SON DƏQİQƏ

HƏYAT SƏHNƏDİ, İNSANLARSA...

Tarix:

11-03-2019, 12:26

/ 10 660 dəfə oxundu.
HƏYAT SƏHNƏDİ, İNSANLARSA...

AĞALAR   İDRİSOĞLU

 

                                          ( Satirik hekayə)

      10 mart Azərbaycan  Milli  peşəkar teatrının yaranması gününə ithaf eləyirəm.

 

       Allah sizə rəhmət eləsin, ey əbədiyaşarlar - ulu Mirzə Ələkbər Sabir  və  ulu  Cəlil Məmmədquluzadə.

 

... Teatrın bayramı idi. Böyük milli bayramı... Məmə yeyəndən, pəpə deyənə kimi bütün teatr əhli hamısı yığışıb gəlmişdi bu bayrama. Zalda da onlar idi, səhnə arxasında da. Tamaşaçı çox az dəyirdi gözə. Neynəsin binəva tamaşaçılar. Hamı bir tikə çörək hayındadı. Çörək də qalxıb ceyran belinə, ha qovurlar, çata bilmirlər. Axşam da evə gələndə arvad-uşaq teatr yox, çörək deyib, çığır-bağır salır. Görən, Allah bizim kişiləri niyə belə zəlil günə saldı? Nəydi onların günahı ay Tanrı?...

Üzdə teatr işçiləri də gülür, hər kəs “xoşbəxt adam” rolunu oynayırdı. Yazıq teatr fədailəri. Cibləri boş, qarınları ac, evləri suyu sovulmuş dəyirman... Adam kənardan baxanda, vallah, bu millətin dözümlülüyünə aid dissertasiya, qəzəl, tərifli şeirlər, poemalar yazmaq, mədhiyyələr demək istəyir. Elə bil Ulu Tanrı bu milləti yaradanda alnının tən ortasına təkcə bir cümlə yapışdırıb. “Dözümlü xalq”. Möcüzəyə bax ey! Bu millət, əsrlər, qərinələr boyu hər zülmə dözür, min cürə istilalara məruz qalır, torpaqları zəbt olunur, bircə kəlmə də “mıq” eləmir... Şükür  Ulu Tanrının məsləhətinə. Özü bilən yaxşıdı. Mən nəkarəyəm ki, onun əməlinə qulp qoyam. Nə isə... Səhnənin arxasında əllərim boş cibimdə var-gəl edirdim. Bayram atəşfəşanlığının başlanması neyçünsə gecikirdi. Deyəsən, kimisə gözləyirdilər. Vallah, kimi gözlədiklərini dəqiq bilmirdim. Bircə onu eşitmişdim ki, gözlədikləri lap böyük yerdəndi...zırpı adamdı. Zaldan ara-sıra çəpik səsləri gəlirdi. Sənə zarafat gəlməsin. Bu qədər teatr əhlini bir yerə yığ, qarın ac, cib boş. Tədbiri də vaxtında başlama. Hamını burada bir ümid saxlamışdı ki, tədbirdən sonra pulsuz yemək-içmək, böyük  banket olacaq.

Bir də onu gördüm ki, iki nəfər mənim qolumdan möhkəm tutub səhnəyə itələdi. Biri kobud, qalın səslə qulağıma bu sözləri əmr elədi:

 - Çalış vaxtı uzat, zaldakılar darıxmasın! Yoxsa mən biabır olaram. Mən biabır olsam, vay sənin halına!..

Üzünə baxdım. Gördüm bizimkilərdəndi. Özü də lap böyüklərdən. Hansı ki, mənim, uşaqlarımın  taleyim neçə müddətdi ondan asılıdı...

Mənim səhnəyə çıxmağımla zaldan bir uğultu qopdu ki, elə bil yalan olmasın, bomba partladı. Qorxudan ayaqlarım tamam tutuldu. Bir tərəfdən də işıqçı zalım oğlu projektoru mənə elə tuşlayıb, elə bil bu hərəkətilə demək istəyirdi ki, bu haramzadəyə görə yarım saatdı istidə oturub boğuluruq... İndi qalmışam səhnənin düz ortasında. Nə qabağa gedə bilirəm, nə geri. Qarnımdan da bir ağrı tutub, bir ağrı tutub... elə bil bir həftə yediyim-içdiyim hamısı onun içindədi... Bu nə işdi, bu nə oyundu mən düşdüm, ay Tanrı? Axı, mənim heç bir çıxışım-zadım yox idi. Tamaşaçı kimi gəlmişdim bu tədbirə. Onsuz da əskim tüstülüdü. Bəzi rəhbərlər məni görəndə əsəbindən üç gün çörək yemirlər. Bəs şeytan niyə məni aldadıb səhnə arxasına gətirib? İndi dayanmışam səhnədə özüm-özümü söyürəm: “Ayə, Allahsız, ayə, qıvlasız, axı nə... yeyirdin ki, səhnənin arxasında, indi səni belə bəlaya saldılar?” Bu vaxt səhnənin arxasından da bayaqkı yekəpər, sarı, çil-çil sifət, göy göz, seyrək diş də əl-qol atıb qışqırırdı:

 - Başla də! Nə durub gözünü döyürsən, ay qoyun?! Səninlə deyiləm?! Başla! Tez ol!..

İstədim səhnədən qışqıram ki, qoyun özünsən, məni başqası ilə dəyişik salıb səhnəyə itələmisən. Birinci, qorxudan səsim çıxmadı. İkinci də fıkirləşdim ki, hakimiyyət onun əlindədi. İstəsə, bizi qoyun da eləyə bilər, keçi də, lap istəsə... Hə, bu sözü çox fıkirləşdim, tapa bilmədim. Bu vaxt gördüm ki, hamı səhnənin arxasından mənə yumruq göstərir. Day başqa çıxış yolum qalmamışdı. Çar-naçar ayaqlarımı sürüyə-sürüyə bir az qabağa getdim. Düzdü, mən səhnədə naşı adam deyiləm. Bir igid ömrüdü səhnədə rejissorluq eləyirəm. Amma belə də yox də... Bu vaxt məşqə hazırlıqsız gələn aktyorlar düşdü yadıma. İndi anladım ki, bu biçarələr nələr çəkirmiş... Hə, nə başınızı ağrıdım, bir-iki dəfə boğazımı arıtlayıb, başladım sözə:

- Əziz yoldaşlar...

O dəqiqə də qarnımın ağrısı vurdu başıma ki, ay qıvlasız, bu “yoldaş” sözü artıq bizim leksikondan çıxıb. Ruslara “net” deyəndən sonra bu sözə də “net” demişik. Tez səhvimi düzəltdim.

 - Əziz bəylər və xanımlar...

Vay, vay... Mən nə pis iş gördüm, ay Tanrı. Axı, biz bəylərə  “Vətən xaini”, nə bilim  “ xarici ölkələrin şpionları”   deyəndən sonra bu sözə də “daloy” demişik. Bəs nə təhər başlayım? Keçdim milli müraciətə:

 -  Əziz bacılar, qardaşlar, atalar, analar. Siz bu bayrama xoş gəlmisiz. Düzdü. Teatr həyatın kiçildilmiş modeli, güzgüsüdü. Amma  Allah haqqı mənim bu gün bu güzgüdən deməyə heç bir sözüm yoxdur. Məni...

Birdən gözüm sataşdı səhnənin arxasındakı kürən, göy göz yekəpərə, hansı ki, mənim taleyim ondan çox asılıydı. Gördüm ki, mənə yumruq yelləyir. Nitqim qırıldı, sözümün ardını deyə bilmədim. Başladım başqa söz axtarmağa. Tez də tapıb dedim:

 - Gəlin bizə belə bir bayram bəxş eləyən şəxsiyyəti alqışlayaq. Alqışlar!

Bu vaxt zalda hamı özünü yığışdırdı və başladı çəpik çalmağa. Hə, deyəsən sözləri yaxşıca tutuzdurmuşdum... Yaxşı, bəs indi neynim? Yadıma düşdü aktyorlarla apardığımız oyun. Ona görə ürəklə qabağa gedib dedim:

- Biz rejissorlar eksperiment eləməyi çox xoşlayırıq. Tamaşanı qurmamışdan əvvəl aktyorlarla həmin pyesin mövzusu üzrə sözlü etüdlər qururuq. İndi mən zaldan bir nəfəri səhnəyə dəvət eləmək istəyirəm ki, elə sizin gözlərinizin qarşısında sözlü etüd quraq. Özünüz də görəcəksiniz ki, Şekspir müəllim düz deyib: “Hər adamda aktyorluq bacarığı var. Sadəcə onu cilalamaq lazımdı. Bir sözlə həyat səhnədi, insanlarsa aktyor...” Kim öz bacarığını sınamaq istəyirsə, buyursun səhnəyə.

Bu vaxt səhnənin arxasından səs-küy qopdu:

 - Gəldi, gəldi, gəldi!..

Sonra tam sakitlik yarandı. Elə bil qurbağa gölünə das atdılar. Bu vaxt qənşərində, arxasında on-on beş adamla orta boylu, enlıkürək, göyçək, düm ağ saçlı, iri qara gözlü, eynəkli, başında şlyapa bir kişi gəldi səhnənin arxasına. Hamı başladı ona təzim eləməyə. Bayaq məni səhnəyə itələyən yekəpər, indi işarə eləyir ki, çıx səhnədən. Qalmışam belə. Nə təhər çıxım? Eşşəyə minmək bir ayıb, düşmək ikinci ayıb. Üzümü döndərdim zala ki, guya onun işarəsini görmürəm. Başladım yenə müraciətə:

- Kim öz artistlik bacarığını yoxlamaq istəyirsə, buyursun səhnəyə, onunla sözlü etüd quraq.

Bu vaxt həmin o, orta boylu, qara gözlü, gur ağ saçlı, gülümsər üzlü, eynəkli, başında şlyapa olan göyçək kişi gəldi səhnəyə. Onun gəlişilə zalda bir uğurlu, bir gurultulu, bir sürəkli alqışlar qopdu ki, gəl görəsən. Dedim, dədəm vay Allah, bu dəqiqə döşəmə, tavan uçacaq. O, zaldakılara əl işarəsi eləyən kimi hamı birdən-birə susdu. Bu nə möcüzədi, ay Tanrı? Elə bil heç zalda adam-zad yoxdu. Elə bil qurbağa gölünə daş atdın. Bəlkə hamı çıxıb getdi? Diqqətlə qaranlığa baxdım, gördüm, yox əşi, zaldan hənirti gəlir. İndi ha yadıma salıram ki, bu kişini mən hardan tanıyıram, harda görmüşəm, yadıma düşmür ki, düşmür. Bu nədi, ay Tanrı?.. Mənim bu şoğərib yaddaşıma nə oldu birdən-birə?

Orta boylu, gur, ağ saçlı, eynəkli, başında şlyapa olan kişi, şəstlə, inamlı addımlarla mənə yaxınlaşdı. Əl uzatdı. Bərk-bərk əlimi sıxdı və dedi:

- Nə olub sənə? Əlin niyə əsir?

- Heç... Əvvəllər mənim bu tərəfim iflic olmuşdu...

- Özünə fıkir ver. Sənin hələ nə yaşın var ki? Bir az dözün. Heç olmasa iyirmi, otuz il. Axı bizim xalq dözümlü xalqdı. Sizin haqqınızda yaxşı fikirlərim var...

- Çox sağ olun. Allah Sizi iyirmi, otuz il üstümüzdən əskik eləməsin...

Vay, vay... Deyəsən qatıqladım... Bu nə biədəb cümlə oldu. Necə yəni, “üstümüzdən əskik eləməsin?”

- Bu gün teatrın bayramıdı. Mən də əvvəllər bir az artistlik eləmişəm. Deyirlər əgər bu işin ardınca getsəydim yaxşı aktyor ola bilərdim. Gəl elə, o etüd deyirsən, nə deyirsən, o eksperimenti mənimlə aparaq.

Gördüm səhnənin arxasından mənə yumruq göstərirlər ki, yəni yox. Bir bəhanə ilə tez çıx səhnədən.

- Səhnənin arxasına niyə baxırsan?

 - Heç...

- Hə, başlayaq?

 - Mən bu gün yuxudan sol ayağımın üstündə durmuşam. Onsuz da işlərim səhərdən baş-ayaq gedir...

Bu sözləri yavaşdan dedim. Ancaq özüm eşitdim. Bu vaxt bir də kişinin üzünə baxdım ki, ay Allah, bu axı kimdi? Bu sifəti mən harda görmüşəm? Niyə bu kişinin suyu mənə belə şirin gəlir?..

 - Nə olub, nə gözünü döyürsən, - deyə amiranə səsli, göyçək, gur ağ saçlı, eynəkli, başında şlyapa olan kişi mənə əmrlə müraciət elədi. Başladıq?!

 - Nə deyirəm ki?.. Nə olar, olar...

Ürəyimdən, beynimdən isə bu sözlər keçdi: “Ey yeri-göyü yaradan Ulu Tanrı, Səni and verirəm öz böyüklüyünə. Mənim balalarımı bu həşəratlardan qoru... Dünyada varım, yoxum, yalnız onlardı...”

- Deməli, hər etüd bir mövzu üzərində qurulur...

- Nə mövzu? – deyə o soruşdu.

 - Yəni bir mövzu götürülür. Dialoqlar, konfliktlər onun üzərində qurulur.

 - Yaxşı, qoy sən deyən kimi olsun.

 - Deməli, mövzu belədi: “Bizi kim qarğıdı”. Bu etüd gün-güzəran haqqında olacaq.

 - Nə olub ki, günümüzə, güzəranımıza?!

 - Deyirəm ki, etüd belə olacaq. Yəni, adı belədi.

  - Hə, onda başla gəlsin.

 - Bu millətin günahı nədi?

 - Nə?

 - Deyirəm ki, bu millətin günahı nədi, başına ip salıb belədən- belə, elədən-elə sürüyürsüz? Axı, bu millət sizə nə pislik eləyib? Niyə bu milləti dilənçi kökünə salmısız? Niyə bu milləti simasızlaşdırdız?.. Millət ac-yalavac, işsiz-gücsüz qalıb. Zəlil gününə düşüb. Bir qrup qor-qoduq da daraşıb onun canına. Qanını sorur, şəxsiyyətini alçaldır, namusunu hərraca, qumara qoyub... Axı, bu başı qapazlı, gözü qıpıq, şəxsiyyəti, insanlığı tapdalanan, kişiləri axtalanmış, arvadları fahişəliyə sürüklənmiş  sizin öz millətinizdi. Siz buna niyə yol verirsiz? Siz bunun niyə qarşısını almırsız? Siz ki, əcnəbi deyilsiz? Ay sizin lap...

 - Sən nə çərənləyirsən, ay uşaq, ay gəda, - deyə amiranə kişi hirslə mənim sözümü kəsib təəccüblə üzümə baxdı.

- Mən çərənləmirəm, düzünü deyirəm. Bu millət sizə inandı. Bəh-bəhlə sizi gətirib padşah elədi. Budumu onun mükafatı?..

 - Sən uşaqlıqda yıxılmamısan?

 - Necə ki?

- Deyirəm, uşaqlıqda yıxılmamısan? Başın heç yerə dəyməyib?

 - Xeyr, yıxılmamışam. Başım da heç yerə dəyməyib. Yəqin siz özünüz yıxılmısız...

 - Onda sərxoşsan. O küncdəki butulkanın arağını sən içmisən?

 - Hansı butulkanın?

 O, başının işarəsilə səhnənin arxasında, pərdənin böyründəki boş butulkanı göstərdi.

 - Odu ey, küncdəki butulka, - deyə mənə yaxınlaşıb, qulağıma pıçıldadı. Bu odlu-alovlu çıxışına görə, o butulka bayramdan sonra səni gözləyir!..

- Nə? - deyə təəccüblə ona baxdım.

 - Onu, sənə “hədiyyə” verəcəm... Əbədilik özündə saxlayacaqsan. Qoy sənin kimi ağız bəhəm eləyən müxalifətə dərs olsun, - deyə sonra da qulağıma butulka ilə bağlı biədəb bir cümlə pıçıldadı.

Birdən-birə 1937-38-ci irtica illərində siyasi məhbus adı ilə tutulub, türməyə salınanların nəyisə güclə boynuna qoymaq istəyəndə o butulkadan NKVD-nin “silah növü kimi” necə istifadə elədiyi yadıma düşdü. Məni soyuq tər basdı...

 - Nə fıkirləşirsən? Niyə dinmirsən? Niyə susdun? Xoşum gəldi səndən. Gör necə açıq-açığına danışırsan? Mən sizə demokratiyanı, söz azadlığını ona görə vermişəm ki, siz xoşunuza gəlməyən işləri, neqativ halları, hətta, məni də açıq-açığına tənqid eləyəsiz. Mən də bunlardan ibrət götürüm. Səhv işlərimizi düzəldim, - deyə o, ucadan danışır və bic-bic gülürdü.

O danışır, güldükcə gözləri qıyılır, gözlərinin rəngi dəyişir, mənimsə fıkrim küncdəki boş butulkada idi...Diqqətlə baxırdım ki, görüm ağzı kəsik deyil ki...

 - Sən niyə danışmırsan?

 -Fikirləşirəm...

- Fikirləşirsən ki, millət acdı? Acından ölən varmı?

- Bəli.

 - Necə?! Acından ölən var?!

 - Xeyr!

- Deyirsən iş yoxdu, millət işləmir...

 - Bəli.

- Necə?! Bəs bu qədər xarici maşınları, əl telefonlarını, evləri, işləməyən millət hansı pulla alır? Bu bərli-bəzəkli evləri hansı pulla tikdirir?..

- Mən heç bunları fıkirləşməmişdim...

- Bəs siz müxalifət, nəyi fikirləşirsiz? Niyə hər şey sizin gözünüzdə qara görünür?

 - Bilirsiz, Əlahəzrət, mən sizi...

Nitqim tamam kəsildi. Deyəsən mən bu kişini artıq yavaş-yavaş tanımağa başlamışdım...

 - Niyə susdun? - deyə  o, başının işarəsilə butulkanı göstərdi. Və qulağıma pıçıldadı. O butulka səni gözləyir ha. Görürsən. İki nəfər o butulkanı əlində möhkəm saxlayıb. Sən səhnədən çıxanda... O məsələ... Bayaq dediyim...

Məni tamam soyuq tər basdı. Özümü itirdim.

-Vallah, bu mənim öz sözlərim deyil. Millətin çayxana söhbətlərindəndi. Mən də onların adından səhnədə qırıldadıram, - deyə qorxa-qorxa qulağına pıçıldadım. Mən artıq keçdim siz tərəfə.

- Qorxma. Açıq danış. Millət daha nə istəyir? Deməli, müəyyənləşdirdik ki, acından ölmür, çörəyi var, xarici maşını var. Bərli-bəzəkli evi var... açıq söz deyə bilir. Demokratiya var. Müstəqillik var... Güzəranımız günü-gündən yaxşılaşır… Sonra sizi nə maraqlandırır?

 - Bu teatr işçilərinin maaşı çox azdır, Əlahəzrət...

 - Artistlərin pul nəyinə lazımdı? - deyə o, birdən-birə ucadan güldü, - siz Don Kixotlarsız... Pulu neynirsiz? Çox yesəniz kökələrsiz, səhnədə eybəcər görünərsiz. Özü də sizin az məvacib aldığınızı kimsə gəlib mənə deyibmi?

- Bilmirəm.

- Deməyib. Onu bil ki, haqqını tələb eləyənə və ağlayana çörək verərlər, ağlamayana yox.

 - Əlahəzrət, bəs bu rüşvət, yerlibazlıq, tayfabazlıq, inhisar məsələsini neynəyək?

 - Necə yəni, nə eynəyək?

- Deyirəm, onun kökünü necə kəsək?

- Ayə, sənin başın deyəsən doğrudan da xarabdı. Kimdi yerlibazlıq, tayfabazlıq eləyən? Hamımız eyni millətin övladları deyilik?

 - Bəli.

- Kənardan gələnimiz var?

- Xeyr.

- Deməli, bir ananın övladlarıyıq də.

 - Bir ananın?

- Ana deyəndə, bizim dildə ana məmləkət nəzərdə tutulur. Məmləkətin bir tərəfinin, yəni ananın bir qrup uşaqları torpağın, havanın, günəşin işığının təsirindən daha ağıllı olduğundan onlar da vəzifə başındadılar. Daha nə yerlibazlıq? Gələn dəfə günəş başqa tərəfə düşəcək, torpaq münbit olacaq, onlar da hakimiyyətə gələcəklər. Burada nə var ki, siz yaxanızı cırıb, belə qara-qışqırıq salırsız? Özünüz deyirsiz ki, qərbi məmləkət... De görüm, günəş qərbi çox işıqlandırır, ya şimalı?

 - Hə... Bu heç mənim ağlıma gəlməyib? Siz düz deyirsiz, Əlahəzrət! Əlbəttə, məmləkətin qərb hissəsi daha işıqlı olur.

- Sonra o rüşvət nə olan şeydi, onun haqqında bar-bar bağırırsız? Kimdi məndən xəbərsiz o işlə məşğul olan? Adını de, bu dəqiqə nəslini kəsdirim!

- Vallah, bilmirəm...

-  Bəs nə çərənləyirsən? Rüşvət belə gəldi, rüşvət belə getdi...

- Danışırlar ki, rüşvət dövləti içəridən yeyir.

- Rüşvət dövləti içəridən yeyə bilməz! Nə axmaq fəlsəfədi, bu. Rüşvəti dövlət rəhbəri, məmurlar yeyər. Bu da onların haqqıdı. Daha heç kim!

- Vallah, mən fəlsəfədən üç almışam. Bu fənn də heç vaxt beynimə girməyib.

- Sizin çoxunuzun beyni yoxdur. Boş-boş qırıldatmağı bilirsiz.

- Siz deyəndi  Əlahəzrət, - deyə qorxa-qorxa səhnənin arxasında əllərində boş butulkanı tutan iki yekəpərə baxdım.

 - Sən də, sənin çaşqa-loşqa olduğun dostların da bilin ki, Ulu Tanrı məni, bu məmləkəti bütün bəlalardan, dərdlərdən, torpaq davasından qutarmaqçün xilaskar kimi göndərib yer üzünə. Mən O, gözəgörünməzin məsləhətilə göydən yerə enib sizə ümid çırağı, azadlıq, səadət gətirmişəm. Yoxsa indiyənə kimi çoxdan xanlıqlara, məhəllələrə, tayfalara bölünmüşdüz. Mən gəlməsəydim artıq bu adlı ölkə də yer üzündə yox idi. Mənim haqqımda çəkilən filmlər, yazılanlar, deyilənlər hələ azdı... Bunların sayını artırmaq lazımdı. Bəli, bəli artırmaq lazımdı! Niyə mənim haqqımda tamaşa hazırlamırsız? Hələ utanmaz-utanmaz məndən pul da istəyirsiz?! Pulu adama nəyə görə verirlər?

- İşinə...

- Yalan deyirsən! Tərifinə görə. Təriflə, sən də al. Bu qədər alim, şair, yazıçı, artist... daha nə bilim, kimlər, kimlər, axmaqdılar məgər? Nə elədiklərini bilmirlər? Tərifləyirlər, tərifınin də ənamını alılar. Aldıqları ənamlar nəinki övladlarına, hətta nəvələrinə də bəs eləyər. Səndən soruşuram, adama bu gün nə lazımdı?

- Tərif.

 - Tərif öz yerində. Nə gözünü döyürsən? Bilmirsən?

-Xeyir…

- Pul lazımdı, pul. Təriflə, sən də pulunu al. Yəqin ki, bir həsirsən, bir Məmmədnəsir. Geyimindən, sifətinin rəngindən görürəm... İstəmirsən tərifləmək? Niyə dinmirsən?

- Bilirsiz, vallah, mən yalandan...

- Nitqin niyə tutuldu? Deməli, sən yalandan tərifləməyi bacarmırsan?

Başımla gah “yox”, gah da “hə” işarəsi eləyə-eləyə, qorxa-qorxa amiranə kişiyə baxdım.

- Nə olar! İndi sənə öyrədəllər!.. Deyəsən hələ sizin hamınızı xədim eləməyiblər…

Bu vaxt səhnəyə iki yekəpər adam çıxdı. Sifətlərinin rəngi əcaib-qəraib idi. Amiranə kişinin başının hərəkətilə onlar mənim qollarımdan tutub “hop” deyib yuxarı qaldırdılar, əlində butulka tutan o biri iki yekəpərə sarı apardılar... Hələ butulkaya çatmamış məni tam söyuq tər basdı və məndən bir qışqırıq qopdu ki, qorxudan az qaldı ürəyim, yumurtalıqlarım partlasın...

...Hövlnak yuxudan oyandım... Gördüm ki, tərin, suyun içərisindəyəm. Arvad da əlində butulka başımın üstündə dayanıb qışqırır. Qorxudan tez çarpayının o biri tərəfınə qısılıb, möhkəm-möhkəm yorğanı özümə bürüdüm. Əllərimlə də möhkəm tutdum…

- Bircə bu qalmışdı ki, arağı kravatın altında gizlədəsən?

- Nə araq? - deyə qorxa-qorxa udqundum.

- Zəhrimar araq, çor araq. Budaha ey. Bu zibili, - deyə əlindəki yarımçıq araq butulkasını mənə göstərdi. Dur  get, çörək pulu tap. Üç gündü uşaqlar acdı. Bəs bu araq zəhrimarı hansı pulla almısan?!

 - Bağışlayıblar...

 - Çörək bağışlayaydılar da sənə.

 - Orda ancaq araq satıllar...

 - Yaxşı! Söz güləşdirmə! Get çörək tap gətir!

- Çörək?..

 - Hə, hə çörək. Uşaqlar acdı. Sənət tapdı bu da özünə... Heç olmasa, get bazarda kartof, soğan sat, axşama bir-iki manat gətir ki, uşaqlar quru çörək də olsa, yeyə bilsinlər.

- Vallah, özün bilirsən ki, alver bacarmıram. Keçən dəfə bir zənbil paltarı gözümün qabağından necə oğurlayıb apardılarsa, hələ də pulunu verməmişik, - deyə yazıq-yazıq arvada baxdım.

- Ay Allah, gör məni gətirib kimə ürcah elədin? Mütrüfün, səhnədə oyun çıxaranın birinə... Kül mənim başıma. Mənim kimi belə gözəl-göyçək cuvanəzən gedib yüksək rütbəli məmura, nazirə, polisə, prokurora, kommersanta, müfəttişə qismət olmadı, gör gəlib kimə qismət oldu?.. Niyə mən belə bədbəxt doğulmuşam, İlahi?.. Nə gözünü döyürsən?  Niyə  butulkaya qorxa-qorxa baxırsan? Onsuz da yarısını içmisən. Burda heç nə qalmayıb... Dur, get, kimdənsə borc pul tap, çörək, yavanlıq al gətir!

Arvad deyinə-deyinə, əlində yarımçıq araq olan butulkanı götürüb otaqdan çıxdı. Mən üzümün, bədənimin tərini yorğana silib, bayaq gördüyüm əcaib-qəraib yuxunu və bir də heç olmasa, quru çörək almaqçün kimdən borc pul tapacağımı fıkirləşirdim... Borc almağa daha yaxın adam qalmamışdı... Qonşunun evindən isə radionun səsi gəlirdi. Məşhur müğənni Bülbül gur səslə ən sevimli mahnılarından birini oxuyurdu...

-Əcəb ağ gündədi mənim Vətənim...

                                                                            Dərbənd şəhəri, Sumqayıt şəhəri

                                                                                                    Avqust, 1999-cu il.

                                                               Bəzi əlavələr 2010-cu ilin iyul ayında olub.

 

 

 

 

скачать dle 12.1

Şərhlər