SON DƏQİQƏ
» » İran iqtisadiyyatının çökdürülməsi Azərbaycan üçün nə deməkdir?

İran iqtisadiyyatının çökdürülməsi Azərbaycan üçün nə deməkdir?

Tarix:

14-11-2019, 23:30

/ 1 339 dəfə oxundu.
İran iqtisadiyyatının çökdürülməsi Azərbaycan üçün nə deməkdir?

İqtisadçi: “Sosial-siyasi vəziyyətin gərginləşməsi təbii ki, Azərbaycana da təsirsiz ötüşməyəcək”

İran inqilabdan sonra ən ağır günləri yaşayır. Bu sözləri ölkənin cənubunda Kirman əyalətinin rəsmiləri ilə görüşündə İran Prezidenti Həsən Ruhani deyib. Onun sözlərinə görə, İran 1979-cu ilin islam inqilabından sonra ən ağır günlərini yaşamaqdadır.

"İndiyədək neft satışında bu qədər problemlə üzləşməmişdik”, - deyə İran prezidenti bildirib. Onu da qeyd edək ki, ABŞ prezidenti Donald Tramp İrana qarşı 40 il əvvəl qəbul olunmuş sanksiya haqqında fərmanın müddətini növbəti dəfə uzadıb.

Bu barədə amerikalı liderin hökumət sənədləri bazasında dərc edilərək Konqresə göndərdiyi məktubda deyilir. “Bizim İranla münasibətlərimiz hələ də normallaşdırılmayıb”, - deyə Tramp bildirib.

O, 1979-cu ildə ABŞ-ın Tehrandakı səfirliyinin iranlı tələbələr tərəfindən tutulmasından sonra prezident Cimmi Karter tərəfindən imzalanmış 12170 saylı fərmanın müddətini daha bir il uzadıb. Fərman ABŞ hakimiyyət orqanlarına sanksiyalar tətbiq etmək və digər addımlar atmaq, habelə İranla ticarəti tənzimləmək üçün geniş səlahiyyətlər verir. Xüsusilə, ABŞ yurisdiksiyasında İranın istənilən dövlət əmlakını bloklaya bilir.

Qeyd edək ki, hazırda İran kimi bir neft dövlətinin zəifləməsinin əsas səbəbi ABŞ sanksiyaları ilə neft-qaz satışına qoyulan məhdudiyyətdir. Digər tərəfdən İran həm də Azərbaycanla həmsərhəd bir ölkədir və sərhədyanı kəndlərin əhalisinin sosial vəziyyətində İranla ticarət mühüm yer tutur. İran həm də Azərbaycanla yaxın qonşuluq əlaqələri, iqtisadi münasibətləri olan ölkədir. Əhalimizin ən çox ticarət və səhiyyə məqsədləri ilə üz tutduğu ölkələrdən biri də məhz qonşu İslam dövlətidir. Belə olan halda, İranın ABŞ sanksiyaları ilə çökdürülməsi Azərbaycana nə vəd edir?

GunAz.az bildirir ki, mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, İranın vəziyyəti sanksiyalardan sonra daha da ağırlaşdı: “Ancaq özünün strukturundan, iqtisadi-siyasi sistemindən doğan problemlər də var idi. Çünki investisiyalar üçün kifayət qədər qapalı ölkədir. Xarici investorların iştirak etmədiyi bir bazardır. Bu ölkənin özünün spesifik oyun qaydaları var. Məhkəmələrlə bağlı, mülkiyyət toxunulmazlığı ilə bağlı problemlər var. Siyasi hakimiyyətin, əsasən də xüsusi xidmət orqanları iqtisadi proseslərə müdaxilə edir. Bütün bunlar İranda bu günə qədər müəyyən problemlər yaradırdı. Ancaq sanksiyalar  bu problem kifayət qədər dərinləşdirdi. Neft-qaz sektoru olmasa İranın büdcənin təmin olunması üçün daxili potensialı cəmi 30 faizdir. Əlavə 70 faizi birbaşa və dolayısı ilə enerji sektoru, neft-qaz sektoru təmin edir. Burada ciddi sanksiyaların olması dövlətin iqtisadi durumuna da təsir edir. Potensial olaraq dünyada ən böyük qaz ehtiyatlarına malik dövlət İrandır. Neft ehtiyatlarına görə də, ilk üçlüyə daxildir. Ancaq sanksiyalara görə bu potensialından istifadə edə bilmir. Son 2 ildir İranda vəziyyət çox ağırlaşıb. Bu müddət ərzində İran realı bir neçə dəfə dəyərdən düşüb. İranda devalvasiyalardan sonra böyük inflyasiya, qiymət artımı, dollar qıtlığı müşahidə olunur. Nəticədə İran əhalisinin sosial vəziyyəti ağırlaşıb. Çünki İran özünü hər şeylə təmin edə biləcək potensiala malik deyil”. 

İqtisadçı ekspert vurğuladı ki, bu gün İran malik olduğu gündəlik neft hasilatı potensialının  15-20 faizini belə bazara çıxara bilmir: “İran gündəlik 4-4,5 milyon barel neft hasil etməyə və təqribən 3 milyon barelini satmağa imkanı var. Ancaq bu gün İran cəmi 800 min barel neft hasil edir, onun 600 min barelini də sata bilir. Bunu da birbaşa deyil, müxtəlif yollarla həyata keçirir. Nəticədə İran neftinin qiyməti ucuzlaşır. İran neftinin hazırda əsas alıcısı Çindir. Çin İranın bu gün düşdüyü durumu nəzərə alaraq öz maraqlarını irəli sürür.  Çin aldığı neftin dəyərini pul şəklində deyil, mal şəklində ödəyir ki, öz istehsalçılarına da xeyirli olsun. Bu da İrana əlavə problemlər yaradır. İranda problemlərin dərinləşməsi, inflyasiyanın sürətlənməsi, qiymət artımı, sosial-siyasi vəziyyətin gərginləşməsi təbii ki, Azərbaycana da təsirsiz ötüşməyəcək. Azərbaycanın ən böyük qonşularından olan İranla tarixi əlaqələrimiz mövcuddur. Bu gün də iqtisadi əlaqələr var”. 

N.Cəfərlinin sözlərinə görə, hazırda İranın Azərbaycana əlavə təsir mexanizmləri də yaranıb: “Azərbaycan manatı 2 ildən çoxdur ki, inzibati qaydada sabit saxlanılıb. Bu da manatı İranda əlavə bir valyutaya , yığım vasitəsinə çevirib. Bu bir tərəfdən Azərbaycanın iqtisadi gücünə müsbət təsir edən bir amildirsə, digər tərəfdən İranda  dollar qıtlığı yaşandığı üçün İran ərazisində istifadə olunan manat sonradan müxtəlif yollarla Azərbaycana qayıdır, valyutaya çevrilib ölkədən çıxır. Buna nəzarət mexanizmi çox zəifdir. Çox zaman cibdən-cibə baş verən əməliyyatdır. Ölkədən 10 min dollar pul çıxartmaq rüsum ödəmədən mümkündür. İran vətəndaşları da manatı ölkəmizə gətirib dollara çevirərək çıxarırlar. Bu baxımdan Azərbaycandan İrana valyuta axını son dərəcə sürətlənib. Bu da ölkəmizin  valyuta ehtiyatlarına, manatın gələcək məzənnəsinə də, daxili bazara da mənfi təsir edə biləcək amilə çevrilə bilər”. 

Qeyd edək ki, Ruhaninin bu açıqlaması ekspertlər tərəfindən, yaxın gələcəkdə ABŞ-la danışıqlarda müəyyən yumşalmalara gediləcəyi ilə bağlı mesaj kimi də dəyərləndirilir. Belə ki, İran prezidenti ölkəsinin çox ağır duruma düşməsini əsas gətirərək, danışıqlarda müəyyən güzəştə gedəcəyi ilə bağlı daxili auditoriyaya mesaj verir. 

 

скачать dle 12.1

Şərhlər