SON DƏQİQƏ
» » 2019-cu il Azərbaycanda sosial islahatlar ili kimi yadda qalacaq- TƏHLİL

2019-cu il Azərbaycanda sosial islahatlar ili kimi yadda qalacaq- TƏHLİL

Tarix:

13-12-2019, 14:34

/ 1 839 dəfə oxundu.
2019-cu il Azərbaycanda sosial islahatlar ili kimi yadda qalacaq- TƏHLİL

Prezident İlham Əliyevin siyasi kursunun qayəsində vətəndaş amili durur

2019-cu il ölkə vətəndaşları üçün həm də sosial islahatlar ili kimi yadda qaldı. Belə ki, cari ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirildi. Pensiya və müavinətlər, əhalinin ən müxtəlif təbəqələrinin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı dövlət başçısının imzaladığı çoxsaylı Fərman və Sərəncamlar, xüsusilə bu ilin əvvəlindən həyata keçirilən sosial islahatlar dövlətin bu istiqamətdə davamlı siyasətinin nəticəsi hesab oluna bilər. Məlum olduğu kimi Azərbaycan dövləti vətəndaşların rifahının yüksəldilməsini, onların daha yaxşı yaşamasını təmin etməyi başlıca vəzifə hesab edir. Həyata keçirilən islahatlar, icra olunan çoxsaylı proqramlar, reallaşan sosialyönümlü layihələrdə məqsəd məhz budur. Bu siyasətin əsas özəlliklərindən biri də onun ardıcıl, davamlı xarakter daşıması və əhalinin ən müxtəlif təbəqələrini əhatə etməsidir. Onu da qeyd edək ki, prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətinin mərkəzində sosial sahə, əhalinin rifah halının yaxşılaşdırlması dayanır. Dövlət başçısı hələ ötən ilin aprelində ümumxalq dəstəyi ilə növbəti müddətə Prezident seçiləndən sonra sosial sahədə aparılacaq islahatlar barədə bəyan etmişdi. Həmin siyasətin ana xəttini ötən il imzalanmış Sərəncam və Fərmanlar, Prezidentin qanunvericilik təşəbbüsləri təsdiq edir. Ötən il imzalanan sənədlər ümumilikdə sosial sahədə islahatların çoxşaxəli aparılmasını şərtləndirdi. Əmək, məşğulluq, sosial müdafiə sahələrində instutisional quruculuq prosesləri geniş vüsət aldı. Hazırda da bu proses davam etməkdədir.

Cari ildə dövlət başçısı tərəfindən sosial təminat, sosial müdafiənin gücləndirilməsi üçün çoxsaylı müxtəlif Sərəncam və Fərmanlar verilib. Bu ilin əvvəlindən sosial sahədə inqilabi addımların atılmasına imkan verən sosial paketin ilk mərhələsi kimi, martın 1-dən etibarən minimum əməkhaqqı ölkəmizdə 130 manatdan 180 manata qaldırıldı və bu, 600 mindən çox vətəndaşı əhatə etdi. Sosial paketin ikinci mərhələsində isə iyunun 18-də imzalanan sərəncamla minimum əməkhaqqı 180 manatdan 250 manata çatdırıldı. Minimum əməkhaqqının artırılaraq 250 manata çatdırılması dövlət və özəl sektorda çalışanlardan 950 minədək insanın əməkhaqqının artmasına imkan verib. Onların sırasında əməkhaqqı 250 manata qədər olanlarla yanaşı, əməkhaqqı həmin səviyyədən yuxarı olanlar da var. Minimum əməkhaqqı artan zaman 19 pillədən ibarət Vahid Tarif Cədvəlinə uyğun şəkildə artırılır. Əməkhaqqının ən aşağı pilləsi, yəni minimum əməkhaqqı artdıqca bu, digər yuxarı pillələr üzrə olan əməkhaqlarında da artımı şərtləndirmiş olur. Eyni zamanda, minimum əməkhaqqı məbləği 250 manata çatdırılmaqla yaşayış minimumunu artıq 40 faiz üstələmiş oldu. Bu da Azərbaycan dövlətinin sosialyönümlü siyasətinin daha bir əyani təzahürü, dövlətin sosial inkişafının göstəricilərindən biridir. Ümumilikdə isə bu il ərzində ölkəmizdə minimum əməkhaqqının 92 faiz artırılmasına nail olunub. Beləliklə Azərbaycan minimum əməkhaqqının səviyyəsinə görə tək qonşu ölkələrlə yox, MDB ölkələri ilə müqayisədə edildikdə alıcılıq qabiliyyəti indeksi üzrə ikinci yerə qalxıb. Minimum əməkhaqqının artırılması ilə dövlət böyük vəsait ödənişinə gedərək vətəndaşların sosial rifahını gücləndirib. Sözügedən sosial paket nəticəsində minimum əməkhaqqı artımı ilə yanaşı, dövlət sektorunda işləyən təqribən 400 min vətəndaşın əməkhaqqı da artırıldı. Ümumilikdə bu əməkhaqqı artımı 1 milyon 350 min vətəndaşın əmək haqqının artmasına imkan verdi. Sosial sahədə yeni inqilabi addımlar olan bu artımlar üçün dövlət tərəfindən bu ilin qalan dövrü üzrə 660 milyon manat, illik 2 milyard manat əlavə vəsait ayrıldı. Eyni zamanda, bu ilin aprelində Prezident İlham Əliyev tərəfindən inqilabi qərar qəbul edildi və Azərbaycanda sosial müavinətlərin məbləği orta hesabla iki dəfə artırılaraq 600 min vətəndaşı əhatə edən geniş bir paket qəbul edildi və hazırda icra edilməkdədir.

Minimum pensiyaların artırılması barədə də prezident İlham Əliyev tərəfindən çox mühüm əhəmiyyətli qərar qəbul edildi və minimum pensiya 72 faiz artırıldı. Əvvəlcə 116 manatdan 160 manata, sonrakı mərhələdə isə 200 manata çatdırıldı. Bu qərar oktyabrın 1-dən qüvvəyə minib, bu islahat 660 min nəfəri əhatə edib. Gələn ildən isə onların hər biri indeksasiyaya görə 220-230 manat pensiya alacaq. Əlavə olaraq, pensiya sahəsində islahatın tərkib hissəsi olaraq 100 min vətəndaş xüsusi şərtlərlə pensiya təyinatı alanlardır və onların pensiyalarının artımı işləmiş olduğu sahələrdə əməkhaqlarının artımı ilə həyata keçirilir. Beləliklə də, həmin sahələrdə indiki əməkhaqqı artımları nəticəsində həmin pensiyaçılardan ibarət 94 min nəfərin pensiyaları orta hesabla 30 faiz artdı. Minimum pensiyanın artımı, həm də dövlət sektorunda əmək haqlarının artımı ümumilikdə pensiya sahəsində 750 min nəfəri əhatə etdi ki, bu da pensiyaçıların 60 faizi deməkdir. Qeyd edək ki, ölkədə sosial siyasətin mühüm cəhətlərindən biri də onun davamlılığıdır və bu rasional nəticələrlə müşayət olunur. Son 16 il ərzində 2 milyondan çox yeni iş yerinin yaradılması, əhalinin 1.6 milyon nəfər artması və nəhayət 10 milyonuncu sakinin dünyaya göz açması da məhz bu siyasətin bariz nümunəsi kimi xarakterizə edilə bilər. Sadalanan faktlar deməyə əsas verir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən davamlı islahatlar ilk növbədə vətəndaşların maraqlarına xidmət edir. Son zamanlar imzalanmış Sərəncam və Fərmanlar bir daha sübut etdi ki, Prezident İlham Əliyevin siyasi kursunun qayəsində vətəndaş amili durur.

GunAz.az

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ