SON DƏQİQƏ
» » Şeirlərə yazılan nəzirələr ədəbi yaradıcılığı zənginləşdirir

Şeirlərə yazılan nəzirələr ədəbi yaradıcılığı zənginləşdirir

Tarix:

23-05-2018, 09:10

/ 11 077 dəfə oxundu.
Şeirlərə yazılan nəzirələr ədəbi yaradıcılığı zənginləşdirir


Ədəbiyyatımızın inkişafında, yeni-yeni gözəl poetik nümunələrin yaranmasında, şairlər arasında bədii təfəkkürün yaxınlaşmasında və bütövlükdə poeziyanın gücünün artmasında şeirlərə yazılan nəzirələrin müstəsna rolu var. Nəzirələr eyni mövzuda bir çox poeziya nümunələrinin yaranmasına təkan verir və ədəbi yaradıcılığı zənginləşdirir. Şairlərin yaradıcılığını incələsək bir çox poetik nümunəyə əsasən deyə bilərik ki, bəzi şeirlər şairlərin bir-birlərinə yazdıqları nəzirələrdir. Ədəbiyyatımızda belə nümunələrə çox rast gəlmək olar. Qeyd edə bilərik ki, Aşıq Hüseyn Bozalqanlı bəzi şeirlərini Aşıq Ələsgərə nəzirə olaraq yazıb. Ümumilikdə nəzirələr şairlərin eyni mövzuda bədii güclərinin nümayişidir.
Bu gün Tovuz rayonun Əyyublu kəndində yaşayan tanınmış el şairi, pedaqoq İsa Cavadoğlunun şeirləri özünün bədii gözəlliyi ilə oxucuların və qələm dostlarının diqqətini cəlb edir. Şairin məşhur şeirlərindən olan “Bülbül” şeiri qələm insanlarının zaman-zaman diqqətini cəlb edib. Bu şeirə bəzi nəzirələrdə yazılıb. Şair İsa Cavadoğlunun “Bülbül” şeirini təqdim edirik:Şeirlərə yazılan nəzirələr ədəbi yaradıcılığı zənginləşdirir

BÜLBÜL
Gecə keçir, aləm yatır,
Ömür deyil yuxu, bülbül!
Sən də oyaq, mən də oyaq,
Oxu bülbül, oxu, bülbül!

Ay üfüqdə bədrlənib,
Bağ-bağçalar ətirlənib,
Misralarım sətirlənib
Naxış-naxış toxu, bülbül!

Oxu, İsa əhli-qəmdir,
Dünya gözəl, ömür kəmdir,
Bəlkə də bu son nəğməmdir
Gedib ömrün çoxu, bülbül!
Oxu bülbül, oxu, bülbül!
1977

İsa Cavadoğlunun “Bülbül” şeirinə ilk nəzirəni sağlığında Mikayıl Azaflı yazıb. Mikayıl Azaflı ilə İsa Cavadoğlu arasında çox gözəl dostluq əlaqələri olubdur. Mikayıl Azaflı İsa müəllimin “Bülbül” şeirindən əlavə “Ya qismət”, “Dünyada” şeirlərinə də nəzirə yazıb. “Ya qismət” şeiri isə yazıldığı gündən aşıqların repertuarında məşhurlaşdı. İndi isə Aşıq Mikayıl Azaflının İsa müəllimin “Bülbül” şeirnə yazdığı nəzirəni təqdim edirik:

BÜLBÜL
Sənin gülün vəfasızdı,
Çək əlindən haşa, bülbül.
Mənim dərdim dəvasızdı,
Bax gözümdə yaşa, bülbül.

Çıx budağa qəfəsinnən,
Gül açılsın nəfəsinnən.
Mən sözümnən, sən səsinnən,
Gəl ağlayaq qoşa, bülbül.

Cəh-cəh vuran güllü bağdı,
Gözüm yaşdı, sinəm dağdı,
Baharıma qarlar yağdı,
Yazım döndü qışa, bülbül.

Başım üstə qara hicran,
Könlüm oldu dəli, dövran.
Özüm xəstə, yerim zindan,
Bəxtim döndü daşa, bülbül.

Yazan gülü xara yazdı,
Azaflını dara yazdı.
Ağ bəxtimi qara yazdı,
Gələn vurdu başa, bülbül.
Hal-hazırda qadın şairələr arasında gözəl poetik nümunələr yaradan, şeirləri ilə qəlblərdə özünə yuva quran, zəngin ədəbi irsə malik Səadət Butanın poetik dünyası oxucu və tədqiqatçılar üçündə maraqlıdır. Şairənin ciddi yaradıcılığı tədqiqata layiqdir. Bədii məntiqə söykənən poetik inciləri onun poeziya həvəskarlarının diqqətindən yayınmır. Səadət Buta bölgələrdə yazıb-yaradan el sənətkarlarının yaradıcılığını izləyir, onlarla əlaqələr saxlayır və ya onların məşhur şeirlərinə nəzirələr yazaraq öz münasibətini bildirir. Bu baxımdan Səadət Butanın şair İsa Cavadoğlunun “Bülbül” şeirinə yazdığı nəzirə də diqqət cəlb edir. Şeiri təqdim edirik:Şeirlərə yazılan nəzirələr ədəbi yaradıcılığı zənginləşdirir

BÜLBÜL
Səhər tezdən bağrım böldün,
Çəkdin niyə ahı, bülbül.
Söylə görüm göz yaşların,
Gülünmü günahı bülbül.

Dərdim köhnə, yara təzə,
Bu dünyanın işi məzə.
Oda yanıb, dönüb közə,
Səndən betər çoxu bülbül.

Butada var yar yarası,
Ağarmaz bəxtin qarası.
Ey güllərin divanəsi,
Aşiqlərin şahı bülbül.
İsa Cavadoğlunun “Bülbül” şeirinin səsə-sorağı ölkəmizin hər yanından gəlir. Yaşlı və cavan şairlər şeirə nəzirələr yazırlar. Belə şairlərdən biri də gözəl təbi olan, gənc şairə Günay Reyhandır. Günay Reyhanın şeirlərində bir şirinlik, bədii axıcılıq var. Biz bunu İsa Cavadoğlunun “Bülbül” şeirinə yazdığı nəzirədə də görə bilərik.Şeirlərə yazılan nəzirələr ədəbi yaradıcılığı zənginləşdirir

BÜLBÜL
Sən anlarsan dərd əhlini,
Bir az məndən oxu, bülbül.
Zülmət gecə, qəmli qələm,
Yaddı mənə yuxu, bülbül

Sinəmə dağ çəkildikcə,
Şux qamətim büküldükcə,
Ömür ilmə söküldükcə,
Avazınla toxu, bülbül.

Dostlar quyu qazır indi,
Yol bilən də azır indi,
Sənə şeir yazır indi,
Günay kimi çoxu, bülbül

İsa Cavadoğlu yaradıcılığında bəzi şeirlər qələm dostlarının diqqətini cəlb edərək ortaq bir şəkildə dərdləşirlər. Belə ədəbi nümunələr asan meydana gəlmir və bəzən illər tələb edir. Necə ki, bu gün şairə Səadət Buta İsa Cavadoğlunun “Yazıbdır” şeirinə yazdığı nəzirə kimi...


YAZIBDIR
Dağlar vüqarını günəş doğarkən
Üfüqə saldığı izə yazıbdır.
Ceyran gözəlliyi dırnaqlarilə
Dərəyə yazıbdır, düzə yazıbdır.

Dolan meşələri, bağçanı, bağı,
Ya səhər obaşdan, ya axşam çağı,
Dinlə həzin-həzin ötən bulağı
O da nəğməsini təzə yazıbdır.

Buz bulaq üstündə qalasan ocaq,
Sən təkcə özünü düşünmə ancaq,
Uçan alova bax, qalan közə bax,
Alov da eşqini közə yazıbdır.

Adi bir çiçəkdə böyük təravət,
Kiçik bir meyvədə bir dünya ləzzət.
Misilsiz əsərlər yazan təbiət
Hər nə yazıbsa da bizə yazıbdır.

Təbiət gör nələr verib insana,
Təbiət ülvidir kəc baxma ona
İsa da şərikdir şair Osmana
O da insan ömrün yüzə yazıbdır.
(İsa Cavadoğlu)
İndi isə Səadət Butanın “Yazıbdır” şeirini təqdim edək.

YAZIBDIR
Göllərin sevdası çağlasın deyə,
Yaradan yaşılbaş sona yazıbdır.
Durnanın başına cığalı tellər,
Kəklik ayağına xına yazıbdır.

Qurdun işi-gücü qalıb bəlkəyə,
Çaqqal-çuqqal qoyulmadı ölkəyə,
Tükülüyü layiq bildi tülküyə,
Gözəlliyi o ceyrana yazıbdır.

Bəlli olar pələng səsi, şir səsi,
Yer titrədər aslanların nərəsi.
Haqq eşqidir bülbüllərin nəğməsi,
Oxumağa gülüstana yazıbdır.

Tamahkara altun, para yetirdi,
Gədanın əlini vara yetirdi.
Eşqi duymayanı yara yetirdi,
Məcnunları biyabana yazıbdır.

Buta, sayma itirərsən sayını,
Nə veribsə, gözəl verib payını.
Sənə qurmaq üçün söz sarayını,
İlham verib, bu zamana yazıbdır.

Şeirlərə yazılan nəzirələr şairlərin ortaq məsələlər ətrafında fikir mübadilələrinin zənginləşməsinə səbəb olur. Belə şeirlər geniş oxucu kütləsinin diqqətini cəlb edir. Bölgələrdə yaşayıb-yaradan ədəbiyyat insanlarının şeirlərinə hər bir region üzrə belə nəzirələrin yazılması şairlərin ədəbi proseslərdə çox yaxından inkişafına səbəb olur.


Mahmud Əyyublu

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ