SON DƏQİQƏ

“Öz döğma kəndimə qayıtmaq istəyirəm”

Tarix:25-06-2020, 18:45 Oxunub:1 337


Dəyərli ziyalı, Əməkdar bədən tərbiyəsi və idman xadimi, "Zenit” İdman Cəmiyyəti İctimai Birliyinin sədri Fazil Hadıbəyovun vasitəsilə, müdrik bir ağsaqqalla tanış oldum. Eşidəndə ki, iyun ayının 26-da bu ağsaqqalın 90 yaşı tamam olur, açığı ilk öncə inanmadım. Çünki yaşından çox cavan görünən, hər bir hərəkətində, danışığında, düşüncə tərzində əsl ağsaqqal olduğunu sübut eləyən Musa kişinin həm də sinədəftər bir insan olduğunun da şahidi oldum. Və biz Musa kişinin 90 illik həyatını onunla kirvə olan Balakişi Balakişi oğlu Həsənovla, oğlu Saleh Musaoğlu və Fazil müəllimlə birlikdə vərəqləyirik...

Qarşımda saralmış çoxlu qəzetlər, orden-medallar və çoxlu şəkillər var. Bu saralmış qəzetlərdə Musa Yusifov haqqında bir-birindən maraqlı yazılar çap olunub. Onun bir vaxtlar aldığı orden-medallar və onların vəsiqələri də stolun üstündədir. Eləcə də bir vaxtlar Ermənistan Ali Sovetinin və Meğri rayonunun deputatı olmaqla bağlı vəsiqələr və dövlət səviyyəsində, həm də Moskvada keçirilən qurultaylardakı şəkilləri də var. Bu tədbirlərdə onun çıxışlarının necə alqışlandığını həmin şəkillərdən də görmək olur. Eləcə də portret şəkilləri var ki, sinəsini orden-medallar bəzəyib. O, bir vaxtlar yaşadığı doğma yurdu Qərbi Azərbaycanın Meğri rayonunu və yaşadığı Nüvədi kəndini, orada yaşayan həmvətənlərimizi dövlət səviyyəsində bir səlahiyyətli elçi-deputat kimi keçmiş SSRİ səviyyəsində müdafiə eləyib. Musa kişi nə alim, nə şair, nə də böyük ictimai xadimdir. Amma bir vaxtlar Ermənistanda onun hörməti alimdən, şairdən, ictimai xadimdən çox olub. Hər yerdə sözü ötüb. Həmvətənlərimizi və onların hüquqlarını ən çətin anlarda müdafiə eləyib. Sözü bütöv, kəsərli və istədiyi hər şeyi yüksək tribunlardan deməkdən qorxmayan, yüksək natiqlik qabiliyyəti olan Musa kişiyə istəsələr də, istəməsələr də dövlət səviyyəsində hörmət edib və onu eşidiblər. Çünki Ermənistan rəhbərləri yaxşı bilirdilər ki, əgər Musa Yusifovun dediklərini eləməsələr o, Kremldə oturan SSRİ rəhbərlərinə müraciət eləyəcək, ya da Moskvada dövlət səviyyəli tədbirlərdə öz çıxışlarında erməni rəhbərlərinin özbaşınalığını, azərbaycanlıları incitməsini açıqca deyəcək və onda onlar üçün çox pis olacaq...“Öz döğma kəndimə qayıtmaq istəyirəm”

Haqqında hamının böyük həvəslə danışdığı və bu qədər böyük mükafatlar, orden-medallar alan Musa Yusifov adi bir zəhmət adamı olub. Ömrünün 70 ilindən çoxunu bağbanlığa sərf eləyib. O, ağacların, güllərin, torpağın və ümumiyyətlə təbiətin sirrini, dilini bir ali təhsilli aqranom, bir alim kimi yaxşı bilir. Yəni həmişə öz işinin aqranomu, alimi olub. Bir vaxtlar onun rəhbərlik elədiyi Nüvədi kolxozunun bağlarından yığılan məhsullar öz faizinə görə Ermənistanda ən yüksək göstəriciyə çatırdı. Musa kişinin rəhbərlik etdiyi briqada illik planı ən azından 150 faiz yerinə yetirirdi. Nüvədi narı, əriyi, alması, üzümü və başqa meyvələri təkcə Ermənistanda yox, həm də qonşu Ordubad, Zəngilan rayonlarında və bütövlükdə Naxçıvan Muxtar Respublikasında adla deyilirdi...

Taleyin hökmünə bax ki, biz Musa kişi ilə Böyük Vətən Müharibəsinin başladığı gün, iyun ayının 22-də görüşdük. Məlum oldu ki, Musa kişi həmişə bu günü çox ağır bir gün kimi xatırlayır. Bir vaxtlar onun haqqında yazılan oçerklərdə, məqalələrdə də bu günlə bağlı çox qəmli notlarla danışıb. Axı müharibə başlayanda Musanın 11 yaşı vardı və artıq çox şeyi dərk edirdi. O, deyir ki, həmin vaxtı təkcə Nüvədi kəndindən 120-dən çox cavan müharibəyə gedib və onlardan cəmi 10 nəfəri sağ qayıdıb. Bu müharibədə Musa Yusifov da özünün ən yaxın doğmalarını - qohumlarını itirib. Musanın atası Nemət kişi cavan qohumlarının müharibəyə getməsinə və onların qara kağızlarının gəlməsinə dözməyərək dünyasını dəyişib. Atasının ölümü Musanın bacısı 18 yaşlı Bətul xanıma da çox pis təsir eləyib və o da dünyasını dəyişib. Musanın bacısı Mənşurənin də həyat yoldaşı ağır yaralı vəziyyətdə müharibədən qayıdıb və üç aydan sonra dünyasını dəyişib. Cavan həyat yoldaşının müharibədən yaralı gəlməsi və dünyasını dəyişməsi Mənşurəyə də pis təsir eləyib və o da iki aydan sonra dünyasını dəyişib. Özlərindən sonra heç bir nişanələri də qalmayıb. Deməli, müharibə həmin vaxtı təkcə ön cəbhədə yox, arxa cəbhədə də gedirdi...

“Öz döğma kəndimə qayıtmaq istəyirəm”

Musa kişi danışır: «Bizim kənd həmin bölgədə ən böyük kənd idi. Bu kənd Meğri rayonunun üçdə birini təşkil eləyirdi. Müharibə başlayan vaxtı bütün cavanlar davaya getdiyinə görə kolxozda bütün işləri qadınlar, gəlinlər, cavan qızlar və biz uşaqlar görürdük. Traktoru sürənlər də, kotanı tutanlar da, ən ağır işdə işləyənlər də qadınlar və biz yaşda olan uşaqlar idi. O vaxtı insanların bir amalı vardı. Tezliklə müharibəni qələbə ilə başa vurmaq. Şüar isə belə idi: "Hər şey cəbhə üçün, hər şey qələbə üçün”. Ona görə də biz, yaşımız az olsa da həyatın ən çətin vaxtlarını gördüyümüzdən çox tez böyüdük. Yəni həyatı çox tez dərk elədik. Müharibə qələbə ilə qurtardı. Kəndimizdən müharibəyə gedən 120 nəfərdən sağ, cəmi 10 nəfər geri qayıtdı. Biz, daxilimizdə olan böyük inamla bütün çətinliklərə sinə gərdik. Az bir vaxtda Nüvədi kolxozu yenə də Qərbi Azərbaycanda ən qabaqcıl təsərrüfatlardan biri oldu. Amma heç vaxt ağlımıza gəlməzdi ki, bizim ən böyük, dəhşətli və faciəli müharibəmiz hələ qabaqdadır. Sən demə erməni gavurları bizə daha böyük müharibə hazırlayırlarmış...

Dahi rəhbər Heydər Əliyevi Qorbaçovun hiyləsilə 1987-ci ildə Siyasi Bürodan və SSRİ Nazirlər Sovetinin birinci müavini vəzifəsindən uzaqlaşdırandan sonra bizim Ermənistanda qara günlərimiz başladı. Faşist xislətli Aqambekyanın Fransadakı çıxışından sonra ermənilər daha da azğınlaşdılar və 1988-ci ilin əvvəlindən onlar bizimlə böyük bir müharibəyə başladılar. Həmin vaxtı biz təkləndik. Azərbaycanın o vaxtkı rəhbərləri də bizə köməklik eləmədilər. Beləliklə, azərbaycanlıları öz doğma yurdları olan Qərbi Azərbaycandan ermənilər rusların köməkliyi ilə zorla köçürməyə başladılar. Çoxlu həmvətənlərimiz vəhşicəsinə öldürüldü...

Yeganə Nüvədi kəndi ermənilərlə mərdi-mərdanə döyüşə girib, öz kəndlərini qorudular. Həmin vaxtı bizim əlimizdə ov tüfəngləri, balta, bıçaq, yaba, dəhrə vardı. Amma ermənilərin əlində avtomat və zirehli texnika vardı. Ruslar da onlara köməklik eləyirdilər. Biz onlarla 1992-ci ilə qədər döyüşdük, təslim olmadıq. Amma sonra ruslar bizi aldatdı və məcbur olub kəndimizi tərk edib, Zəngilanın Vejnəli kəndinə gəldik. Orada məskunlaşdıq. Kənddə cəmi iyirmi-otuz ev vardı və bizə də qonşu kənd idi. Bu kəndlə lap qədimdən bizim isti münasibətlərimiz vardı. Onlar da bizi öz doğmaları kimi qarşıladılar. Fikrimiz bu idi ki, az bir vaxtdan sonra öz kəndimizə qayıdaq. O kənddə nüvədililərə görə orta məktəb yaradıldı. Bu məktəbdə bizim müəllimlər dərs dedilər. Uşaqlarımız da orada təhsil alırdı. Sonra ermənilər Zəngilana da hücum edib, oranı da işğal elədilər. Biz, Araz çayını keçib, İran İslam Respublikasına getdik və sonra oradan da Azərbaycanın İmişli ərazisinə gəldik. Sonra bizi Azərbaycanın ayrı-ayrı rayonlarında, Bakıda və Sumqayıtda yerləşdirdilər. Daha doğrusu biz özümüz şəxsi pulumuzla Bakıda, Sumqayıtda və başqa rayonlarda özümüzə ev aldıq. Azərbaycanın o vaxtkı rəhbərliyi bu işdə də bizə heç bir köməklik eləmədi. Deməli biz, həm köçkün, həm də qaçqın olduq. O vaxt Nüvədi camaatı 300 ev idisə, indi mindən çox ev olub. Nüvədidə o vaxt 1500-dən çox əhali vardı. İndi ən azından nüvədililər 10 min nəfərdən çoxdur.“Öz döğma kəndimə qayıtmaq istəyirəm”

Azərbaycanda ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra bütün qaçqınlara, köçkünlərə lazım olan şərait yaratdığı kimi, bizə də şərait yaradılıb. Ölkə başçımız İlham Əliyevin də qayğısını, diqqətini hər an hiss edirik. Amma, açığını deyim ki, mən öz döğma kəndimə qayıtmaq istəyirəm. Mən də, həyat yoldaşım Suğra xanım da, səkkiz övladım, 30-dan çox nəvə-nəticələrim də həmin günü, Nüvədiyə qayıtmağı səbirsizliklə gözləyirik”.

O, susdu və harasa uzaqlara baxdı. Bu vaxt beynimdən dəyərli ziyalı, Əməkdar jurnalist, şair-publisist, "Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Qoçuoğlunun el ağsaqqalı Musa Yusifovun 90 illik yubileyinə həsr elədiyi orijinal formada yazılmış "Yüz yaşın sirrini özün açarsan” şeiri keçdi:

Bu da bir taledi, ay Musa əmi,
Qapını illərin doxsanı döyür.
Nəvə-nəticələr, oğul-uşaqlar,
Ömür-gün yoldaşın başına dönür.

Bu da bir ömürdü, ay Musa əmi,
Enişli-yoxuşlu yollardan keçib
Neçə yol çətində sınayıb səni,
Allah öz sevimli bəndəsi seçib.

Dillərdə dastandır sənin bu ömrün,
Dostla dost olmusan, düşmənlə düşmən.
Kimsədən minnətin, umacağın yox,
Ömür yaşamısan kişi kimi sən.

Ağır oturmusan, batman gəlmisən,
Hər bir əməlində ədalət olub.
Ulu babaların qədim yurdunda,
Səni ucaldan da cəsarət olub.

Yoluna yamanlar çıxsa da hərdən,
Qüdrətin önündə izi yox olub.
Kimsənin minnətin götürməmisən,
Bu dünya malından gözün tox olub.

Ağsaqqal sözünə möhtacdır hamı,
Dediyin kəlmədə min bir hikmət var.
Ürəyin o qədər genişdir sənin,
Bəlkə dünya boyda bir səxavət var.

Qartallar zirvədən ayrı yaşamaz,
Yurduna bağlısan sən öz canınla.
Halal yaşayırsan kişi ömrünü,
Yenə zirvədəsən öz ad-sanınla.

Nəsil-nəcabətə verilər dəyər,
Qorudun hər zaman bu dəyəri sən.
Tutub əllərindən övladlarının,
Yığdın ocağına nəsilləri sən.

Sən müdrik kişisən, ay Musa əmi,
Sözünlə, kəlmənlə işıq saçarsan.
Doxsanın sirrini biz açıb dedik,
Yüz yaşın sirrini özün açarsan.

Doxsan il nədi ki, ay Musa əmi,
Durub gülə-gülə yüzə əl elə.
Yüzün də sirrini gizli saxlarsan,
Yüzdən də o yana ömür var hələ.

El ağsaqqalı Musa kişi və artıq ömrünün 80 ilini arxada qoyan, çox yüksək natiqliq bacarığına malik kirvə Balakişi Balakişi oğlu Həsənovla elədiyim söhbətlərdən onların həyatın bütün çətinliklərinə sinə gərdiyini və böyük inamla yenidən Nüvədiyə qayıdacağı günü səbirsizliklə gözlədiyini və həmin günlərin heç də uzaqda olmadığına məndə də bir dəli inam yarandı...

Ömrünün 70 ilini arxada qoyan və həyatın bütün çətinliklərini görən ziyalı kimi mən də fikirləşdim ki, doğrudan da əgər xalqımız milli birliyi ortaya qoya bilsə və bir yumruq kimi birləşsə biz, nəinki Qarabağı və hətta Qərbi Azərbaycandakı torpaqlarımızı da tezliklə geri qaytara bilərik. Çünki 13 yaşında hakimiyyətə gələn ulu babamız, böyük sərkərdəmiz, dahi şairimiz Şah İsmayıl milli birliyin sayəsində az bir vaxtda Azərbaycanın bütün torpaqlarını birləşdirib və onun vaxtında məmləkətimizin 4.5 milyon kvadrat kilometr torpaqları olub. O vaxt Azərbaycan dünyanın ən böyük sahəsi və əhalisi olan ölkələrindən biri idi. Bütün güclü ölkələr bizimlə hesablaşıb həmin vaxtı. Deməli, bizim millət istəsə milli birlik yaradaraq, çox böyük igidliklər, qəhrəmanlıqlar eləyə bilər. Az bir vaxtda erməniləri və onların havadarlarını diz çökdürər. Axı atalarımızın tarixlərin süzgəcindən keçib bizə qədər gələn belə bir maraqlı kəlamı var: "El bir olsa dağ oynadar yerindən”...

“Öz döğma kəndimə qayıtmaq istəyirəm”Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<