SON DƏQİQƏ

“Özünlə fəxr et”

Tarix:

24-06-2017, 00:15

/ 5 210 dəfə oxundu.
“Özünlə fəxr et”


Bu günlərdə "Azərkitab” kitab təbliğatı mərkəzində Milli Məclisin deputatı Adil Əliyevin təşkilatçılığı ilə istedadlı yazar, I qrup əlil Samir İmanovun "Özünlə fəxr et” kitabının təqdimat mərasimi keçirildi. QHT rəhbərlərinin, yazıçı və şairlərin, idmançıların iştirakı ilə keçirilmiş tədbiri millət vəkili Adil Əliyev açaraq dedi: Dövlətimizi qəbul edib bu tədbirə gələn hər kəsə minnətdarlığımı bildirirəm. Bu gün Samir İmanovun kitabının imza günüdür. Samir istedadlı qələm sahibidir. Samir İmanov öz zəhmətiylə, əziyyətiylə bu kitabı yazıb ərsəyə gətirib. Mən üzümü yaxın dostlarıma tuturam. Bu kitabı alın, oxuyun, əlbəttə ki, hər kəsə məcburi deyil. Lakin Samirə kömək etməliyik ki, o, yeni-yeni əsərlər yarada bilsin.
Bu gün həm Sabirin kitabının təqdimatıdır, həm də bu kitabın satışını təşkil etməliyik.
Əlilliyə məhkum olmuş insanlar cəmiyyətin tam hüquqlu vətəndaşıdırlar.
Millət vəkilinin əlilliyi olan şəxsə  göstərdiyi diqqət və qayğı hər kəsə bir örnəkdir.
Adil müəllim "Azərkitab”ın direktoru Sabir müəllimə yaratdığı şəraitə, kitabın ərsəyə gəlməsində "Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyinin sədri Mahirə Əsədovaya görə təşəkkürünü bildirdi.
Sonra Samir İmanov tədbir iştirakçılarına, xüsusilə bu gözəl Ramazan bayramı ərəfəsində hər zaman diqqət və qayğı göstərən vətənpərvər ziyalı, millət vəkili Adil Əliyevə dərin minnətdarlığını bildirdi.
İmza günündən 2 min manatdan çox vəsait yığıldı.
İndi isə Samir İmanovun kitabından bir parçanı oxuculara təqdim edək.
"ƏLİL”, fiziki problem səbəbiylə hərəkət qabiliyyəti məhdudlaşan şəxsə deyilir. "ƏLİLLİK” isə insanın hərəkətini əngəlləyən və ya məhdudlaşdıran bir anlayışdır. "Əlil” kəlməsini fiziki məhdudiyyəti olan insanların üzərinə "ləkə” kimi "yapışdırmaq” özü-özlüyündə yanlış bir fıkirdir. Əgər bir insanda fıziki çatışmamazlıq varsa, bunu onun adına günah hesab etmək və buna görə ona fərqli gözlə baxmaq cahillikdir. Unutmayaq ki hər bir insanı ALLAH yaradıb və ALLAH sevdiyi bəndəsini daha çox imtahan eylər. Bunu bilin ki, əlil qədər ürəyində ALLAHla vəhdətdə olan, dili dualı ikinci varlıq ola bilməz və bu xüsusiyyətin Mələklərə xas olması danılmazdır. Əlillər Mələk qədər saf və təmiz məxluqlardır. Bundan əlavə əlillikdən qorxan insanda vətən eşqi, cəsarət və bu kimi fəzilətlər ola bilməz. Çünki bu vətəni və onun namusunu qoruyan oğullar əldə silah, and içərkən və düşmənə sinə gərirkən hər an əlil ola bilər və yaxud qismətində varsa Şəhidlik məqamına yüksələ bilər. Deməli "əlil” kəlməsini Şəhidlikdən sonra yüksək sayıla biləcək bir məqam, Qazilik mərtəbəsi bilməliyik. Odur ki, "əlil” kəlməsinin layiq olduğu mərtəbədə - Qazi və Mələk qədər yüksəkdə hörmətini tutmaq lazımdır. Fiziki fərq hər bir insanda olur. Boyunun ölçüsündən, bədəninin çəkisindən, sifət quruluşundan, ümumiyyətlə heç bir fıziki fərqlilikdən asılı olmayaraq hər bir insana hörmətlə yanaşılmalıdır. Əgər insana, bədəninə görə qiymət versək, onda gərək fahişələr bu dünyanın ən hörmətli bəndələri olsun. Digər bir məqam, fıziki məhdudiyyəti olan insanlara müraciət edərkən və ya onlar haqda danışarkən istifadə olunan ifadələrlə bağlıdır. Fiziki məhdudiyyətli insanlara qarşı "fıziki qüsurlu”, "şikəst”, "çolaq”, "topal”, "zavallı” kimi ifadələrin işlənməsi yolverilməzdir. Bu kimi sözlər qədim zamanlardan - bu günə ki məhz təhqiredici ifadələr kimi işlənib və təbii olaraq fıziki məhdudiyyəti olan insanların xətrinə dəyir. Fiziki məhdudiyyəti olan bir insana müraciət edərkən və ya onunla danışarkən çalışın elə ifadələr seçin ki, bu onun xətrinə dəyməsin. "Əlilliyi olan şəxslərin hüquqları haqqında BMT konvensiyası”na uyğun olaraq qəbul olunmuş terminlər "əlil” deyil, "əlilliyi olan şəxsir. "Əlilliklə bağlı hüquqlar” deyil, "əlilliyi olan şəxslərin hüquqları”dır. Fiziki məhdudiyyəti olan insanlara "fıziki qüsurlu” deyən və hətta buna görə özünü haqlı sayan insanlar bilməlidirlər ki, istəyimizdən asılı olmayaraq bədənimizdə yaranan problemlər qüsur sayılmır. Əsl qüsur yalançılıqda, pislik etməkdə, narkomaniyaya və alkaqollu içkilərə meyl etməkdə, mərdiməzarlıqda və bu kimi xoş olmayan və ziyanlı şeylərdə ad çıxartmaqdır ki, insanlar da bunların pis bir şey olduğunu bilə-bilə bu əməlləri edirlər”.
İndi isə Samir İmanovun bu şeirinə diqqət yetirək:
BİZ BƏRABƏRİK
Sən məni özündən aşağı bilmə.
TANRI dərgahında biz bərabərik!
Halına sevinib, halıma gülmə,
TANRI dərgahında biz bərabərik!
"Şikəst” demə, "çolaq” demə, "kar” demə.
"Əlil insanlarda qüsur var” demə.
"Səninlə fərqimiz var aşkar” demə.
TANRI dərgahında biz bərabərik!
Dilənçi sayaraq, nəzir uzatma.
"İraq olsun” deyib, qulağı dartma.
Azyaşlı uşağı bizlə qorxutma.
TANRI dərgahında biz bərabərik!
Unutma. Problem elə səndədir.
Fərq sənin fıkrində, düşüncəndədir.
Fərqlilik yaradan səntək bəndədir.
TANRI dərgahında biz bərabərik!
Bizim də arzumuz, hisslərimiz var.
Sevgimiz, elmimiz, işlərimiz var.
Sağlam insanlara mesajımız var.
TANRI dərgahında biz bərabərik!
Mən və əlil arabam
Sən mənim yükümsən, mən sənin yükün.
Sən məni-mən səni daşıyırıq biz!
Səni aparmasam gedə bilmərəm,
Məni aparmasan gedə bilməzsən,
Qəribə təzadla yaşayırıq biz!
Mənim bir parçamsan sən,
Amma cansızsan.
Mən sənin bir hissən,
Amma canlıyam.
Sən mənə ayaqsan, mənə sənə bədən.
Heç bilmirəm nəyə oxşayırıq biz!
Sən adi bir əşya, mən canlı bədən.
Mən sənə möhtacam, sən mənə hayan.
Sən mənim stulumsan.
Sən mənim gedən ayağım –
Sən dayağımsan.
Sən mənim ömürlük yol-yoldaşımsan.
Yeni bir səfərə başlayırıq biz!
Bir yana getməyim sənə bağlıdı.
Bəs niyə təkərin bu gün bağlıdı?
Bəlkə yorulmusan?
Bəlkə küsmüsən?
Səni incitsəm də,
Səni yorsam da,
Yenə də kömək et, xidmət et mənə.
Gəl dəymə xətrimə, unutma bunu.
Həyat əlil üçün soyuqdur bumbuz
Onsuz da hər fəsil qışlayırıq biz!
Kitabda müəllifin maraqlı, fəlsəfi və və düşündürücü fikirləri, eyni zamanda uca Allaha məhəbbət, insanlara mehribançılıq, mərhəmətli olmaq duyğuları aşılanır.
Əziz qələm dostumuz Samir İmanova yeni-yeni yaradıcılıq uğurları, can sağlığı arzulayırıq.
Rauf İlyasoğlu

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

GUNAZ.az

скачать dle 12.1

Şərhlər