SON DƏQİQƏ
» » Bakıda "Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması" təsis olunub

Bakıda "Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması" təsis olunub

Tarix:

12-06-2019, 14:30

/ 1 909 dəfə oxundu.
Bakıda "Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması" təsis olunub

İyunun 12-də Bakıda regional təhlükəsizlik və əməkdaşlıq üzrə parlament konfransı və Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platformasının təsis konfransı keçirilib.

GunAz.az xəbər verir ki, tədbir Azərbaycan Respublikası Milli Məclisinin təşkilatçılığı ilə reallaşıb.

Konfransın keçirilməsində məqsəd regional təhlükəsizliyə təhdid yaradan amillərin qarşısının alınması yollarını, qarşılıqlı inam və dialoqun gücləndirilməsi, iştirakçı ölkələr arasında əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsi, nəqliyyat və enerji sahələrində əlaqələrin inkişaf etdirilməsi məsələlərini müzakirə etmək, həmçinin Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platformasını yaratmaqdır.

Tədbirdə çıxış edən ATƏT Parlament Assambleyasının vitse-prezidenti, Milli Məclisin deputatı Azay Quliyev bildirib ki, mövcud çağırışların birgə həlli, regionda sülh və təhlükəsizliyin bərqərar olması naminə beynəlxalq təşkilatların, regional və qlobal güclərin əməkdaşlıq və dialoq imkanlarının genişləndirilməsinə, bu istiqamətdə yeni yanaşmalara və təşəbbüslərə ciddi ehtiyac var. Bu baxımdan ATƏT PA-nın iştirakı ilə Regional Təhlükəsizlik və Əməkdaşlıq üzrə Parlament Konfransının Bakıda keçirilməsinin, Almaniya, Türkiyə və Azərbaycandan olan parlamentarilərin ilk dəfə olaraq belə formatda bir araya gələrək regionu narahat edən məsələləri müzakirə etməyə başlamasının çox böyük əhəmiyyəti və siyasi perspektivi var.

ATƏT Parlament Assambleyasının prezidenti Georgi Tsereteli çıxış edərək konfransın əhəmiyyətindən danışıb. O bildirib ki, ATƏT üzv dövlətlər arasında əlaqələrin inkişafını təşviq edir. Münaqişələrin həlli, problemlərin aradan qaldırılması üçün dialoq ən optimal yoldur. Georgi Tsereteli inandığını bildirib ki, bu gün aparılacaq müzakirələr qarşılıqlı dialoqun daha da inkişaf etdirilməsi işinə öz töhfəsini verəcək.

Milli Məclisin sədr müavini Bahar Muradova həssas məqamlarla zəngin müasir dövrdə Azərbaycanın belə bir tədbirə ev sahibliyi etməsinin qürurverici olduğunu deyib. Bahar Muradova belə bir platformanın yaradılmasının beynəlxalq hüququn prinsiplərinə tam uyğun olduğunu deyib. Qeyd edib ki, müasir dövrdə davamlı sülh münasibətlərinin qurulmasına ciddi ehtiyac var. Bakı Parlament Platforması gələcəkdə öz ətrafında daha çox tərəfdaş toplaya və münaqişələrin həllində böyük rol oynaya bilər. Bu platformanın əsas hədəflərindən biri də əməkdaşlığı inkişaf etdirmək olacaq. Bu platforma vasitəsilə gücümüzü və səylərimizi birləşdirərək beynəlxalq miqyasda da münaqişələrin həllinə öz töhfəmizi verə bilərik.

Almaniya Bundestaqının vitse-prezidenti Tomas Operman da yeni platformanın regional və beynəlxalq münaqişələrin həllində mühüm rol oynayacağına inandığını bildirib. O, yeni platformanın Azərbaycanın münaqişələrin həlli işinə növbəti töhfəsi olduğunu deyib.

Azərbaycan ilə Almaniya arasında sıx münasibətlərin olduğunu deyən T.Operman bu əlaqələrin daha da intensivləşdiyini deyib.

Türkiyə Böyük Millət Məclisinin vitse-spikeri Süreyya Sadi Bilgiç belə bir platformanın yaradılmasının bir çox baxımdan böyük əhəmiyyətə malik olduğunu deyib. O, əmin olduğunu bildirib ki, platforma çərçivəsində aparılacaq müzakirələr münaqişələrin həllinə böyük töhfə verəcək. Süreyya Sadi Bilgiç belə bir təşəbbüsün Azərbaycan tərəfindən irəli sürülməsinin Türkiyə üçün də qürurverici olduğunu deyib.

Regionda sabitliyə təhdid olan və 30 ilə yaxındır ki, davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan vitse-spiker Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bir daha xatırladıb.

Tədbir çərçivəsində "Siyasi dialoqun, regional əməkdaşlığın və təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlmiş mexanizmlərin genişləndirilməsi üçün yeni imkanlar" mövzusunda panel iclas da keçirilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ