Gedirsən...

Gedirsən…

Elə gedirsən ,

Barmaqlarımın ucundan axa-axa,

Gözümün içinə baxa-baxa,

Yavaş-yavaş, alışdıra-alışdıra…

Fikir eləməyim deyə,

Ağlımı qarışdıra-qarışdıra , gedirsən.

Lövbərini sahilə atıb gedən gəmi kimisən,

Dönməyəcəyini bilirəm,

gözləmirəm yolunu.

Amma baxacam arxanca,

Gözlərimin qarası ağında əriyənə qədər.

Saçlarımı vida yerinə yelləyib,

Əllərimi üzümə sıxıb yola salıram səni.

Heç getməsəydin keşkə…

Gedişin Günəşli günlərimə

qara bulud kimi çökür.

Ayları, illəri bölüşürdük

Göy qurşağım idin mənim,

Gözlərim yağandan sonra görüşürdük.

Sən gedirsən…

Hər gün biraz uzaqlığınla boyanıram,

Yaşıl yatıb, sarı oyanıram.

Həyatımı baxış- baxış süstləyənim,

İllərimi naxış – naxış işləyənim,

Sənə demək istədiklərimi ürəyimdə qoyursan.

Tətiyi çəkilmiş tüfəng kimisən artıq.

Gözlərimdən , baxışlarımdan,

əllərimdən, saçlarımdan gedirsən.

Gedirsən…

Barmaqlarımın ucundan axa-axa ,

Gözümün içinə baxa-baxa .

Yavaş -yavaş, alışdıra-alışdıra…

Fikir eləməyim deyə,

Ağlımı qarışdıra-qarışdıra, gedirsən.

Alacağın olsun həyat,

Onsuz da bütün sevdiklərimi alacaqsan.

Qoy onu sevə-sevə yola salım.

Əzizim, özünə yaxşı bax deyə bilməyəcəm,

Əlvida deməyə də dilim gəlmir.

Məni unutma…

Məni unutma … GƏNCLİYİM.

 

Nuranə Nur

скачать dle 10.6фильмы бесплатно
[xfvalue_video]