SON DƏQİQƏ
» » Sanksiyalar Tehranın qonşu dövlətlərə ehtiyacını artırıb

Sanksiyalar Tehranın qonşu dövlətlərə ehtiyacını artırıb

Tarix:

17-10-2018, 09:15

/ 10 279 dəfə oxundu.
Sanksiyalar Tehranın qonşu dövlətlərə ehtiyacını artırıb

Azərbaycan İran-ABŞ gərginliyində həlledici ölkəyə çevrilə bilər

Noyabrın əvvəlində ABŞ İrana qarşı yeni, daha sərt sanksiyalar elan edəcək. Bu dəfə sanksiyalar İran İslam Respublikasının xaricə neft satışını məhdudlaşdıracaq. Xatırladaq ki, ABŞ-ın İrana qarşı bərpa edilmiş sanksiyalarının ilk etapı yayda qüvvəyə minib və bu sanksiyalar İranın qızıl və digər qiymətli metallar, kömür və sənaye məhsulları satışından dollar əldə etməsinin qarşısını almağı nəzərdə tuturdu.

O zaman dövlət katibi Mayk Pompeo bildirmişdi ki, ABŞ İranı hərbi fəaliyyətdən geri çəkindirmək üçün sanksiyaları tam qüvvəsi ilə tətbiq etmək niyyətindədir. Sanksiyaların ikinci dalğası noyabr ayında, yəni iki həftədən sonra qüvvəyə minəcək.

Son aylarda İran diplomatiyası var gücü ilə bir tərəfdən beynəlxalq aləmi, xüsusən də Qərb ölkələrini, Avropa Birliyini İranla “altılıq” ölkələri arasında imzalanmış nüvə sazişini qoruyub saxlamaq üçün razı salmağa çalışıb, digər tərəfdən isə neft satışı üçün yeni bazarlar tapmağa, eləcə də mövcud bazarları qoruyub saxlamağa çalışıb. İranın hazırda əsas neft alıcıları Çin, Hindistan və digər region, eləcə də bir sıra Avropa ölkələridir. İran neft alıcılarını itirərsə, Tehranın hasilatı daha da azala bilər. Yeri gəlmişkən, bu ilin mayında sanksiyalar elan olunanda İran neft alıcılarının bir qismini itirmişdi. İndi isə daha sərt və genişmiqyaslı sanksiyalar gəlir. Tehranın əlində isə daha bir etibarlı vasitə qalır: qonşular.

Məsələ ondadır ki, hələ birinci sanksiyalar zamanı İran beynəlxalq embarqoları dələrək böyük miqdarda neft və qaz satışı həyata keçirmişdi. Hətta İran tarixinin ən böyük neft gəlirini - 130 milyard dollardan çox - məhz sanksiyaların ən şiddətli olduğu 2011-ci ildə əldə etmişdi. İndi isə Tehranın yenidən etibarlı qonşulara ehtiyacı var.

Onu da qeyd edək ki, bundan əvvəlki sanksiyalar dönəmində, yəni 2015-ci il anlaşmasına qədər İrana qarşı Qərbin sanksiyaları zamanı Türkiyə, Azərbaycan kimi İranla həmsərhəd ölkələr müəyyən qədər embarqolardan kənarda qalmışdı və İranla ticarət əlaqələrini davam etdirirdilər. Daha sonra üzə çıxan məlumatlardan o da bəlli oldu ki, İranın gizli neft və qaz ticarətində Türkiyənin payı yüksək olub. Hətta bununla bağlı İran əsilli Türkiyə vətəndaşı Rza Zərrab və eləcə də Türkiyənin “Halkbank” dövlət bankının sədr müavini Hakan Atilla ABŞ-da həbs olunaraq Amerika sanksiyalarını pozmaqda ittiham olunaraq məhkəmə qarşısına çıxarılmışdı.

Məsələn, bu günlərdə məlum olub ki, İrandan son 3 ayda 1 milyon ton yanacaq məhsulu qaçaqmalçılıq yolu (!?) ilə xaricə satılıb. Özü də bu rəqəmi hökumət etiraf edir. Yəni İranın “qara bazarı” hələ də mövcuddur. Ancaq eyni zamanda yeni təhdidlər də var. Məsələn, indi aydın məsələdir ki, Türkiyə əvvəlki kimi embarqoları yarmaqda Tehrana yardım edə bilməyəcək. Çünki Ankara son iki ildə bunun ağır bədəlini ödəyib. Bu mənada indi görünən odur ki, Ankara embarqonun yarılmasında əvvəlki qədər dəstək verməyəcək,  ya da ümumiyyətlə, verməyəcək. Elə Tehranın özünün də Ankaradan bu hadisələrdən sonra çox ciddi umacağı qalmayıb.

İranın ikinci böyük qonşusu olan İraq və Əfqanıstan isə faktiki olaraq ABŞ nəzarətində olduğu və neft ixracatı üçün uyğun olmadığı üçün Tehranın işinə gəlmir. İranın daha bır böyük qonşusu Pakistandır. İmran Xanın baş nazir seçilməsindən sonra Tehran-İslamabad əlaqələrində istiləşmə meylləri açıq şəkildə özünü göstərsə də, Pakistanın Tehran üçün əlverişli ortaq olacağını demək çətindir. Yeri gəlmişkən, bu günlərdə Pakistan-İran sərhədində yenidən fəallaşan radikal silahlılar 14 iranlı hərbçini - əsasən İnqilab Keşikçiləri Korpusundan olanlar - oğurlamaqla Tehran üçün Pakistandan təhlükənin hələ də böyük olduğunu göstərir. Yəni bəlli qüvvələr Tehran-İslamabad əlaqələrinə ciddi maneə yaradacaqlar. Bu vəziyyətdə Tehranın əsas ümid edəcəyi ölkələr sırasında Azərbaycan gəlir.

Azərbaycan İranın xarici ticarət yollarından birini təşkil edə bilər.  Bakı son illərdə güclü nəqliyyat infrastrukturu yaradıb, İranla dəmir yol xətlərini birləşdirir. Bu isə Tehranın Rusiya da daxil olmaqla, Avropa ilə yeni əlaqə vasitəsi deməkdir. Təbii ki, Azərbaycan üzərindən Tehran embarqolar dövründə ciddi ticarət fəaliyyəti apara bilər. Tehranın Bakı ilə münasibətlərə xüsusi önəm verməsi, münasibətləri yaxşılaşdırmağa çalışması, eyni zamanda Qarabağ məsələsində Bakıya dəstəyi artırması müşahidə olunur. Hazırda İranın Azərbaycan bölgələrində - Təbriz və Zəncanda “Qarabağ İslam torpağıdır” şüarı altında beynəlxalq konfranslar keçirilir. İran rəsmiləri, elm və ictimaiyyət xadimləri Qarabağ məsələsində Azərbaycana dəstək göstərirlər. Yəqin ki, hər kəs razılaşar ki, bir neçə il əvvələ qədər bu cür toplantılar yox idi və kimsə ağlına gətirmirdi.  İran və Azərbaycan əlaqələrindəki bu yaxınlaşma Vaşinqtonda da müşahidə olunur. Bu səbəbdən də ABŞ dövlət katibinin Bakıya səfərinin əsas mövzularından birinin İran olacağı şübhəsizdir. Bu ehtimal rusiyalı politoloq Stanislav Tarasovun erməni mətbuatına verdiyi müsahibədə səsləndirilib. Tarasov deyib ki, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Cənubi Qafqaz regionuna səfərində əsas məqsəd bölgə dövlətlərinin birinci ağızlarından Vaşinqtonun İranla bağlı mövqeyi barədə fikirlərini öyrənməkdir. Çünki noyabra az qalır. Bakı isə ABŞ-ın İrana yeni sanksiyalarının təsiri baxımından həlledici rol oynaya bilər.(YM)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ