beləliklə, biz artıq sübh tezdən Ağdam şəhərinə daxil olduq.

Rəhmətlik A.Bağırov (Alı) öz dəstəsi ilə bizi son dərəcə özünəməxsus səmimiliyi ilə qarşıladı. Hətta onun zarafatyana dediyi sözlər də indiki kimi yadımdadır. Vədələşdiyimiz vaxt sübh tezdən (gecikməsək də xaş vaxtına Qarabağ xaşının dadı hələ də damağımdan getməyib. Xaş süfrəsi arxasında iki rəhmətliyin uşaqlıq xatirələri,

duzlu-məzəli söhbətləri, deyilən sağlıqlar adamı valeh edirdi) A.Bağırov gülümsəyərək bizə dedi: “Allahımıza qurban olum, sizi gözləməkdən acından batdıq, qırıldıq”.

Rasim dayım da bu sözün cavabı olaraq qolunu irəli uzadaraq saatını göstərdi. Dedi ki, “Alı, 15 dəqiqə biz dediyimizdən tez gəlmişik”.

Sonra Alı: “Qardaş, səninlə zarafat eləmək də mümkün deyil” – dedi.

Hər iki rəhmətliyin çox qəribə, eyni zamanda mehriban görüşmə üsulu var idi (biri-birinə qardaşdan doğma, yaxın olan hər iki, öncə bizi qonaq çağıran Alı Rasim dayımı qucaqlayıb, belindən tutaraq yuxarı qaldırdı, üzündən öpərək yerə qoydu. Sonra eyni səmimiyyətlə dayım onunla görüşdü.

Sonra Alı gülümsəyərək məni göstərərək dayıma “Bu cavan oğlan kimdir” – dedi. Dayım bildirdi ki, “bacı oğludur”. Dərhal Alı məni qucaqladı və üzümdən öpdü. “Bacı oğlu, xoş gəlmisən, həmişə sən gələsən, əziz qonağımızsan” – dedi. Bax, beləcə mehriban görüşdən sonra Alı bizi xaş süfrəsinə dəvət etdi.

Gözəl ovqatla xaş məclisini başa vurduq.

Gəzintidən sonra Alı bildirdi ki, nahar yeməyi Abdal Gülaflıya gedəcəyik. Artıq nahar vaxtına yaxınlaşır. Rasim dayı mənim maşınımı sürürdü. Alı da onun yanında oturmuşdu.

Biz də yoldaşların maşınında rəhmətliklərin arxası ilə yola davam edirdik.

Nəhayət, Abdal Gülaflıya yetişdik. Burada da bizi böyük hörmətlə, qonaqpərvərliklə qarşıladılar. Xoş-beş on beş sonra bizi süfrə arxasında oturmağa dəvət etdilər. Dadlı-ləzzətli yeməklərdən daddıqca, gözəl sağlıqlar eşitdikcə, adam sözün əsl mənasında feyziyyab olurdu. Eyni zamanda, A.Bağırovun necə mərd, səxavətli, böyük ürək sahibi olduğunun şahidi olurdum. Rasim dayımın Ağdama gələrkən Alı haqqında söylədikləri artıq öz təsdiqini tapmışdı. Yəni doğrudan da A.Bağırov necə bir qəhrəman, əyilməz, vüqarlı insan olduğuna məndə zərrə qədər şübhə qalmamışdı.

Məclisimiz bitdikdən sonra böyük təəssüratla A.Gülaflıdan ayrıldıqdan bir müddət sonra ayaqla gəzinib, hava aldıq. Gəzintini bitirdikdən sonra Alı növbəti səfərimizi elan etdi. Üzünü dayıma tutaraq dedi ki, “Qardaş, gedək Şuşada təmiz hava alaq”. Artıq məsələ məlum idi.

Növbəti səfərimiz daha cazibədar, daha maraqlı oldu. Bu minvalla yenə də qabaqda rəhmətliklər dayım və Alı, arxası ilə biz Şuşaya doğru getdik. Orda bizi xüsusi mehribanlıqla qarşıladılar.

Artıq Cıdır düzündə süfrəmiz hazır idi. Bir-birindən maraqlı sağlıqlar başladı. Bu məclis əvvəlki məclislərdən fərqlənirdi. Belə ki, musiqi məclisimizi daha da şənləndirirdi.

Burada Alının yeni bir keyfiyyəti aşkar oldu. Gözəl musiqi sədaları altında hər iki rəhmətlik, igid ərənlərə xas olan üslubda oynayırdılar. Bu mənzərəni xüsusi heyranlıqla seyr edirdik.

Qapanlığa kimi Cıdır düzündə istirahət etdik. Bununla da bitmədi. Şam yeməyinə bizi İsa bulağına dəvət etdilər. Atalar demişkən, dəm-dəm gətirir. İsa bulağında bu qeyri-adi gözəlliyi, Şuşa şəhərinin füsunkar təbiətini seyr etdikdən sonra bizim üçün xüsusi hazırlanmış süfrənin arxasına keçdik. Unudulmaz romantik bir gecə keçirdik. Enib İsa bulağının saf suyundan içdikcə, üzümüzü yuyub yenidən iştaha gəlirdik.

O məclisimizi daha da rəngarəng edən aşıq musiqisi oldu. Bex beləcə saz havasının sədaları altında əhvalımız daha da saz olurdu. Rəhmətlik qəhrəman şəhidimiz, minlərlə əsirlərimizi azad edən Allahverdi Bağırov ilə ilk tanışlığımız belə başladı.

Bu igid qəhrəman haqqında nə qədər layiq olduğu xoş sözləri söyləsən, yenə də azdır. Tamamilə səmimi və mübaliğəsiz deyirəm.

İlk görüşümüzdəki hər bir yadda qalan, ürəyində dərin iz buraxmış hadisələri qələmə alsaydım, kiçik bir kitab yaranardı. Sadəcə, ilk görüşümüzdə olan təəssüratlarımızı hörmətli oxuculara çatdırmaqla onu bildirmək istəyirəm ki, bir dəfə bu insanla görüşmək kifayət edirdi ki, bu cəsur insanın necə qəhrəman, mərl, səxavətli, əyilməz, dosta qarşı sədaqətli, düşmənə qarşı son dərəcə barışmaz, vətəninin və millətinin yolunda canından belə keçməyə hazır olan şəxsiyyət olduğunu dərk edəsən.

Bundan sonra rəhmətlik Alı ilə dəfələrlə birlikdə olmuşuq və onun qeyri-adi insani keyfiyyətlərinin canlı şahidi olmuşam.

Sözümün sonunu onun yumorla dediyi fikirlərimlə bitirmək istəyirəm. “Bacı oğlu, birdən xətrinə dəyən olar haa, mənə mütləq xəbər elə”.

Göründüyü kimi, sonda Uca Tanrı Allahverdi Bağırovu (Alını) ən yüksək məqama Şəhidlik zirvəsinə ucaltdı. Hansı ki, bu məqama Tanrı, yalnız sevdiyi və seçdiyi bəndələrini ucaldır.

Allah qəni-qəni rəhmət eləsin. Məkanı cənnət olsun. Ruhu qarşısında baş əyirəm.

 

Faiq Abdullayev (Sultanov),

tədqiqatçı-hüquqşünas

скачать dle 12.1

Şərhlər