SON DƏQİQƏ

Bir görüşün təəssüratları

Tarix:

21-05-2019, 18:00

/ 709 dəfə oxundu.
Bir görüşün təəssüratları

Nəriman Həsənzadə: “Həmin tədbirdən sonra yaşamaq və yaratmaq istəyirəm. Çünki beynimdə çoxlu mövzular var ki, onları tezliklə yazıya köçürməliyəm”.

Abşeron rayonunun məktəblərinin müasir ədəbiyyatımızın canlı klassiki, Xalq şairi, görkəmli alim, şeirləri, poemalara, nəsr əsərləri dünya xalqlarının çoxlu dillərinə tərcümə olunan, pyesləri Azərbaycan səhnəsində böyük uğur qazanan, xalqın sevimlisi Nəriman Həsənzadə ilə keçirilən görüşü həqiqətən də böyük tarixi hadisə oldu. Bu gün, günümüzün problemli vaxtında ədəbiyyata, poeziyaya belə böyük maraq, həqiqətən də inanılmaz dərəcədə böyük hadisə oldu. Masazır qəsəbəsindəki 4 saylı tam orta məktəbdə baş tutan bu görüşdə Abşeron rayonunun 40 məktəbinin direktorları, direktor müavinləri, müəllimləri, məktəblərin qabaqcıl şagirdləri, Abşeron rayon Təhsil şöbəsinin müdiri Nazilə Məmmədova, rayonun rəsmi nümayəndələri də iştirak edirdilər. Həmin gün Abşeron rayonunda böyük tarixi, əsl poeziya bayramı oldu desəm yerinə düşər.

Masazır qəsəbəsində yerləşən, müasir Avropa üslubunda tikilmiş 4 saylı tam orta məktəbin direktoru Roza Məmmədova bu görüşü açaraq, tədbirə gələn qonaqları səmimi salamladı və dedi:

-Nəriman müəllimi məktəbimizdə görmək nəinki mənə, hətta bura gələn Abşeron rayonunun 40 məktəbinin direktorlarına, müəllimlərinə və şagirdlərinə də böyük zövq verir. Dəvətimizi qəbul edib gəldiyinə görə xalqımızın böyük şairinə hamımızın adından dərin təşəkkürümü bildirirəm. Nəriman müəllim nə yaxşı ki, siz varsınız və Böyük Yaradandan diləyimiz budur ki, sizi həmişə qorusun. İnanıram ki, sizin görüşünüzlə bağlı hazırlanan bu ədəbi-bədii kompazisiya xoşunuza gələcək və bu gün Abşeron rayonunun tarixində ən gözəl gün kimi qalacaq. İndi isə sözu məktəbin ədəbiyyat müəllimi, bu tədbirin aparıcı Sevda xanıma və məktəbimizin şagirdlərinə verirəm.

Sonra Sevda xanım və məktəbin şagirdləri Nəriman Həsənzadənin ayrı-ayrı illərdə yazdığı şeirləri yüksək peşəkarlıqla ifa elədilər. Bu tədbirin gedişi vaxtı söz, bu görüşün təşkilatçısı, səbəkarı, Qarabağ müharibəsi iştirakçısı, əsl vətənpərvər insan, çox maraqlı şair-jurnalist, “Təzadlar” qəzetinin əməkdaşı Elçin Məmmədliyə verildi. O, çıxışını belə başladı:

-Əziz müəllimlər, şagirdlər və gələn qonaqlar. Biz hamımız bu gün tarixi bir hadisənin şahidiyik. Çünki müasir ədəbiyyatımızın canlı klassiki Nəriman Həsənzadə ilə görüş böyük bir tarixi hadisədir. Şairin belə bir şeiri var:

 

Mənim də gəmim yan alır sahilə,

Sular lal dayansa, o gələ bilməz.

Həyatda ən böyük istedad belə,

Bir sığal görməsə, yüksələ bilməz.

 

Mən görüşdən əvvəl foyedə 40 məktəbin təqdimatı zamanı şagirdlərin istedadına, bacarığına heyran qaldım. Əziz məktəb direktorları, əziz müəllimlər, Nəriman Həsənzadənin tövsiyyəsinə əməl edərək, o istedadlı şagirdlərdən sığalınızı, dəstəyinizi heç vaxt əsigəməyin. Çünki onlar bizim gələcəyimizdi. Abşeron rayon

Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədovaya bu rayonda olan 40 məktəbə göstərdiyi qayğıya, məktəblərin vahid bir kollektiv kimi həmrəyliyinə, təşkilatlanmasına görə təşəkkür edirəm. Bu gün həqiqətən də Abşeron rayon təhsili öz inkişafına, şagirdlərin ali məktəblərə qəbuluna görə respublikada əsas yerlərdən birini tutur.

Sonra Elçin Məmmədli Nəriman müəllimlə 34 illik dostluğundan, ata-bala münasibətindən danışdı. Onun “Tale” şeirini, “Kimin sualı var?” poemasından parçalar söylədi. Elçin Məmmədlinin çıxışı tez-tez sürəkli alqışlarla qarşılandı. Sonra Nəriman Həsənzadənin sözlərinə yazılmış mahnılar səsləndi. Bu mahnılar da hamıda böyük maraq yaratdı.

Nəriman Həsənzadənin dəvətilə görüşdə iştirak edən dostları- “Atatürk” və “Yunis İmrə” mükafatlarının qalibi Hacan Hacısoy, Cənubi Azərbaycandan olan çox maraqlı vətənpərvər həkim-şair Aqşin Ağkəmərli, Sumqayıt Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru, şair-publisist Rafiq Yusifoğlu çıxış edərək, Nəriman Həsənzadə yaradıcılığından, şəxsiyyətindən, bədii əsərlərinin mahiyyətindən, ictimai fəaliyyətindən danışaraq müasir ədəbiyyatımızın canlı klassiki, 88 yaşlı böyük ədibə can sağlığı, bundan sonra da böyük yaradıcılıq uğurları arzuladılar.

... Belə səpkili məqalələr çap olunanda çox vaxt jurnalistlər yazırlar ki, sorda şairə də söz verildi. O, öz ürək sözlərini dedi və təşəkkürünü bildirdi. Amma nə dediyi yazılmır. Onun hansı təəssüratları olduğu yazılmadığına görə biz bilmirik. Mən, həmişə yazılan bu ənənəni pozaraq belə qərara gəldim ki, Nəriman Həsənzadənin həmin tədbir haqqında öz təəssüratlarını qələmə alım və oxucularla onun fikirlərini bölüşüm. Məhz ona görə də həmin tarixi və çox maraqlı görüşlə bağlı Nəriman müəllimə müraciət elədim. Bu haqda o, belə dedi:

-Mən bu tədbirdə iştirak eləyəndə gördüm ki, bizdən sonra böyük bir Azərbaycan gəlir. Yeni bir nəsil olan o qüvvəni mən orada tam gördüm. Mən onlarla fəxr eləyirəm. Təsəvvür eləyin ki, foyedə çox geniş və rəngarəng bir sərgi açılmışdı. Orada 40 məktəbin hər birinin orijinal sərgisi vardı və onlar bu sərgi ilə həmin oxuduqları məktəbi təmsil eləyirdilər. Burada şagirdlərin əl işləri, şairlərin, yazıçıların portretləri, şəkilləri, folklor nümunələri vardı. Məni ikinci sinif şagirdi olan yaraşıqlı bir oğlan İmadəddin Nəsimi babamızın qiyafəsində və onun “Sığmazam” şeirilə qarşıladı. Onun peşəkar aktyor sayağı çıxışı hamımızı riqqətə gətirdi. Həmin guşələrin birində 6-7-ci sinif şagirdi olan bir qız öz guşəsini təqdim eləyəndən sonra mənə dedi: “Nəriman müəllim. Anam deyib ki, siz onun ən sevimli müəllimlərindən biri olubsunuz. Anam tapşırıb ki, mütləq Nəriman müəllimlə şəkil çəkdir. İcazə verin sizinlə şəkil çəkdirim”. Bu qızın sözlərindən sonra inanın ki, mənim sevincdən gözlərim doldu. Onunla şəkil çəkdirdim və dedim ki, anasına məndən salam desin. Foyedəki guşələrin birində şagirdlərdən biri Əliağa Vahid qiyafəsində, hətta əlində Vahidin qəlyanı qarşımda baş əyib, böyük şairin Bakıya həsr elədiyi bir şeiri elə Əliağa Vahid ləgərliyilə, aramla söylədi. Bu oğlanın da çıxışı hamımızın xoşuna gəldi. Ümumiyyətlə hər bir guşədə şagirdlər Bir görüşün təəssüratlarıya şeir deyir, ya mahnı oxuyur, ya da sazda çalıb-oxuyurdular.

O guşələrdə Azərbaycan Cümhuriyyətinin də tarixi bütövlükdə əks olunmuşdu. Orada 100 il bundan qabaq Azərbaycan Demokratik Respublikasını quranların da şəkilləri vardı. Klassik, yaşlı və müasir şairlərimizin, yazıçılarımızın da şəkilləri,

portretləri vardı. Desəm ki, “bütövlükdə Azərbaycanın həyatı orada yüksək səviyyədə əks olunmuşdu” fikri burada daha yerinə düşər.

Bu tədbir elə bil ki, mənimlə görüş yox, mənim 88 yaşımın yubileyi idi. Özü də təkcə mənim yox, elə bil ki, bütövlükdə Azərbaycanın yubileyi idi. Ona görə də bu tədbirin ərsəyə gəlməsində xidməti olan bütün insanlara hədsiz sevgimi, minnətdarlığımı bildirirəm. Orada hamının sinəsi sözlə dolu idi. O görüş maraqlı bir poeziya gecəsi oldu. Cənubi Azərbaycandan olan Aqşin Ağkəmərlinin, yaradıcılığına böyük hörtmətim olan Hacan Hacısoyun, professor Rafiq Yusifoğlunun, elə mənim cavan dostum Elçin Məmmədlinin çıxışı və başqalarının fikirlər hamısı maraqla qarşılandı. Həmin tədbirdə biz, mənim yaşıdlarım Söhrab Tahiri, Məmməd Arazı, Xəlil Rza Ulutürkü, Famil Mehdini xatırladıq. Mən həmin tədbirə daxilən də onlarla birlikdə getmişdim. Amma onlar görünmürdü, görünən tək mən idim. Mən isə onları görürdüm. Onların ruhu orada idi. Hiss eləyirdim ki, onlar yanımdadır. Sizə səmimi deyim ki, mən belə maraqlı, səmimi görüş görməmişdim. Hamısı yüksək hazırlıqlı idi. Hamısı da milli geyimdə. Deməli, həmin şagirdlərlə müəllimləri yüksək səviyyədə məşq eləyib, onları bu tədbirə layiqincə hazırlaşmışdılar. Bir uşaq saz çalırdı. İnanın saz ondan böyük, hündür idi. Amma elə peşəkarlıqla saz çalırdı ki, adam heyran olmaya bilmirdi. O, özünün peşəkar saz çalması ilə hamımızı heyran elədi.

-Bu görüş sizə yeni bir yaradıcılıq təkanı verdimi?

-Mənə orada müxtəlif suallar verdilər. Elə suallardan biri təxminən sizin sual kimi idi. Mən də dedim ki, müstəqil Azərbaycanımızla bağlı çoxlu yeni mövzular var. Mən həmin mövzuları yazacaq qələm dostlarıma yaxşı mənada həsədlə baxıram. Onlar müstəqil Azərbaycanın qüdrətini dünyaya tanıdacaqlar. Mən həmin tədbirdə milli qəhrəmanlarımızın da şəkillərini gördüm. İnanıram ki, Azərbaycan yazarları onlar haqqında dünya səviyyəsinə çıxa bilən böyük tarixi, maraqlı əsərlər yazacaqlar. Mən inanıram ki, biz yaşlı nəsil şairlərin, yazıçıların ardınca çox istedadlı, savadlı, güclü cavan yazarlar gəlir. Bəli, bu görüş mənə də böyük yaradıcılıq təkanı verib. Artıq bir neçə əsər üzrəində işləyirəm. Onları tezliklə tamamlamağa tələsirəm.

-Həmin görüşün təəssüratından çıxa bilibsinizmi?

-Açığı deyim ki, yox. Bu görüşdən sonra elə bil ki, canımdan bütün azar-bezar, ağrı, xəstəlik də çəkilib gedib. Açığı həmin tədbirdən sonra daha çox yaşamaq və yaratmaq istəyirəm. Çünki beynimdə, təxəyyülümdə çoxlu mövzular var ki, onları Allahın köməkliyilə yazıya köçürməliyəm. Əgər biz bugünkü Azərbaycanıqsa, həmin şagirdlər sabahkı Azərbaycandır. Mən əminəm ki, bu görüş onların da yaddaşında əbədilik qalacaq. Bu xalq öz əslini, nəslini, genini yaşadır. Həmin görüşdən sonra məndə Azərbaycanın sabahına bir daha böyük bir inam yarandı. Ona görə də bu görüşü təşkil edənlərin hamısına təşəkkürümü, minnətdarlığımı bildirirəm. Onlar bu görüşdə təkcə məni yox, bütövlükdə Azərbaycanın ədəbiyyatını, incəsənətini, tarixini təbliğ etdilər. Üç saata qədər davam eləyən bu görüş inanıram ki, orada olan gənc nəslimizin bundan sonrakı ömürləri boyu həmişə yaddaşlarında qalacaq. Çünki onların beyni daha təmiz, daha pakdır.

Mən 4 saylı orta məktəbdə olanda gördüm ki, həmin bina çox müasir üslubda tikilib. İndi gör respublikamızda hər il nə qədər məktəblər, xəstəxanalar, idman qurğuları tikilir. Deməli, Azərbaycan ölkə başçımızın sayəsində günü-gündən

inkişaf eləyir. Sovetlərin vaxtında belə şeylər çox az idi. Ona görə də indi bunları görüb demək lazımdır ki, xalq özü-özünü tanısın və görsün. Şimali Azərbaycanda cəmi on milyonluq xalq olsaq da, çox iri addımlarla inkişaf eləyirik. Bunu görüb, qiymətləndirmək və lazım olan səviyyədə təbliğ etmək lazımdı. Bu, hər bir ziyalının müqəddəs borcu olmalıdı.

Nəriman müəllimlə sağollaşıb ayrılandan sonra fikirləşdim ki, biz Sovetlər Birliyi vaxtında olan kimi yenidən çox böyük səfərbərliklə ədəbiyyatımıza, incəsənətimizə qayıtmalıyıq. Bu gün Azərbaycanın bütün bölgələrində tanınmış ədəbiyyat, incəsənət xadimlərimizlə, məşhur alimlərimizlə, tanınmış ziyalılarımızla böyük, möhtəşəm görüşlər keçirməliyik ki, xalqı milli birliyə səfərbər eləyə bilək. Bununla biz xalqımızda vətənpərvərliyi daha çox artıra bilərik ki, tezliklə torpaqlarımızı erməni gavurlarından xilas eləyə bilək. Həm də bu yolla iqtidar-müxalifət incikliyini, bir-birinə düşmən kimi baxmağı da aradan götürüb, onları bir stol arxasında əyləşdirə bilərik ki, hər kəs öz istəyini desin və ortaq bir məxrəcə gəlib, Azərbaycanı bu çətin durumdan, qeylüqaldan, artıq söz-söhbətdən qurtara bilək. Biz, hamımız başa düşməli və dərk eləməliyik ki, Azərbaycanın sərvəti bizim hamımızındır. Onun xoş gələcəyini, insanların firavan yaşamasını, bu ölkənin sərvətinin hamıya eyni səviyyədə bölünməsini də yüksək rütbəli məmurlar bilməli, dərk eləməli və bunu istəməlidir. Hər bir vətəndaşı firavan yaşayan ölkənin milli birliyi də möhkəm olur. Əgər belə olsa, biz qüdrətli Azərbaycan ola bilərik. Onda alimimimizə də, həkimimizə də, müəllimimizə də, yazıçımıza da, incəsənət xadimimizə də və əsl ziyalımıza da yüksək qiymət verməyi bacararıq. Onları millətin fəxri tacı bilərik.

 

Bir görüşün təəssüratlarıAğalar İDRİSOĞLU,

Əməkdar incəsənət xadimi

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ