SON DƏQİQƏ

SON TÜFƏNG (1ci hissə)

Tarix:

19-11-2017, 16:28

/ 2 396 dəfə oxundu.
SON TÜFƏNG (1ci hissə)

Az öncə özlərini qara buluddan aşağıdakı qan dənizi üzərinə atmağa tələsən qar dənələri nəfəsdən düşmüşlərdi. O qorxunc bulud özü də ölüm tozuna dönmüşdü sankı, durğun və boz. Qar dənələri hərdən sallana sallana keçinənlər kimi düşürdülər göydən, çünkü daha tələsməyə can atan kimsə ya nəsə görünmürdü o buludlardan. Çox çox aşağılarda görünən yalnız bir qadın da belə heç elə cəld tərpənə bilmirdi.

Daha çıldırım ayaz idi. Günorta işığı idi sankı, yanlız göz qamaşmırdı. Heç yarım saat olmaz, ondan öncə bir duman bir külək idi gəl görəsən. Külək adamın gözlərini oyurdu. Səsdən qulaq tutulurdu. Bəlkə də eləcə olmalıymış. Bəlkə o amansız külək bir örtük kimi hər nəyi basdırıb susdurub unutdurmalı imiş.

Amma indi isə qar elə qalın, elə ağır idi, sankı yol  gedən yerimək yox kərdivar çəkməli idi. Hər addıma min nəfəs istəyirdi. Yalnız qadın bir əli böyründə, o birisi ilə də qucağına basmışdı balasını, düşmən qarşısında sınmayan, bayrağını zəfərlə dik tutan qoçaq bir əsgər kimi. Hər addımda dizinədək qara quylanıb çıxırdı. Ayağı qardan eşiyə çıxanda qan ilə buz qarışığından olan ayaqqabıları gözə çarpıb qaranlıq gecənin belə qara qayadan oyulmuş ürəyini param-parça edirdi. Əynindəki paltarları da ondan qalmırdı, hamısı arxa tərəfdən cır-cındıra dönmüş yarısından çoxu yanıb qana bələşmiş idi və qan qəndilləri paltarların ucundan asılı idi. Amma öndən qanlı palçıqlı olsalar da yanıb partaxlanmamışdılar.

Qadın yürümürdü, daha doğrusu ardıca diz dərinliyində bir iz sökərək ağır-ağır sürünürdü və süründükcə tarixin ən gözəl ən başucaldan varağını təbiətin gümüş kitabı üzərində yazırdı, çünkü “Mən bu işi sona yetirməliyəm. Mən balamızı qurtarmalıyam” deyirdi özü özünə və hər addım başı böyründəki əlini götürüb ətəyinə sildikdən sonra çox diqqətlə  yonulmuş qələm barmaqları ucu ilə balasının üstünü basdırırdı. Ağzından çıxan buğlar bir zaman çoxlu ürəklərə ox olan qara kipriklərində buza dönüb sevgi dənizi olan ala gözlərini yaman qıcıqlandırırdı. Ardıca dönüb baxdı. Daha doğrusu heç qorxudan sən deyən boylanıb baxa bilmədi. Ancaq var-yoxunu əldən  qoyub qaçdığı, yer üzündən həmişəlik sildirilən kəndin daha görünə bilmədiyi üçün deyəsən bir az dincəldi.

Artıq o meşənin düz ortasına çatmışdı. Meşə elə qalın idi ki qışda belə kimsə onu ağacların arxasından görə bilməzdi. Hərdən meşədən gələn şaqqıltı səsləri onu ürküdürdü, amma gecənin bu çağında bu meşənin ortasında qarın ağırlığına dözə bilməyib qol-budağı sınan ağacların naləsi ona heç də yad gəlmirdi. Göy üzünə qaş-göz edən “gözəlliklər gölü”nə çatmışdı artıq. Bu adı gölə əri ilə birgə vermişdilər bir gün bu gölün yanında hündür qocaman çətrini açmış bir salxım söyüdün altında tapışarkən. İstər istəməz gözü o söyüdü seçdi. “ELə qışın bu şaxtasında da çox gözəl imiş, bir bura bax ilahi,” dedi. Söyüd başdan başa par-par parıldayan pambıq koması idi sankı, yalnız yerə yaxın gölə doğru əyilən böyrünün qaraltısı görünürdü, bir də o tayda sındıqdan sonra yerə sallanan yekə bir budağı.

Qızcığazlardan seçilməyən o su sonasının sevimli qap-qara şəvə gözlərindəki yaş da kipriklərindəki buzlara qarışdı. Dizləri sınmışdı sankı, dincəlmək istəyirdi orda. “Bəlkə bu yerlərə bir də gəlmədim,” mızıldandı özü özünə. Amma arxasından gələn bir uvultu onu diksindirdi. “Yox, heç bir an belə düşünmə. Onlar hamısı keçmişdə qaldı,” deyib qırqı kimi atıldı qarda kəsilmiş izin üzərinə. O təkcə qar üzərində izin kəsdiyini görürdü, heç ardıca çəkilən qırmızı noqtə-noqtə cizgini görmürdü. Bəlkə də görmək istəmirdi.

Hərdən meşədə sıraya düzülən qələmə ordusu göyə dayanırdı, ulduzları belə keçirdilər bu zalimin balaları. Həm gözəl, həm də qorxuducu. O yürüdükcə ayağı altından cayan qarın xarıltısı başqa səslər ilə qarışırdı sankı. “Ola bilməz. Axı kimsə bizi görmədi gizləndiyimiz yerdən çıxarkən, kim qalmışdı ki bizi görsün! Ayaqlarının səsi də mənimki kimi ağır deyil.” O sazaqda şaxtadan belə soyuq tər damcıları enli kürəklərinin düz ortasından incə belə doğru axdı. Gözünün qırağı ilə meşənin sağ-soldakı ağaclarını yoxladı. Artıq səslər çox yaxınlaşmışdı. Bir az öncədə sağ əlində bir cüt göz parıldayırdı. “Bir bu əksik idi, ilahi.” Sola doğru burulmaq istərkən solda da bir cüt göz parıldadı. Özünü bilməməzliyə vurdu. Axı kənd adamı çölün dilin yaxşı bilər. O getdikcə səslərin sayı çoxalırdı. Artıq sağında da solunda da sürü ilə parıldayan şimşək kimi gecəni yaran gözlər idi. “Deyəsən bizimki buracanıymış” dedi. Qucağındakı örtüyü qaldırıb balasının üzünə son kez olaraq baxmaq istədi. Soyuq uşağı yuxudan oyatmasın deyə yavaşcasına nənə toxuyan naxışlı yun şalı bir balaca qaldırdı, ancaq balasının hülü üzünə baxmaq istədi. “Maraqlıdır! Bəs niyə ağlamır. Niyə səs-küy salmır axı … Bunda bir iş olmasın!” düşüncəyə daldı. Uşağı yoxladı. Nəfəsi kürə kimi isti, qəlbi quş kimi çırpınır, şəvə gözlər də gülümsəyərək kimi sevgi ilə ananın gözlərinə dikilmiş, sankı bir sözlər demək istərmiş kimi. Balaca anasını dəfələrlə gözlərinin giləsini sonunadək açılaraq görmüşdü, amma öz aramızdır bu açılmaqlara heç bənzəmirdi. O da bir qorxuya qapanıb qışqırmaq istədi ürəkdən, ancaq nə isə onu ovundurdu. O yalnız kiprik çalaraq şirin gözlərini anasına dikmişdi, “Qorxma ana! Oğlun burdadır,” deyirdi bəlkə də. Ana ürəklənərək şimşək gözlər ordusunun ortasında dayandı. Onlar da dayandılar.

“Mənə baxın ey! Sümsüklər! Nə deyirsiz bizdən əl çəkmirsiz?”

Qarşı tərəfdən heç bir inilti də çıxmadı.

“Olan çıxın cə…” sözünü uddu. “Vallah mən borcumu yerinə yetirməliyəm. Sizdən xahiş edirəm, çıxın gedin ey gözəl Tanrının gözəl yaratıqları, qoyun biz də öz yolumuzu gedək …” səsi ağlamağa bənzəyirdi.

Bu arada düz qanın izi ilə gələn bir cüt göz başqalarından daha çox parıldayırdı, qadına doğru yumularkən arxadan bir sürü göz onun üzərinə sıçradılar. Boğuşan qurdların səs-küyündən aslnların belə ödü partlayardı. Yazıq qadın bir an qaçmaq istədi, amma hara? Özünə çox güc veribən arxaya boylandı, nə görsə yaxşıdır? Gördü o biri qurdlar hamısı birini partaxlayır.

“Axı kim inana bilər ki, ilahi sənə özüm qurban olum, özü də min kərə, yox, milyon kərə. Təsaddığın olum. Demək mənim balamı qurtarmaq istəyirsən, hə? Bircə onu qurtar, canım sənin ala gözlərinə milyonlar kərə qurban! Axı o bu kənddən qurtulub qalan bircə qulundur sənin …” yenə boğazı qovuşub səsi titrəyərək ağlamağa dönmüşdü. Amma bu dəfə daha özünü saxlaya bilmədi. Hönkürtü ilə ağlamağa başladı. Özünü tanıyandan bəri heç belə ağlamamışdı. Bəlkə də bir az sevincdən ola bilərdi. Bir az ovunarkən elə bil başqa səslər də qulağına dəydi. Axı öz gözləri ilə görməyən yazıqlar buna necə inansınlar. Qurdlar onu aralarına alıb tulalar kimi güzüldəyirdilər. “Bəs siz niyə ağlayırsız, Allahın heyvanları? Bəlkə siz də öz gözünüzlə gördünüz o kəndin başına gələnləri? Niyə ağlayırsınız? Kim nə biləcək bu kəndin adamına qurdların yığışıb ağlaşmasını …?”

Davamı olacaq

Abbasəli Əhmədoğlu –  Xoy

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ