Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın, Penitensiar xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev, Penitensiar xidmətin üç əməkdaşı - qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov, Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyevlə yanaşı, Aqil Nəcəfov, Anar Əsgərov, İsrəfil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Trend-in məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqinə başlanıb.
Təqsirləndirilən şəxslərin vəkilləri bildirib ki, təqsirləndirilən Günay Atakişiyeva saxlanılan zaman onun üzərində 800 dollar pul olub, lakin sonra həmin pul maddi sübut kimi ittiham aktında qeyd edilməyib.
Günay Atakişiyeva bildirib ki, həmin pul Etibar Məmmədova məxsus olub: "Etibar həmin pulu mənə saxlamağa vermişdi. Həbs olunan zaman üstümdə idi. Sonradan həmin pul müsadirə olundu".
Hakim bildirib ki, həmin məbləğdə olan pul cinayət işinin materiallarında maddi sübut kimi göstərilməyib. Vəkillər əlavə şahidlərlə bağlı vəsatət hazırladıqlarını və gələn proses məhkəməyə təqdim edəcəklərini deyiblər.
Prosesi oktyabrın 15-də davam edəcək.
Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin iştirakı ilə hadisə yerinin müfəssəl müayinəsi həyata keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində 2017-ci ilin oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi vaqondan qaçmış, 1989-cu ildə Şirvan şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, Cinayət Məcəlləsinin 120.2.2 və 228.1-ci maddələri ilə təqsirləndirilən Əli Ağami Şirvan şəhərində tutularaq istintaq təcridxanasına yerləşdirilib, araşdırma aparılır. "Qoca” ləqəbli Etibar Məmmədov isə saxlanılan zaman atışmada ölüb.