SON DƏQİQƏ

“Həyatım mənim, taleyim mənim”

Tarix:

31-08-2018, 14:28

/ 10 854 dəfə oxundu.
“Həyatım mənim, taleyim mənim”

 

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında baş redaktor vəzifəsində çalışmış tanınmış yazıçı-dramaturq İsi Məlikzadə hələ 15 il əvvəl - sevimli aktyor, rejissor Ramiz Əzizbəyli yaradıcılığı haqqında roman yazmaq qərarına gəlmişəm, - dedi və sözünün üstündə durdu.

Mürəkkəblə yazılmış və yarımçıq qalmış əlyazma qovluğunun üzərinə Ramiz Əzizbəylinin İsi Məlikzadəyə olan şəxsi ehtiram və məhəbbətinin ifadəsi olaraq iki damcı göz yaşı düşdü. Bu ağrılı-acılı göz yaşları üzərində qat kəsmiş illərin birdən-birə həsrətə çevrilməsini ifadə edən əbədi ayrılığın yaşı idi. Mürəkkəblə yazılmış roman başa çatsa da, ömür vəfa qılmadı.

İsi Məlikzadənin qovluğun üzərinə yazdığı bir kəlmə cümləsi diqqətimi cəlb etdi: “Əziz Ramizə İsi Məlikzadədən bayramda bir xatirə və bir tapşırıq. Dediyim kitabı yarat, qardaş! 1.VI-2004, Bakı”.

Ramiz Əzizbəyli dostuna sədaqətini 14 ildir ki, qəlbində gəzdirir və əlyazmaları yazdıraraq, bu günlərdə öz şəxsi vəsaiti hesabına çap etdirdi. Baxmayaraq ki, səhhətində problemi olsa da, hər dəfə “Həyatım mənim, taleyim mənim” romanını açarkən dostunun, doğmalarının itkisi Ramiz Əzizbəylini çox kədərləndirir və göz yaşlarını cilovlaya bilmir.

Kitabın ilk səhifəsində İsi Məlikzadənin atası Abbas kişi ilə, anası Zəriş xanımla, həyat yoldaşı Lətifə xanımla, bacısı Vəzifə xanımla, eləcə də dostları ilə birlikdə fotoları verilmişdir.

Romanın növbəti bölümündə Ramiz Əzizbəylinin çox acınacaqlı, çətin, eyni zamanda da qayğılı bir dövrü olan uşaqlıq, yeniyetməlik illəri peşəkar səviyyədə qələmə alınmışdır. Sonrakı bölmələrində Ramizin mənalı və unudulmaz əsgərlik həyatı, institut illəri, səhnə fəaliyyəti geniş işıqlandırılmışdır. “Mozalan” satirik jurnalında həm aktyor, həm də rejissor olaraq fəaliyyəti Ramiz Əzizbəyli yaradıcılığının ən parlaq dövrünə təsadüf edir.

Kitabda görkəmli sənət adamlarının, dostlarının Ramiz Əzizbəyli yaradıcılığı haqqında ürək sözləri də toplanmış və romanı daha da oxunaqlı etmişdir. Dəfələrlə cəbhə bölgələrində əsgərlərlə görüşü onun mübarizliyindən, vətənə sevgisindən irəli gəlir.

Roman axıra qədər çatdırılsa da, İsi Məlikzadənin vətən həsrətinə dözməyərək vəfat etməsi dostlarını çox kədərlənmişdir. Yazıçı İnqilab Vəlizadə romanın axır hissələrini tamamlayaraq başa çatdırmışdır.

Ramiz Əzizbəyli dostları İsi Məlikzadənin və İnqilab Vəlizadənin müəllifliyi ilə “Həyatım mənim, taleyim mənim” romanını “Ecoprint” mətbəəsində çap etdirmişdir. İnqilab Vəlizadə bu romanın adını “Allah xoşladığı adam” qoymuşdu. Lakin “Həyatım mənim, taleyim mənim” adı daha münasib bilindi.

Hələ 5 yaşında ikən atasını itirən Ramiz Hacı Ağa oğlu zəhmətə qatlaşmış, radio və televiziyada uşaq verilişlərinə çəkilmiş, evin körpə kişisi evə pul gətirmiş, qazancını anası Xədicə xanıma verərkən necə sevindiyi anlar olduqca təsirli və unudulmaz xatirələrdir.

Sonradan həddi-buluğa çatarkən ağ xallı kəpənəyi taparaq Zümrüd xanımla ailə qurması, övlad qayğıları Ramizi daha da ruhlandırmış, bir-birindən maraqlı obrazlar yaratmış, filmlərə çəkilmiş, saysız-hesabsız dublyajlarda iştirak etmiş və ən nəhayət, rejissorluq fəaliyyətini şərəflə davam etdirərək böyük nüfuz və hörmət qazanmışdır.

1992-ci ildə Respublika (indiki Heydər Əliyev) sarayında böyük təntənə ilə təqdimatı keçirilən “Bəxt üzüyü” filmi - bu böyük ekran işi Daşkənddə keçirilən Avropa, Asiya və Latın Amerikası ölkələrinin festivalında xüsusi diploma, 1994-cü ildə isə Azərbaycan Kinematoqrafçılar İttifaqının keçirdiyi xüsusi müsabiqədə “Ən geniş tamaşaçı rəğbəti qazanmış film” nominasiyasına görə diplom və mükafatlara layiq görülmüşdür.

Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Ramiz Əzizbəyli şair-publisist olaraq öz sözünü demiş və şeir, qəzəllərindən ibarət “Cızma-qaralar” kitabı dəfələrlə təkrar nəşr olunmuşdur.

Gözəl deyimlər, aforizmlər, hekayələr müəllifi olan Ramiz Əzizbəylinin fitri istedadını hələ çox gənc yaşlarından İsi müəllim hiss etmiş və bu romanı yazaraq çox zəhmət çəkmişdir.

Ramiz Əzizbəyli isə bu kitabı 70 illik yubileyi ərəfəsində Prezidentimiz İlham Əliyev cənablarının sərəncamı ilə “Şöhrət” ordeninə layiq görüldüyü bir ərəfədə çap etdirmiş, narahat ruhları, kövrək qəlbləri sevindirmiş və bir daha dostluğa sədaqətini nümayiş etdirmişdir.

Uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Estrada sənəti” kafedrasının professoru olan Ramiz Əzizbəyli rejissor və aktyor sənətindən tələbələrə dərs demişdir. Hazırda Prezident təqaüdçüsü olan Ramiz Əzizbəyli 2000-ci ildə Respublikanın Əməkdar artisti, 2008-ci ildə isə Respublikanın Xalq artisti adına layiq görülmüşdür.

Azərbaycan Ağsaqqallar Şurasının “Mədəniyyət-İncəsənət və Turizm” komissiyasının sədri, eləcə də “Adəm” Beynəlxalq Xeyriyyəçilər Assosiasiyasının 1-ci vitse-prezidenti olmaqla ictimai işlərdə fəal iştirak etmiş və bu gün də xeyirxahlığı, dürüstlüyü hər şeydən üstün tutur.

Cəmi 100 nüsxə çap olunmuş “Həyatım mənim, taleyim mənim” romanı ümid edirəm ki, dövlətimizin, imkanlı şəxslərin köməyi ilə kütləvi tirajla çap olunsa, gənclərə də bir örnək olar. Roman əsasında film çəkmək, tamaşa hazırlamaq kino xadimlərini, rejissorları düşündürməlidir.

Görkəmli sənətkarımız, sevimli aktyorumuz Ramiz Əzizbəyliyə cansağlığı, növbəti kitablarının çap olunmasını arzulayırıq. Sizin fəaliyyətiniz ən yüksək mükafatlara layiqdir.

 

Rauf İlyasoğlu

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ