Sosial şəbəkələrdə "Dominos Pizza Azərbaycan” şirkətinin sürücüsü İmanov Samir Elşad oğlunun qəzaya düşməsi barədə məlumat yayılıb. Bildirilir ki, şirkətin əməkdaşı "30 dəqiqə çatdırılma” kampaniyasına görə sürət həddini aşdığı üçün qəza törədib və vəziyyəti ağırdır.
Məsələ ilə bağlı açıqlama verən şirkətin marketinq və satış şöbəsinin rəhbəri Aynurə Seyidova bildirib ki, yayılan məlumatlar əsassızdır:
"Samir İmanov Xırdalanda təmir gedən yolda qəzaya düşüb. Qarşıdan sürücü gələn zaman Samir motosikletini sağa çəkəndə dizindən kiçik xəsarət alıb. Şirkətin meneceri əməkdaşımızı yoxlanış üçün xəstəxanaya aparıb. Sürücünün "30 dəqiqə çatdırılma” kampaniyasına görə sürət həddini aşaraq, qəza törətməsi yalan məlumatdır. Bir çox şirkətlər məhsullarını motosikletlə çatdırır və bəzən qəzalar qaçılmaz olur. Biz bu kampaniya ilə bağlı ictimaiyyətə kifayət qədər açıqlama vermişik. Kampaniya pis hava şəraitində keçərli deyil və pis hava şəraiti müşahidə olunan zaman kuryerlərimizi asta və təhlükəsiz sürməklə bağlı ciddi təlimatlandırırıq. Çatdırılmada gecikmə olan zaman müştəriyə verilən hədiyyə pizzaya görə əməkdaşımız heç bir maddi məsuliyyət daşımır”.
Şirkət nümayəndəsi onu da bildirib ki, bu cür məlumatlar qərəzli olaraq paylaşılır və onlar haqqında hüquqi platformada lazımi tədbirlər görüləcək.
Qeyd edək ki, bir müddət əvvəl şirkətin başqa bir sürücüsü Ülvi Məmmədov yol qəzasında dünyasını dəyişmişdi. Bu qəzadan sonra sosial şəbəkələrdə sürücünün "30 dəqiqə çatdırılma” kampaniyasına görə qəzaya düşdüyü bildirilmişdi.