SON DƏQİQƏ
» » Azərbaycan iqtisadiyyatının şaxələndirmə proqramı çox uğurla icra olunur

Azərbaycan iqtisadiyyatının şaxələndirmə proqramı çox uğurla icra olunur

Tarix:

26-10-2020, 11:09

/ 4 197 dəfə oxundu.
Azərbaycan iqtisadiyyatının şaxələndirmə proqramı çox uğurla icra olunur


Azərbaycanın davamlı inkişafı və iqtisadi dayanıqlılığında sözsüz ki, siyasi sabitliklə yanaşı, iqtisadiyyatın şaxələndirilməsi siyasətinin, bu siyasətin prioritet istiqamətlərindən olan regionların sosial-iqtisadi inkişafı proqramlarının müstəsna əhəmiyyəti vardır. Hazırda respublikamızın hər yerində, bütün regionlarında geniş və hərtərəfli işlər gedir. Keçən əsrin son onilliyində ölkəmizin iqtisadiyyatı ciddi iqtisadi dalğalanmalara məruz qalmış, lakin XXI əsrdə bazar iqtisadiyyatını mənimsəyərək müstəqil bir ölkə olmuşdur. Ölkənin sahib olduğu təbii sərvətlər və istehsal potensialı düzgün qiymətləndirilərək, iqtisadi artıma nail olunmasında təbii sərvətlərdən yararlanmağa bir məqsəd deyil, vasitə kimi baxılmışdır. Neft hasilatının sürətlə artırılması hesabına lazım olan maliyyə resurslarının əldə edilməsi və ondan istifadə etməklə iqtisadiyyatın digər sferalarının, bütövlükdə ölkə iqtisadiyyatının inkişaf etdirilməsi bu prosesin əsas motivasiyası olmuşdur.

Hazırda regionlarda əhalinin gündəlik həyatında vacib rol oynayan sosial obyektlərin tikintisi, əsaslı təmiri və maddi-texniki bazasının müasir tələblərə uyğun qurulması işləri uğurla davam etdirilir. Regionların sosial-iqtisadi uğurlarından bəhs edərkən tikinti sektorunda nəzərə çarpan müsbət dinamikanı xüsusi vurğulamaq olar. Bu gün elə bir bölgə, elə bir şəhər tapmaq olmaz ki, orada yenidənqurma, tikinti-abadlıq işləri aparılmasın, iqtisadiyyatın mühüm sahələri inkişaf etməmiş qalsın. Hər il dövlət büdcəsindən regionların inkişafı üçün lazımi miqdarda vəsait ayrılır. Sənaye, kənd təsərrüfatı, təhsil, səhiyyə və s. sahələrdə tərəqqi göz önündədir. Turizm sektoru bu fonda regionlarda da dinamik inkişaf edir, yeni müvafiq obyektlər yaradılır.

Qeyri-neft sektorunun inkişafına səbəb olan amillərdən biri də kənd təsərrüfatının davamlı inkişafıdır. Həyata keçirilən aqrar islahatlar, bu sektora dövlət dəstəyinin əhəmiyyətli dərəcədə gücləndirilməsi kənd təsərrüfatında ciddi inkişaf dinamikasına, mühüm kəmiyyət və keyfiyyət dəyişikliklərinə, eləcə də bu sahəyə inamın artmasına və fəallığın yüksəlməsinə səbəb olmuşdur. Bu gün Azərbaycanda əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biridir. Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə qeyri-neft sektorunun inkişafının ən mühüm sahələrindən olan kənd təsərrüfatının potensialının tam reallaşdırılması istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir, dövlətin iqtisadi təhlükəsizliyinin əsas komponentlərindən olan ərzaq təhlükəsizliyi ölkəmizdə uğurla həll olunur. Ərazilərin geri qaytarılması kənd təsərrüfatımızın inkişafına yeni təkan verəcək.

Azərbaycanın başqa bir mühüm iqtisadiyyat sahəsi də vardır. Ölkənin son dərəcə ecazkar və cəlbedici, rəngarəng təbii şəraiti, zəngin tarixi-memarlıq abidələri və milli adət-ənənələri burada iqtisadiyyatın müalicə-istirahət-turizm kompleksinin inkişafı üçün çox əlverişli imkanlar açır. Bu təsərrüfat kompleksi Azərbaycanda keçən əsrin 70-80-ci illərində təşəkkül tapmağa başlamış, müstəqillik dövründə isə öz inkişafını davam etdirmişdir. Çox əlamətlərinə görə müalicə-istirahət-turizm kompleksi ərazilərimizin bütövlüyü tam əldə olunduqdan sonra Azərbaycan iqtisadiyyatının ən aparıcı inkişaf istiqamətlərindən biri olacaqdır.

 

Rasim Kazımov,

Neftmaştəmir ASC İdarə Heyətinin sədri


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ