SON DƏQİQƏ
» » Nöqsanlar deyilir, faktlar göstərilir, nəticə çıxarmaq əvəzinə jurnalist təqib olunur

Nöqsanlar deyilir, faktlar göstərilir, nəticə çıxarmaq əvəzinə jurnalist təqib olunur

Tarix:

14-11-2019, 17:06

/ 1 359 dəfə oxundu.
Nöqsanlar deyilir, faktlar göstərilir, nəticə çıxarmaq əvəzinə jurnalist təqib olunur

«Əgər kimsə problemləri malalamaq istəyirsə, səhv yoldadır.
Problemləri ört-basdır etməməliyik. Əksinə, üzə çıxarmalıyıq, o cümlədən
mən media nümayəndələrinə də dəfələrlə müraciət etmişəm, demişəm ki,
siz mənim köməkçilərimsiniz. Bəzi hallarda mən
dözülməz vəziyyətlə bağlı mediadan xəbər tuturam»

İlham ƏLİYEV

Bu gün Ulu Öndərimizin siyasi irsinin öyrənilməsi, təbliğ edilməsi, gənc nəslə aşılanması məqsədilə hər bir rayonda Heydər Əliyev Mərkəzləri yaradılmışdır. Məhz bunu nəzərə alan prezident İlham Əliyev oktyabrın 31-də Yevlax və Xaçmaz rayonlarına təyin etdiyi icra başçılarını qəbul edərkən çıxışında rayonlarda aparılan quruculuq-abadlıq işlərini yüksək qiymətləndirməklə yanaşı bir sıra nöqsanlardan, o cümlədən Heydər Əliyev Mərkəzlərində, Gənclər Evlərində onların fəaliyyətində olan nöqsanları da xüsusi qeyd etdi. Prezident bildirdi ki, “Heydər Əliyev Mərkəzləri demək olar ki, hər bir rayonda vardır. Nədir bu mərkəzlərin məqsədi? Odur ki, o mərkəzdə vətəndaşlar gəlib öz asudə vaxtlarını keçirsinlər, o mərkəzlərdə dərnəklər fəaliyyət göstərməlidir, o mərkəzlərdə sərgilər keçirilməlidir. O mərkəzlər rayonun mədəni həyatının ayrılmaz hissəsi olmalıdır. Ancaq mənə verilən məlumata görə, bəzi hallarda açılışdan sonra yenə də qapıları qıfıllanır və faktiki olaraq bu mərkəzlər işləmir”.

Prezident İlham Əliyevin Heydər Əliyev Mərkəzlərində olan vəziyyətlə əlaqədar əsaslı tənqidi fikirlərinə uyğun olaraq qeyd edim ki, Tovuz rayon Heydər Əliyev Mərkəzində də belə neqativ vəziyyət mövcuddur. Burada çox ciddi nöqsanlar, çatışmamazlıqlar barəsində, o cümlədən, mərkəzdə Ulu Öndərin siyasi irsinin, siyasətinin, şəxsiyyətinin təbliğ edilməsi, öyrədilməsi istiqamətində olan nöqsanlar Heydər Əliyev siyasi kursunun təbliğatçılarından biri - media nümayəndəsi olaraq məni də razı sala bilməz. Mərkəzdə dövlətimiz tərəfindən hər cür şərait yaradılmasına baxmayaraq əməkdaşların Heydər Əliyev siyasətindən, şəxsiyyətindən bixəbər olmaları, etik davranış qaydalarına əməl etməmələri, biliklərinə, savadlarına görə yox, kiminləsə yaxın qohumluq, dostluq münasibətlərinə görə təyin olunmaları heç kimə sirr deyil. Bunlardan biri də Tovuz rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Təranə Bayramovanın övladıdır.

RİH başçısının müavini T.Bayramovanın «təşkilatçılığı» ilə ciblərini yoxlayıb işə qəbul edilmələrinin nəticəsidir ki, mərkəzin əməkdaşları, o cümlədən qızı Nərgiz Sabirli, Aytac Abbasova və başqaları iş prosesini özlərinə məxsus mobil telefonlarda musiqi dinləməklə keçirirlər. Onlar musiqi sədaları altında Heydər Əliyev şəxsiyyətinə qarşı hörmətsizlik nümayiş etdirməklə iş vaxtlarında öz şəxsi işləri ilə məşğul olurlar.

Bir media nümayəndəsi, rayon sakini olaraq bir neçə dəfə həmin mərkəzdə Heydər Əliyevin siyasi fəaliyyətinin ayrı-ayrı dövrləri barəsində, o cümlədən Naxçıvan dövrü haqqında onlara suallar verdim. Mənim suallarımı cavablandırmaq əvəzinə Nərgiz Sabirli, Aytac Abbasova etik normaları pozmaqla «öz aləmlərində» qalmaqda idilər. Bu azmış kimi mənim mərkəzə gəlməyimi, Heydər Əliyev siyasətinin təbliğ edilməsi istiqamətində apardığım siyasi işin nəticəsi olaraq onlara Ulu Öndər barəsində suallar ünvanlandırmağımı tez bir zamanda Nərgiz Sabirli RİH başçısının müavini vəzifəsində işləyən anası Təranə Bayramovaya telefon vasitəsi ilə çatdırdı. Rəy kitabını da gizlətdilər.

Sonra necə deyərlər «oğru elə bağırdı ki, doğrunun ürəyi partladı» prinsipini reallaşdırmağı çalışdılar. Təranə Bayramovanın tapşırığı ilə mənə qarşı kobud rəftar edilməklə, məni şərləməyə başladılar.

Mərkəzdən çıxıb getdikdən təxminən 20 dəqiqə sonra Təranə Bayramova tərəfindən öyrədilmiş bir nəfər tanımadığım şəxs icra hakimiyyətinin yaxınlığında mənim qarşımı kəsərək kobud şəkildə məni təhqir etməyə, hədə-qorxu gəlməyə başladı. Hətta mənimlə əlbəyaxa olaraq «sən kimsən mərkəzə gedirsən, sənin nə ixtiyarın var sual verirsən, işçiləri təhqir edirsən» deyərək, başladı məni hədələməyə. Sonradan mənə məlum oldu ki, həmin öyrədilmiş şəxs mərkəzin gözətçisi ştatında olan, kefi istəyəndə işə gələn, kefi istəyəndə Rusiya Federasiyasında özü üçün pul qazanmağa gedib-gələn Cəfərov Elman Ramiz oğludur.

Mən, Heydər Əliyev Mərkəzi əməkdaşlarının bu cür hərəkətləri, əməlləri, Ulu Öndərin siyasətindən bixəbər olmaları, bu siyasi kursun təbliği istiqamətində heç bir maarifləndirici işlər görməmələri, bu siyasi kursun təbliğatçısı olaraq mənə qarşı kobud rəftar etmələri, məni şərləmələri, onların işdən azad edilərək ixtisaslı kadrlarla əvəz edilmələri və s. barəsində 30 sentyabr 2019-cu il tarixli şikayət ərizəmlə Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirova, surəti Mədəniyyət naziri Əbülfəs Qarayevə olmaqla müraciət etdim. Vüqar Qədirov Azərbaycan Respublikası Konstitusiyasının, Vətəndaşların Müraciətləri Haqqında Qanunvericiliyin, Kütləvi İnformasiya Vasitələri Haqqında Qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq, şikayət ərizəmdə qeyd etdiyim həllivacib məsələlərin həlli ilə məşğul olmadı. O, həmin şəxsləri vəzifələrindən kənarlaşdırmayaraq, mərkəzi ixtisaslı kadrlarla zənginləşdirmədi və beləliklə də mərkəzdə əsaslı dönüş yaratmamaqda davam edir. Bütün bu və digər faktlar təsdiq və sübut edir ki, nə Təranə Bayramovanı, nə də Vüqar Qədirovu Heydər Əliyev Mərkəzində müdrik rəhbərimizin siyasətinin təbliğ edilməsi, eyni zamanda bu siyasi kursu təbliğ edən media nümayəndəsinin həmin əməkdaşlar tərəfindən təqib edilməsi maraqlandırmır. Onları yalnız və yalnız şəxsi maraqları düşündürür. Əgər belə olmasa idi, həmin şəxslər tez bir zamanda mərkəzdən uzaqlaşdırılardı. Onları savadlı, bilikli, etik normalara əməl edən Ulu Öndərin siyasətini dərindən bilən işçilərlə əvəz edərdilər. Həmçinin onları Heydər Əliyev siyasətinin təbliği maraqlandırsa idi göstərilən faktlardan nəticə çıxarardılar. «Heydər Əliyev Mərkəzi» yazılmış cümlələrdə olan hərflər, sözlər bərbad vəziyyətdədir. Həmin sözlərin isə Ulu Öndərin adına uyğun yazılmasını belə təmin etmək istəmirlər. Görüntü xatirinə, özlərini dövlətə sədaqətli məmur kimi təqdim etməklə milli maraqlarımızdan öz şəxsi maraqlarını üstün tuturlar.

Xatırladım ki, prezident İlham Əliyev çıxışında bir daha qeyd etdi ki, «əgər kimsə problemləri malalamaq istəyirsə, səhv yoldadır. Problemləri ört-basdır etməməliyik. Əksinə, üzə çıxarmalıyıq, o cümlədən mən media nümayəndələrinə də dəfələrlə müraciət etmişəm, demişəm ki, siz mənim köməkçilərimsiniz. Bəzi hallarda mən dözülməz vəziyyətlə bağlı mediadan xəbər tuturam».

Hesab edirəm ki, mənim bu çıxışımdan sonra öz şəxsi maraqlarını milli maraqlarımızdan üstün tutan Heydər Əliyev siyasətinin təbliğ edilməsini özü üçün maraqlı hesab etməyən, mənə qarşı mənəvi repressiyanın önündə gedən Təranə Bayramovanın, Vüqar Qədirovun barəsində də çox ciddi tədbirlər görüləcək. Tovuzda Heydər Əliyev siyasi kursunun geniş təbliği üçün mərkəzdə əsaslı dönüş yaradılacaq.

Mövzuya yenidən qayıdacağıq.

Dəmir QURBANLI

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ