SON DƏQİQƏ

Mərkəzdən uzaq yaşayan YARADICI

Tarix:

3-04-2018, 09:00

/ 10 917 dəfə oxundu.
Mərkəzdən uzaq yaşayan YARADICI

Qara torpaq şairlərinin yaradıcılığı əksər vaxt bərəkətli olub. Onların yaradıcılığı diqqət cəlb edərək el-oba arasında sürətlə yayılır. Şairləri şöhrətləndirən şübhəsiz ki, onun el-obasıdır. Buna görə də xalq arasında el şairləri deyiminə tez-tez rast gəlirik. El şairlərinin yaradıcılığı mərkəzdən uzaq olmasına baxmayaraq Azərbaycan mətbuatı hər zaman onların şeirlərini dərc edir və diqqət mərkəzində saxlayır. Şair və yazıçılar öz oxucuları ilə çox zaman qəzet və jurnallar vasitəsilə görüşürlər. Buda yuxarıda deyilənlərin təsdiqidir.

Ölkəmizin söz və sənətə böyük həvəsi olan rayonlarından biri də Tovuz rayonudur. Burada yaşayıb-yaradan çoxlu sənət insanları var. Sanki buranın hər bir insanın ürəyi şeirlə döyünür. Biz bunu onların danışığında görürük və hər bir dediyi sözlər şeir ruhundadır. Tovuz rayonunda bir sıra tanınmış aşıq və şair yetişmişdir. Onların yaradıcılığı ədəbiyyatımızın daha da zənginləşməsinə töhfələr verib. Hüseyn Bozalqanlı, Mikayıl Azaflı, Əlimərdanlı Nəcəf, Çopur Ələsgər, Həsən Mülklü, Əziz Məftun, Aydın Çobanoğlu, Aşıq Əkbər, Aşıq İmran, Aşıq Zülfiyyə, Aşıq Samirə, Gülarə Azaflı, İdris Alakollu, Aşıq Məcid Qasımov və digər aşıqlar rayonun sənət dünyasının çiçəklənməsində misilsiz xidmətləri var. Məmməd İsmayıl, İsa Cavadoğlu, Səlim Sinədəftər, Rasim Kərimli, Mikayıl Bozal, Şahlar Qəribli, Elman Tovuz, Ehtiram İlham, Əkbər Qoşalı və digər şairlərin şeir nümunələri rayon ədəbi mühitinin zənginləşməsinə səbəb olur. Biz bugünkü yazımızda şair Elman Tovuzun şeir dünyasına səyahətə çıxacağıq və onun şirin qoşmalarına nəzər yetirəcəyik.

Elman Tovuz (Elman Şəmşəd oğlu Həsənli) 1961-ci il aprelin 10-da Tovuz rayonun Şıxheybət kəndində doğulub. 8 illik təhsilini Şıxheybət, orta təhsilini isə Bozalqanlı kəndində alıb. 1984-cü ildə ADİU-nun Ümumi iqtisad fakültəsini bitirib. Eyni zamanda həmin illərdə Təhsil Nazirliyinin təsis etmiş olduğu İctimai Peşələr fakültəsində jurnalist ixtisasına yiyələnib. 14 il əsas ixtisası üzrə müxtəlif sahələrdə çalışıb. 1998-ci ildə avtomobil qəzasına düşüb, ayaqlarını itirərək 1-ci qrup əlil olub. Elman Tovuzun “Hara gedir bu yol belə?..” (2009), “Dünya, məni mənə qaytar” (2009), “Dəlir ürəyimi demədiklərim”, “Sən məni yuxuda çağır bir axşam” və “101 qoşma” adlı kitabları çap olunub.

Şeirin qoşma forması xalq ruhuna daha yaxındır. Şairlərin yaradıcılığını təhlil etdikdə onların ən çox şeir nümunələrinin qoşma janrında olduğunun şahidi oluruq. Qoşma və gəraylılar xalq yaradıcılığının ana xəttini təşkil edir və şairlərin ən çox müraciət etdikləri şeir forması kimi yaddaşlarımızda yaşayır.

Şair Elman Tovuzun qoşmaları şirin, gözəl və ruha yatandır. Klassik şeirin ən mükəmməl qanunlarını öz qoşmalarında qoruyaraq yazdığı şeirlərlə poeziya həvəskarlarının məhəbbətini qazanan Elman Tovuzun yaradıcılıq dünyası tədqiqatçılar üçün də maraq kəsb edir.

 

ŞÜKÜR

Aza gileylənmə, çox azdan olur,

Aza da şükür de, çoxa da şükür.

Toxun aclığı var, acın toxluğu,

Aca da şükür de, toxa da şükür.

 

Bir əl boşalmasa, o biri dolmaz,

Alanı olmasa, qum da satılmaz.

Biri dartılmasa, biri atılmaz,

Yaya da şükür de, oxa da şükür.

 

Göyün bulududur – yerdə qar olur,

Qar yoxa çıxanda bulaqlar olur.

Ay Elman, nə olur, yoxdan var olur,

Vara da şükür de, yoxa da şükür.

 

Qoşma janrı haqqında BDU-nun professoru Nasir Əhmədli yazır: “Qoşma gənc şairlərimizin sınaq yeri, orta yaşlıların püxtələşmə meydanı, ustadların müdriklik zirvəsi, milli şeir sənətimizin məhək daşı, ağız poeziyası ilə kağız poeziyasını birləşdirən körpüdür”. Professor Nasir Əhmədlinin qeyd etdiyi kimi Elman Tovuzun qoşmalarında da bir kamillik, ədalətlilik, düzgünlük hiss olunur və bunlar şairin bütün yaradıcılığına sirayət edib. Elman Tovuzun “101 qoşma” kitabı poeziya sevərlər üçün gözəl bir çap məhsuludur. Kitabda cəmlənən qoşmalar şairin fərdi üslubundan, fəlsəfi-bədii düşüncə yükündən, zəngin ədəbi irsindən xəbər verir.

 

ÜRƏYİMDƏ

Mənə “daşürəkli” deyən bəxtəvər,

Biləydin, nələr var kaş ürəyimdə.

Sənin kəklik eşqin yuva qurubdu

Mənim o, dediyin daş ürəyimdə.

 

Bilmirəm, nədəndi çaş görünməyim,

O bahar gözlərə qış görünməyim.

Mən necə hicrana xoş görünməyim –

Çəkdiyin dağlar da xoş ürəyimdə…

 

Daşam, ya deyiləm – həmən Elmanam,

Kiməm ki, tanrıdan gələni danam?!

Sən üzəsən deyə, ay könül sonam,

Axıb gölə dönüb yaş ürəyimdə…

 

Hər insan şair ola bilməz! Həqiqətən şeir Yaradanın insana dərgahından bir paydır. Bu insanlar adi insanlar deyil və onların ürəkləri hər zaman həyəcanlı, kədərli, sevincli, duyğulu olur. Biz şair Elman Tovuzun şeirlərini bir-bir incələdikcə bunların şahidi oluruq. Onun qoşmaları olduqca oxunaqlı və oxucu auditoriyası üçün maraqlıdır.

 

ELƏMİ?!.

Yenə fikrin külüngünü saplayıb,

Ha qazırsan daşa çıxır, eləmi?..

Sevincinin qazanı boş, min hayıf,

Qəm qaşıqda qoşa çıxır, eləmi?..

 

Oğruya bax, ovcundakı püstədir,

Doğru hələ dünənkinin üstədir…

Ədalət öz yatağında xəstədir, –

Dərman atır, boşa çıxır, eləmi?..

 

Elman Tovuz, çox yazılıb bu haqda,

Dönən dönüb: nə həqiqət, nə saxta…

İnsan olan ayaqlanır ayaqda,

Nadan olan başa çıxır, eləmi?..

 

Elman Tovuzun şeirlərində olan bədii yük, fəlsəfi mənalar, dərin məna çalaları şairin fərdi üslubunun zənginliyindən xəbər verir. Şairin qoşmaları nəzəri qaydaları mükəmməl şəkildə qoruyur və dilə yatımlılığı ilə diqqət cəlb edir. Klassik şeirin forma və məzmununu özündə cəmləyən qoşmaları ilə şair Elman Tovuz oxucu və tədqiqatçılar üçün uzun müddət müzakirə

obyekti olacaqdır. Onun şeirləri bədii yükü ilə yanaşı həm də elmi, fəlsəfi məsələləri də əhatə edir. Şairin şeirlərində həyat dərsi var. Elman Tovuzun hər bir bənd qoşmasında, gəraylısında, misrasında, bəndində həyat və insan arasında olan mübarizənin mükəmməl təsvirini görürük. Şübhəsiz ki, oxucu da hiss edir ki, şair təsadüfi şeir yazmayıb.

 

Mahmud Əyyublu

AAB-nin üzvü.

скачать dle 12.1

Şərhlər