SON DƏQİQƏ

İlanlarla bağlı əhaliyə xəbərdarlıq

Tarix:

16-05-2019, 10:39

/ 280 dəfə oxundu.
İlanlarla bağlı əhaliyə xəbərdarlıq

Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutu isti havalarla əlaqədar olaraq ilanların aktivləşməsi səbəbindən əhalini diqqətli olmağa çağırıb.

Bu barədə GunAz.az-a İnstitutun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, zəhərli ilanların öyrənilməsi ilə məşğul olan Təvəkkül İsgəndərov məlumat verib.

O bildirib ki, ilanların, xüsusilə də levantin gürzələrinin fəal dövrü başlayıb. Buna görə də həmin ərazilərdə yaşayan, işləyən və ya gəzintidə olan insanlar bir az daha diqqətli olmalıdırlar:

“Çox vaxt sosial şəbəkələrdə Azərbaycanda dörd metr və daha iri ölçülü gürzə barədə şişirdilmiş görüntülər yayılır. Təbii ki, bu, həqiqətə uyğun deyil. Azərbaycanda rast gəlinən digər beş növ gürzələr xırda ölçülü dağ gürzələridir, çox məhdud ərazilərdə, həm də çox nadir rast gəlinən gürzələrdir.

Qalan 22 növ ilanlar isə müxtəlif növ təlxələr, suilanları, eyrenislərdir ki, insan həyatı üçün heç bir təhlükəsi olmayan zəhərsiz ilan növləridir. Bu ilanların bəziləri (Qızıl ilan, Kələz ilan) ilkin halda çox nadinc və aqressiv olsalar da, sancmalarının insan üçün heç bir təhlükəsi yoxdur. Əhalinin ilanlar barədə lazımi bilgiləri və məlumatları olmadığı üçün çox qorxurlar”.

“İlanlardan qorunmaq üçün, həyətyanı sahələrdə ilanlar üçün əlverişli şərait yaratmamaq üçün sıxlıq, kolluq əraziləri təmizləmək lazımdır”, - deyən T.İsgəndərov onların daha çox kolların dibində gizləndiyini diqqətə çatdırıb.

“Beləliklə, ilandan qorunmağın ən etibarlı yolu ərazidə ilan üçün münbit və əlverişli şəraiti ləğv etmək, gizlənmə yerləri qoymamaq, əşyaları, materialları yerdən 50-60 sm hüdürlükdə dayaq üzərinə yığmaq, ərazini səliqəli saxlamaq, otu, kol-kosu biçmək, siçan-siçovul və quş yuvalarını ləğv etməkdir.

İlanlardan qorunmağın ikinci yolu əraziyə ilan keçməsi ehtimal olunan yerləri, hasardakı məsamələri, ərazidə ilanın gizlənməsi mümkün ola biləcək yerləri xüsusi kəskin qoxulu maye, toz və ya briket (dənəvər) formada olan ilanqovucu preparatlarla işləməkdir.

Bu preparatlar zəhərli olmayan kəskin qoxulu kimyəvi maddələrdir. Ona görə qoxulu preparatlarla işləmə hər 7-10 gündən bir təkrarlanmalıdır. Bunları nəzərə alaraq, qeyd  etməliyik ki,  qoxulu preparatlardan istifadə etməklə ilanlardan 100 faizli qorunmanı təmin etmək qeyri-mümkündür”, - deyə o qeyd edib.

T.İsgəndərov ilanların fəal olduqları zamanlarda əhalidə, təsərrüfat və təşkilatlarda ilanlarla bağlı narahatlıqların olduğunu da bildirib:

“Onlar ilan problemi ilə qarşılaşırlar. Belə hallarda əhalinin xüsusi mütəxəssis köməyinə ehtiyacları olur. Ona görə də əhaliyə peşəkar (serpentoloji) xidmət göstərmək üçün mütəxəssislərdən, peşəkar serpentoloqlardan ibarət qurum yaradılmalıdır. Bu tədbirləri yalnız ilanlar haqqında serpentoloji bilikləri, xüsusi hazırlığı və ilanlarla iş üzrə təcrübəsi olan mütəxəssislər həyata keçirə bilər.

Təəssüf ki, əhalinin ilanlara qarşı təhlükəsizlik xidmətinə ehtiyacı olmasından sui-istifadə edərək bəzi fiziki və hüquqi şəxslər  bu xidmətin spesifik xüsusiyyətlərini nəzərə almadan internet vasitəsilə elan verib əhaliyə bu sahədə xidmət təklif edirlər. Yenə də təəssüf ki, bəzi xüsusi sanitar-epidmioloji (Pest-kontrol) xidmət üçün lisenziya  alan hüquqi şəxslər xidmət obyektləri siyahısına qırıcı (məhvedici) üsulla mübarizə apardıqları xəstəlik törədiciləri ilə (siçan-siçovul)  yanaşı ilanları da əlavə edirlər.

Bununla da ilanlara qarşı  mahiyyətini bilmədikləri “mübarizə” apararaq əhalini ilanlardan qorumaq görüntüsü yaradırlar. Bu yolverilməzdir və əlaqədar dövlət orqanları bu xidməti təşkil etməli və tənzimləməlidirlər”.

скачать dle 12.1

Şərhlər