SON DƏQİQƏ

“Qaçaq Nəbi Qubadlının gerbidir”

Tarix:

23-05-2018, 17:51

/ 11 450 dəfə oxundu.
“Qaçaq Nəbi Qubadlının gerbidir”

 

Doğulub boya-başa çatdığımız yurdumuz tarix boyu qapımızda yallanan ayağı çarıqlı, fitnəkar, xain, namərd ermənilər tərəfindən işğal oluna, o doğma ellərə 26 ildir ki, həsrət qalasan, bu dəhşətdir, faciədir, ağır dərddir, qəmdir. Tək işğalçı erməni quldurları ilə mübarizə apararaq, torpağını qorumaq xalqımız üçün çətin deyil. Lakin ermənilərə havadarlıq edən hegemon dövlətlərin köməyi sayəsində biz doğma Qubadlımıza, Ağdamımıza, Laçınımıza, Şuşamıza, Füzulimizə, Zəngilanımıza, Xocalımıza həsrət qalmışıq. Yurdumuz yağmalanıb, elimiz, obamız pərən-pərən düşərək didərgin həyatı yaşayırıq.

Abbas Rzayevin də ailəsi, qardaş-bacıları yurd nisgilini çəkməkdən çox əziyyətlər içərisində böyüdülər. Fikir, dərd, qəm onu içəridən yedi, parçaladı.“Qaçaq Nəbi Qubadlının gerbidir”

Abbas Əmikişi oğlu Rzayev 1951-ci il aprel ayının 4-də cəngavərlər yurdu sayılan Qubadlı rayonunun Xəndək kəndində anadan olmuşdur. O, orta məktəbi bitirdikdən sonra İnşaat Mühəndisləri İnstitutuna (indiki Memarlıq və İnşaat Universiteti) daxil olmuş və bu ali təhsil ocağını müvəffəqiyyətlə bitirdikdən sonra təyinatla Sumqayıtda yerləşən Boru-Yayma zavoduna göndərilmişdir. Uzun illər zavodun Marten sexində mühəndis-mexanik vəzifəsində ləyaqətlə çalışmış və kollektiv arasında böyük hörmət qazanmışdır. Marten sexində, istidə işləmək həqiqətən özü bir qocalıqdır. Gənc mütəxəssis hər cür çətinliklərə qatlaşaraq plan və tapşırıqları yüksək səviyyədə yerinə yetirərək vicdanla çalışmışdır. Qubadlı rayonunun, eləcə də qonşu rayonlarımızın erməni quldurları tərəfindən işğal olunması Abbası çox sarsıtmışdır. Elindən didərgin düşmüş neçə-neçə doğmalarına əl tutan, kömək edən Abbas öz səhhətinin nədənsə qeydinə qalmazdı. 1993-cü ildə Boru-Yayma zavodu bağlandıqdan sonra minlərlə mütəxəssis, fəhlə işsiz qalmışdır. Lakin Abbas Rzayev kiçik biznesini quraraq dəmirçi sexi yaratmış və çətinlikdən qorxmayaraq ən ağır zəhmətə qatlaşaraq övladlarını böyütmüş, yenə də mərhəmət hissini unutmayaraq imkansızların qolundan tutmuşdur.

Yaxşı yadımdadır. 1988-ci illər idi. Sumqayıt hadisələrini erməni daşnakları planlı surətdə həyata keçirmişdilər. Həmin illərdə Bakı Kamvol Kombinatında gənc \mütəxəssis kimi çalışırdım. Sumqayıtda baş vermiş çaxnaşmanı eşidib bacı və qardaşıma baş çəkməyə getdim. Qardaşım Niyaz da Boru-Yayma zavodunda Abbasla birlikdə gənc mütəxəssis kimi işləyirdilər. Zavodun yataqxanasında yaşayan Niyaza baş çəkdim. Abbasla qarşılaşdıq və küçədə izdihama tamaşa edirdik. Ermənistandan qovulmuş azərbaycanlıların əksəriyyəti Sumqayıt və Bakı şəhərinə pənah gətirmişdilər. Sumqayıta göndərilmiş cəsur, fitnəkar ermənilər evindən qovulmuş azərbaycanlı qaçqınlardan, qızışmış insanlardan istifadə edərək çaxnaşma yaradırdılar. Hətta bir erməni qadınının əlindən tutan bir nəfər (əslində sən demə bu adam özü erməni casusu imiş) onu küçə ilə aparır, camaat da arxası ilə gedirdi. Bu acı mənzərəni görən Abbas camaata tərəf qışqırdı: Ay camaat! Ayıbdır, bu bizim millətə yaraşmayan cəhətdir. Qadının nə günahı var?

Erməni qadınını aparan o adam üzünü camaata tutub dedi:

- Onları da tutun.

Mən özümdən asılı olmayaraq talpanın üstünə qışqırdım ki, siz nə danışırsınız, biz azərbaycanlıyıq. Bu qadını paltarsız küçə ilə aparırsınız, axı binaların eyvanlarından baxan qız-gəlinlərdən ayıbdır.

Bu sözdən sonra qızışmış insanlar səmti dəyişdilər.

Abbas həm rəhimli idi, həm də çox vətənpərvər oğul idi. Sonradan aydın oldu ki, Sumqayıt hadisələri erməni daşnaklarının düşünülmüş ssenariləri əsasında təşkil olunmuşdur. Çünki Sumqayıtda yaşayan ermənilərin əksəriyyəti hadisədən iki gün əvvəl banklardan pullarını götürərək, mənzillərini satmış və şəhəri tərk etmişdilər. Sumqayıtda öldürülən ermənilər isə Daşnaksutyun partiyasına hər ay pul keçirməyən erməniləri öz erməni cəsusları qətlə yetirməklə günahı azərbaycanlıların üzərinə atmışdılar.

Abbas Rzayev erməniləri və onlara havadarlıq edən qüvvələri çox günahlandırardı.

Abbas Rzayevin babası Kərbəlayı Məmməd kişi el-obanın sayılıb-seçilən ağsaqqallarından biri olub. Vaxtilə yazığımız gələrək torpaq verdiyimiz ermənilər kəndin sərhəddini uzadaraq Azərbaycanlılar yaşayan yerlərə nişanə qoymaqla ərazilərini genişləndirmək istəyərkən Kərbəlayı Məmməd kişinin oğlanları buna mane olmağa çalışmışlar.

Bu hadisə 1918-ci illərə təsadüf edir.

Məmməd kişinin üç oğlunu başda daşnak Sarkis olmaqla ermənilər işgəncə ilə qətlə yetirmişlər. Kənd camaatı hiddətlənmiş, lakin Məmməd kişini qızı Tavat qardaşlarının qisasını alacağına söz verir. Yeniyetmə qız - Tavat at çapır, onatılanla nişan alır, öz üzərində məşq edir və erməni quldurlarını dağda, dərədə, harda görürsə qətlə yetirir. Sarkisi və oğlunu bir gün yaxalayır, əvvəl Sarkisin oğlunu gəbərdir, sonra yaxınlaşaraq Sarkisin ürəyinə xəncəri soxaraq, qanından bir stəkan içir. Sarkis bunu görə-görə cəhənnəmə vasil olur.

Beləliklə, yeddi nəfər ermənini, Sarkis və oğlanlarını qətlə yetirən Tavatı el arasında Erkək Tavat, Kişi Tavat deyə çağırırlar.

Qardaşlarının qisasını almadan üzü gülməyən Kişi Tavat atasının yanına gülə-gülə gəlir. Həyətə girəndə Kərbəlayi Məmməd deyir:

- Qardaşlarının qisasını almısan deyəsən, üzün gülür!

Qoçaq Tavat deyir:

- Bəli, ata, daha rahat ol!

Atası Tavatın alnından öpür.

Erkək Tavat xəncəri erməninin ürəyinə soxaraq onun qanını içərkən həmin murdar qan onun boğazında xırıltı kimi qalır, ömrünün sonuna qədər xırıldasa da, ürəyi arxayın olur ki, üç qardaşının qisasını alır. Deyilənə görə, Mir Cəfər Bağırov bu qoçaq qızın şücaətinə əhsən deyir və onu heç kəs məsuliyyətə cəlb etmir.

Ömrünün axırına kimi kolxoz quruculuğunda vicdanla işləyən Kişi Tavat ailə qurmur. Abbas həmişə xalası Erkək Tavat haqqında qürurla danışardı. Abbas deyərdi ki, Qubadlı-Laçın zonasında iki Tavat olub. Bəzi yazıçılar (F.Süleymanov) şəkilləri də dəyişik verməklə hadisələri düz yazmırlar.

Abbasın anası Zəhra xanım neçə-neçə qohumlarına, imkansızlara himayədarlıq etmişdir. Abbasın bir qardaşı Məmməd bu gün də babası Kərbəlayı Məmmədin adını daşıyır.

Abbas ali təhsilli Rəfiyyə xanımla ailə qurmuş, Şəhriyar və Babək adlı iki övlad böyüdərək boya-başa çatdırmışdır. Abbas Rzayev gənc yaşından ağır təbiəti ilə ağsaqqal olaraq çoxlarına məsləhət vermişdir.

Yüksək təşkilatçılıq qabiliyyəti olan Abbas toy mərasimlərində “Qaçaq Nəbi” mahnısını sifariş verər, deyərdi: “Bu hava, yəni “Qaçaq Nəbi” mahnısı Qubadlının gerbidir” və ürəklə oynayardı.

Abbas Rzayevin atası Əmikişi Rzayev Qubadlıda komissar işləmiş, eyni zamanda xalq təbabətinin gözəl bilicisi olub. Sınıqçılıq sənəti ona bir fitri istedad kimi verilmişdir. Qəflətən səhhətinin pisləşməsindən xəstəxanaya aparılan Abbası həkimlər əməliyyat edirlər.  Hər zaman sağlam və gümrah görünən Abbas iki gün əvvəl Bakıda xəstəxanada müalicə olunan bacısı Rahilə xanımı ziyarət edir və xəstəxanadan evinə gətirir. Lakin sağalmaz xəstəlikdən əziyyət çəkən Abbas 23 aprel 2018-ci ildə dünyasını dəyişir. Belə bir qeyrətli oğulu da itirdik.

Öz xeyirxahlığı, mehribanlığı, ailəsevərliyi, dosta sədaqəti, el-obaya, yurduna bağlı vətən həsrətli Abbas Rzayevə Allahdan rəhmət diləyir, qardaş və bacılarına, ailəsinə, övladlarına, doğmalarına dərin hüznlə başsağlığı veririk. Abbas Əmikişi oğlu Rzayevin əziz xatirəsi uzun müddət unudulmayacaq və hər zaman xatırlanacaqdır.

R.İlyasoğlu 

 

скачать dle 12.1

Şərhlər