SON DƏQİQƏ

Qaradağlı faciəsindən 28 il ötür

Tarix:

17-02-2020, 11:32

/ 1 286 dəfə oxundu.
Qaradağlı faciəsindən 28 il ötür

Xocavənd rayonunun Qaradağlı kəndi Qarabağ müharibəsində ən çox faciələrə düçar olan, ağrı-acı yaşayan kəndlərimizdəndir. Erməni işğalçılarına qarşı 4 il qəhrəmanlıqla mübarizə aparan bu kənd 1992-ci il fevralın 17-də işğal edilərək yandırılıb, dinc əhaliyə qarşı soyqırımı həyata keçirilib. 28 il əvvəl burada törədilən qətliam, kənd sakinlərinə verilən işgəncələr 200 ilə yaxın bir müddətdə erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasətinin davamı, Azərbaycan türklərinə bəslədikləri nifrətin nəticəsi idi.
Qaradağlı kəndi Xocavənd rayon mərkəzindən 13 kilometr qərbdə, Xocavənd-Xankəndi avtomobil yolunun kənarında, dağətəyi ərazidə yerləşir. 1988-ci ildə Dağlıq Qarabağda erməni separatçıları baş qaldırdığı andan Xocavənd rayonunun Qaradağlı kəndinin də faciəli günləri başlandı. Kəndin sakinləri böyüyüb boya-başa çatdıqları doğma yurdun hər qarışı, hər daşı uğrunda mübaizəyə qalxdı, onlarla kənd sakini ermənilərə qarşı qeyri-bərabər döyüşlərdə şəhid oldu.
1990-cı il noyabrın 24-də üç nəfər kənd sakini Xocavənd-Xankəndi yolunun 6 kilometrliyində erməni quldurları tərəfindən vəhşicəsinə qətlə yetirildi. 1991-ci il yanvarın 9-da kəndə gələn UAZ markalı avtomaşın ermənilər tərəfindən atəşə tutuldu, bir nəfər öldürüldü, dörd nəfər yaralandı. Onlardan ikisi sonralar aldığı yaralardan dünyasını dəyişdi. Ermənilər 1991-ci il martın 8-də kəndin yaxınlığında 2 nəfəri vəhşicəsinə qətlə yetirdilər. Həmin il iyunun 28-də kəndin 3 kilometrliyindəki fermada altı sakin - üç kişi və üç qadın diri-diri yandırıldı. 1991-ci il sentyabrın 8-də Ağdamdan Qaradağlıya gələn sərnişin avtobusu Xocavənd-Xankəndi yolunun 5-6 kilometrliyində erməni quldurları tərəfindən atəşə tutuldu. Avtobusdakı 40 nəfərə yaxın sərnişindən iki oğlan, altı qadın həlak oldu. 1992-ci il yanvarın 8-də kəndin yaxınlığında daha bir azərbaycanlı vəhşicəsinə qətlə yetirildi, 100-ə yaxın qoyun ermənilər tərəfindən qənimət kimi aparıldı.
1991-ci il dekabrın 19-da Xocavənd kəndi, 1992-ci il fevralın 12-də isə Şuşanın Malıbəyli kəndi işğal edilərək yandırıldı. Növbəti hədəf Qaradağlı idi. Kənddə vəziyyət getdikcə çətinləşir, faciənin törədiləcəyi gün yaxınlaşırdı.
1992-ci il fevral ayının 14-də erməni quldurları xarici muzdluların, xüsusilə Xankəndidə yerləşən sovet ordusunun 366-cı alayının texnikasından və canlı qüvvəsindən istifadə etməklə əlaqəsi hər tərəfdən kəsilmiş, köməksiz qalan Qaradağlı kəndinə hücuma keçdilər. Kənddə olan 104 sakin və 14 əsgər sonuncu gülləyə qədər 4 gün düşmənlə mübarizə apardı. Döyüşlərdə biri qadın olmaqla 14 nəfər həlak oldu. Silah–sursatı tükənən soydaşlarımız sonda ermənilər tərəfindən əsir götürüldülər və onların növbəti məşəqqətləri başlandı.
Kəndin Bəylik bağı adlanan yerində 23 sakin erməni cəlladları tərəfindən güllələndi, əksəriyyəti yaralı halda diri-diri silos quyusunda basdırıldı. Əsirlərin bir hissəsi Qaradağlı-Xankəndi yolu üzərində yerləşən erməni kəndlərində maşınlardan düşürülərək güllələndi. İki nəfər Zəki bulağında, 2 nəfər Cəmiyyət kəndində öldürüldü. Girovluqda olan 8 nəfər kənd sakininə ermənilər əzab və işgəncələr verərək onları amansızlıqla qətlə yetirdilər. Dörd nəfər müxtəlif dövrlərdə şəhid oldu. Beş nəfərin taleyi bu günə qədər məlum deyil.
Beləliklə, erməni işğalçılarına qarşı 4 il qəhrəmanlıqla mübarizə aparan Qaradağlı kəndi 1992-ci il fevralın 17-də işğal edilərək yandırılıb, dinc əhaliyə qarşı soyqırımı həyata keçirilib. İşğal zamanı 118 nəfər əsir götürülüb, 33 nəfər güllələnib. Erməni cəlladlar öldürülənləri və yaralı halda olanları bir yerdə təsərrüfat quyusuna tökərək torpaqlayblar. Ümumilikdə əsir götürülənlərdən 68 nəfəri öldürülüb, 50 nəfəri böyük çətinliklərlə əsirlikdən azad edilib. Əsir götürülənlərdən 10 nəfəri qadın, 2 nəfəri məktəbli olub. Azad olunanların 5 nəfəri qadınlar olmaqla 18 nəfər aldıqları sağalmaz yaralardan sonralar vəfat edib. Əsirlikdə saxlanılanlara qarşı vəhşi, vandalizm hərəkətləri ilə davranılması, insanların başlarının kəsilməsi, diri-diri basdırılması, dişlərinin çəkilməsi, ac-susuz saxlanmaları, döyülərək öldürülmələri insanlığa qarşı törədilmiş cinayət hadisəsi idi. Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi soyqırımı cinayəti nəticəsində Qaradağlı kəndində iki ailənin hər birindən 4 nəfər qətlə yetirilib, 43 ailə öz başçısını itirib, 146 uşaq yetim qalıb. Qaradağlıya Ermənistan silahlı qüvvələrinin həmlələri zamanı qətlə yetirilənlərdən 10-u qadın, 8-i məktəb yaşlı uşaq olub. Qaradağlı kəndində 91 nəfər, kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. İşğal nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər, azərbaycanlılara məxsus tarixi, dini, mədəni abidələr və qəbiristanlıq dağıdılıb. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşüb.
Qaradağlı faciəsinin şahidi Şamxal Şirinov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində 28 il əvvəl baş verən qanlı hadisələri xatırlayaraq deyib: "Fevral ayının 14-də düşmən kəndi mühasirəyə alaraq, hücuma keçdi. Qüvvələr qeyri bərabər olsa da, dörd gün müqavimət göstərdik. Döyüş vaxtı düşmənin xeyli canlı qüvvəsini məhv etdik. Ayın 17-də gülləmiz qurtardı və əsir götürüldük. Cavanları yaşlılardan ayıraraq, "kamaz”-a yığıb Xankəndi istiqamətində apardılar. Qocaları cavanlardan ayıraraq başqa maşınlara mindirdilər. Yaşlıları və 10 nəfər qadını birbaşa Xankəndi şəhəri tərəfə apardılar. Cavanları da başqa maşınla aparırdılar. Bəylik bağı deyilən yerdə maşını saxlayıb bir çoxumuzu güllələdilər. Ermənilərdən biri maşına minərək məni götürüb meytlərin üstünə atdı. Bu zaman aralıda dayanan başqa bir erməni mənə sarı gələrək başıma təpiklə vurdu, sonra məni ayağa qaldıraraq yenidən maşının içərisinə atdı. Öldürülənləri və yaralıları silos quyusuna töküb ekskovatorla üstlərini torpaqladılar. Sağ qalanları maşına yığdılar. Cəmiyyət kəndi yaxınlığında Xəlilov Zahidin meyitini düz yolun ortasında gördüm. Sinif yoldaşım Quliyev Nəbinin məndən 3-4 metr aralıda diri-diri başını kəsdilər. Digər kəndlimiz Mobili güllələyib öldürdülər. Sonra bizi Xankəndinə gətirdilər. Ağrılı-acılı günlərimiz başlandı. Bizə olmazın işgəncələr verdilər. Günlərlə ac-susuz qaldıq. Mart ayının 31-də əsirlikdən azad edildik”.
Qaradağlı kəndinin digər sakini Qara Kərimov faciədən illər keçməsinə baxmayaraq hələ də, həmin günləri xatırlayanda dəhşətə gəldiyini bildirib. Qara kişi həmin ağrılı-acılı günləri belə xatırlayır: "Kəndimizi mühasirəyə almışdılar. Güclü atışma oldu. Silahımız çatışmırdı. Kəndə kömək də gəlmirdi. Fevral ayının 17-si səhər "Zəki bulağı” tərəfdən çoxlu maşın gəldiyini gördük. Erməni hərbi qüvvələri kəndə dolurdu. Kənddəki idarə binasının alt mərtəbəsində toplaşdıq. Ermənilər hər tərəfdən binanı atəşə tuturdular. Oğlum Əliqismət üst mərtəbədə düşmənlərə cavab atəşi açırdı. Ermənilər Əliqisməti vurdular. O, ölüm ayağında ürək-dirək verib dedi ki, düşmənə təslim olmayın, son nəfəsinizədək kəndi müdafiə edin, qoymayın işğal altına düşsün. Binanı tam mühasirəyə almışdılar. Çıxış yolumuz yox idi, bizi əsir götürdülər. Yaşlıları, qadınları bir maşına, cavanları isə başqa maşınlara doldurdular. Cəmiyyət kəndinin yanında maşını saxladılar. Burada poçtun müdiri Həbibi və Zahidi öldürdülər. Biz Malıbəyli körpüsünə çatanda erməni silahlıları maşını saxlayıb yerə düşməyimizi əmr etdilər. Bu vaxt cavanları gətirən maşın da Malıbəyli körpüsünə çatdı. Gördük ki, maşında adam az qalıb. Məlum oldu ki, ermənilər cavanların çoxunu "Bəylik bağı” deyilən ərazidə güllələyiblər. Bizi Xankəndinə aparıb zirzəmiyə saldılar. Gecə çox üşüyürdük. Gecəni orda qaldıq. Bizə çox zülüm, işgəncələr verirdilər. Ac-susuz saxlayırdılar. Mart ayında məni bizimkilər geri ala bildilər. Bu qoca vaxtımda ən böyük istəyim doğma yurdumuza qayıtmaqdır”.
Qaradağlı kəndi işğal olunarkən Xudayət Tağıyev məktəbli idi. Ermənilərin vəhşilikləri Xudayətin də yaddaşında ağrı-acılarla dolu silinməz izlər buraxıb.
"Ermənilər 1990-cı ildən başlayaraq kəndimizi atəşə tutur, dinc sakinləri qətlə yetirirdilər. Kəndimizdə evlərin çoxu zərər çəkmişdi. Məktəbimiz dağıldığı üçün dərsə getmirdik. Bizi kəndin özünümüdafiə dəstəsi qoruyurdu. 1992-ci il fevralın 17-də ermənilər kəndimizi işğal edərək yandırdılar. Yüzdən çox kənd sakini girov götürüldü, xeyli adam öldürüldü. Mən və məndən bir sinif aşağıda oxuyan Əbülfət Hüseynov da girovların arasında idik. Girovluqda çəkdiyim əziyyəti, gördüyüm işgəncəni sözlə ifadə etmək çətindir. 17 gün sonra azad edildim. Əbülfətin taleyindən isə bu günədək heç bir xəbər yoxdur. O vaxtdan illər keçməsinə baxmayaraq hələ də çəkdiyim işgəncələri bədənimdə, görüb eşitdiyim təhqirləri qəlbimdə hiss edirəm. Müharibə mənim yaddaşımda sağalmaz izlər buraxdı. Mən sanki uşaqlığımı yaşamadan yaşlandım", - deyə X.Tağıyev bildirib.
Qaradağlı faciənin dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə Xocavənd Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə azərbaycan, rus və ingilis dillərində "Soyqırım: Qaradağlı”, azərbaycan, rus, ingilis və fransız dillərində "Soyqırımı Qaradağlı: davam edir...” və "Qaradağlı, mübarizə” sənədli filmləri çəkilib. Ermənistan silahlı qüvvələrinin Qaradağlı kəndində törətdiyi soyqırımla bağlı garadaghli.org internet saytı və "Qaradağlı Soyqırımı şahidlərin dili ilə” kitabı hazırlanıb. Bundan başqa şəhidlərin xatirəsini əbədiləşdirmək üçün Yeni Qaradağlı, Yeni Xocavənd qəsəbələrində və Nərgiztəpə ərazisində abidə kompleksləri ucaldılıb.
28 ildir ki, Qaradağlı kəndinin sakinləri Qaradağlısız yaşamağa məcburdur. Beyləqan rayonu ərazisində Xocavənd rayonundan olan məcburi köçkünlər üçün salınmış qəsəbədə məskunlaşan kənd sakinləri doğma yurd-yuvalarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ