SON DƏQİQƏ

Gəlmişdim dünyanın dərdini çəkəm...

Tarix:

28-06-2018, 16:38

/ 11 039 dəfə oxundu.
Gəlmişdim dünyanın dərdini çəkəm...

 

 

Bir sözün yolunda asılmaq olar,

Yağlı kəndir tapıb dar ağacından,

və ya

Gəlmişdim dünyanın dərdini çəkəm,

Çəkməyə o qədər dərd tapıldı ki...

Məni dükcə kimi əzib-bükməyə

O qədər dilbilməz mərd tapıldı ki...

Abdı Qoşqar filosof şairdir. Çünki cəmiyyətin ağrı-acılarını daxilində çəkir, birdən də vulkan kimi püskürür, hayqırır və çoxlarının yazmaq istədiyini qələmiylə kökləyib fəlsəfi fikirlər söyləyir.

Akademik Teymur Bünyadov yazır: “Abdı Qoşqarı mən şair kimi çox sevirəm. Adı da əzəmətlidir, yazıları da. İlhamının duyğularıdır: Qoşqar dağı, Göyəzən dağı. Göyəzənə yazdığı şeirdə görün nə gözəl deyir:

Dağ sədd imiş yarğanlar da, dayaz da,

Neçə ağrı mürgü döyür Arazda,

Götür məni şimşək boyu tolazla,

Bəlkə dünya üzərində şıxıyım.

İlhamlı söz adamıdır. Şeirlərinin mayası eldən, obadan gəlir. bayatı, qoşma üstə köklənib. İlhamı Kür kimi çağlayır. Çox vaxt şeirlərində yaxşı mənada ağıl hissi üstələyir. Belədi də, indən sonra bizim ağıllı olan vaxtlarımızdı, ağıllı yazan vaxtlarımızdı”.

Yaratdığı “Qobustan” verilişi də bayatı üstə köklənir, saz üstə çağlayır. Yaxşı yadımdadır: Şəhid Bayram Məmmədovun xatirəsinə həsr olunmuş filmə baxarkən, şəhid atası Məhəmməd Mürsəloğlunun gözlərində sevinc və qürur hissini görərkən telejurnalist həmkarımın ürəyinə əhsən dedim. Qaracallı Mustafa kişinin mərd oğulları haqqında film hazırlanarkən Abdı Qoşqarın gözlərində bir nur hiss edirdim. Mədəniyyət kanalında göstərilən film necə də möhtəşəm alınmışdır.

Zəlzələni öncədən olma ehtimalını cihaz və qurğuların, eləcə də təcrübə vasitəsiylə sübut edərək beynəlxalq patentlər alan AMEA-nın müxbir üzvü, “Şöhrət” ordenli, geofizik alim, professor, karikaturaçı rəssam Kərim Kərimov haqqında çəkdiyi filmə baxarkən 85 yaşlı bir alimin gözlərində Ağdamı görmək arzusuyla yaşadığının şahidi olmuşam.

Atam şair-jurnalist İlyas Allahverdiyev yaradıcılığını əks etdirən filmə baxan doğmalarının sevincdən göz yaşlarını Abdı Qoşqar duyur, özü də kövrəlir. İlahi, bu insan necə böyük qəlb sahibidir.

Abdı Qoşqarı görərkən dağ əzəmətli, pəhləvan cüssəli, ağır taxtalı babalarımız yada düşür. Sözübütöv, yalanı sevməyən söz adamıdır Abdı Qoşqar. Abdı Qoşqar çay yatağına sığmayan əli göylərdə, dizi torpağa bağlı bir insandır. Abdı Qoşqar poeziyasının gücü onun sadəlövhlüyündə, təmizliyindədir.

Açan çiçəyi də söz eyləyirik,

Azan əliyi də qoymuruq düzə.

Bizə nə edirlər, düz eləyirlər,

Biz əyri edirik bir-birimizə -

deyən şair insanları təbiəti sevməyə çağırır. Yaşıl ağacın qırılmasına çox acıyır, qəlbi küsür dönüklərdən. Vətənpərvər insan görəndə üzü gülür, qəlbi sevinir, dərd-qəmi unudur sanki. Cəsarətli qələm sahibidir Abdı Qoşqar.

Akademik Nizami Cəfərov yazır: “Abdının yalnız poeziyasında yox, ümumən təfəkküründə, düşüncəsində, həyat tərzində bir ailə, əxlaq (etnoqrafiya) filosofluğu var”.

Tənqidçi, tədqiqatçı alim Rüstəm Kamal isə Abdı Qoşqar yaradıcılığını belə qiymətləndirir: “Abdı Qoşqarın təcrübə obyekti öz ömrüdür. Demək olar ki, bütün şeirləri ömrünün dərkinə və dəyərləndirilməsinə həsr olunub.

İnsan necə sınır,

Məndən soruşun.

Necə sınıb düşür,

Qüruru bir-bir.

 

Yaxşı ki, gəzəri tabutlar çoxdur,

Bu boyda cəsədi tutmazdı qəbir.

Şair şeirlərinin birində Allaha yalvarır ki, nə olar, barı heç olmasa bu söz adamlarını mədəsiz, şəhvətsiz, qorxusuz yarat - deyir.

Bir tikə çörəyə ürək satıram,

Ürək ovuduram, köz alovunda.

Yığışıb üstümə qayğılar gəlir,

Duyğular alışır söz alovunda.

Şeirləri də halallıqla yoğrulan Abdı Qoşqarın “Mən gördüyüm Amerika” adlı publisistik yol qeydləri olduqca maraqlı, düşündürücüdür.

Düzü düz, əyrini əyri yazmaq hər yazara nəsib olmur.

Bu günlərdə AJB-nin “Natəvan” klubunda qələm dostumuz, əməkdar jurnalist, şair-telejurnalist Abdı Qoşqarın 60 illik yubileyi təntənə ilə qeyd edildi. “Natəvan” klubuna indiyə qədər bəlkə də bu qədər ziyalı yığışmamışdı. Nə qədər insan ayaq üstə, foyedə Abdı Qoşqar işığına yığışmış, şairlə görüşə gəlmişdi.

Abdı Qoşqar həqiqətən işıqlı bir insandır. Kin-küdurətdən uzaq, sözünün çəkisini bilən şairlərimizdəndir. Kövrək qəlbə malik bir insandır. Şairlər kövrək, duyğusal olurlar. Kimisi şeir yazır, kimisi də kimdənsə köçürür.

Abdı Qoşqar isə anadan şair kimi doğulub. Şairlər, ziyalılar məskənində dünyaya göz açıb. Beşikdə ana laylasıyla böyüyüb. Halal süd əmib. Halallıq, paklıq onun damarlarında cövlan edir.

Vətən həsrətli şair dostumuz Ələmdar Quluzadə demişkən: “60 yaş qocalığın cavanlığı deməkdir.

Bu çay yatağa sığmaz deyən Abdı demək istəyir ki, bu ömür 60 yaşa sığmaz. Biz Abdının 70, 80, 90 illik yubileyini də qeyd edəcəyik. Sonra özü bilər”.

Abdının gözlərində bir həyat eşqi, üzündə həya heç zaman sönməyəcək.

Mais Yanardağ demişkən: “Abdı Qoşqar köhnə dünyanın adət-ənənələrini qoruyub saxlayıb”.

Tənqidçi, professor Rüstəm Kamal qələm dostu haqda geniş və ətraflı danışaraq Abdı Qoşqara təşəkkürünü bildirir və bir-bir dostlara söz verir.

Yaqub Babayevin fikirləri olduqca maraqlıdır: “Abdı Qoşqar az sözlə böyük məna kəsb edir”.

Obrazlı ifadələrlə zəngin olan şeirləri bir-birindən fərqli və düşündürücüdür.

Sadıq Elcanlı qələm dostunun uğuruna daha çox sevinir: “Abdının hər şeirindən az qala bir neçə uğurlu misra sənə əl eləyir, duyğulara sənət sehri - sevinci gətirir:

İçimiz açılmır ağ vərəqlərə,

Sözdən tələ qurub özünə hərə.

Yaxud:

Yazmaq ayrı şeydi,

Biz yazdığımız,

Şeirdi, qəzəldi, amma söz deyil”.

Baxmayaraq ki, söz indi çox ucuzlaşıb, daha doğrusu sözü ucuzlaşdırıblar. Ədəbiyyat adamı yerində olmayanda, əlbəttə söz də ucuzlaşır. Abdı Qoşqar isə sözü ucuzlaşdırmağa qoymayan şairlərimizdəndir.

Publisistikası da güclüdür. “Mən gördüyüm Amerika” adlı yol qeydləri peşəkar səviyyədə yazılmış, olduqca düşündürücü yazılardandır.

İnsan insan olaraq yaşamalıdır, bir-birinə hörmətlə yanaşmalıdır. Bəzən şüursuz məxluqa yüksək qiymət verilir, insan amili arxa plana çəkilir. Onda şairlər üzünü göyə tutur, yaradandan imdad diləyir. İblisləri, şeytanları niyə yaratdın, İlahi - deyərək göylərə qəzəblənir, səbr kasası dolur. Öz torpağında qaçqın, köçkün yaşayan, yurdundan qovulan, çətinliklərlə üzləşən, olumla ölüm arasında qalanların ah-naləsi çox gec eşidiləndə, bəzən də heç eşidilməyəndə, şairlər coşur, yanıb yaxılır, qələmiylə hayqırır, dağ çayları kimi məcrasından çıxır, baş alıb özünü qayalara, daşlara çırpır ki, İlahi, bizi niyə belə əzablı yaratdın?

Qarabağ həsrəti onun qəlbini göyüm-göyüm göynədir.

Televiziyada, filmləri hazırlayarkən vətən yanğısını daha çox duyur, kövrəlir, gözləri yaşarır. Xalqının dərdini öz qəlbində çəkir, kövrək, sınıq qələblərə təsəlli verir, özü də hönkürtüsünü güclə saxlayır.

Abdı Qoşqar şeirlərində insanları düzlüyə, ədalətə, insafa, xeyirxahlığa çağırır.

Qudası Musa müəllim Abdını ürəkdən alqışlayır və deyir: “Nəvəmizin adını Qoşqar qoyarkən Abdının sevincini qəlbindən duyurdum”.

Əməkdar müəllim, müasir dövrümüzün “Adlı ünvanlı rübailər sultanı” Oqtay Rza rübai çələngi ilə məclisə xoş ovqat bəxş edir. Yazıçı və şairlərdən Yusif Həsənbəyin, Musa Ələkbərlinin, Əlövsət Bəşirliin, Məhərrəm Bədirzadənin, Elçin Vəliyevin, Yusif Nəğməkarın, yubilyarın əmisi Veys müəllimin, Əlisəmid Kürün, İnqilab İsaqın, Mais Yanardağın və digər qələm dostlarının bir-birindən maraqlı çıxışları yubilyara ünvanlanan ən gözəl ifadələrdir.

Eldost Bayram demişkən: “Abdı Qoşqar mətni elə dəqiq və gözəl hazırlayır ki, o, mətni səsləndirərkən elə ürəklə oxuyuram ki, sanki elə bilirəm bu sözləri özüm yazmışam”.

Abdı Qoşqarı daha çox sevindirən nəvələri Qoşqarın və babalarının şeirlərini əzbər söyləmələri oldu.

Rəssam Qafar Sarıvəlli isə Qazaxdan yol qət edərək yubilyarın məclisində iştirak etməklə yaratdığı portreti Abdı Qoşqara təqdim edir və hər kəsin üzündə bir xoş təbəssüm yaranır.

Həyası üzündə qalan Abdının sevincdən gözləri doluxsunmuş halda rəssam dostunu qucaqlayaraq duyğulandığının şahidi oluruq. Şairə, jurnalistə xalq məhəbbəti budur. Müsbət mənada dostuma qibtə etdim. 60 yaşda bu qədər hörmət qazanasan, həqiqətən də böyük xoşbəxtlikdir, uğurdur.

Yaşının sayından çox, bir-birindən dəyərli kitablar ərsəyə gətirən qələm dostumuz, şair-publisist, “Kredo” qəzetinin təkbaşına ağırlığını çiynində daşıyan Əli Rza Xələfli bütöv qəzeti Abdı Qoşqar yaradıcılığına həsr etsə də, məclisdə bu söz adamının əzəmətli çıxışı alqışlarla qarşılanır. Rauf, “Qobustan” verilişində atan haqqında filmə baxarkən sənə hörmətim daha da artdı, - deyən Əli Rza Xələfliyə bildirirəm ki, bu “sağ ollar” Abdıya düşür. Vətən həsrətini qəlbində yaşadan, xalqın şairi, xalqın yazıçısı qəbul etdiyim Əli Rza Xələfliyə və Abdı Qoşqara əhsən deyirəm. Nə yaxşı ki, Əli Rza Xələflinin 60 illiyində də əzəmətli çıxışların şahidi olaraq istər “Respublika” və “Həkəri” qəzetlərində və “Kataloq” jurnalında öz fikirlərimi bölüşmüşəm.

Abdı Qoşqarın uğurlarına sevinənlərdən biri də mən oldum.

Abdı Qoşqar məclis əhlinə sonsuz təşəkkürünü bildirdi və “məni çox təriflədiniz” - deyə hər kəsə can sağlığı arzuladı.

Biz də Abdı Qoşqarı ürəkdən təbrik edir, “Yubiley ilin mübarək!” - deyib qələm dostumuza yeni-yeni yaradıcılıq uğurları, dərd-qəmdən, intizardan uzaq olmaqla can sağlığı arzulayırıq.

 

Rauf İlyasoğlu

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ