SON DƏQİQƏ
» » Prezident: Azərbaycan dünya miqyasında güclü ölkələr sırasındadır

Prezident: Azərbaycan dünya miqyasında güclü ölkələr sırasındadır

Tarix:

14-01-2020, 10:32

/ 1 288 dəfə oxundu.
Prezident: Azərbaycan dünya miqyasında güclü ölkələr sırasındadır

Bu gün biz ötən ilin yekunları haqqında danışacağıq, görüləcək işlər barədə fikir mübadiləsi aparılacaqdır.

GunAz.az-ın məlumatına görə, bunu yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə giriş nitqində deyib.

Dövlət başçısı bildirib:

"Deyə bilərəm ki, bütövlükdə 2019-cu il ölkəmiz üçün uğurlu il olmuşdur. İlin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla icra edildi, ölkəmizin dayanıqlı inkişafı təmin olundu. Beləliklə, həm siyasi, həm iqtisadi, həm də sosial sahələrdə böyük uğurlar əldə edilmişdir. Azərbaycan sabitlik şəraitində yaşamışdır. Sabitlik hər bir ölkənin inkişafı üçün əsas şərtdir.

Biz il ərzində müxtəlif yerlərdə gərginliyin artmasını görürdük. Qanlı toqquşmalar, müharibələr, kütləvi etiraz aksiyaları, polis zorakılığı, insan haqlarının kobudcasına pozulması, demokratik dəyərlərin tapdalanması – bütün bunlar dünyanın demək olar ki, bütün yerlərində müşahidə olunurdu. Avropada, Asiyada, Latın Amerikasında, postsovet məkanında, bizim bölgəmizdə, Yaxın Şərqdə, dünyada gərginlik artır. Azərbaycan isə sabitlik məkanı kimi inkişaf edir. Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Azərbaycan xalqının iradəsi Azərbaycanda sabitliyin əsas təminatçısıdır. Xalq tərəfindən bizə göstərilən dəstək, bizim siyasətimizə verilən yüksək qiymət həm bizi daha da ruhlandırır və eyni zamanda, ölkəmizdə siyasi və iqtisadi sahələrdə sabitliyi təmin edir. Sabitlik pozulanda ölkələrdə böhran, xaotik proseslər baş verir, ölkələr böyük zərər görürlər. Biz bunu 1990-cı illərin əvvəllərində öz tariximizdə görmüşük. Azərbaycanda sabitlik pozulmuşdu, ölkə böhran içində idi, bizim böyük itkilərimiz olmuşdur. Amma artıq 26 ildir ki, Azərbaycan sabitlik şəraitində yaşayır və bu illər ərzində ölkəmiz çox böyük inkişaf yolu keçmişdir. Deyə bilərəm ki, ölkəmiz əsrə bərabər inkişaf yolu keçmişdir və bu gün Azərbaycan dünya miqyasında güclü ölkələr sırasındadır.

Keçən il bizim beynəlxalq mövqelərimiz daha da möhkəmləndi. Azərbaycanda bir neçə mötəbər beynəlxalq tədbir keçirilmişdir. Bu təbirlər ölkəmizin dünyadakı mövqeyini həm əks etdirir, həm də möhkəmləndirir. Azərbaycan dünya müstəvisində çox etibarlı tərəfdaş kimi tanınır və bizim beynəlxalq gücümüz də ildən-ilə artır. İl ərzində ölkəmizə 40-dan çox dövlət və hökumət başçısı səfər etmişdir, həm ikitərəfli formatda, həm də beynəlxalq tədbirlərdə iştirak üçün. Eyni zamanda, bizim qonşu dövlətlərin dövlət və hökumət başçıları ilə çoxsaylı görüşlərim olubdur və bu görüşlər çox önəmlidir. Çünki qonşularla münasibətlərin qurulması hesab edirəm ki, hər bir ölkə üçün prioritet olmalıdır. Azərbaycanın öz qonşuları ilə çox möhkəm və qarşılıqlı maraqlar əsasında formalaşmış əlaqələri mövcuddur. Bu əlaqələr keçən il daha da möhkəmləndi. Eyni zamanda, keçən il Azərbaycana Avropa İttifaqı Şurasının prezidentinin səfəri Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələri də əks etdirir. Bu səfər bu əlaqələrə böyük töhfə vermişdir. Bildiyiniz kimi, hazırda Avropa İttifaqı ilə biz yeni saziş üzərində işləyirik və ümid edirəm ki, bu işlər nəticə verəcəkdir.

Ölkəmizdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşü keçirilmişdir və Azərbaycan bu təşkilata sədrliyi öz üzərinə götürmüşdür. Eyni zamanda, ölkəmizdə Qoşulmama Hərəkatının Zirvə Görüşü keçirilmişdir. Bu Zirvə Görüşü çərçivəsində 120 üzv ölkənin yekdil qərarı ilə Azərbaycan BMT-dən sonra bu ikinci böyük beynəlxalq təsisata sədrliyi öz üzərinə götürmüşdür. Bu faktı xüsusilə qeyd etmək istəyirəm. Çünki Qoşulmama Hərəkatında birləşən bəzi ölkələr, belə demək mümkündürsə, bir-biri ilə yola getmirlər, ölkələr arasında münaqişələr, ixtilaflar var. Buna baxmayaraq, bütün ölkələr Azərbaycanın namizədliyini dəstəklədi. Bu, bir daha onu göstərir ki, beynəlxalq arenada bizə olan hörmət və etimad yüksək səviyyədədir.

Dünya dini liderlərinin II Zirvə Görüşü ölkəmizdə keçirilmişdir. Azərbaycana 70 ölkənin dini liderləri gəlmiş, bizim reallıqlarımızla tanış olmuş və ölkəmizdə dinlərarası, mədəniyyətlərarası istiqamətdə görülmüş işlərə yüksək qiymət vermişlər.

Azərbaycanda UNESKO-nun Dünya İrs Komitəsinin sessiyası keçirilmişdir. Bu da dünya miqyasında çox mötəbər tədbirdir. Bu sessiya çərçivəsində Şəki Xan Sarayı, Şəkinin mərkəzi hissəsi UNESKO-nun Dünya İrs Siyahısına daxil edilmişdir. Hesab edirəm ki, bu, çox böyük hadisədir. Çünki bu günə qədər Qobustan və İçərişəhər, Şirvanşahlar sarayı bu mötəbər siyahıya daxil edilmişdir. Hesab edirəm ki, Şəki Xan Sarayının bu siyahıda olması həm ədalətlidir, həm də bizim növbəti böyük uğurumuzdur.

Mən bir beynəlxalq tədbirə də diqqət yetirmək istərdim. Bu da keçən il Vaşinqtonda keçirilmiş Dünya Astronavtika Konqresidir. Bu, astronavtika sahəsində ən mötəbər tədbirdir. Bu konqres çərçivəsində Dünya Astronavtika Konqresinin 2022-ci ildə Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bu da çox önəmli hadisədir - həm konqresin keçirilməsi böyük hadisədir, eyni zamanda, Bakı ilə bərabər, daha üç böyük şəhər bu yarışda iştirak edirdi – Rio-de-Janeyro, Sinqapur və Dehli şəhərləri. Bu çətin yarışda Azərbaycan qalib gəldi. Yəni, bu, bizim gördüyümüz işlərə böyük diqqətdir və bütövlükdə Azərbaycana göstərilən növbəti etimaddır. Onu da bildirməliyəm ki, təxminən 50 il bundan əvvəl - 1973-cü ildə Sovet İttifaqında cəmi bir dəfə Dünya Astronavtika Konqresi keçirilmişdir, özü də Bakı şəhərində. O vaxt Heydər Əliyevin səyləri nəticəsində sovet məkanında məhz Bakı bu konqresin keçirilməsi üçün seçilmişdir. Təxminən 50 ildən sonra növbəti dəfə Bakıda bu konqres keçiriləcək, artıq müstəqil Azərbaycanın paytaxtı Bakı şəhərində".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ