SON DƏQİQƏ

Vətən həsrətinə dözməyən şair

Tarix:

10-01-2019, 19:46

/ 10 846 dəfə oxundu.
Vətən həsrətinə dözməyən şair

Əliağa Aslan dörd şeir kitabının müəllifidir. “Tanrı sevgisi” kitabında Qubadlı torpağının yetişdirdiyi Milli Qəhrəmanlarımız və Azərbaycan bayrağı ordenli cəsur igidlərimiz haqda müəllifin ürək ağrısı ilə yazdığı məqalələr toplanmışdır.

Əliağa Aslan yazır: “Çoxdan bəri ağırlığı qəddimi əyən, ağrısı ürəyimi göynədən mənəvi bir borcu qaytarmaq üçün məqam və imkan gözləyirdim. Bu imkanı yaratdığına görə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlığımı bildirirəm. Eləcə də yaxın köməkliyinə görə Sahib Əliyevə və Vüsal Fətəliyevə təşəkkür edirəm”.

Vətən həsrətinə dözməyən şair eloğlumuz Əliağa Aslanın 2002-ci ildə 1000 tirajla çap olunan “Tanrı sevgisi” kitabını yenidən kompüterdə yazdıraraq “Həkəri” qəzetində çap etdirməyi özümə mənəvi borc bilməklə hər kəsi vətən torpağımızı unutmamağa, tariximizi öyrənməyə çağırıram.

İnanıram ki, gənclərimizin vətənpərvər ruhunda tərbiyəsində bu 138 səhifəlik bu kitabın da böyük rolu olacaqdır.

 

Rauf İlyasoğlu  

 

                                         ...VƏ 93-cü İL

 

Oturub-durub  deyirlər inamsızdı qubadlılar. Ağzıgöyçəklər deyir, ağlıgödəklər də inanır. Qardaş, olmasın qubadlı, lap elə olsun şəkili, bakilı... dığlı. Kim inanardı adamların bu boyda allahsızlığına?! Düz beş il düşmənə bircə qarış da torpaq verməyən qubadlıların iki gün də artıq müdafiə olunmağa güclərimi çatmadı? Elə iki günün içindəmi qorxaq oldu qubadlılar? Düz beş il qarı düşmənin saysız-hesabsız hücumlarına sinə gərən qurd ağızlı oğulların taqətimi tükəndi? Gücün, qüvvətin, qeyrətin miqdarı qanımızda,canımızda avqust ayının sonuna qədərmi hesablanmışdı? Torpağı qanla suvarılan, inamı daşda gül bitirən ərənlər, ölümünə qənşər gedən kişilər qorxuyamı yıxıldı o gün? Nə olmuşdu ki? Yer-yurd həmin yer-yurd, düşmən də elə həmin düşmən. Yox, vallah, yox! “Mümkün qədər az günah eləmək mələklərin arzusudur”. Bunu bir dahi deyib. Biz isə mələkləri heyrətdə qoya biləcək qədər günahsızıq. Bunu Allah da bilir.

92-ci il may ayının ortalarında necə olmuşdusa, müdafıə nazirinin müavini Şahin Musayev gəlib çıxmışdı Qubadlıya. Vertolyotun pilləkənində düz durub yarım saatdan çox yarı rusca, yarı azərbaycanca köndələn bir çıxış eləmişdi. Sözünün də “qəmbərqulusu” o olmuşdu ki, bəs Laçının aqibəti sizi də gözləyir. İndidən başınıza bir çarə qılın. Xoşları gəlməmişdi qubadlıların bu solaxay çıxışdan. O boyda müdafıə nazirinin o boyda müavinini vertolyotdan düşürüb iki gün icra hakimiyyətinin binasında “qonaq” saxlamışdılar. Söz-sov yuxarılara çatan kimi müdafıə nazirinin özü bir dəstə vertolyotla süzüb gəlmişdi Qubadlıya. Yaxşı ki, azıb Gorusa getməmişdilər. Şəhərin üstündə bir-iki dövrə vurub, buna hərbçi dilində manevr də demək olardı, enmişdilər meydançaya. Çox çək-çevirdən çənə-boğazdan sonra Qazıyev qazı-qazı sağ əlinin iki barmağını tapançaya oxşadıb dirəmişdi gicgahına ki, bəs mənim müavinimi bu dəqiqə azad eləməsəniz, o Şuşadakı zaddan birini də burda başıma o söz. Ehtiyat eləmişdi qubadlılar. Yəni ki olmadı elə, oldu belə. Birdən... Sonra da gəl adamları inandır ki, əşi, bu ipləmə özü-özünü vurub. Vallah, billah bizim günahımız yoxdur. Kimdi inanan? Demişdilər ki, bizim onsuz da əskimiz tüstülüdür. Sən Allah, xatanı bizdən uzaq elə, götür müavinini də, uç burdan.

Yalandısa, babalı deyənlərin boynuna. Danışırdılar ki, müdafiə naziri vertolyota minəndə qubadlılara barmağını silkələyib və dodağının altında nəsə pıçıldayıb. Vertolyotların səs-küyündən eşidə bilməyiblər onun nə dediyini.

İndi adam fıkirləşir ki, balaca adamlar deyildi axı onlar. Kimi kimdən və necə qoruduqlarını deyə bilmərəm, hər halda ölkənin müdafiə məsələləri bu “kişi”lərin əlində idi. Deyirəm, bəlkə elə o işə görə Qubadlını pis günə qoydular bu zəlil günə qalmışlar. Bəlkə köhnə haqq-hesabları ortaya çəkdilər? Elə olmasaydı Rəhim Qazıyevə nə düşmüşdü ki, Azərbaycanın hər qarış torpağını canından artıq sevən polkovnik Nüsrət Namazovu həbs edib, erməniylə bir kameraya saldırsın. Elə olmasaydı nazir Qubadlıya və qubadlılara bu boyda ögey münasibət bəsləməzdi ki.

93-cü il avqust ayının 30-da səhər-səhər Qubadlı yol polisinin rəisinə yuxarıdan çağırıb demişdilər ki, yollarda təmizləmə işləri aparsın. Guya hardasa 20-22 tank köməyə gəlir. Özü də əvvəlkilərə baxmış, budəfəkilər bir az “bərk gedən”dilər. Gərək yollar bomboş olsun. Təcili boşaltdılar yolları. Gözlər dikildi yollara. Amma yeriyəndə yeri, dinəndə göyü titrədən bu dəmir “ilxı”nı gördüm deyən olmadı. Gözləyə-gözləyə qaldı qubadlılar. Ermənilər gəlib çıxdı, amma tanklar gəlib çıxmadı. Çox-çox sonralar dedilər ki, bəs o tanklar yolda azıblar. Sürüylə gedib çıxıblar Beyləqana. Hələ yaxşı ki, Hadruta-zada getməyiblər, yoxsa biri də salamat qalmazdı. Bax, onda bu boyda yalana respublikada hamı inandı, amma qubadlılar inanmadı. İnamsız deməsinlər deyə inanmalıydılarmı kimlərinsə bu sayaq “pişik başı bəzəməsi”nə? Yalan deməyin də təhri var axı!

93-cü ilin həmin ağır günlərində Qubadlıda ölüm-dirim mübarizəsi gedir, torpağı müdafiə edənlərin qanı su yerinə axırdı. O vaxtlar Bakıda mitinqçilərin sayını milyona çatdırmaq barədə düşünür, yollar axtarırdılar.

Dizə taqət, qola qüvvət, ürəyə təpər verən “Ur ha!”, yəni “Vur ha!” kimi səfərbəredici qüdrətli bir türk ifadəsin miskin “Ura!” şəklinə salanların Allah tifaqını dağıtsın! O vaxtlar yüz minlərlə ağızdan eyni məqamda çıxan “Ura!” nidalarının “əzəmət”indən məst olanlar bircə dəfə “Vur ha!” desəydilər, ermənilərin daşı daş üstə qalmazdı. Demədilər. Sərf eləmirdi axı!..

Qubadlılara isə dəbə-baba yurdlarını, “əcdadlarına mədfən, övladlarına məskən” olan sevgili bir vətəni itirmək sərf eləmirdi. Ölümdən betərdi bu dərd. Ölümlə üz-üzə durmuşdular, geriyə çəkilmək fikirləri yox idi. Deyəsən düşmən də Qubadlının təkləndiyini hiss eləmişdi. Ələ düşmüş bu imkandan maksimum dərəcədə istifadə eləmək fikrində idi. Avqust ayının son günləri gah Qafan rayonu tərəfdən güclü hücuma keçir, gah Gorus rayonu istiqamətində irəliləyir, gah da Laçın torpaqlarından üzü aşağı hərəkət edirdi. Qarabağın Hadrut rayonu ərazisindən güclü qoşun yeridən düşmən nəyin bahasına olursa olsun, qubadlıların iradəsini qırmağa çalışırdı. Amma hər dəfə də güclü müqavimətlə qarşılaşır, itki verib geri çəkilməyə məcbur olurdu.

Cəbrayıl rayonunun Çullu, Maşanlı və Dağtumas kəndlərinin düşmən əlinə keçməsi təhlükənin qapı ağzına qədər gəlməsindən xəbər verirdi. Yanan evlər alovun qırmızı dilləriylə haray çəkir, adamları köməyə çağırırdı.

Bu barədə düşünməyi heç ağıllarına belə gətirməyən yuxarılar televiziya ekranlarından xalqa “Saqqal Məhəmmədin sərgüzəştləri”ni danışırdı. Məsrəfli bir şey eşitməyəcəyini bilsə də, xalqın qulaq asmaqdan başqa çarəsi qalmamışdı.

30 avqust 1993-cü il. 5-10 əsgərə ordu demək mümkündüsə, onda vay qubadlıların halına. Çünki Qubadlı torpaqlarını 30 avqust günü müdafiə edən Azərbaycan ordusu bu tərkibdə idi. Qalanları bir-iki gün qabaqdan kimlərinsə göstərişiylə çıxıb getmişdi. Həkəri çayı boyunca aşağı-yuxarı getməkdən yorulub əldən düşmüş bu əsgərlərin onsuz da vuruşmağa heyi-hərəkəti qalmamışdı. Sonuncu saatlarını yaşayır Qubadlı. Olduqca ağır, olduqca həyəcanlı bir vəziyyət yaranıb. Axşam Xanlığa və Molluya atılan mərmilərin vahiməsini canında gəzdirən adamların kədərli əhval-ruhiyyəsi ümidsizliyin son həddini göstərir. Günortadan bir az keçmiş qəfil başlayan yaylım atəşi isə onları bu torpağa bağlayan bütün telləri qırıq-qırıq elədi.

Gorusdan hücuma keçən düşmən “Yazı düzü”ndə bizimkilərin müqavimətiylə qarşılaşsa da, Laçın rayonunun Cicimli və Güləbird kəndlərindən maneəsiz keçib Muradxanlıya girdi. Dağlıq Qarabağ tərəfdən hərəkət edən erməni qoşun birləşmələri eyni vaxtda Qubadlının Xəndək, İşıqlı, Padar, Balasoltanlı, Xocik, Mərdanlı, Əfəndilər, Yusifbəyli, Həmzəli, Çaytumas və Xanlıq kəndlərini, eləcə də həmin kəndlərlə üzbəüzdə yerləşən Qaracallı, Qarağac, Sarıyataq, Mollabürhan, Mollu və Qaralar kəndlərini güclü artilleriya atəşinə tutdular. Tanklarla birgə hərəkət edən piyada qoşun dəstələri xüsusi amansızlıqla dinc əhaliyə divan tuturdu. Xanlıqda Valeh Rüstəmovun könüllü dəstəsi düşmənə ciddi müqavimət göstərir, əhalinin təhlükəli zonadan uzaqlaşmasına çalışırdı. Əlövsət Vəliyevin tankçıları düşmənlə üzbəüz döyüşə girmişdi. Yaralıların iniltisi, girov düşənlərin imdad harayı şaqqıltının, gurultunun içində eşidilməz olmuşdu. Həmin gün yalnız Qubadlı könüllülərindən ibarət dəstələr qaranlıq düşənə qədər müqavimət göstərə bildilər. Gecə isə Həkəri çayı boyunca Xanlığa qədər olan bütün kəndlər ermənilərin əlində idi.

31 avqust 1993-cü il. Üçtərəfli mühasirəyə düşmüş Qubadlı şəhərinin və digər kəndlərin tək bircə çıxış yolu var. Amma bu, sonuncu yoldu. Hələ ki, vuruşmağa üstünlük verir yerli döyüşçülər. Nə qədər ağır olsa da vuruşurdu Qubadlı. Seytas, Yuxarı və Aşağı Cibikli, Əliquluuşağı, Məlikəhmədli, Əyin, Göyyal, Tarovlu, Çərəli istiqamətində qanlı döyüşlər gedirdi.

Nadir Bədəlovun topçuları ermənilərin 22 müasir tankına qarşı vuruşurdu. Həmin gün igid komandir qəhrəmancasına həlak oldu. İlham Məmmədovun rotası Əliquluuşağı istiqamətində döyüşləri davam etdirirdi. Əliyar Əliyev adına batalyonun cəsur döyüşçüləri göz yaşları içərisində son savaşa girmişdilər. Arxadan isə kömək gəlmirdi. Çox yerdə sursat qurtarmışdı. Buna görə də gecə ikən əsgərlərimiz Qubadlının Ulaşlı və Xocahan kəndlərinə qədər mövqelərindən geri çəkilməyə məcbur oldular. Xocahandan bir az o tərəfə Zəngilan torpaqları başlayırdı. Taleyimizin davamı kimi!

Üzümü alınlarına qorxu yazılmayan qubadlıların döyüşsüz təslim olduqlarını iddia edənlərə tuturam:

Belə şeylər danışmayın, siz Allah! Buna görə Aşağı Molluda sonuncu gülləsinə qədər düşmənlə vuruşan Əliş babanın qaibanə baxışları sizi utanmağa məcbur edər.

Bu haqsızlığa görə döyüş sursatı qurtarandan sonra düşmən tanklarının üstünə şığıyan Əlövsət adlı bir qəhrəmanın itkin düşmüş ruhu sizə “sağ ol” deməz axı!

Sinəsində güllələr gül açan Nadir Bədəlovun adı sizə tanış gəlmir ki?!

Bir də buna görə döyüşlərdə yaralanıb ömürlük sağlamlığını itirmiş 64 əlilin qınağına tuş gələ bilərsiniz? Yəqin onlardan 7 nəfərinin 16 yaşına çatmamış uşaqlar olduğunu desəm, peşimançılıq də çəkərsiniz.

Və nəhayət, torpaqlarımızın azadlığı uğrunda canından keçən 300-ə qədər şəhidin ruhu sizdən incik düşə bilər!

Gec deyil. Gedin şəhid ruhlarından üzr istəyin! Yəqin bağışlayarlar sizi. Ölməyi bacardıqları kimi, bağışlamağı da bacarırlar. Sizdən, bizdən və hamımızdan yaxşı bacarırlar!

 

Əliağa Aslanın  “Tanrı sevgisi” kitabından

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ