SON DƏQİQƏ
» » TANAP - Bakı və Ankara dünyanın enerji xəritəsini dəyişən layihə

TANAP - Bakı və Ankara dünyanın enerji xəritəsini dəyişən layihə

Tarix:

13-06-2018, 17:27

/ 10 715 dəfə oxundu.
TANAP - Bakı və Ankara dünyanın enerji xəritəsini dəyişən layihə

İyunun 12-də Türkiyənin Əskişəhər şəhərində Transanadolu boru kəmərinin (TANAP) açılışı oldu. Bu, Avropanın enerji xəritəsini dəyişdirəcək addım hesab olunur. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan, Ukrayna Prezidenti Pyotr Poroşenko, Serbiya Prezidenti Aleksandr Vuçiç və digər yüksək vəzifəli rəsmilər iştirak etdilər. Mərasimdə mühüm mesajlar verildi.

Əvvəlcə TANAP haqqında: Azərbaycan qazını Avropaya daşıyacaq Cənub Qaz Dəhlizi layihəsinin əsas hissəsi olan TANAP-ın nəql həcminin əvvəlcə 16 milyard kubmetrə, sonra 24 milyard kubmetrə, ən sonda da 31 milyard kubmetrə yüksəldilməsi nəzərdə tutulur. 1850 kilometrlik TANAP xətti Trans-Adriatik Təbii Qaz Boru Xəttinə (TAP) bağlanaraq, Cənubi Qafqaz Boru Xətti vasitəsilə alacağı təbii qazı Yunanıstan, Albaniya və İtaliya üzərindən Avropaya çatdıracaq.

Boru xətti Türkiyə-Gürcüstan sərhədində yerləşən Ərdəhan vilayətindəki Posof mahalının Türkgözü kəndindən başlayaraq, Ərdəhan, Qars, Ərzurum, Ərzincan, Bayburt, Gümüşhane, Giresun, Sivas, Yozqat, Kırşehir, Kırıkkale, Ankara, Eskişehir, Bilecik, Kütahya, Bursa, Balıkesir, Çanaqqala, Tekirdağ və Ədirnə olmaq üzrə 20 vilayət, 67 mahal və 600 kənddən keçərək Yunanıstan sərhədində Ədirnənin İpsala mahalında yekunlaşır və bu nöqtədən etibarən TAP-a bağlanır.

TANAP layihəsi çərçivəsində SOCAR, bp və Türkiyənin “Botaş” şirkəti arasında müqavilə imzalanıb. TANAP layihəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 80 faiz, Türkiyənin BOTAŞ və TPAO şirkətləri isə birlikdə 20 faiz paya malikdir.

TANAP-ın açılış mərasimində çıxış edən Prezident İlham Əliyev “Cənub Qaz Dəhlizi” layihəsinə toxunaraq bildirib ki, bu, dörd böyük layihədən ibarətdir: “Şahdəniz-2” qaz yatağının işlənilməsi, - o yatağın ehtiyatları 1,2 trilyon kubmetrdir, - Cənubi Qafqaz Kəməri, TANAP və TAP layihəsi. Bu dörd layihənin üçü artıq reallaşıb, başa çatıb. TAP da 72 faiz icra olunub. Əminəm ki, yaxın iki il ərzində TAP layihəsi də tamamlanacaq və beləliklə, Avropanın 40 milyard dollar sərmayə tələb edən ən böyük infrastruktur layihəsi olan “Cənub Qaz Dəhlizi” icra edilmiş olacaq. Bu tarixi nailiyyət bizə imkan verəcək ki, Azərbaycanın zəngin qaz ehtiyatları Türkiyə və Avropa bazarlarına qısa və təhlükəsiz yolla, şaxələndirilmiş formada çatdırılsın”.

Bu nəhəng layihənin reallaşmasında Azərbaycan və Türkiyənin böyük iradəsi və əməyi var. Layihə gündəmə gələndə çoxları bunun utopiya olduğunu iddia edirdi. Lakin bugünkü nəticə utopik iddiaları alt-üst etməklə yanaşı, Bakı və Ankaranın regionda əsas güc olduğunu da sübuta yetirdi. Burada təbii ki, Azərbaycan-Türkiyə qardaşlıq faktoru da xüsusi əhəmiyyət daşıyır.

Prezident İlham Əliyev çıxışında Azərbaycan-Türkiyə qardaşlığına toxunaraq qeyd edib: “Biz Azərbaycanda Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə əldə edilmiş uğurlara çox sevinirik. Prezident Ərdoğanın yorulmaz fəaliyyəti nəticəsində Türkiyə dünya çapında böyük gücə çevrildi. Türkiyə o ölkədir ki, dünya gündəliyini müəyyən edir. Biz Azərbaycanda buna sevinirik. Türkiyənin gücü bizim gücümüzdür və bizim gücümüz birliyimizdədir. Bu gün dünyada bir-birinə bu qədər yaxın olan, bir-birini bu qədər dəstəkləyən ikinci ölkələr tapmaq çox çətindir. Türkiyə-Azərbaycan birliyi, qardaşlığı həm ölkələrimiz, həm xalqlarımız, bölgəmiz, həm də Avrasiya üçün önəmli amildir. Bu gün TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür. TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir. TANAP tarixi layihədir”.

Dövlət başçısı əlavə edib ki, Türkiyə və Azərbaycanın enerji layihələri bölgəyə sabitlik gətirir.

“Bu layihələrdən bütün ölkələr, bütün şirkətlər, xalqlar fayda görür. TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə-Azərbaycan liderlərinin birgə güclü siyasi iradəsi nəticəsində mümkün olub. Bu, birgə həyata keçirdiyimiz birinci layihə deyil. Biz bundan əvvəl - 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışını qeyd etdik. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin açılışını birlikdə etdik. Keçən il Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını birlikdə etdik. Bütün bu açılış mərasimlərində əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla birlikdə iştirak etmişik. Bu gün bu tarixi gündə də biz birlikdəyik. Bu, onu göstərir ki, bizim təşəbbüsümüzlə irəli sürülən istənilən layihə həyatda öz əksini tapır. Çünki bunun arxasında düşünülmüş siyasət, güclü iradə və bizim qardaşlığımız dayanır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Azərbaycan liderinin də dediyi kimi, layihədə yeddi ölkə iştirak edir və hər biri bu layihədən qazanc götürəcək.

скачать dle 12.1

Şərhlər