ABŞ Rusiya şirkətlərinə qarşı sanksiyalarda davam edir

Ekspertlər bildirirlər ki, daha 81 şirkətə sanksiya qoyulması Rusiya- Türkiyə yaxınlaşması ilə bağlı ola bilər
 
ABŞ Rusiyaya qarşı sanksiya siyahısını daha da genişləndirib. Birləşmiş Ştatlar Rusiyanın Şərqi Ukraynada separatizmi dəstəkləməyə davam etdiyini səbəb göstərərək rus şirkətlərinə tətbiq etdiyi sanksiyaları artırıb. 
 
Qərara görə, ABŞ-ın Ticarət Nazirliyi qara siyahıya 81 rus şirkətini əlavə edib. Açıqlamada sanskiyaları genişləndirmə qərarının Rusiyanın Şərqi Ukraynadaki beynəlxalq hüquq pozuntularına cavab olaraq verildiyi və mövcud sanksiyaların təsir gücünü artırmaq mahiyyəti daşıdığı qeyd edilir. 
 
Bu şirkətlərdən 50-si Rusiyanın qaz nəhəngi "Qazprom”un nəzarətindədir. Sanksiyalar Krıma çəkilən Kerç körpüsünün baş inşaatçısı «SGM-Most» şirkətinə də şamil ediləcək. Bu şirkət Vladimir Putinin dostu Arkadi Rotenberqin "Stroyqazmontaj” şirkətlər qrupuna daxildir. Sanksiyalar sentyabrın 7-dən qüvvəyə minib. 
 
Xəbər verilir ki, sanksiyalar siyahısına daxil edilmiş şirkətlərin hamısına ticarət məhdudiyyətləri qoyulacaq. Qara siyahıya əlavə edilən şirkətlərin 75-i Rusiyada fəaliyyət göstərir, digərləri isə Honkonq, Hindistan və Krımda fəaliyyət göstərən rus sərmayəli şirkətlərdir. 
 
Ekspert Vüqar Bayramov məsələ ilə bağlı musavat.com-a bildirib ki, bu addımın atılmasına xeyli səbəblər var: "ABŞ sanksiyalar tətbiq etməsini Rusiyanın Krımı işğal etməsi və özünə birləşdirməsi ilə izah edir. Nəzərə alsaq ki, sanksiyalara yalnız ABŞ deyil, eyni zamanda Avropa Birliyi ölkələri də qoşulub. ABŞ daimi olaraq sanksiyaların dövriliyini və siyahısını yoxlayaraq siyahının artırılması ilə bağlı praktik olaraq qərar qəbul edir. Eyni zamanda baxmayaraq ki, Ağ Ev bildirib ki, Rusiyaya qarşı sanksiyaların aradan qaldırılması o halda mümkündür ki, Rusiya Krımın yenidən Ukraynaya qaytarılmasını təmin etsin. O baxımdan, müddətin uzadılması və daha çox sanksiyaların tətbiq edilməsi gözlənilən idi. Sözsüz, sanksiyaların qoyulmasında məqsəd Rusiyanın Krımı almasıdır. Amma eyni zamanda Rusiyanı zəiflətməkdir. Təbii ki, ABŞ xüsusən də Avrasiya regionunda güclü Rusiyanın olmasında maraqlı deyil. Zaman-zaman Birləşmiş Ştatların siyasəti Rusiyanın regionda zəifləməsinə nail olmaqdır. Çünki Amerika Birləşmiş Ştatları regionun Rusiyanın təsir dairəsindən çıxmasında maraqlıdır”. 
Ekspertin sözlərinə görə, Rusiyanın iqtisadi baxımdan zəifləməsi onun siyasi gücünü də azalda bilər: "Bu baxımdan, təbii ki, Amerika Birləşmiş Ştatları sanksiyaların artırılmasında maraqlı tərəf kimi görsənir. Ona görə siyasi kanallar var. ABŞ Rusiyanın zəifləməsində maraqlıdır. Rusiya neft-qaz ölkəsi olaraq məhsulları satır. Rusiya sanksiyalara məruz qalır ki, o da özünü iqtisadiyyatında göstərir. Təsirlər var, ölkədən investisiya axır. Bu gün liberal məzənnəyə keçdikdən sonra müəyyən qədər sabitləşmə var, amma dəyər itirərək baş verdi. Əgər iqtisadiyyat zəifləyərsə, heç kim zəmanət verə bilməz ki, daha da zəifləməsi mümkün olmayacaq. Amma düşünmürəm ki, qısamüddətli dövrdə Rusiyanı iqtisadi baxımdan zəiflətmək mümkündür. Düşünürəm ki, mümkün deyil. Çünki regionda Rusiyanın bazarı var. Rusiya ixracatının 54 faizi neft idi, 14 faizi mavi qaz idi. Yəni ixracatda payının 68 faizi enerji idi, 32 faiz də qeyri-enerji məhsulları idi. Bu da əslində MDB-nin digər enerji ölkələri ilə müqayisədə yaxşı göstərici idi. Qeyri-neft sektoru məhsullarının da regionda bazarı var. Rusiya Çinlə əməkdaşlığı davam etdirir. MDB ölkələrində də bazarını qoruyub saxlayır. Ona görə də sanksiyalar Rusiya iqtisadiyyatına təsir edir, amma kəskin şəkildə deyil. Sanksiyaların qısa zamanda iqtisadi baxımdan onun Rusiyanın zəifləməsinə gətirəcəyini düşünmək doğru deyil. Rusiyanı iqtisadi baxımdan indi çökdürmək mümkün deyil, bu, illər tələb edən bir prosesdir”. 
 
V.Bayramov vurğulayıb ki, əslində son dövrlərdə Rusiya- Türkiyə yaxınlaşması da sanksiyalara səbəb ola bilərdi: "Bu, regionun gələcəyi üçün ciddi bir hadisə idi. Çünki Rusiya- Türkiyə yaxınlaşması iqtisadi baxımdan səmərəlidir. Rusiya və Türkiyənin yaxınlaşmasında Qərb maraqlı deyil. Rusiya- Türkiyə yaxınlaşması regionda güc mərkəzlərinin yaxınlaşmasına səbəb olur. Nəzərə alsaq ki, İranla Rusiya arasında da münasibətlər istiləşir. Azərbaycan, İran və Rusiya prezidentlərinin görüşü regionda artıq həm siyasi, həm də iqtisadi baxımdan yeni bir xəritə cızır. Ona görə də bu yaxınlaşmanın, Rusiya və Türkiyə yaxınlaşmasının nə siyasi, nə iqtisadi baxımdan Qərbin maraqlarına uyğun olmadığını demək mümkündür. Ona görə istisna edilmir ki, Rusiya- Türkiyə yaxınlaşması sanksiyaların sayının artırılmasına da təsir göstərir”.   
 
Fikrət Yusifov isə musavat.com-a deyib ki, Amerika Birləşmiş Ştatlarının Ticarət Nazirliyinin təqdim etdiyi siyahıya əsasən, Rusiyanın 81 şirkətinə sanksiyalar tətbiq olunmağa başlayıb: "Rusiya- Türkiyə münasibətlərində baş verən yaxınlaşmaların da bu  sanksiyaların tətbiqində rolunu istisna etmək olmaz. NATO üzvü olan bir dövlətlə Rusiyanın belə yaxınlaşması ABŞ administrasiyasında qıcıq yaratmaya bilməzdi. Təbii ki, ABŞ Türkiyə- Rusiya yaxınlaşmasına münasibətini açıq şəkildə nümayiş etdirə bilməzdi. Bu yaxınlaşmaya olan qıcığın bir başqa formalarda nümayiş etdiriləcəyi gözlənilən idi. Sanksiyaların tətbiqi də məhz bu sırada dayanan məsələlərdən biri kimi görünür”.
 

Gunaz.az

скачать dle 10.6фильмы бесплатно
[xfvalue_video]