SON DƏQİQƏ
» » İŞİD-in Cənubi Qafqazda “xortlaması”: real təhlükə, yoxsa...

İŞİD-in Cənubi Qafqazda “xortlaması”: real təhlükə, yoxsa...

Tarix:

23-05-2018, 08:52

/ 10 311 dəfə oxundu.
İŞİD-in Cənubi Qafqazda “xortlaması”: real təhlükə, yoxsa...

Arzu Nağıyev: “Yeni təhlükə xəbərləri Qərbin xüsusi xidmət orqanlarının xəttinə daha çox bənzəyir”

2014-cü ilin yanvarında “müstəqilliyini”, 2014-cü ilin iyununda isə “yeni xilafət” yarandığını elan etmiş İraq Şam İslam Dövləti (İŞİD) adlı terror təşkilatı küncə sıxıldıqca iddiaları da kiçilir.

İraq ərazisində dövlət yaratmaq iddiası ilə ortaya çıxan terror təşkilatı bir neçə gün əvvəl dünya futbolunun 2 əsas ulduzunu - Lionel Messi və Kriştiano Ronaldonu hədəfə götürdüyünü elan etdi. Halbuki qarşılarına qoyduqları ilkin məqsədlə 2 məşhur futbolçunun öldürülməsi kimi sərsəm açıqlama bir-birinə ziddir. Ekspertlər isə milyonlarla fanatı olan hər 2 futbolçunun hədəfə alınmasının təsadüfi olmadığını bildirirlər. Bir vaxtlar terror təşkilatının hədəflərində Cənubi Qafqaz regionunda da xilafət qurulması iddiaları da vardı. Hazırda isə İŞİD Cənubi Qafqazdan vaz keçib 2 futbolçunun öldürülməsi iddiasını ortaya atıb.  Bu, İŞİD-in Cənubi Qafqaza nüfuz edə bilməməsi ilə əlaqədardır, yoxsa başqa səbəblər var?

Təhlükəsizlik üzrə ekspert Arzu Nağıyev deyir ki, İŞİD-in Cənubi Qafqazda kifayət qədər dayaqları olub: “İŞİD-ə Cənubi Qafqazda biət etmiş qruplaşmalar vardı. Hazırda İŞİD-in əsas istiqaməti ərəb dövlətləri, İraqdır. İŞİD-in Cənubi Qafqazda qarşısına qoyduğu məqsədlərə çatması qeyri-mümkün idi. Onların əsas məqsədləri dövlət yaratmaq idi. Cənubi Qafqazda isə onlara sədaqət andı içən ”İmarat Qafqaz" terror qrupu vardı. Bu terror qrupu  2014-cü ildə Xorasan əmirliyi yaradıb. Bura Əfqanıstan, İran, Türkmənistan, Özbəkistan və Tacikistan əraziləri daxil edilib. Terrorçular əsas məqsədlərinin bu ərazilərdəki qanuni hökumətləri devirmək olduğunu bəyan ediblər. Amma Rusiya xüsusi xidmət orqanları Cənubi Qafqazda vəziyyətə tam nəzarət edirlər. İŞİD bu günə qədər səs-küylü terror aksiyaları keçirə bilməyiblər. Bu gün Cənubi Qafqazda dövlətlər güclüdür, güclü orduları var. İŞİD-in qarşısına çıxa biləcək nizami qüvvələr mövcuddur. İŞİD-in yaxın perspektivdə Cənubi Qafqazda peyda olması gerçəklikdən uzaqdır. İŞİD qarşısına qoyulan müəyyən funksiyaları yerinə yetirib. Son vaxtlar verilən səs-küylü bəyanatlar da İŞİD-in mövcudluğunu ortaya qoymaq baxımından növbəti bir bəyanatdır. Düşünürəm ki, burada əsas məsələ Messi və Ronaldo deyil. Ümumiyyətlə, Qərb dünyası Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan əlavə bu ölkədə keçiriləcək dünya çempionatını da təhdidlərə məruz qoymağa çalışır. Hər iki dünya ulduzunun, bahalı futbolçunun hədəf seçilməsinin əsas səbəbi də odur ki, bu oyunçular çempionatda iştirak etməzlərsə, yarışa olan maraq kəskin şəkildə azalacaq.  Bu baxımdan ən mühüm şəxsləri seçiblər. Başqa oyunçuların adlarını çəksələr, bu, diqqət çəkməzdi.

Bu, Qərbin xüsusi xidmət orqanlarının xəttinə daha çox bənzəyir. Ona görə də həmin şəxslərin adlarını çəkirlər. Həm də İŞİD-in mövcudluğunu, varlığını bu şəkildə nəzərə çarpdırırlar. Aydındır ki, belə bir vacib çempionatın keçirilməsi üçün hər cür təhlükəsizlik məsələləri həll olunacaq. Şəxsi mühafizədən tutmuş digər məsələlərə qədər hər şey diqqətdə olacaq. Bu, siyasi gedişdir. Əsas məqam ondan ibarətdir ki, çempionata təsir edən ümumi addımlar atılsın. Burada başqa bir addım ola bilməz. Açığı, nəsə edə biləcəkləri inandırıcı görünmür. Çünki Rusiya bu istiqamətdə çoxsaylı terror aktlarının qarşısını ala bilib. Bu istiqamətdə onların səriştəsi var. İŞİD mütəmadi olaraq özünü büruzə verməklə, onlara biət etmiş təşkilatları yenidən üzə çıxarmaqla məşğuldur. İŞİD-in bu gün təchizat məsələsi də əvvəlki deyil. Onlara ilkin dövrlərdə elə şərait yaratmışdılar ki, oğurluq neft alveri ilə məşğul olurdular. Müxtəlif dövlətlərin neftli ərazilərini ələ keçirib çox ucuz qiymətə satırdılar. Hazırda isə İŞİD belə imkanlardan məhrum edilib. Bu arada neftin qiymətinin artması da təsadüfi deyil. İŞİD-in taladığı neft artıq bazara çıxmır. Terror təşkilatı talanmış neft alverindən də məhrum edilib. Dəstəkçilərinə də artıq o qədər də lazım deyillər. İŞİD-dən istifadə edib müəyyən məqsədlərə çatmaq üçün addımlar atılırdı, təbii ki, İŞİD-ə də böyük maliyyə imkanları açılırdı. Hazırda isə İŞİD küncə sıxılmış durumdadır. İŞİD ən güclü dövründə Cənubi Qafqaza nüfuz edə bilmədi. Bunda xüsusi xidmət orqanlarının rolu danılmazdır".  

Yada salaq ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Mədət Quliyev İŞİD-lə bağlı açıqlamalarından birində deyib ki, terror təşkilatının sıralarında 900-ə yaxın azərbaycanlı olub. Onlardan 85-i hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. 195 nəfər Azərbaycan vətəndaşlığı hüququndan məhrum edilib, bir çoxu isə döyüş zamanı həlak olub. İraqda Azərbaycanlıların kütləvi olduğu yerdə 300-ə yaxın azərbaycanlı məhv edilib.(YM)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ