SON DƏQİQƏ

“Milli taleyimiz və biz”

Tarix:

24-12-2018, 17:56

/ 10 659 dəfə oxundu.
“Milli taleyimiz və biz”

Bu günlərdə “Azərkitab” kitab mərkəzində Azərbaycanın Xalq şairi, vətənpərvər ziyalımız, ictimai-siyasi xadim, Sabir Rüstəmxanlının “Astar” və “Milli taleyimiz və biz” kitablarının təqdimat və imza günü keçirilmişdir.

“Azərkitab” kitab mərkəzinin layihə rəhbəri Sabir Həsənov tədbiri açaraq qonaqları salamladı və Sabir Rüstəmxanlının geniş və çoxşaxəli yaradıcılığından danışdı. S.Həsənov vurğuladı ki, Sabir Rüstəmxanlının “Astar” adlandırdığı yeni nəşr kitabında iki kiçik həcmli romanı və hekayələri toplanmışdır. Bu əsərlərin əksəriyyəti çoxdan yazılsa da, oxuculara ilk dəfə təqdim olunur.

“Astar” adı kitabın ümumi ruhunu dəqiq ifadə edir, həm romanda, həm hekayələrdə müəllifi, öz ədəbi qəhrəmanlarının gizli yaşantıları həyatın görünməyən, astar tərəfi daha çox maraqlandırır.

Təqdim olunan “Milli taleyimiz və biz” kitabında isə Finlandiyada yaşayan Güney Azərbaycan ziyalısı Güntay Gəncalp və Azərbaycan Respublikasının sabiq maliyyə naziri Saleh Məhmətin xalqımızın mənşəyi, tarixi, bölgədəki mövqeyi, milli kimliyi, böyük şəxsiyyətləri, dövlətçilik ənənələri, Azərbaycan Respublikasının dövlət dili haqqında internetdə yayılan mübahisəli yazıları və xalq şairi Sabir Rüstəmxanlının onlara cavab məktubları toplanmışdır.

Sonra tədbirin aparıcısı AJB-nin katibi, şair-publisist Rəşad Məcid Sabir Rüstəmxanlı şəxsiyyətindən danışdı, eləcə də onun cəsarətli qələm sahibi olduğunu vurğuladı. Nadir bildirdi ki, S.Rüstəmxanlının iki kitabının təqdimat mərasimini bilirdim, növbəti “Atamın ruhu” kitabı da olduqca maraqlı və oxunaqlıdır.

“Atamın ruhu” Azərbaycan türk varlığının təməl daşlarından olan ailədən, ata-anaya tapınmaq səviyyəsində olan ənənəvi bağlılıqdan bəhs edir. Ata həyatdan gedir, sanki dünya silkələnir, dağ yerindən oynayır və bir çox məsələlərə baxışlar da dəyişir.

Əsərdə müəllif atasının son günlərini, psixoloji dəqiqlikdə və bütün övladların gözüylə baxaraq qələmə almışdır. Ata ruhu əsərdə həm övladları, nəsli toplayan, bağlayan, ənənəvi dəyərlərdən qopmağa qoymayan real bir güc və eyni zamanda insanı insan edən ilahi enerji, bərki çətin olan ədəbiyyat havasıdır. Bədən ölür, amma ruh ölmür. Ruhun və Tanrının mövcudluğunun təsdiqinə şübhə yoxdur. Əsərdə bu həqiqət müşahidə və bədii yolla təsdiqini tapır.

Millət vəkili, professor Fəzail İbrahimli Sabir Rüstəmxanlının həm şair, həm də nasir olmaqla geniş oxucu rəğbəti qazandığını bildirdi və ictimai-siyasi xadim olaraq Müasir Müstəqil Azərbaycan Respublikasının qurulmasında, Azadlıq hərəkatında əvəzsiz xidmətlərindən danışdı.

Tədbirdə şairlərdən Vaqif Bəhmənli, Yusif Nəğməkar, ədəbiyyatşünas, yazıçı Azər Abdulla, tarixi romanlar müəllifi Yunis Oğuz, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu və başqaları Sabir Rüstəmxanlı yaradıcılığından, eyni zamanda görkəmli sənətkarın insani keyfiyyətlərindən, vətənpərvərliyindən, dilimizin saflığında əvəzsiz xidmətlərindən söhbət açdılar.

Sonda dəyərli kitablar müəllifi olan Sabir Rüstəmxanlı tədbir iştirakçılarına öz təşəkkürünü bildirdi və oxucuları maraqlandıran sualları cavablandırdı.

 

Rauf İlyasoğlu

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ