SON DƏQİQƏ

Şəhid qardaşım Namiqin əziz xatirəsinə

Tarix:

16-11-2018, 18:21

/ 10 699 dəfə oxundu.
Şəhid qardaşım Namiqin əziz xatirəsinə

 

Müqəddəs kitabımız olan Qurani-Kərimdə buyurulmuşdur ki, Xudavəndi aləm insanlar yaşlaşdıqca təravətini əlindən alır, saçlar tökülür, seyrəlir, əl-ayaq əsir, bel bükülür. Bəzən də Allah insanı uşaq halına salır və bu fani dünyadan əbədi olaraq öz dərgahına qovuşdurur. Əziz qardaşım Namiq! Sənin isə təravətin özündə qaldı, saçların da seyrəlmədi, əl-ayağın da əsmədi, şux görkəmdə qəflətən bu fani dünyaya əlvida dedin...

Dostlar qəzet və jurnallarda çoxlu başsağlığı veriblər. Vaxtsız vəfatından kədərləndiklərini bildirirlər. Bəlkə də bizə vaxtsız gəlir sənin itkin. Bəlkə də Allah gözəl bəndələrini öz dərgahına daha tez qovuşdurmağı məsləhət bilir. Vaxtsız deyilən bu ayrılıq, bu dünya müvəqqətidir. Əlbətdə ki, hər birimiz: kimi tez, kimi gec (bizə elə gəlir) Haqqın dərgahına qovuşacağıq. Allahın məsləhətinə, Allahın qanununa kim əks ola bilər ki?! Heç kim!...

Sadəcə özümə, bacı-qardaşlarıma, dostlarıma təsəlli verirəm ki, yazıya pozu ola bilməz. Bu da bir alın yazısıdır. Taledir. Sənin əziyyətli günlərinə Rəbbim bəlkə də son qoydu. Səni sıxılmağa qoymadı. Səni bu çətin dövrandan xilas etdi. Axı sən hər çətinlik görmüşdün. Polad kimi möhkəm olsan da, uşaq kimi kövrək idin. Qarabağ yanğısıyla alışıb yanırdın. Anam Sərəncamın, atam İlyasın şəkillərini gözlərin qarşısına qoyaraq, hər gün gizli-gizli göz yaşlarını cilovlaya bilmirdin.

Qarabağ müharibəsi veteranı, keçmiş polis işçisi, sambo-cüdo üzrə dəfələrlə Azərbaycan və Zaqafqaziya çempionu olmuş və 46 bahar yaşamış mərhum qardaşım Namiq İlyasoğlunun əziz xatirəsinə kitab yazdım. Rahat uyu, Namiq!

Heç təsəvvür eləməzdim ki, sənin haqqında belə qəlb göynədən sözlər yazacağam. Allah o dünyanı versin, qardaş! Hərdən yuxumuza gir, heç olmasa darıxmayaq bu intizara, bu əbədi ayrılığa...

Allahdan sənin dəfnində əziyyət çəkən bütün insanlara, qonşulara, dostlara, qohumlara və özümə səbir diləyirəm. Allahım, sən qardaşımın o dünyasın ver! Günahı varsa, bağışla! Yerini behiştlik elə!

Səni necə təcrübəli terapevtlərə göstərdik. Hamısı ürəyindən əziyyət çəkdiyini bildirirdilər. Neçəsi də deyirdi ki, təcili əməliyyat olunmalısan. Hər həkimin yazdığı dərmanları qəbul edirdin. Amma elə hey deyirdin:

- Ay Rauf, mənim ürəyimdə heç nəyim yoxdu e, başqa yerim ağrıyır...

Nə olardı o ağrıyan yerini heç olmasa deyəydin.

İrana getməyi qəti qərara aldın. Arzu bacımla səni xəstəxanaya aparmaq istədik. Mübariz də elə hey deyirdi: Aparaq xəstəxanaya. Qəti etiraz etdin.

Niyə razı olmadın?

- Buzovnadakı iki sot torpağımız satılsın, əlimdə pulum olsun, sonra baxarıq, - dedin.

Heç kimə minnətli olmadın. Aygünün sözünə çox baxırdın. Aygün də xəstəxanada yatmağını təkidlə tələb etmirdi. Bəlkə də sağalacağını gözləyirdi. Ümidimiz qəfil qırıldı.

5 saylı xəstəxananın rəhbərliyi ilə də əlaqə saxlamışdım. Sənə yer ayırmışdılar. Müalicə olunmaqdan, nədənsə xəstəxanada yatmaqdan qorxurdun. Axırda da əlimizdən birdəfəlik çıxdın. Amma o əcəl, necə deyərlər, artıq yaxınlaşırdı... Şeytan sənin elə hey beyninə salırdı ki, heç kəsin sözünə baxma.

Nəhayət ki, İrana getdin. Səni müayinə edərək orada bildirdilər ki, böyrəyin sıradan çıxıb. Bəlkə də bəzi naşı həkimlərimizin yazdığı saysız-hesabsız ürək dərmanları böyrəklərini sıradan çıxartmışdı? Əgər sənin bu cavan yaşında dünyadan əbədi köç etməyində sənə baxan həkimlərin günahı olubsa, Allah bilsin, onlar bilsin.

Necə olur ki, İran İslam Respublikasında səni müayinə edən həkim, şişmiş ayaqlarına göz yetirən vaxtı böyrəyinin təcili müayinə olunmasına ehtiyac olduğunu bildirmişdisə, niyə bizim həkimlər bunu bizə vaxtında deməmişdilər? Artıq gec idi...

Dad yarımçıq əlindən. Səni gözümüz görə-görə, imkansızlıqdan qəbir evinə yolladıq. Bəlkə də kim bilir, azadlığa çıxdın. Cismin torpağa, ruhun asimana qalxdı. Hər bir həkim öz sənətini yaxşı bilməlidir. Ödənişli təhsil ləğv olunmalıdır. Kimin biliyi varsa, o oxumalıdır. Pul ilə instituta girən, pulla oxuyan, pul verib iş tapan, əlbəttə ki, kütbeyin olacaqdır. Rəhbərlərimiz bu haqda ciddi düşünüb, qərar çıxarmalıdırlar.

Orta məktəbi yaşadığımız doğma Ağdam şəhərində bitirdin. Hərbi xidmətini Moskva şəhərində şərəflə yerinə yetirdin. İdmanla məşğul olurdun. Dəfələrlə sambo-cüdo üzrə Azərbaycan çempionu oldun. Zaqafqaziya üzrə yarışlarda birinci yerə layiq görüldün. Əsl pəhləvan idin. Yaxşı yadımdadır, Şamaxılı pəhləvanın kürəyini yerə vurarkən əlini yerə vurub demişdi:

- Ə, bu dəmir kimi sinəmə çöküb, heç tərpətmək olmur. Sən qalibsən.

Sonrakı illərdə idman müəllimi, baş məşqçi olmuşdun.

Polis orqanlarına işə düzələrkən sevincinin həddi-hüdudu yox idi. Gözünü açıb yummuşdun ki, vətənimin bir parçası olan Qarabağ müharibəsi başladı. İlk polis alayının tərkibində Kəlbəcərin sərhəd bölgələrini qorumaq üçün könüllü cəbhəyə getdin. Ağdamın müdafiəsində ölümlə üz-üzə gəldin. Xocalı polis şöbəsinin (rəis Sabir Surxay oğlu Məmmədov idi), eləcə də Ağdam rayon polis şöbəsinin əməkdaşları ilə birlikdə döyüşə atıldın. Əsəb gərginliyi keçirsən də sağ qaldın.

Qara Qayada vertolyotun ermənilər tərəfindən vurulmasından sonra çox həyəcan keçirdin. Azərbaycanın qaymaqlarının, dövlət adamlarının faciəli ölümündən daha da təsirləndin. Onların mübarək cəsədlərinin

Ağdam məscidinə gətirilməsində iştirak etdin. Məhəmməd Əsədov deyə hey sızladın. Axı general kağız dolu çantasını sənə verib demişdi ki, Namiq bunu saxla, Qara Qayaya dəyib gəlirik, ermənilər yaman qudurublar.

Ağdam itkisi səni daha çox sarsıtmışdı. Sonradan cüzi əməkhaqqı ilə dolana bilmədin. Polis sistemindən səhhətinlə əlaqədar tərxis olundun. Bakıya gəlməmişdən qaçqın, didərgin həyatı yaşadın, kirayələrdə çox əziyyət və məhrumiyyətlər çəkdin. Nəhayət ki, Bakının Buzovna qəsəbəsində 1-2 sot torpaq sahəsi aldın. Öz şəxsi “Jiquli" avtomobilinlə özünü oda-közə atdın. Ailəni kişi kimi dolandırdın. Baxmadın yağışa, borana, hər kəsin dadına yetdin, əziyyətlə qazandığın pulları qırıq-qırıq topladın. Gah sement aldın, gah qum aldın. Evini tikməyə başladın. Bir otağı tez-tələsik tikərək, kiçik daxmana yığışmağını qənimət bildin. Qazandıqların evinə, ailənə sərf olundu. Canının heç qeydinə qalmadın. Evini tez tikdirib qurtarmağa can atırdın. Hərdən ağrısan da, bir dəfə də olsun həkimə müraciət etmədin. Özündən arxayın idin. Biz də səndən çox arxayın qaldıq. Çox nahaq. Nə biləydik ki, xəstəlik səni içəridən yeyib parçalayacaq. Heç kəsə də əziyyət vermədin. Əziz qardaşım Namiq! Səni Vaqif və Mayıl əmi ilə Ağdama apardıq. Atamın məzarı ilə yanaşı dəfn elədik. Elə bil ürəyinə dammışdı, deyirdin məni atam İlyasın yanında dəfn edin. Arzunu yerinə yetirdik. Görünür atamı hamıdan çox sən istəyirdin. Rahat uyu, qardaşım...

İyulun 3-də öz evində qırx mərasimini də keçirdik. Bilsəydin nə qədər adam gəlib-gedir, başsağlığı verirlər. Sənin nə qədər hörmətin var imiş. Qonşular hamısı sənə ağlayırdı. Qadınlar da səni özünə qardaş bilirdi. Çünki, sən qeyrətli oğul idin. Biclik əlindən gəlmirdi. Enlikürək, pəhləvan cüssəli qardaşım. 46 yaşına təzəcə keçmişdin.

Çinar vüqarlı qardaşım! Yetimlərin qeydinə qaldıq, özümüz də yetim qaldıq. Sənsiz yediklərim heç ürəyimə yatmır.

Səni heç solmadan, yaşıl yarpaq kimi torpağa tapşırdıq. Ruhun asimana yüksəldi. Yarımçıq ömrün kimi, yarımçıq qalmış evinin taxtasını aldıq. Firudin, Bəylər, Vidadi, Vüqar və Bəhruzla bir gecədə döşəməni sahmana saldıq. Sağ qalsaydın, bu günü də görərdin. Cümə axşamını təzə təmir olunmuş evində keçirdik. Evində rahat yaşaya da bilmədin. Yeganə qız övladının da toyunu görmədin. Ruhun kömək olsun, qardaş...

Bir təsəllim də var ki, məni yaşadır. Haqq dünyasında səninlə gec-tez görüşəcəyəm. Tək nurlu çöhrəndə parlayan qara gözlərini görər-görməz, sevincimdən ağlayacağam. Haqq dünyasında sənintək qəlbi təmiz, ruhu safların əhatəsində biganə, laqeyd olan kəsləri bir daha görməyəcəyik. Doğmalara qovuşarkən göz yaşlarımız da quruyacaq.

Ruhun şad olsun!

Sənin yoxluğundan elə bil göz yaşlarımdan bir dərya yaranıb. Allahdan sənə rəhmət diləyirəm. Dünyasını dəyişən, sənin kimi rəhimli, ailəcanlı, dosta sədaqətli, darda qalana kömək duran insanlara Allahdan rəhmət diləyirəm. AMİN!

Allahdan Namiqi istəyən bütün dostlara, qohumlara, qardaş və bacılarıma səbir diləyirəm. Amma özümə heç təsəlli verə bilmirəm.

Allah rəhmət eləsin, Amin!

Təcrübəli kardioloq həkimlərimiz Namiqin ürək əməliyyatına ehtiyacı olduğunu dəfələrlə bildirsələr də, bəzi həkimlər bu əməliyyata qəti etiraz edirdilər. Təbrizə getməyi qəti qərara alan Namiqə iranlı həkimlər ilk növbədə böyrəyini əməliyyat etdirməyi məsləhət bilmişdilər.

İki gündən sonra İrandan qayıdan 46 yaşlı qardaşım Namiq 25 may 2011-ci ildə dünyasını dəyişdi:

 

Namərd belin yerə vura bilərdin,

Arzulardan kam almadın, a qardaş.

 

Ürəyini yola verə bilərdin,

Böyrəyinlə bacarmadın, a qardaş!

 

Görmədim saçına yağan o dəni,

Qovmadın ruhundan dumanı, çəni.

Ömrün bahar çağı itirdik səni,

Bu həyatdan kam almadın, a qardaş!

 

Qurana inanmaq olub amalın,

Hippokrat andına necə inanım?

Sənsiz bu dünyada ağrıyır canım,

Sən həyatdan kam almadın, a qardaş!

 

Dostun xoş günündə sevindin, güldün,

Həkimlər dərdini ürəkdən bildi.

Köksünə sığmayan ürəyin güldü,

Bu həyatdan kam almadın, a qardaş!

 

Son görüşə gəlib çata bilmədim,

Qəlbimdən nisgili ata bilmədim.

Yuxumu yuxuna qata bilmədim,

Sən həyatdan kam almadın, a qardaş!

 

Məleykə yuxuda səni hey anır,

Arzu qəm odunda alışıb yanır.

Doğmalar ruhunu cənnətdə sanır,

Sən həyatdan kam almadın, a qardaş!

 

Hər səhər yolumu yanından saldım,

Sənsiz təsəllimi Güneldən aldım.

Könlümdə əbədi bir məskən saldın,

Bu həyatdan kam almadın, a qardaş!

 

* * *

Bəxtəvərli günlərim nə tez oldu bilmədim,

Yolunu gözləməkdən səbrim doldu, bilmədin.

Getdiyin gedər gəlməz hansı yoldu, bilmədim,

Unutmaram mən səni əziz qardaşım, Namiq.

Şəhid qardaşım Namiqin əziz xatirəsinəR.İlyasoğlu

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ