SON DƏQİQƏ

Qəlblərdə yaşayan tarixçi alim

Tarix:

15-05-2018, 12:35

/ 10 983 dəfə oxundu.
Qəlblərdə yaşayan tarixçi alim

 

 

Qocaman tarixçi, əməkdar elm xadimi və əməkdar müəllim, tarix elmləri doktoru, professor İsaq Mustafa oğlu Məmmədovu tanıyanlar onu istedadlı, ötkəm, cəfakeş tarixçi - öz peşəsinə daim sadiq, böyük müəllim və ustad alim, xeyirxah insan kimi qiymətləndirirlər.

O, 1925-ci il mart ayının 24-də Azərbaycanın dilbər guşələrindən olan Qubadlı rayonunun Qaracallı kəndində anadan olmuşdur. Atası Mustafa kişi də rayonda sayılan, çox    müdrik, qorxmaz, sözübütov, mərd və xeyirxah insan olmuşdur. O, rayonda bacarıqlı, işgüzar və qabiliyyətli təsərrüfatçı kimi şöhrət qazanmışdı. Təsadüfi deyildir ki, onun adı xalq yazıçısı Əli Vəliyevin və bir çox yazıçıların əsərlərində mərd və qoçaq şəxsiyyət kimi tez-tez çəkilmişdir. Lakin 40-cı illərin sonu 50-ci illərin əvvəllərində Mustafa Əmrah oğlu Məmmədov da ədalətsiz sovet repressiyasına məruz qalmış, 1957-ci ildə isə bəraət qazanmışdır.

1942-ci ildə orta təhsilini başa vuran İsaq Məmmədov Şuşa şəhərində müəllimlik hüququ verən pedaqoji kursa göndərilmişdir. Oranı bitirdikdən sonra döğma kəndi Qaracallıdakı natamam orta məktəbdə müəllim və dərs hissə müdiri işləmişdir. Əvəzçiliklə kənd sovetinin katibi vəzifəsində də çalışmışdı.

İsaq Məmmədov 1941-1945-ci illər Böyük Vətən müharibəsi dövründə müəllimliklə yanaşı, ictimai həyatda və təsərrüfat işlərində də fəal iştirak etmiş, məktəbin kütlələr arasında təbliğat və təşviqat qrupunun fəal üzvü, şagird briqadasının başçısı olmuşdur. Məhz buna görə də o, “1941-1945-ci illər Böyük Vətən müharibəsində fədakar əməyinə görə” medalı ilə təltif edilmişdi.

Elm və təhsilə sonsuz həvəs İsaq Məmmədovu 1944-cü ildə Bakı şəhərinə gətirib çıxarmışdı. O, Azərbaycan Dövlət Unversitetinin (indiki Bakı Dövlət Unversiteti) tarix fakultəsinə daxil olmuş və buranı 1949-cu ildə fərqlənmə diplomu ilə bitirmiş, “Stalin təqaüdçüsü” olmuşdur. Universitetin Elmi Şurasının zəmanəti ilə aspiranturada saxlanılaraq 1949-1952-ci illərdə orada təhsilini davam etdirmişdi. 1952-1977-ci illərdə BDU-də assisent, müəllim, baş müəllim, dosent və professor vəzifələrində çalışmışdır. Professor İsaq Məmmədovıın həyatının 30 ildən artıq bir dövrü Bakı Dövlət Universiteti ilə bağlı olmuşdur. Məhz burada elmi və pedaqoji cəhətdən püxtələşmişdir.

İsaq Məmmədov bütün şüurlu həyatını Azərbaycanda ali təhsilin / təşkilinə və inkişafına sərf etmiş, respublikamızın ali məktəblərində uğurla elmi-pedaqoji fəaliyyətini davam etdirmişdi. O, 1977-1978-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda, 1978-1984-cü illərdə Naxçıvan Dövlət Pedaqoji İnstitutunda rektor, 1995-2005-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında kafedra müdiri işləmişdir. Naxçıvan Dövlət Pedaqoji İnstitutunun ali təhsil ocağı kimi formalaşması və inkişafında onun böyük xidmətləri olmuşdur. NDU-nin 25 illiyinə həsr olunmuş “Əsrin dördə biri” adlı kitabda deyildiyi kimi, “Naxçıvan Dövlət Pedaqoji İnstitutu onun (professor İ.Məmmədovun) dövründə əsl ali məktəb prinsiplərinə müvafıq şəkildə yenidən qurulmuşdur. Ali məktəbə məxsus strukturlar - Elmi Şuralar, ictimai təşkilatlar və daxıli ixtisaslaşmalar aparılmışdır. İsaq Məmmədovun rektor işlədiyi müddətdə 1500 yerlik tədris korpusu, təlabata müvafıq sosial obyektlər və mikrorayonda müəllimlər üçün 50 ailəlik 5 mərtəbəli yaşayış binası tikilib istifadəyə verilmiş və 9 mərtəbəli yeni tədris korpusunun inşasına başlanmış, institutda su təchizatı və istilik sistemi qaydaya salınmış, avtomat telefon stansiyası quraşdırılmış və başqa obyektlər tikilib istifadəyə verilmişdir.

Bu illərdə institutun elmi yaradıcılıq və təhsil işində böyük canlanma baş vermişdi. İnsitutun maddi-texniki bazası xeyli gücləndirilmiş, 70-ə qədər tədris-metodiki və elmi-tədqiqat laboratoriyaları təşkil edilmişdi. Məhz bu nailiyyətlərinə görə institut 1981-ci ildə Respublika ali məktəbləri arasında Keçici Qırmızı Bayrağa layiq görülmüşdür. Yaradılmış əlverişli şərait NDU-də tədrisin, elmi-tədqiqat işlərinin, mədəni-kütləvi tədbirlərin daha da səmərəli təşkilinə öz müsbət təsirini göstərmişdi. Nəticədə tədris prosesi yeni məzmun kəsb etmiş, universitetin elmi mühitində əsaslı irəliləyişlər baş vermişdi. Eyni zamanda NDU-nin onlarca əməkdaşı namizədlik və doktorluq dissertasiyaları müdafıə etmiş, müvafıq elmi adlar almış, keçmiş SSRİ-nin müxtəlif şəhərlərində keçirilən ümumittifaq və respublika səviyyəli elmi konfranslarda, simpoziumlarda müvəffəqiyyətlə çıxış etmişlər. İnstitutun özündə dəfələrlə ümumittifaq və ümumrespublika tələbə elmi konfransları keçirilmişdir. Bütün bu və digər uğurların qazanılmasında NDU-nin rektoru professor İsaq Məmmədovun təşkilatçılıq bacarığının və ali məktəb işi sahəsindəki çoxillik təcrübəsinin mühüm rolu olmuşdur”.

İsaq Məmmədov həm də görkəmli elmi-tədqiqatçı kimi tanınmış alimlərdəndir. 1955-ci ildə namizədlik və 1974-cü ildə doktorluq dissertasiyalarını müdafıə etmişdir. 1976-cı ildən professordur. 1970-80-ci illərdə dəfələrlə beynəlxalq, ümumittifaq və respublika elmi-nəzəri və praktik konfranslarda məruzələrlə çıxış etmişdir. O, 200-ə qədər monoqrafıya, dərslik, dərs vəsaiti, kitab və kitabçanın, elmi-publisistik məqalənin, o cümlədən, Azərbaycanda gənclər hərəkatına həsr olunmuş “Qəhrəmanlıq tarixindən səhifələr”, “Unudulmaz rəşadət”, “İnqilabi ənənələr və gənclik”, “Ənənələr tərbiyə edir” və s. kitabların müəllifıdir

Müstəqillik dövründə də professor İsaq Məmmədovun elmi yaradıcılıq fəaliyyəti daha bəhrəli olmuşdur. O, bu illərdə nəşr edilmiş “XX əsr Ümumdünya - tarixi proseslər”, “Ümumdünya ictimai-siyasi proseslər. XX əsr”, “Təlatümlü illər” dərsliyinin və s. kitabların müəlliflərindən olmuşdur.

O, müstəqilliyimizin bərpası, möhkəmləndirilməsi və inkişafı tarixinin tədqiqi və təbliğinin sıralarında getmişdir. ADNA-da onun rəhbərlik etdiyi “Tarix” kafedrasının kollektivi on il (1995-2005-ci illərdə müddətində “Azərbaycanın müstəqilliyinin bərpa olunması möhkəmləndirilməsi və inkişafı (1991-2001-ci illər)” elmi-tədqiqat mövzusu üzərində işləmişdi. Tədqiqatın illik nəticələri toplu şəkildə nəsr olunmuşdur. Tədqiqat işində istiqlalımızın Heydər Əliyev mərhələsinə xüsusi yer verilmişdir.

Professor İsaq Məmmədov həmin tədqiqatın elmi rəhbəri, iş icraçılarından biri olmuşdur.

İsaq Məmmədov tarix üzrə elmi kadrların hazırlanmasında əməyini əsırgəməmişdir. O, 1956-1977-ci illərdə BDU-də aspiranturaya qəbul və namizədlik minimum imtahanı komissiyalarının, 1978-1982-ci illərdə BDU-də, 1999-2002-ci illərdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında, 2003-2006-cı illərdə Naxçıvan Dövlət Universiteti nəzdində tarix üzrə ixtisaslaşdırılmış müdafıə şuralarının üzv\ü olmuşdur. Sonra Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutu nəzdində tarix elmləri doktoru və tarix elmləri namizədi alımlik dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafıəsini keçirən Dissertasiya Şurasının üzvü olmuşdur. Onun elmi rəhbərliyi ilə 15 nəfərə yaxın elmlər namizədi hazırlanmışdır. Prof. İ.M.Məmmədov 20-yə yaxın namizədlik və doktorluq dissertasiyasının rəsmi opponenti olmuşdur. O, Azərbaycanda gənclər hərəkatının tədqiqatçıları məktəbinin yaradıcılarındandır. Onun elmi rəhbərliyi ilə 10 nəfərə qədər məzun gənclər hərəkatına həsr olunmuş mövzuda namizədlik dissertasiyası müdafıə etmişdir. Professor İ.M.Məmmədov 1977-1984-cü illərdə keçmiş SSRİ Ali Təhsil Nazirliyi yanında gənclər hərəkatı problemləri üzrə elmi-metodik şuranın və jurinin üzvü olmuşdur.

İsaq müəllim 1997-2006-cı illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi nəzdində EMŞ-nın “Tarix” bölməsinin sədri olmuşdur. Təhsil Nazirliyinin EMŞ-nın “Tarix” bölməsinin rəhbəri kimi, o, yeni tələblərə cavab verən proqramların, dərsliklərin, dərs vəsaitlərinin, tədris-metodiki tövsiyələrin hazırlanıb nəşr edilməsində böyük fəaliyyət göstərmişdir. Onun rəhbərliyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi nəzdində EMŞ-nın “Tarix” bölməsi ümumtəhsil məktəblərin V-XI sinifləri üçün “Azərbaycan tarixi” və “Ümumi tarix” fənləri üzrə proqram və dərsliklərin hazırlanmasını və nəşrini təşkil etmişdir.

Professor İ.M.Məmmədov ümumtəhsil məktəbləri üçün “Azərbaycan tarixi” və “Ümumi tarix” fənləri üzrə proqram və dərsliklər hazırlanması üzərində işləyən qrupun üzvü kimi də bu işdə fəal iştirak etmiş, XI siniflər üçün “Azərbaycan tarixi” və “Ən yeni tarix” dərsliklərinin müəllifləri və redaktorlarından biri olmuşdur.

Professor İsaq Məmmədovun tərbiyə edib böyütdüyü oğlu Çingiz Məmmədov da onun peşəsini layiqincə davam etdirir. O, tarix elmləri namizədidir, Prezident yanında Dövlət İdarəçilik Akademiyasında dosent vəzifəsində işləyir.

Professor/ İ.M.Məmmədov respublikanın ictimai həyatında fəal iştirak etmişdir. O, yorulmaz tədqiqatçı, ictimaiyyətçi olmuşdur. Görkəmli alim 1951-1985-ci illərdə Azərbaycan KP MK-nın ştatdankənar mühazirəçisi və mühazirəçilər qrupunun bölmə rəhbəri, 1980-1985-ci illərdə Naxçıvan MR-nın Ali Sovetinin deputatı Naxçıvan şəhər RK-nin büro üzvü olmuşdur. İ.M.Məmmədov əməyinə və yüksək elmi-pedaqoji fəaliyyətinə görə bir sıra dövlət mükafatları ilə təltif olunmuş, fəxri fərmanlarla, o cümlədən, 1964-cü ildə respublika mədəniyyətinin və təhsilin inkişafında böyük xidmətlərinə görə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə mükafatlandırılmış, “Əməkdar elm xadimi”, “Qabaqcıl ali məktəb işçisi” (1981), “Əməkdar müəllim” (2000-ci il) fəxri adlarına layiq görülmüşdür.

Həyatın çox çətin və ağır sınaqlarına sinə gələn İsaq müəllim möhkəm iradəliliyi, mətinliyi, prinsipiallığı, sözübütövlüyü, dözümlülüyü ilə də fərqlənmiş, hər sahədə - elmdə, yoldaşlıqda, dostluqda, ümumən həyatda öz sözü, öz dəsti-xətti, öz iradəsi və prinsipiallığı ilə seçilmişdir.

İsaq Məmmədov sadə, səmimi, mehriban, humanist, xeyirxah və genolojı mədəniyyətə malik olmaqla, həyatın mənasını     insanlara    əl tutmaqda, yaxşılıq etməkdə, imkansızlara dayaq durmaqda, xeyirxah olmaqda görürdü. Onun yetirdiyi, təmənnasız olaraq həyan olduğu, kömək etdiyi yüzlərlə insanlar hazırda iqtisadiyyatın, təhsilin, elmin və dövlət qurumlarının məsul pillərində çalışmaqdadırlar.

İsaq müəllim paklıq, obyektivlik, ədalətlik və sadiqlik mücəssiməsidir. Öz fəaliyyətində ciddi məsuliyyətlilik, vicdanlılıq, diqqətlilik, obyektivlik, ədalətlilik, öz peşəsinə vurğunluq onun başlıca kredosudur. Son illərə qədər respublikamızın nüfuzlu ali təhsil müəssisələrindən sayılan Azərbaycan Dövlət Neft Akademiyasında fəaliyyət göstərən İsaq müəllim bu əqidə ilə yaşamışdır. Ömrünün səkkizinci onilliyini haqladığına baxmayaraq o, yenə də gənclik həvəsi və əzmi ilə elmi-pedaqoji fəaliyyətini davam etdirmişdir.

Bütün bunların nəticəsi olaraq hörmətli Prezidentimiz İlham Əliyevin 2007-ci il 31 may tarixli Sərəncamı ilə prof. İsaq Məmmədov təhsilin inkişafında böyük xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.

 

İsaq müəllimin atası Mustafa kişi yaxşı təsərrüfatcıl olmaqla yanaşı, mərd, çörəkli, ruzi-bərəkətli insan olub. Hələ 1930-1940-cı illərdə “Qızıl bayraq” kolxozunun sədri olarkən, o ağır, çətin illərdə camaatın yaxasını aclığın əlindən xilas edib. İşgüzarlığı, təşkilatçılığı, tələbkarlığı, haqqı nahaqqa verməməsi Mustafa kişini el-obada böyük hörmət və nüfuz sahibinə, el ağsaqqalına yüksəltmişdir. Mustafa kişi Qaracallı kəndində ilk dəfə Su Elektrik Stansiyası tikdirmiş və qonşu kəndləri işıqla təmin etmişdir.

Mustafa kişinin yaşadığı Qaracallı kəndindən ilk ali təhsil görmüş ziyalı, ilk elmlər namizədi və ilk elmlər doktoru müdafiə edərək alimlik dərəcəsinə ucalan da onun böyük oğlu, professor İsaq Məmmədov olmuşdur.

İsaq Mustafa oğlu harada çalışmasından asılı olmayaraq dürüstlüyü, obyektivliyi və xeyirxahlığı ilə böyük nüfuz, hörmət qazanmışdır.

Yaxşı yadımdadır, 1978-1979-cu illər idi. Yay tətilini Ələddin, Nazim, Emiil, Sabir, İlyas, Həsənqulu və digər tələbə dostlarımın yaşadıqları Naxçıvana getmişdir. Arpa çayına baş vurub, ordan Kükünü, Qanlı gölü, Biçənəyi, Batabatı, Zor bulağı, Möminəxatun türbəsini, Damcı bulağını gəzə-gəzə yolumuzu instituta saldıq. Çünki atam demişdi ki, Naxçıvana gedəndə İsaq əminlə də görüş və mənim salamımı ona çatdır. Rektorluğa yaxınlaşdım. Katibəyə dedim: Zəhmət olmasa deyin ki, İlyas Allahverdiyevin oğlu gəlib, rektorla görüşmək istəyir.

Onu da qeyd edim ki, qəbul vaxtı müəllim və tələbələr çox gərgin işləyir, qaynar həyat keçirirdilər. Lakin buna baxmayaraq İsaq müəllim düz qapıya qədər gəldi və mənimlə doğma övladı kimi görüşdü, hal-əhval tutdu:

- Nə sözün, nə qulluq edim? - deyə el ağsaqqalı mənə nəvaziş göstərdi.

Mən isə dedim:

- İsaq müəllim! Dostlarımın əksəriyyəti bu diyardandır. Bura gələrkən atamın salamını sizə gətirmişəm. Məqsədim sizinlə görüşməkdir. Bizə çay gətirdilər.

Bir də gördüm ki, əmim oğlu Yaşar Allahverdiyev (əlaçı tələbələrdən idi) kabinetə daxil oldu. İsaq müəllim dedi:

- Yaşar! Bax, gör qohumunu tanıyırsan?

Uşaqlığımız Həkəri çayının sahilində keçən, bir yerdə ada qurudaraq qızıl balıq tutduğumuz Yaşarla görüşüb o illəri xatırladıq.

Həm Yaşarla, həm də İsaq müəllimlə qürur duydum. Məni düz qapıya qədər ötürən İsaq müəllim: - İlyasdan muğayat olun, mənim salamımı çatdırın, - deyib mehriban ayrıldıq.

Naxçıvanlı dostlarım biləndə ki, İsaq müəllim bizim həmyerlimizdir. Odur ki, dedilər:

- İsaq müəllim xeyirxah, yaxşı insandır. Hamı ondan razılıq edir.

İsaq Məmmədov sonralar Bakıda Azərbaycan Dövlət Neft Akademiyasında da gərgin pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Hər kəsə qayğı göstərən, dəyərli məsləhətlər verən sevimli eloğlumuzun taleyində kədərli notlar, faciəli aylar, günlər də az olmayıb. Həyatın bütün sərtliyini amansızlığını görsə də İsaq müəllim heç zaman əyilməyib. Vüqarını sındırmayıb, mübarizə ruhunu, inamını itirməyib.

Səmərəli elmi fəaliyyəti ilə heç zaman unudulmayan görkəmli alimin işıqlı siması qədirbilən xalqımızın qəlbində əbədi yaşayır və bu gün də unudulmur.

 

Qəlblərdə yaşayan tarixçi alimRauf İlyasoğlu

скачать dle 12.1

Şərhlər