SON DƏQİQƏ

Bu türk əsgərlər Azərbaycandadır

Tarix:15-09-2020, 12:02 Oxunub:4 633

Ermənistanın Tovuz təxribatından sonra Türkiyə və Azərbaycanın birgə addımları düşməni və onun havadarlarını ciddi şəkildə narahat etməkdədir. İyul-avqust aylarında iki qardaş ölkənin birgə genişmiqyaslı hərbi təlimlərinin ardınca Türkiyənin Azərbaycanda mövcudluğu məsələsi daha da aktuallaşdı.

Ölkəmiz boyunca keçirilən hərbi təlimlərin ardınca Naxçıvan Muxtar Respublikasında da Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri reallaşdı. Düşməni təşviş içində saxlayan bu təlimin ssenarisinə əsasən, Əlahiddə Ümumqoşun Ordunun və Naxçıvan Muxtar Respublikasının güc strukturlarının, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin bölmələri tam döyüşə hazırolma vəziyyətinə gətirilərək "Həyəcan” siqnalı ilə təlim rayonuna çıxarıldı. Həmçinin İrəvanın 56 km-liyində baş tutan, döyüş təyyarələri, hərbi daşıma və zərbə helikopterlərinin cəlb edildiyi təlimdə çətin pilotoji manevrlərlə təlim-məşq uçuşları keçirildi ki, bu da işğalçılara ciddi xəbərdarlıq sayılmalıdır. Ancaq belə görünür ki, Ermənistan özünün alçaq niyyətlərindən əl çəkmək fikrində deyil və Rusiyanın 102 saylı hərbi bazasının mövcudluğundan istifadə edərək işğalçı siyasətini sürdürməkdə israrlıdır. Azərbaycan rəhbərliyinin bəyan etdiyi kimi, əgər Ermənistanın cəsarəti olsaydı, ordumuzla təkbətək üz-üzə gələrdi və cavabını alardı. Ancaq Rusiyaya arxalanan düşmən məkrli siyasətini davam etdirdiyi üçün Azərbaycanın da tədbirli olması zəruridir. Bu mənada Azərbaycanda Türkiyə hərbi bazalarının yaradılması ideyasının, nəhayət, həyata keçirilməsi barədə fikirlər təbii qarşılanmalıdır. Birgə təlimlərdən sonra Türkiyə hərbçilərinin geri döndüyü, yaxud ölkəmizdə qaldıqları barədə suallara gəldikdə, bununla bağlı hələlik rəsmi açıqlama yoxdur.

Ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov Musavat.com-a açıqlamasında bildirib ki, Türkiyə hərbçiləri 90-cı illərdən Azərbaycanda müxtəlif qoşun növlərində və birləşmələrində olublar, bu gün də vardırlar və inşallah, onların daimi əsaslarla Azərbaycanda olmalarının da şahidi olacağıq.

O qeyd edib ki, sonuncu təlimlərdən sonra, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda təlimlərə cəlb edilmiş şəxsi heyətin müəyyən bir hissəsi hələ ki yaxın aylarda keçiriləcək birgə növbəti təlimlərə hazırlıqları davam etdirir:

"Əslində onların burada qalıb təlim keçmələri iki dövlət arasında mövcud olan müqavilənin şərtlərinə tam cavab verir. Məlumatlı şəxslər bilirlər ki, 2010-cu ildə qardaş Türkiyə Silahlı Qüvvələri ilə bizim çox mühüm anlaşmamız mövcuddur ki, türk hərbçilər qanunlar çərçivəsində istənilən an Azərbaycanla bərabər istənilən təlimlərə və tədbirlərə qatılmaq imkanı əldə ediblər. Prinsip etibarilə bu, yaxın gələcəkdə ölkə ərazisində qardaş ölkənin daimi əsaslarla hərbi bazasının olmasını şərtləndirən addımlardan biri kimi də qəbul oluna bilər. Şəxsi düşüncəmə görə, bu proses nə qədər sürətlə getsə, sürətlə baş versə, faydası çox olacaq”.

Ü.Cəfərov yaxın aylarda çox maraqlı proseslərin baş verəcəyini düşünür:

"Regionda və dünyada baş verən proseslər bu məsələni həm aktuallaşdırır, həm də qərarın hüquqi müstəvidə reallaşdırılmasını labüd edir. Yaxın ayların maraqlı proseslərini tez bir zamanda müşahidə edəcəyik. Bu, sırf hərbi sahə ilə bağlı olduğuna görə hadisələri qabaqlamaq istəməzdim”.

Türkiyənin Azərbaycanda hərbi baza qurmasının və Türk əsgərinin ölkəmizdə qalmasının qatı tərəfdarlarından olan QAT sədri Akif Nağı da irəliyə doğru addımların atılmasının tərəfdarıdır: "Əlbəttə, türk hərbçiləri Azərbaycanda qalmalı, Türkiyənin burada hərbi bazaları yaradılmalıdır. Mən əminəm ki, yaradılacaq da. Müşahidələrimizə görə, de-fakto artıq yaradılıb. Heç nə bitməyib, hər şey indi başlayır. Gözlədiyimiz an gəlib çatıb, ermənilərin oyunbazlıqlarına birdəfəlik son qoyulacaq. Azərbaycan - Türkiyə silahı bir yerdə hərəkətə keçməyincə, Ermənistanın fitnələri bitməyəcək. Biz hərəkətsiz qaldıqca, onlar həyasızlaşırlar. O qədər həyasızlaşıblar ki, artıq Milli Qəhrəmanımız Şahin Tağıyevin, digər hərbçilərimizin həbsini tələb edirlər. Nifrətə köklənib müharibəmizi başlamalıyıq. Vaxt yetişib”.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<