SON DƏQİQƏ
» » Böyük çilənin Kiçik çillə ilə maraqlı dialoqu - Naxçıvanda Xıdır Nəbi bayramı

Böyük çilənin Kiçik çillə ilə maraqlı dialoqu - Naxçıvanda Xıdır Nəbi bayramı

Tarix:

31-01-2019, 22:40

/ 10 516 dəfə oxundu.
Böyük çilənin Kiçik çillə ilə maraqlı dialoqu - Naxçıvanda Xıdır Nəbi bayramı

Bu gündən "Kiçik çillə" başlayır. Naxçıvanda Böyük çillədə olduğu kimi Kiçik çillədə də bayram keçirilir. Ona Xıdır və yaxud Xıdır Nəbi bayramı deyilir.

GunAz.az xəbər verir ki, bunu AMEA-nın Folklor İnstitutu, Folklor və yazılı ədəbiyyat şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev deyib.

Onun sözlərinə görə, bu bayram “qışın oğlan çağında”, kiçik çillənin onuncu günü, Novruz bayramından altı həftə qabaq, fevralın ikinci həftəsinin çərşənbə axşamı günü, qeyd edilir:

"Kiçik çillə yanvar ayının otuz birindən fevralın 19-na qədər olduğundan Xıdır bayramı əsasən fevralın doqquzu və ya onunda kiçik çillənin yarı olduğu gündə qeyd edilir. Naxçıvanın bəzi kəndlərdə isə Xıdır Nəbi bayramı fevralın 14-ü (15-i) Xıdırın anadan olduğu gün bayram edilir.

Xıdır Nəbi bayramında buğdanı sacda qovururlar. Qovurulmuş buğda “qovurğa” adlanır. Sonra onu kirkirədə (dəstərdə) üyüdüb “qovud” adlanan narın hissəsini və “yarma” adlanan digər iri hissəsini ayrı-ayrılıqda qablara tökərlər. Bir qaba şərbət, doşab və üyüdülmüş buğdanın narın hissəsi tökülərək qarışdırılır və qovud hazırlanır. Buğda ilə bərabər badam, küncüt, şabalıd, qoz, noxud, günəbaxan tumu qovrulur, onun içərisinə iydə, innab, kişmiş, mövüz qarışdırılaraq “Xıdır xonçası” hazırlanır. Aş (plov) süzülür, müxtəlif şirniyyat növləri hazırlanır və süfrəyə düzülür. Bayram hamıdan çox uşaqların sevincinə səbəb olur. Hava qaralan kimi onlar qapılara gedib evlərə torba atır, “Xıdır payı” yığırlar.

Naxçıvanda Xıdır Nəbi günü oğlan evindən nişanlı qızlara, ata evindən isə təzə gəlinlərə Xıdır payı, Xıdır xonçası aparmaq adəti geniş yayılmışdır. Xıdır xonçasının yanında yundan toxunulmuş qış geyimləri də pay aparılır. Qışın ən soyuq, şaxtalı günlərində Xızır peyğəmbərin şərəfinə mərasim, bayram təşkil etmək, onu çağırmaq qışın çətinliklərindən Xızırın köməyilə xilas olmaq anlamına gəlir. Xıdır Nəbi bayramından sonra artıq Yalançı çərşənbə gəlir”.

Folklorşünas deyib ki, bununla bağlı rəvayətlər də mövcuddur: “Böyük çillə 40 gün dövranını sürüb gedir. Yolda Kiçik çillə ilə rastlaşır.

Hal-əhvaldan sonra Kiçik çillə soruşur:
- De görüm, bu qırx gündə nə gördün, neynədin, işin-gücün nə oldu?

Böyük çillə deyir:
- Mən dolu qazanlar üstə gəlmişdim. Sonra təndirləri yandırtdım, kürsüləri qurdurdum, küplərin, çuvalların ağızlarını açdırdım.

Kiçik çillə istehza ilə gülüb cavab verir:
- Eh, sən heç nə eləməmisən ki. Mən gör indi nələr eləyəcəyəm, nə tufan qoparacağam. Qazanları ağzı üstə çevirəcəyəm, qarıları təndirin ağzından salıb külfədən çıxaracağam, küpləri, xaralları boşaldacağam, bütün azuqələri tükəndirib, gedəcəyəm.

Onun coşduğunu görən Böyük çillə deyir:
- Çox da öyünmə. Sən insanları tanımırsan. Mən qırx günlük ömrümlə bir iş görə bilmədim. Sənin isə cəmi-cümlətanı iyirmi günlük ömrün var. Bu iyirmi gündə heç nə edə bilməzsən. Çünki qabağın yazdır, ömrün də azdır”.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ