SON DƏQİQƏ

Tiflisdə Novruz şənliyi - Foto

Tarix:

21-03-2019, 22:51

/ 10 237 dəfə oxundu.
Tiflisdə Novruz şənliyi - Foto

Gürcüstan Ağsaqqallar Şurasının təşəbbüsü və təşkilatçılığı ilə martın 21-də Tiflisin mərkəzindəki Heydər Əliyev parkında Novruz bayramına həsr olunmuş şənlik keçirilib.

GunAz.az xəbər verir ki, tədbirdə Tiflis şəhər merinin müavini İlya Eloşvili, Gürcüstan parlamentinin deputatı Beka Odişariya, Krtsanisi rayon administrasiyasının rəhbəri Levan Caparidze, Azərbaycan, Türkiyə və İranın Gürcüstandakı səfirliklərinin əməkdaşları, turistlər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Şuranın sədri İsaq Novruzov şəhər sakinlərini Novruz bayramı münasibətilə təbrik edib, bu bayramın bolluq, ruzi-bərəkət, həmrəylik bayramı olduğunu diqqətə çatdırıb. Bildirib ki, Novruz bayramını paytaxt Tbilisidə qeyd etməkdə məqsəd xalqımızın adət-ənənələrini nümayiş etdirmək, eyni zamanda, şəhər ictimaiyyətini və qonaqları Novruzun mahiyyəti barədə məlumatlandırmaqdır.

İlya Eloşvili Novruz bayramı münasibətilə Azərbaycan xalqını və bu bayramı qeyd edən hər kəsi təbrik edib, ən xoş arzularını çatdırıb. Azərbaycanlılara bol sevinc, ruzi-bərəkət, tərəqqi və xoşbəxtlik arzulayıb.

Sonra Gürcüstan parlamentinin deputatı Beka Odişariya, Krtsanisi rayon administrasiyasının rəhbəri Levan Caparidze və digərləri azərbaycanlıları və bütün şəhər əhalisini təbrik ediblər. Bildirilib ki, Azərbaycan və gürcü xalqları arasındakı dostluq, qardaşlıq bütün sahələrdə əlaqələrimizin inkişafına xidmət edir.

Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Elçin Məmmədov çıxış edərək Novruz bayramı, xalqımızın milli adət-ənənələri barədə məlumat verib. Qeyd edib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Mehriban xanım Əliyevanın təşəbbüsü və səmərəli fəaliyyətinin nəticəsi olaraq muğam və aşıq sənəti, tar ifaçılıq sənəti, eləcə də Azərbaycan xalçası, Novruz bayramı, kəlağayı sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Məhz bundan sonra BMT martın 21-ni Beynəlxalq Novruz Günü elan edib.

Sonra aşıqlar, pəhləvanlar, mədəniyyət kollektivləri maraqlı konsert proqramı ilə çıxış ediblər. Tədbir iştirakçıları, eləcə də parka toplaşan qonaqlar müxtəlif bayram sovqatlarının, şəkərbura və paxlavanın dadına baxıblar.

Tədbir çərçivəsində Azərbaycanın çayçılıq və digər yeyinti sənaye məhsullarının yarmarkası təşkil olunub.

 

Tiflisdə Novruz şənliyi - Foto

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ