SON DƏQİQƏ

Bu gün birinci Qədr gecəsidir

Tarix:

3-06-2018, 15:44

/ 11 014 dəfə oxundu.
Bu gün birinci Qədr gecəsidir

Ramazan ayının 18-dən 19-na keçən gecə (bu il iyunun 3-dən 4-nə keçən gecə) ehtimal olunan birinci Qədr gecəsidir.

Gunaz.az xəbər verir ki, məhz bu gecə Allah Quranı bəşəriyyətə nazil edib.

Buna dair Müqəddəs Kitabda iki ayə var: “İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayında nazil edilmişdir”. (“Bəqərə”, 185) və “Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi (lövhi-məhfuzda dünya səmasına) nazil etdik!” (“Qədr”, 1).

Bu ayələrdən aydın olur ki, Quran Ramazan ayında və Qədr gecəsi nazil olub. Qədr gecəsinin isə konkret hansı gecə olduğu məlum deyil. Amma Peyğəmbər (s) və imamlardan gələn rəvayətlərə görə, Qədr gecəsi Ramazan ayının son 10 gününün tək gecələrindən biridir və daha çox ehtimal 19, 21 və 23-cü gecələr üzərinə düşür (27-ci gecə barədə də məlumat var). Bu gecələr xalq arasında “Əhya gecələri” kimi də tanınır.

Qədr gecəsi olduqca fəzilətli gecədir. Bu gecənin şəninə ayrıca bir surə nazil olduğu buna sübutdur. Məhz həmin surədə buyrulur: “Qədr gecəsi min aydan daha xeyirlidir!” (“Qədr”, 3)

Qədr gecəsi səhərə qədər oyaq qalmaq və ibadətlə məşğul olmaq böyük savab sayılır.

Bu gecənin müxtəlif əməlləri var. Onlardan bəziləri bunlardır:

1. Qüsl almaq

2. Səhərə qədər məsciddə ibadət etmək

3. İki rəkət Qədr gecəsi namazı qılmaq (bu namaz sübh namazı kimidir, amma hər rəkətdə “Həmd” surəsindən sonra 7 dəfə “İxlas” surəsi oxunur və namaz bitdikdən sonra alın səcdəyə qoyulur, 70 dəfə “əstəğfirullahə və ətubu ileyh” deyilir.)

4. Quranı baş üzərinə qoyub Allaha Allah, Peyğəmbər (s) və imamların adlarını and verib bağışlanma diləmək

5. İmam Əli (ə) və imam Hüseynin (ə) ziyarətnaməsini oxumaq

6. 100 rəkət müstəhəb namaz qılmaq. Qəza namazı olanlar, yaxşı olar ki, altıgünlük qəza namazı qılsınlar. Bunun savabı həm 100 rəkətli namazın savabını ödəyir, həm də altıgünlük qəza namazı qılınmış olur

7. İmam Səccadın (ə) Qədr gecəsində oxuduğu duanı oxumaq

8. Peyğəmbər (s) və Əhli-beytinə (ə) salavat hədiyyə etmək

Allah orucunuzu və ibdatənlərinizi qəbul etsin!

скачать dle 12.1

Şərhlər