SON DƏQİQƏ

Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı keçiriləcək

Tarix:12-07-2019, 11:43 Oxunub:1 744

Sentyabrın 28-dən oktyabrın 1-dək Azərbaycanda Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı keçiriləcək.

GunAz.az xəbər verir ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşacaq festival dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığının tədqiqi və təbliği, onun fikir və düşüncələrinin müasirlikdə əksini izləmək məqsədi daşıyır. Silsilə tədbirlərdə Nəsimi poeziyası, böyük mütəfəkkirin fəlsəfi ideyaları müxtəlif incəsənət növləri və onların ahəngi vasitəsilə tərənnüm ediləcək.

Xatırladaq ki, Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı ilk dəfə 2018-ci il sentyabrın 27-dən 30-dək keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 yanvar 2019-cu il tarixli Sərəncamı ilə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ilə əlaqədar bu il “Nəsimi ili” elan olunub.

Festival, ötən ilki kimi, şairin fəlsəfi baxışlarını əks etdirən “Simadan – asimana” və onun öz kəlamından götürülən “Zərrə mənəm, günəş mənəm…” şüarları ilə keçiriləcək. Layihə çərçivəsində həm Nəsiminin doğma diyarı Şamaxıda, həm də paytaxt Bakı və ətraf qəsəbələrdə müxtəlif sənət növləri və bilik sahələrini əhatə edən tədbirlər təşkil olunacaq.

Festivalda beynəlxalq miqyasda tanınmış nəsimişünaslar, şair və alimlər, filosoflar, rəssamlar, musiqi, rəqs və teatr qrupları iştirak edəcək.

Rusiyalı psixoloq Aleksey Sıtnikov, italiyalı şair David Rondoni, Azərbaycan əsilli, Böyük Britaniyada yaşayan filosof və rəssam Zeyqəm Əzizov mühazirələrində Nəsimi fəlsəfəsi ilə dünyada məşhur olan bir sıra nəzəriyyə və konsepsiyalar arasında paralellər aparacaqlar.

N.SAFURA

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<