SON DƏQİQƏ
» » Qubanın dağ kəndində müəllim işləyən bakılı qız

Qubanın dağ kəndində müəllim işləyən bakılı qız

Tarix:

6-02-2019, 22:48

/ 10 342 dəfə oxundu.
Qubanın dağ kəndində müəllim işləyən bakılı qız

Quba rayonunun ümumtəhsil məktəblərində son illər fəaliyyətə başlayan yeni müəllimlər arasında gənclər üstünlük təşkil edir. Hazırda rayonun təhsil ocaqlarında 3 mindən çox pedaqoq şagirdlərə elmin sirlərini öyrədir. Onlardan 120 nəfəri ötən il müəllimlərin işə qəbul müsabiqəsində uğur qazanaraq Qubaya işləməyə gələnlərdir.

AZƏRTAC-ın məlumatına görə, Bakı şəhərindən olan gənc müəllim Nigar Bəşirova artıq ikinci tədris ilidir Quba rayonundakı İbrahim Şahmərdanov adına Qəçrəş kənd tam orta məktəbində çalışır.

Gənc pedaqoq Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirdikdən sonra pedaqoji fəaliyyətə Quba rayonunda başlayıb. Nigar Bəşirova işini sevdiyini, yolun uzaqlığının onun üçün ciddi çətinlik yaratmadığını deyir. Doğma şəhərindən uzaqda müəllimlik etməsi ilə qürur duyur.

“Şəhərdə böyümüş bir qız üçün yeni bir mühitə uyğunlaşmaq istər-istəməz müəyyən çətinliklər yaradır. Amma səbir və inamla istənilən problemin öhdəsindən gəlmək mümkündür. Müəllimlik müqəddəs, eyni zamanda, yaradıcı işdir. Müəllimlik peşəsi məsuliyyət tələb edir. Xüsusilə də biz gənc müəllimlər daha diqqətli olmalıyıq. Çünki biz cəmiyyətimizin sabahı olan nəsillə işləyirik və səhvə yol verməməliyik”, - deyə N.Bəşirova bildirib.

Gənc müəllim tarix fənnini fərqli üslubda tədris edir. Onun sözlərinə görə, bunun sayəsində şagirdlər bu dərsə böyük maraq göstərirlər. Nigar Bəşirova bütün bacarıq və istedadından istifadə edərək şagirdlərinə tarix fənnini sevdirməyi bacarıb.

O deyir ki, kənddə yaşaması üçün lazımi şərait yaradılıb.

“İşlə təmin olunduqdan sonra əsas məsələ kənddə yaşayacağım evi müəyyənləşdirmək idi. Hazırda mən məktəbimizə adı verilən şəhid İbrahim Şahmərdanovun ailəsi ilə birlikdə yaşayıram. Şahmərdanovlar ailəsində ilk gündən hörmət və qayğı ilə əhatə olunmuşam. Evdə hər cür şərait var. Rahat şəkildə sabahkı günün dərslərinə hazırlaşa bilirəm. Bu gün tək Qubada deyil, respublikamızın hər yerində bizim kimi gənc müəllimlər işlə təmin olunurlar. Vaxt var idi bölgələrdə, xüsusən də ucqar kəndlərdə fənn müəllimləri çatışmırdı. Hazırda dövlət səviyyəsində bu çətinliyin aradan qaldırılması üçün davamlı işlər görülür. Əvvəllər hətta rayon və kəndlərdən olan gənclər ali məktəbi bitirdikdən sonra geri qayıtmaq istəmirdilər. İndi isə dövlət tərəfindən bir sıra güzəştlər tətbiq edilir, gənclərə həvəsləndirici imtiyazlar verilir. Bu isə mənim kimi gənc müəllimlərin ucqar yaşayış məntəqələrində yerləşən məktəblərdə həvəslə çalışmağımıza stimul yaradır”, - deyə gənc müəllim vurğulayıb.

İbrahim Şahmərdanov adına Qəçrəş kənd tam orta məktəbində 415 şagird təhsil alır. Onların təlim - tərbiyəsi ilə 35 pedaqoq məşğul olur. Qəçrəş kəndində 600 yerlik müasir məktəb binası Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” Proqramının ikinci mərhələsi çərçivəsində inşa edilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ