SON DƏQİQƏ

Hər iki ölkənin milli maraqları - RƏYLƏR

Tarix:

9-10-2019, 12:34

/ 1 326 dəfə oxundu.
Hər iki ölkənin milli maraqları - RƏYLƏR

Bu hər iki ölkənin milli maraqlarına cavab verir

Prezident İlham Əliyevin Rusiyanın Soçi şəhərində keçirilmiş "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında iştirakı, həmin iclasın plenar sessiyasındakı dərin məzmunlu çıxışı, səsləndirdiyi bəyanatlar ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmləndirilməsi istiqamətində atılmış növbəti düşünülmüş addım oldu. Dünyanın məşhur "beyin mərkəzləri"ndən birində Prezident İlham Əliyevin çıxışı, milli maraqlarımız naminə sərgilədiyi qətiyyətli mövqeyi müzakirələrin kulminasiyası nöqtəsinə çevrildi. Millət vəkili,  Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib ki, son illər müstəqil  Azərbaycanın strateji tərəfdaşlıq əlaqələri güclənir, dostlarının və tərəfdaşlarının sayı artır. Ölkəmizin qarşılıqlı faydalı əlaqələrə malik olduğu tərəfdaş ölkələrdən biri Rusiya Federasiyasıdır. Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanır və hər iki ölkənin milli maraqlarına cavab verir. S.Fətəliyeva bildirib ki, mütəmadi olaraq baş tutan qarşılıqlı səfərlər və görüşlər iki ölkə arasındakı münasibətlərin inkişafına əhəmiyyətli töhfələr verir. Xüsusilə də, dövlət başçılarının görüşləri ikitərəfli münasibətlərin müzakirəsi və əməkdaşlığın dərinləşdirilməsi baxımından müstəsna önəm kəsb edir. Prezidentlərin qarşılıqlı səfərləri ənənə halını alıb: "Oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Soçi şəhərində səfərdə olub. Soçidə Prezident İlham Əliyevlə Prezident Vladimir Putin arasında keçirilmiş görüşdə iki ölkə arasında əməkdaşlıq və münasibətlərin inkişafı diqqət mərkəzində olub. Kifayət qədər məhsuldar keçən səfər çərçivəsində dövlət başçımız "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında iştirak edib, iclasın iştirakçıları ilə qeyri-formal görüşə qatılıb. Prezident İlham Əliyev Soçi şəhərinə səfəri zamanı "Valday" Beynəlxalq Diskussiya Klubunun iclası ərəfəsində həmçinin Rusiyanın "Rossiya" və "Birinci" televiziya kanallarına müsahibə verib. Azərbaycan Prezidentinin "Valday" Beynəlxalq Diskussiya Klubunun növbəti tədbirinə dəvət almasını dövlətimizin başçısının beynəlxalq səviyyədə yüksək nüfuz qazanması, eyni zamanda, iki qonşu dövlət - Azərbaycanla Rusiya arasında münasibətlərin yüksək dinamika ilə inkişaf etməsinin təsdiqi kimi dəyərləndirilməlidir. Azərbaycan Prezidenti İlham Əliyevin Soçidə təşkil olunan "Valday" Beynəlxalq Diskussiya Klubunda çıxışı olduqca yüksək maraq və diqqətlə qarşılanıb, öz növbəsində bir sıra mühüm ismarıclarla yadda qalıb". Onun sözlərinə görə, "Valday" Beynəlxalq Diskussiya Klubunun növbəti tədbirinə dəvətə görə Rusiya Prezidentinə minnətdarlığını bildirən dövlətimizin başçısı Rusiya-Azərbaycan münasibətlərinin inkişafına nəzər salıb: "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan Prezident İlham Əliyev Ermənistanın işğalçılıq siyasətinin nəticələrinə diqqət yetirib, BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamənin 25 ildən çoxdur, yerinə yetirilmədiyini vurğulayıb. Prezident İlham Əliyev Ermənistanın baş nazirinin "Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə" bəyanatının yalan olduğunu vurğulayaraq deyib: "Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi". Məlumdur ki, Azərbaycanın xarici siyasət kursunun ən mühüm strateji prioriteti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllidir. Ölkəmiz bu istiqamətdə qətiyyətli mövqe nümayiş etdirir, prinsipial siyasətini davam etdirir. Bu mövqe ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında öz həllini tapmalıdır. Dövlətimizin başçısının mövqeyi bir daha təsdiqləyir ki, Azərbaycan prinsipial siyasətini davam etdirir, ölkəmizin mövqeyi qəti və birmənalıdır. Bu gün Ermənistan da yaxşı bilir ki, Azərbaycan işğalçı ölkənin status-kvonu legitimləşdirmək cəhdlərinə heç vaxt imkan verməyəcək. Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək qüdrətindədir. Ermənistanın isə yeganə çıxış yolu işğalçı siyasətdən əl çəkməkdir".

..Millət vəkili  Pərvin Kərimzadə qeyd edib ki, Soçidə Prezident İlham Əliyevin Ermənistan hakimiyyəti tərəfindən əzəli torpağımız Dağlıq Qarabağla bağlı son dövrlər səsləndirilən sərsəm iddialara sərt və tutarlı cavabın ölkədən xaricdə - Rusiya Prezidenti Vladimir Putinin, İordaniya Kralı II Abdullanın, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin və Filippin Prezidenti Rodriqo Roa Dutertenin iştirak etdikləri mötəbər tədbirdə səsləndirməyi hər bir Azərbaycan vətəndaşını qürurlandırdı: "Dağlıq Qarabağla bağlı tarixi həqiqətləri tədbir iştirakçılarının diqqətinə çatdıran Prezident İlham Əliyevin işğalçı Ermənistanın avantürist hakimiyyətinə ünvanlanmış "Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida" cavabı işğalçı ölkə rəhbərliyinə yerində verilmiş layiqli və tutarlı mesaj oldu. BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. İyirmi beş ildən çoxdur ki, bu qətnamələr yerinə yetirilmir"- deyə Prezident İlham Əliyev ali beynəlxalq orqan olan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin kağız üzərində qaldığını nəzərə çatdırıb. Ölkə Prezidenti həmçinin münaqişənin həlli yolunun Azərbaycanın bütün dünya tərəfindən tanınmış ərazi bütövlüyünün bərpa olunmasından, qaçqınların və məcburi köçkünlərin öz doğma torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmasından ibarət olduğunu da vurğulayıb: "Bu, Təhlükəsizlik Şurasının qətnamələrinə və Helsinki Yekun Aktına uyğundur". Onun sözlərinə görə, "Valday" forumu çərçivəsində təcavüzkar siyasətinin qurbanı olan Ermənistan baş nazirinin sərsəm bəyanatı Rusiya Federasiyası tərəfindən də təəccüblə qarşılanıb. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov belə bəyanatlar siyasi prosesin tənzimlənməsinə kömək etmədiyini söyləyib. Tanınmış rusiyalı politoloq, "Siyasi Araşdırmalar İnstitutu" qeyri-kommersiya tərəfdaşlığının baş direktoru Sergey Markov Valday" Beynəlxalq Diskussiya Klubunun növbəti iclasının yekunlarını təhlil edərkən Prezident İlham Əliyevin öz zəngin təcrübəsi və böyük diplomatik istedadı sayəsində mövqeyini dəqiq və aydın şərh etməsini yüksək dəyərləndirərək, onun çıxışının Beynəlxalq Diskussiya Klubunun iclasında ən güclü bəyanatlardan biri olduğunu bildirib: "Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin "Valday" Beynəlxalq Diskussiya Klubunun plenar iclasındakı çıxışı, "Qarabağ Azərbaycandır" - bəyanatı bir daha Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətə çatdırmaq sahəsində növbəti uğurlu gedişi olmaqla yanaşı, tezliklə üçrəngli bayrağımızının Lələtəpə yüksəkliyində olduğu kimi, doğma Qarabağın hər bir guşəsində dalğalanacağından xəbər verir".

скачать dle 12.1

Şərhlər