SON DƏQİQƏ
» » Toyların oktyabrda başlaması üçün... – Açıqlama

Toyların oktyabrda başlaması üçün... – Açıqlama

Tarix:

23-09-2020, 15:41

/ 4 492 dəfə oxundu.
Toyların oktyabrda başlaması üçün... – Açıqlama

Mart ayından bəri koronavirusla əlaqədar fəaliyyəti dayandırılan şadlıq sarayları ilə bağlı ötən gün sevindirici məlumat yayılıb. Belə ki, şadlıq saraylarına yaxın vaxtlarda toyların keçirilməsinə icazə veriləcəyi və bununla bağlı tədbirlər görmələri ilə əlaqədar icra qurumları tərəfindən göstəriş verildiyi bildirilib. Maraqlıdır, indiki durumda bu qərarın verilməsi nə dərəcədə doğrudur və qadağanın ləğvindən sonra hansı qaydalarla toy keçirilməsinə icazə verilməlidir?

Məsələ ilə bağlı açıqlama verən millət vəkili Musa Quliyev bildirib ki, toyların keçirilməsinə icazə verilməsi üçün oktyabr ayını gözləmək lazımdır:

"Çünki adətən oktyabr ayında virus infeksiyaları artır. Onların koronavirusla birgə yayılması vəziyyətin daha da ağırlaşmasına səbəb ola bilər. Bu məsələdə böyük ehtiyat edirəm. Hər halda toyların əvvəlki halda keçirilməsi yəqin ki, yaxın vaxtlarda mümkün olmayacaq. Yekun qərarı isə Nazirlər Kabineti yanında Operativ Qərargah verəcək. Oktyabr ayında situasiya aydınlaşdıqdan sonra daha dəqiq fikir söyləmək olar. İndi isə konkret fikir səsləndirmək çox çətindir”.

Millət vəkili Fazil Mustafa isə bildirib ki, mexanizm hazırlandıqdan sonra toylarla bağlı qadağanın ləğv edilməsinin tərəfdarıdır:

"Bu məsələ ilə bağlı qərarı Operativ Qərargah verməlidir. Məqsədəuyğundursa, təhlükə riski azdırsa, qorunma imkanlarını düşünüblərsə, belə qərar verilə bilər. Mən toyların keçirilməsinin tərəfdarıyam. Çünki xeyli insan bununla bağlı sıxıntı yaşayır”.

Professor Adil Qeybulla şadlıq saraylarında karantin davranış qaydaları ilə bağlı mexanizmin hazırlanmasının lazım olduğunu və qaydalara riayət edilmədiyi halda vəziyyətin pisləşəcəyini deyib:

"Qış aylarında hər il mövsümü soyuqdəymə xəstəlikləri olur. Bu il də onlar peyda olacaq. Koronavirusla bu xəstəliklərin müəyyən oxşar əlamətləri var. Xəstələrin hansının COVİD, hansında adi respirator xəstə olmasını təyin etmək çətin məsələdir. Bununla bağlı artıq xaricdə testlər hazırlanır. Müəyyən hazırlıqları biz də görməliyik. Toylarla bağlı isə mexanizm müəyyən edilməlidir. Şadlıq evlərində əvvəlki illərdə olduğu kimi çox sayda adamın toplanması, saatlarla kondisioner altında oturulması çox təhlükəlidir. Bir xəstə adamın olması kifayətdir ki, orada çox sayda adam yoluxsun. Bunun qarşısını almaq üçün insanlar arasında məsafə saxlanılması, stolların düzülüşü, konkret məkanda sayın müəyyən edilməsi, məclisə daxil olan şəxslərin virusa yoluxub-yoluxmamasının müəyyənləşdirilməsi, temperaturun yoxlanılması, kondisioner deyil, ventilyasiya sisteminin işlədilməsi və s. tədbirləri görmək olar. Bundan başqa toyların müddətinin artıq 5-6 saat deyil, 2-3 saat olması məqsədəuyğundur. Toylarla bağlı stereotip dəyişməli, format müəyyən edilməlidir”.

Həkim Qalib Əsədov isə kafe və restoranların fəaliyyətinə icazə verildiyi halda, toylara icazə verilməməsinin doğru olmadığını bildirib:

"Karantin şərtləri nəzərə alınmaqla toyun keçirilməsi bərpa olunmalıdır. Zalın kvadrat metrinə uyğun olaraq, müvafiq qonaq sayı müəyyənləşdirərək, toylara icazə verilməlidir. Necə olur ki, mən yad adamlarla restoranda otura bilərəm, amma hər gün ünsiyyətdə olduğum qohum, iş yoldaşı və dostlarla bir məkanda otura bilmərəm7! Toy hər bir gəncin həyatında çox önəmli bir hadisədir və bütün valideynlərin arzusudur. Müəyyən şərtlər daxilində toy, ad günü və s. tədbirlərə icazə verilməlidir”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ