SON DƏQİQƏ
» » “Arxamızda güclü Azərbaycanın dayandığını hiss edirik”

“Arxamızda güclü Azərbaycanın dayandığını hiss edirik”

Tarix:

15-11-2019, 13:34

/ 1 793 dəfə oxundu.
“Arxamızda güclü Azərbaycanın dayandığını hiss edirik”

Son bir ilə yaxın müddətdə Azərbaycan diasporunun təşkilatlanması, onun mütəşəkkil formada fəaliyyət göstərməsi istiqamətində təqdirəlayiq addımlar atılır. Müxtəlif ölkələrdə Azərbaycan diasporunun Koordinasiya Şurası yaradılır, ayrı-ayrı diaspor təşkilatları həmin Koordinasiya Şuralarının tərkibində birləşərək daha məhsuldar fəaliyyət göstərirlər. Onu da qeyd etmək lazımdır ki, sözügedən Koordinasiya Şuraları birbaşa Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinin iştirakı və onun xeyir-duası ilə təşkil edilir. Bu məqsədlə Komitə rəhbərliyinin ayrı-ayrı ölkələrə səfərləri, təşkil olunan görüşlər, keçirilən müzakirələr ümumilikdə diasporumuzun durumu, qarşılaşdığı problemlər və onun həlli yollarının tapılıb müəyyən edilməsinə dəstək olur.  Bu günlərdə Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinin anoloji görüşü Avstriyada baş tutub. Sözügedən görüş və aparılan müzakirələr barədə danışan Avstriya Azərbaycanlıları Cəmiyyətinin sədri Fərid Əzizli deyib ki,  bu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Avstriyada yaşayan azərbaycanlılarla ilk görüşü idi və görüş çox səmərəli keçdi. Onun sözlərinə görə, Komitə sədrinin Avstriyaya səfəri diaspora sahəsində bir canlanmanın təməlini qoyacaq: "Bundan sonra insanlar diaspora sahəsində daha aktiv fəaliyyət göstərəcəklər. Komitə sədrinin belə görüşlərinin digər ölkələrdə yaşayan azərbaycanlılarla keçirməsi düzgün və effektlidir. Bu, həmin ölkələrdə yaşayan soydaşlarımızda dövlətimizə, hakimiyyətimizə böyük inam, etibar qazandırır. Komitə sədri problemləri soydaşlarımızın dilindən eşidir, təklif və fikirlərini dinləyir. Avstriya respublikasında fəaliyyət göstərən müxtəlif iş adamları, incəsənət xadimləri və diaspora fəallarının görüşündə Avstriya Azərbaycanlıları Cəmiyyəti olaraq geniş tərkibdə biz də iştirak etdik. Bildiyiniz kimi Avstriya Respublikasında aktiv fəaliyyət göstərən tək diaspora Avstriya Azərbaycanlıları Cəmiyyətidir. Çıxışım zamanı diaspora sahəsində 2019-cu ildə keçirdiyimiz tədbirlərdən və onların əhəmiyyətindən bəhs etdim. Diaspora sahəsində gördüyümüz və görəcəyimiz işlər barədə Komitə sədrinə və Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri Qalib İsrafilova məruzə ilə çıxış etdim". Təşkilat sədri bildirib ki, Azərbaycan diaspora sahəsində digər ölkələrə baxdıqda çox yenidir və görüləcək çox işlər və çox problemlər var: "Bu barədə də tədbir iştirakçılarına bəhs etdim. Qeyd etdiyim kimi dünyada diaspora təcrübəsinə baxanda Azərbaycan hələ çox gəncdir. Bunu nəzərə alsaq diaspora sahəsində yetərincə problemlər mövcuddur. İlk problemimiz soydaşlarımızın yaşadığı ölkələrdə inteqrasiya problemidir, digəri Azərbaycan dilli məktəblərin olmamasıdır ki, bu barədə də söz açıldı. Bu kimi problemləri diaspor təşkilatları təkbaşına həll edə bilməzlər. Dövlət yardımına böyük ehtiyacımız var. Ümid edirəm ki, Komitə sədri bu problemlərin həllində bizə yardımçı olacaq. Diaspora sahəsində hər hansı bir problemin həlli Azərbaycanın xaricdə yüksək səviyyədə və yetərincə təbliği deməkdir, soydaşlarımızın həmrəyliyi, güclənməsi deməkdir". Fərid Əzizli onu da deyib ki, Komitə sədri ilə görüşə bir neçə həftə öncədən hazırlaşılıb və Avstriya Respublikasında olan soydaşlarımızla görüşüb onların təklif və problemləri qeydə alınıb: "Görüşümüz zamanı da bu problemlərdən bəhs etdik və Komitə sədri də öz növbəsində bu problemlərin həlli yolunda dövlət qurumu olaraq öz dəstəklərini verəcəklərini söylədi. Təbii ki, belə bir görüş bizdə gələcək planlarımızın həyata keçməsində bir ruh yüksəkliyi yaradır. Biz bir daha arxamızda güclü Azərbaycanın dayandığını hiss etdik. Yuxarıda qeyd etdiyim kimi Azərbaycan diaspor quruculuğu sahəsində yeni-yeni addımlayır. Hədəfimiz bu sahədə bizdən tarixən təcrübəli və güclü olan erməni diasporasının təbliğatını dağıtmaqdır. Düzdür, buna haradasa qismən də olsa nail olmuşuq, amma istədiklərimizi tam həyata keçirə bilməmişik. Buna görə də dövlətin mənəvi və maddi yardımına böyük ehtiyac duyulur. İnanırıq ki, Komitənin sədri Fuad Muradov bu sahədə bizə dəstək olacaq". Cəmiyyət sədri qeyd edib ki, keçirilən görüşdə Fuad Muradov diaspora sahəsində olan problemlərin ən başında pərakəndəliyin olduğunu deyib və diaspora təşkilatlarının birləşməsinin vacibliyini bildirib: "Bu sevindirici haldır ki, Komitə sədri diaspora sahəsində olan problemləri və öz təcrübəsini bizimlə bölüşür və vahid bir sistemə keçməyin zamanının gəlib çatdığından danışır. Onun fikirlərində böyük həqiqət var. Təşkilatlarımız arasında inteqrasiyaya böyük ehtiyac var, həmrəy olmağımız, gücümüzü birləşdirməyin zamanı çoxdan yetişib. Aramızda olan inciklikləri, umu-küsünü bir kənara qoymalıyıq, öz-özümüzə düşmən kəsilməməliyik. Aramızda təməli möhkəm olan bir körpü yaratmalıyıq. Bu körpünün qurulması prosesində təkcə dövlətimiz yox, imkanlı soydaşlarımız, xeyriyyəçi biznesmenlərimiz, diaspor sahəsindəki iş adamlarımız da iştirak etməlidirlər. Görüşdə Komitə sədri Fuad Muradov və səfir Qalib İsrafilov bizə tam dəstək verəcəylərini bildirdilər. Artıq bir neçə layihənin birlikdə həyata keçrilməsi müzakirə olundu və layihələrin başlanmasına start verildi. Düşünürəm ki, 2020-ci ildə cəmiyyətimiz daha böyük layihələrə imza atacaq və Azərbaycan diaspor təşkilatları arasında ilk yerlərdə qərar alacağıq. Amma onu da deyim ki, bu layihələrin həyata keçməsi o qədər də asan olmayacaq. Ümumiyyətlə, diaspor quruculuğu sahəsində heç bir layihə asanlıqla həyata keçmir. Bunun qarşısını almaq istəyən qüvvələr çox olur. İnanıram ki, bunların da öhdəsindən gələcəyik və istəyimizə nail olacağıq. Qarşımıza çıxacaq istənilən qüvvəni dəf etmək gücündəyik".

Qeyd edək ki, bu günlərdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Vyanada Avstriyada yaşayan azərbaycanlılarla görüş keçirib. Tədbirdə Azərbaycan dərnəklərinin rəhbərləri, azərbaycanlı icmanın fəal üzvləri, yerli ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Ölkəmizin Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri Qalib İsrafilov çıxış edərək azərbaycanlı icması və diaspor təşkilatları ilə əməkdaşlıqdan danışıb. Komitə sədri Fuad Muradov çıxışı zamanı ölkəmizin diaspor siyasəti, həyata keçirilən layihələr, xaricdə yaşayan soydaşlarımızın şəbəkələşməsi, onlayn platformalarda birləşərək daha mütəşəkkil fəaliyyət göstərmək imkanları haqqında geniş məlumat verib. Daha sonra Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasının İdarə Heyətinin sədri Yaşar Musayev, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Elşad Əliyev, Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin (AZER-DER) sədri Yardım Günəş, Avstriya Azərbaycanlıları Cəmiyyətinin sədri Fərid Əzizli və Azərbaycan Akademik Birliyinin sədri Akif Abdullayev çıxış ediblər. Natiqlər təmsil etdikləri təşkilatların fəaliyyət istiqamətləri və gələcək planlarından danışıblar.

GunAz.az

N.SAFURA

скачать dle 12.1

Şərhlər