SON DƏQİQƏ

DÜNYA BELƏ DÜNYADI

Tarix:

16-10-2018, 08:47

/ 10 660 dəfə oxundu.
DÜNYA BELƏ DÜNYADI

Ustadımız Məmməd Arazın 85 yaşı tamam oldu. Allah məkanın cənnət eləsin. Dünyadan gileyli şair idi, tez-tez küsürdü. Mən ustadımın yaradıcılığını tədqiq edib "Sözün Məmməd Araz zirvəsi" adlı kitab yazdım. Kitabın sonunda da bu şeirimi, bəlkə elə özümə təsəlli olaraq yazdım. 

 

DÜNYA BELƏ DÜNYADI

(Məmməd Araza)

 

Alimindən nadanı çox, naşı çox.
Çiçəyindən kəsəyi çox,daşı çox.
Aydı, Gündü, hər nədisə yaşı çox,
Küsmə ustad, dünya belə dünyadı.

 

Hərdən söylən, hərdən hirslən, qız ara.
Üz qaldımı həyasından qızara?
Dərd anlayan məsum oğlan, qız ara,
Küsmə ustad, dünya belə dünyadı.

 

Sən gördüyün ədəb-ərkan dəyişib,
Dostlar vardı düşmən olub küsüşüb.
Bazarında it də qiymətdən düşüb,
Küsmə ustad, dünya belə dünyadı.

 

İndi daha brend küçüklər gəlir,
Bərbəzəkli, rəngli cütlüklər gəlir.
Sözü ötkəm, əli ütüklər gəlir,
Küsmə ustad, dünya belə dünyadı.

 

At demişkən at nəyinə gərəkdir.
Arat eylə, şumu çəkdir, yer əkdir.
Bostanların hibrid göyərdəcəkdir,
Küsmə ustad, dünya belə dünyadı.

 

Toxum itib, ya mayası ayrı cür,
İnsan Haqqa olub asi - ayrı cür.
Toyu toydur, hələ yası ayrı cür,
Küsmə ustad, dünya belə dünyadı.

 

Ağ divləri cırtdanlara uduzdu,
Heç bilinmir kim suçludu, suçsuzdu.
Dəhnəsində əjdahalar susuzdu,
Küsmə ustad, dünya belə dünyadı.

 

Köhnə sazdır, köhnə hava çaldığı,
Bir verəndə beş də olur aldığı.
Məmməd deyil təkcə yola saldığı,
Küsmə ustad, dünya belə dünyadı.

DÜNYA BELƏ DÜNYADINizami Muradeoğlu

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ