SON DƏQİQƏ
» » Stressləri, depressiyaları aradan qaldırmağın yolları-PSİXOLOQ MƏSLƏHƏTİ

Stressləri, depressiyaları aradan qaldırmağın yolları-PSİXOLOQ MƏSLƏHƏTİ

Tarix:

22-04-2020, 17:01

/ 2 628 dəfə oxundu.
Stressləri, depressiyaları aradan qaldırmağın yolları-PSİXOLOQ MƏSLƏHƏTİ


Aytən Əliyeva: " İradəsi güclü olan insanlar, stressdən çıxa bilirlər”.
Aytən Əliyeva Nəsirəddin Tusi adına Dövlət Pedaqoji Universiteti bitirib. Psixoloqdur. Bir neçə il Qızlar, Kooperasiya və Biznes Universitetlərində psixologiya kafedrasında baş müəllim kimi çalışıb. Hal-hazırda Şərq-Qərb Tibb Mərkəzinin həkim psixoloqu, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının sosial elmlər kabedrasının baş müəllimi vəzifələrində uğurla fəaliyyət göstərir.
Bir neçə Beynəlxalq simpoziumlarda, konfranslarda iştirak eləmiş, mötəbər mükafatlara layiq görülmüşdür. Azərbaycanın telekanallarında ekspert kimi çıxış edir.
Bu gün Aytən Əliyeva müxbirimizn suallarına cavab verir.
- Aytən xanım, Sizə ənənəvi sual vermək istəyirəm. Niyə həkim, mühəndis, hüquqşünas, müəllim yox, məhz psixoloq oldunuz?
- Əslinə qalsa hüquqşünas olmaq istəyirdim. Bunun da səbəbi vardı, çünki insanların düşüncələri, daxili aləmləri, düzgün olmayan, ziddiyyətli addımları məni çox maraqlandırırdı. Necə olur ki, insan əlinə silah alıb cinayət törədir və yaxud oğurluq edir? Niyə cinayətkarlar çox vaxt deyirlər ki, "özümdən asılı olmayaraq belə hərəkət elədim və yaxud günahı boynundan atmaq istəyir”?
Görəsən onları bu addıma sövq edən nədir? Bu özündən asılıdırmı, təsadüfdürmü, yoxsa zərurətdir? Burada psixoloji problemlər mövcuddur. Əsas bu problemləri düzgün araşdırmaqdır. Məhz buna görə də psixologiyanı seçdim.
Düzünü deyim ki, seçim edəndə elmin bu sahəsini tam dərk etmirdim. İnsanlarla ünsiyyətdə olmaq, daxili aləminə nüfuz edib, onları narahat edən məsələlərlə maraqlanmaq güc gəldiyindən hüquqşünas olmaq fikrindən daşındım. Cinayətkarların törətdikləri hadisələrin motivlərini əsas göstərib hər hansı bir cəza tədbiri verilir. Cinayət törətməyən, baxmayaraq ki, səhvən onu bu işdə suçlayırlar, həmin adamların günahsız olduğu sübut olunur, sonra onların düşüncələrini, fikirlərini öyrənmək psixologiyada daha qabarıq şəkildə özünü büruzə verir. Məhz bu baxımdan elmin bu sahəsi mənə daha yaxın və doğma oldu. İnsanların iç dünyasına baş vurub, onları öyrənərək, tanımaq, dərk və analiz etmək çox maraqlıdır.
- XXI əsr yeni texnologiyalar, informasiyalar əsridir. Həyat sürətlə irəliyə doğru addımlar atır, insan beyni çox vaxt lazımsız məlumatlarla yüklənir… Bu da çox vaxt onların psixikasına təsir edir. Sizin fikrinizi bilmək pis olmazdı.
- Hər dövrün öz qanunları, öz psixologiyası var. Əfsuslar olsun ki, biz psixologiyanın inkişaf mərhələlərini eyniliklə hamıya şamil edirik. Məsələn, yaşadığımız dövr texnologiyalar əsridir və insan bu sahədəki yenilikləri qavradıqca beyin daha da açılır, inkişaf etmiş olur. Nəticədə biz psixoloqlar analiz etməyə köklənmiş oluruq. Yaşadığımız dövrdə insanlar "hər şeyi” və "özlərini xırdalığınacan, analizetmə dövrü”nə daxil olublar. Bunun müsbət və mənfi cəhətləri vardır. Lazımsız məlumatlar insan beyninə yüklənəndə, istər-istəməz düzgün analiz edib, doğru nəticəyə gəlmək mümkün olmur. Ona görə də, belə məlumatlar insan beynini məcrasından çıxarır, yanlış istiqamətlərə yönəldir. Bununda, təbii ki, nəticəsi çox zaman pis olur. Bu səbəbdən çalışmalıyıq ki, bizə lazımlı, gərəkli informasiyaları qəbul edək, çünki onda aydın, düzgün qərar qəbul etmək mümkündür.
- Çoxları psixoloqu psixiatrla səhv salırlar. Görünür, bu sahədə maarifçilik işləri düzgün qurulmur. Mənimlə razısınızmı?
- Çox düzgün vurğuladınız. Bəzən pasiyentlər yanımıza gələrək, dərman preparatları yazmağımızı xahiş edirlər. Yaxud belə bir sual verirlər ki, "bəs, siz bizə resept yazmayacaqsınız?” Belə hallarda başa salmağa çalışırıq ki, xeyr, bizdə müalicə metodumuz söz terapiyasıdır, art terapiyadır və s.Təəssüf ki, dediklərimizi çox vaxt anlamırlar, psixoloqla psixiatrı səhv salırlar. Onu da qeyd etmək istəyirəm ki, psixoloqlar somatik pozuntusu və yaxud da həyatında olan problemlərlə, psixiatrlar isə ancaq somatik və psixi pozuntusu olan insanlarla işləyirlər.
- Bu gün ədəbi mühitdə şeir yazanların sayı çoxalıb. Sizə elə gəlmirmi, elə psixoloqların da sayı artıb?
- Psixoloqların sayının artması heç də pis hal deyil. Onların insanlarla müntəzəm təmasda olması, ünsiyyət qurması ilk növbədə onların özləri üçün də vacib və gərəklidir. Təlim-tərbiyə ocaqlarında uşaq psixoloqlarının çalışması valideynlərə öz övladları arasında düzgün tərbiyə metodu seçməsində müsbət rol oynayan önəmli faktorlardandır. Tədris müəssisələrində yeniyetmə və gənclərlə aparılan doğru-düzgün işlər cəmiyyətə yararlı vətəndaşın təqdim olunması deməkdir.
Təəssüf ki, hər bir sahədə olduğu kimi, bu sahədə də peşəkarlıq, sənətə sevgi, məsuliyyət tələb olunur. Bununla belə, müəyyən problemlər movcuddur. Bəzi psixoloqlar işin mahiyyətini düzgün anlamadıqlarına görə, istiqamətidə düzgün qura bilmirlər. Unutmamalıyıq ki, bizim iş prosesimizdə qarşımızdakı insanın nə cinsiyyəti, nə də maddiyyatı önəm daşımır. Burada yalnız insan psixikası və onun yaşadığı problem əsas götürülür.
Belə düşünürəm ki, hər kəs öz işini dərindən bilsə, düzgün qursa, "psixoloq” adının məsuliyyətini dərk edib, bu "yükü” şərəf və ləyaqətlə daşısa cəmiyyətə daha çox fayda vermiş olar.
- Sizin qəbulunuza gələnləri daha çox nə narahat edir?
- Daha çox günün qlobal problemləriylə bağlı müraciətlər olur. Ailədə narazılıqlar, dəyərsizlik, basqılar, valideyn-övlad münaqişələri, yeniyetmə və gənclərin anlaşılmaması, və s. kimi məsələlər daha çoxdur. Sosial şəbəkələrlə bağlı yaranan problemlər və onların fəsadları ilə bağlı müraciətlər artmaqdadır; Nədir bunlar? Virtual tanışlıq, mübahisələr, böhtan, təhqirlər və s. Bütün bu neqativ hallar insanların əsəb gərginliyinə, psoxoloji durumunun pozulmasına səbəb olur. Bu gün insanlar daha çox mövcud şəraiti, dövrü qəbul edir, bəziləri isə texnikanın inkişafını başa düşsələr də, bunu qəbul eləyə bilmirlər. Nəticədə nəyisə qəbul etməmək səbəbindən stress yaşayırlar. Bu səbəblərdən psixoloqların sayının çox olması önəmlidir.
- Bədii əsərlərin birində oxumuşam. Cavan qız deyir ki, "mənim hər şeyim var; villam, bağım, maşınım, zinət əşyalarım, ancaq xoşbəxtliyim yoxdur”. Belə bir pasiyent Sizin qəbulunuza düşsəydi, hansı məsləhətləri verərdiniz?
- Belə pasiyentlərim olub, onu da qeyd edim ki, indiki zamanda belələri olduqça çoxdur. Onu da vurğulayım ki, var-dövlət xoşbəxtlik bəxş etmir. Bəzən insan, hər hansı istəyinə çatanda özünü dünyanın ən xoşbəxti sanır. Lakin həmin anın sabah nə ilə nəticələnəcəyi haqqında belə düşünmür. Yəni sonrakı proses onu maraqlandırmır. Xoşbəxtlik haqqında dəqiq düstur yoxdur, müxtəlif fikirlər mövcuddur. İnsan tam olaraq bilmir ki, onu xoşbəxt edən nədir. Bununla belə, əli çatmayacaq arzular da olsa, ümidini itirmir. Hesab edir ki, o ümidlər bir gün gerçəkləşəcək və o, özünü xoşbəxt sayacaq. Lakin onu da qeyd etmək lazımdır ki, hər bir imid bizi xoşbəxt edə bilməz.
Bir qisim insanlar müxtəlif xəyallarla yaşayırlar. Xəyalların gerçəkliyi onları xoşbəxtliyin astanasına gətirib çıxara bilərmi? Bu da problemlidir. Bununla belə, insan düzgün tərbiyəsi, ləyaqətli ailəsi, sevdiyi sənətə bağlılığı, ətrafında olan xoş auranın olması onu xoşbəxt eləyə bilər. Xoşbəxtlik heç bir maddiyyatla ölçülə bilməz! O, yalnız insanı rahatlada bilən bir hissdir. İnsan, nə qədər rahatdırsa, o, özünü xoşbəxt saya bilər.
- Tənhalıq! İnsan cəmiyyətdən, əzizlərindən, dostlarından qaçmaq fikrinə düşür, özünə qapılır. Görəsən, onu buna hansı psixoloji amillər vadar edir?
- Əvvəla, tənhalıq elə bir hissdir ki, insan doğulan andan bu hisslə dünyanı dərk etməyə başlayır. E. Frommun bununla bağlı, 4 xarakter tipi var. Onlardan biri TƏNHA tipidir. Bu tip insanlar ancaq tənha qalmaq istəyirlər, özlərinə qapanırlar. Bu, psixoloji pozuntu deyil, xarakterin tipidir. Belə insana bu cür həyat tərzi keçirmək daha rahatdır. Amma elə hallar da var ki, insan istəməyərəkdən, hər hansı bir situasiya ilə üzləşərək, psixoloji anlar yaşayır və tənha qalmağa düçar olur. Belə məqamlar psixoloji pozuntuya gətirib çıxaran bir amildir. Elə bir psixoloji pozuntuda var ki, tənhalıq insanı uçuruma aparır, intihara yol açır. İradəsi güclü olan insanlar stressdən, depressiyadan çıxa bilirlər və özlərini heç də tənha hiss eləmirlər. Lakin elə insanlar da var ki, kütlə içərisindədirlər, cəmiyyətdədirlər, əhatələri genişdir, gözəl ailəsi var, amma özünü tənha hiss edir. Tənhalığa qapanan belə adamlar zəif iradəli olduqarından bu durumdan çıxmağa çətinlik çəkirlər. Bu da zamanla psixoloji pozuntuya səbəb olur. Sağlam düşüncə və sağlam həyat tərzi, güclü iradə, özünəinam, həyata nikbin baxış, budur insanı xoşbəxt gələcəyə aparan əsas faktorlar!
-Psixoloq Bertran Rassel deyir ki, "tənhalıqdan qaçmağın yeganə yolu sevgidir”. Siz nə əlavə edərdiniz?
-Çox gözəl fikirdir. Mən isə deyərdim ki, hər sevgi insanı tənhalıqdan uzaqlaşdırmır, əksinə, elə sevgi hissləri var ki, insanı tənhalığa sürükləyir. Bu, çox qorxunc haldır, sevgidən qaçıb "qorxuya qapanmaq”. Buna "tənhalığın uçurumu” demək olar.
- Dayaz düşüncəli adamlar çox vaxt psixoloqları "falçı”, "görücü”, "inanc” yeri kimi hesab edirlər və onların qəbuluna məmnuniyyətlə gedirlər.
- Bəli, günümüzdə belə hallar çoxdur . Bu da, əsasən, cahillikdən, cəhalətdən irəli gəlir. Kamil insanlar belə düşünmürlər. Bəzən də, elə olur ki,baxırsan, savadlı adamdır, amma düşüncəsində "o təfəkkür” daha güclüdür. Falçıya, ekstrasensə, parapsixoloqa inanır və bununla sanki rahatlıq tapır. Belələri, sadəcə, özlərini aldadırlar. Onlarda bu "iş”ə həm alışqanlıq yaranır, həm də maddi cəhətdən ziyana düşürlər.
Bəzən yanımıza elə insanlar gəlib deyirlər ki, "mənə baxın, taleyimdən nə xəbər verə bilərsiniz?” və sairə. Sualdan da anlamaq olur ki, o insanın psixologiyasında cəhalət toxumu kök salıb. Bunu onlara anlatmaq bizə çox çətin olur. Hətta elə anlar yaranır ki, "psixoloqsunuzda, bunu bilmirsiniz?”- deyə bizə irad tutmağa çalışırlar. Biz isə onlara başa salırıq ki, psixoloqlar elmə əsaslanır, onun öz üsulları, metodları var. Hans Lukanın "Fizionomist” adlı kitabı var.Orada "Fizionomiya haqqında məlumatlar” verilir. Yəni üz cizgiləri, gözü, burnu, dodaqları, saçları, yerişi, bədəni, dili, dünya görüşü və sairə ilə insan haqqında ümumi məlumat verə bilərik. Amma bu, o demək deyil ki, biz qarşımızdakı insanın taleyini həll etmək iqtidarındayıq. Əsla! Hər şey Allahın əlindədir!!!
- Psixoloji sarsıntıları, stressi hansı üsullarla aradan götürürsünüz? Yoxsa, bu, sirrdir?
-Əslində, siz deyən kimi, hər bir sahənin, hər bir mütəxəssisin öz üsulu var. Ancaq bir üsulla işləyirik, deyə bilmərik. Ən əsas psixoterapevtik üsullara üstünlük veririk. Bununla yanaşı, hər bir mütəxəssisin, psixoloqun, həkimin pasiyentinə öz fərdi yanaşma tərzi, psixoterapevtik yanaşma üsulu, proseduru var.
- Bu gün cəmiyyətimizi narahat edən problemldən biri də boşanma hallarıdır. Siz ailənin dağılmasının əsas motivlərini nədə görürsünüz?
- Yanımıza gələn hər bir insanın boşanmasının əleyhinəyik. İstəmərik ki, ailələr dağılsın, uşaqlar valideynsiz, ya atasız, ya da anasız böyüsün. Bir azərbaycanlı ailəsi olaraq, "boşanma” sözü istər qadına, istərsə də kişiyə yaraşmayan "yamaq” kimi hallanmasını istəmərik. İstəmərik ki, insanlar həyatlarını bundan sonra "yarımçıq həyat” kimi sürsünlər. Amma ailələrdəki böyük problemləri, təcavüzü, şiddəti, daima təkrarlanan anlaşılmazlıqları və sairə nəzərə alsaq, belə ailələrin mövcudluğundansa, ayrılıq yolunu secmək daha düzgün olar. Çünki ailədə uşağın gözü qarşısında ata yaxud ana nəlayiq sözlər işlədirsə, bütün günü səs-küy və mübahisələr davam edirsə, şiddət varsa, o, zaman uşağın gələcəkdə bir şəxsiyyət kimi formalaşmasıda sual altında qalır. Bu uşaq necə böyüyəcək? Onda hansı xüsusiyyətlər üstünlük təşkil edəcək və necə xarakter formalaşacaq? Şiddətin şahidi olan uşaq, yeniyetmə hansı xoş arzularla yaşaya biləcək? Hay-küy, qalmaqal, yalan, xəyanət, şiddət!.. Bu, mühitdə böyüyən uşağın beyni ancaq zəhərlənə bilər! Onun bütün gözəl arzuları, xəyalları məhv olmuş olur, nəticədə qəlbi kin-kudurət, qisas, nifrət hissləriylə dolur. Bütün bunları nəzərə alaraq, valideynlərin boşanıb, ayrı-ayrılıqda yaşayaraq övladlarına sevgilərini göstərməsi, qayğılarını çəkməsi daha yaxşı, hörmətli olar. Motiv isə ondan yaranır ki, hər kəs özünü güclü bilir, ağıllı sayır, özünə bəraət qazandırır. Ürəkağrıdıcı haldır ki, ailə dəyərləri artıq pozulub. Valideynlər AİLƏ, Ata-Ana kimi yox, yalnız "ər-arvad” kimi özlərini düşünürlər. Və bəziləri də öz həyatlarını sərbəst yaşamaq, kimdənsə asılı olmamaq, məsuliyyətdən uzaq olmaq kimi, istəklərinə görə, boşanmaya üstünlük verirlər. Bu səbəbdən də boşanmaların sayı artmaqdadır.
- Bu, çox problemli məsələdir. Ailə dağılanda, adətən, uşaqlar əziyyət çəkirlər. Valideynlərin biri-birindən ayrı düşməsi uşaq üçün mənəvi zərbədir. Hətta bəzən onlar bərk sarsıntılar da keçirirlər. Bu haqda bir az ətraflı danışsanız pis olmazdı.
- Qeyd etdiyim kimi, biz, boşanmaların, ailələrin dağılmasının əleyhinəyik. İki sevən insanın bir-birindən ayrı düşməsi, bir-birinə nifrət etməsi böyük bir faciədir. Burada nəinki ər-arvad, qadın-kişi, dediyiniz kimi, hətta uşaqlar belə sarsıntı keçirirlər. Ata-anasını hər zaman bir yerdə görmək istəyən övladlar bu gözəl anlardan məhrum olurlar. Lakin, bir həqiqət var ki, işgəncə, əzab və iztirablar, təhqir və təzyiqlər olan ailədə sağlam mühitdən, xoş gün-güzərandan, xoşbəxtlikdən söhbət gedə bilməz. Belə mühitdə arzu və ümidlər də məhv olar. Ən başlıcası isə uşaqlar stress altında yaşamalı olurlar. Boşanmaya ərizə verməzdən əvvəl bu haqda ciddi düşünmək lazımdır.
- İsveç psixoloqu Karl Qustav Yunqun belə bir sözü var: "Uşaqlar böyüklərin sözlərindən yox, daha çox hərəkətlərindən öyrənirlər”. Axı, bu hərəkətlərdə bir soyuqluq, biganəlik, kobudluq var, elə deyilmi?
- Azərbaycanda belə bir deyim var: "Uşaq evin güzgüsüdür”. Nəyə görə belə deyilir? Ailədə olan problemləri uşaq öz üzərində sanki təkrarlayır və onu da kənarda göstərməyə çalışır. Biz uşağa görə ailəni analiz edirik. Uşaqda əgər laqeydlik, aqressivlik, qəddarlıq, kobudluq, yaxud da mehribanlıq, xoş niyyətlilik, xeyirxahlıq hissləri varsa, deməli, bunların hamısı ailədən gəlir. Ona görə də, biz hər zaman deyirik ki, uşaqlara dediyiniz "olmaz” sözünü öz həyatınızda tətbiq edin ki, uşaqda görüb bilsin: etsin yoxsa etməsin. Uşaq öz seçimini düzgün etməlidir. Amma uşağa qəti şəkildə "olmaz” deyib, qadağa qoyduğu hərəkəti valideyn edərsə, uşaq da onu təkrar edəcək. Bu, əsas amillərdən biridir.
- Belə bir deyim də var: "Uşaqların kobudluğu böyükləri cəzalandırmaq üçün bir vasitədir”.
- Bu fikirlə razılaşmıram. Uşaq öz-özünə kobud olmur. Bəzən elə uşaqlar var ki, analiz etmədən belə, atadan, anadan müəyyən xarakteri özünə aşılayır. Bu, xüsusiyyət genetik kod kimi, yaxud valideynlərdən gələn xüsusiyyətin götürülmə qabiliyyəti kimidə üzə çıxa bilər. Heç də böyükləri cəzalandırmaq üçün deyil, sadəcə olaraq, mən deyərdim ki, kobudluq böyüklərlə münasibətin düzgün qurulmamasından irəli gəlir.
- Psixoloq Vladislav Bojeday deyir ki, "Ən çətin qadın pasiyentlərə 8 martda Nərgiz gülü bağışlamaqla onun əhval-ruhiyyəsini dəyişmək mümkündür”. Siz öz pasiyentlərinizə heç gül bağışlamısınızmı?
- Gül bağışlamamışam, amma hədiyyə vermişəm. Mən bilirəm ki, pasiyentlərimə hansı hədiyyə rahatlıq gətirəcək və bir müddət məni sanki öz yanında hiss edəcək. Hədiyyəni xüsusi günlərdə deyil, adi günlərdə, o ana aid olan zamanlarda vermişəm və bunun da pasiyentlərimə çox böyük köməyi olub.
- Alman psixoloqu Erix Frommun sözlərinə görə,"Əgər insan sevməyi bacarırsa, deməli, o, özünü də sevir. Yox, əgər o, təkcə başqasını sevirsə, deməli, ümumiyyətlə heç kimi sevmir”. Sizin fikriniz…
- Əslində çox gözəl, maraqlı fikirdir. Məncə, insan hər zaman birinci özünü sevməlidir, sevginin dəyərini bilməlidir. Belə olan halda insan başqalarınıda sevməyə başlayacaq. Yox, əgər birinci özünü sevməyib başqasını sevərsə, təbii ki, özünü dəyərsiz sayar. O zaman həmin adamın hansı gücü, hansı potensialı qalacaq ki, başqasına olan sevgisini göstərsin? Mütləqdir ki, özünü sevəsən.
- Gənclərin narkotikə aludəçiliyi, nəticədə psixoloji problemlərin yaranması.Bu, problemləri aradan qaldırmaq üçün Sizə müraciət edənlər olurmu?
- Günümüzün əsas problemlərindən biri də məhz gənclərin narkotikə aludəçiliyidir.Hər bir yaxşı və pis addım yeniyetməlik dövründən başlayır. Bilirik ki, yeniyetməlik dövrü böhran, keçid dövrüdür. Bu, məqamlada pis vərdişlərə - narkotik, alkaqol, siqaret, xırda oğurluqlar və s. meyillilik artır. Müraciət edənlərdə çoxdur. Artıq valideynlər özləri övladlarını psixoloq yanına aparırlar. Əvvəllər, cinsiyyət baxımından, oğlanlar idisə, indi valideynlər qızlarını da gətirirlər.Təbii ki, narkotik sonradan psixoloji problemlər yaradır. Çünki narkotikə aludəçiliyin özünün başlanğıcı bir psixoloji problemdir. Zəif iradəli insanlar bu bəlaya tez düçar olurlar. Təlqinə getmək, başqalarının sözü ilə oturub-durmaq və s. iradə zəifliyidir. Narkomaniyanın kökü əsasən psixoloji problemlə başlayır. Təbii ki, bu müalicə yolu uzundur və insandan səbr, inam, iradə tələb edir. Hər şey insanın öz əlindədir. Yaşamaq istəyən insan ölümə sürükləyən yola "əlvida” deməlidir!
- Siz psixoloqların, bir neçə Beynəlxalq qurumların keçirdiyi tədbirlərdə iştirak etmisiniz. Bu gün alimləri narahat edən nədir?
- Əslində günün müəyyən problemləri, müxtəlif düşüncələrivar. Hər zaman alimləri narahat edən məsələlər olub. Bir neçəsini demək istəyirəm. Biz təfəkkürü öyrənirik, yəni insanın həyatını dərk etməsini. Təfəkkürün tam anlamı hələ də bilinmir, alimlər tərəfindən təsdiq olunmayıb. Şüurun funksiyası bu gün də alimləri narahat edir: belə ki, onun funksiyası dəyişilməzmi qalır, yoxsa dəyişilir? Yəni bu, hələ də araşdırılır. Belə problemlər movcuddur. Bununla bərabər, bizim gündəlik həyatımızda sosial problemlərimiz də var. Güzəran psixologiyasında da problemlərimiz var: ailə münaqişələrinin yaranması, texnikanın inkişafından yaranan əl əməyinin azalması və sairə kimi amillər.İnsan fiziologiyası əməklə formalaşır. Biz fizioloji baxımdan formalaşdıqca psixologiyamız da inkişaf edir. Əl əməyimiz nə qədər artarsa, inkişaf edərsə, beynimiz də bir o qədər açılar.
- Sosial şəraitin olmaması, işsizlik, düzgün qidalanmamaq, ədalətsizlik, ailə problemləri – bütün bunlar insanı çox vaxt stressə salır. Psixoloqlar cəmiyyətdə yaranan bu problemləri, az da olsa, aradan qaldırmaq gücünə malikdirlərmi?
- Təbii ki, sadaladığınız bütün problemlər insanı stressə salır. Davranış və hərəkətlərini düzgün analiz etməyə qadir olan iradəli, güclü insanlar stressdən özləridə çıxış yolu tapırlar. Digərləri isə mütəxəssisin köməyi ilə bu durumdan çıxa bilərlər. Təki istək olsun, heç olmasa bir addım atılsın. Belə bir fikir var: "Bir, ölümə çarə yoxdur”. Bu, həqiqətən belədir.
Stressləri, depressiyaları aradan qaldırmağın yolları-PSİXOLOQ MƏSLƏHƏTİMüsahibəni apardı: Eyruz MƏMMƏDOV,
Respublikanın Əməkdar jurnalisti
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ